booked.net booked.net  

Qonşu Rusiya və Türkiyədə milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Türkiyədə keçirilən seçkidən sonra lirəyə təzyiq artmağa başladı. Hazırda 1 dollar almaq üçün 24 lirəyə yaxın vəsait ödəmək lazımdı. Rubl da dəyərsizləşməkdə davam edir. Son 1 ayda rubl dollara nisbətən 7.0 faizə yaxın dəyərsizləşib.

Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

O, qeyd edib ki, hər iki valyutaya təzyiqlər davam edir.

“Türkiyədə məzənnənin sadəcə orta müddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır”, - deyə diqqətə çatdırıb.

Vüqar Bayramov manatın məzənnəsinə təsir edən amillərin ölkəyə daxil olan valyutanın, həm də Neft Fondunun hərraca çıxrdığı valyutanın həcmindən asılı olduğunu bildirsə də, eyni zamanda xarici tərəfdaşların da milli valyutalarının məzənnələrinin də rol oynadığını izah edib:

“Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur”, - deyib.

İqtisadçı ekspert yenə də diqqətə çatdırıb ki, Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib və Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır:

“ Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”, - Vüqar Bayramov sonda əlavə edib.

 Xatırladaq ki, bir neçə gün öncə də iqtisadçı ekspert Vüqar Bayram Türkiyə lirəsinin dollara nisbətən yenidən dəyər itirməsindən və yeni qurulmuş kabinetin üzərinə düşən heç də yüngül olmayan vəzifədən danışarkən diqqətə çatdırıb ki, son bir ayda lirə 8 faiz ucuzlaşıb və Türkiyə pulunun çarpaz olaraq digər əksər valyutalara nisbətən də dəyəri azalıb. Onun sözlərinə görə, yeni təyin olunmuş maliyyə naziri də bunun qarşısını ala bilməyib və seçkidən sonra lirənin ucuzlaşacağı gözlənilən idi. 

"Yeni kabinetdə (Türkiyədə-red) maliyyə-iqtisadi sfera üzrə təyinatlar orta müddətli dövrdə stabiliyə nail olmaq imkanlarını xeyili genişləndirir. Görünən odur ki, yeni kabineti qarşıda heç də asan olmayan çağrışlar gözləyir", - deyə qeyd etmişdi.

***

Onu da qeyd edək ki, Azərbaycanın idxalı da ilbəil artmaqdadır və buna görə valyutamız xaricə axır. Məsələn, ötən il  Azərbaycana idxal olunan malın (məhsulların) dəyəri 14 milyard 539 milyon dollar olub. 2021-ci ildə idxal 11 milyard 705 milyon dollar təşkil etmişdi. Fərq təqribən 3 milyarda yaxındır.  2020-ci ildə isə idxal 10 milyard 732 milyon dollar həcmində idi...

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN