Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda bu gün konfrans keçirilib.

Konfrans Dövlət Himninin səslənməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı mühüm addımlar atılır: “Əldə edilmiş qələbə qarşıdakı illərdə davamlı islahatlarla yeni imkanlara çevriləcək. Ərazi bütövlüyümüzün təmini gələcəkdə Azərbaycanın sürətlə inkişaf edəcəyi dönəmə qədəm qoymasına səbəb olacaq. İqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsi bütövlükdə Azərbaycan ərazisi boyunca iqtisadi fəallığın artmasına, yaşayış şəraitinin daha da yaxşılaşmasına səbəb olacaq. Yeni iqtisadi rayonların formalaşması Vətən müharibəsindən sonra formalaşan obyektiv reallıqları özündə əks etdirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması dünya səviyyəsində də Azərbaycanın strateji rolunu birə-beş artırır. Yaxın dövrdə biz qürurla Azərbaycanın yeni yaradılan iqtisadi rayonların güclü inkişafının şahidi olacağıq. İşğaldan azad edilmiş ərazilərin yenidən bərpası bu bölgəni təkcə ölkəmizdə yox, dünyada sürətlə inkişaf edən diyara çevirəcək. Yaxın zamanlarda Qarabağa Böyük Qayıdışa başlanılacaq. Bu müasir Azərbaycan tarixinin ən mühüm hadisəsidir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə qeyd edib ki, iqtisadiyyatda gender bərabərliyinin təmin edilməsi çox vacibdir: “Ciddi addımlar atılmasa, bu proses 2060-cı ilə qədər təmin edilməyə bilər. Bu gün Azərbaycanda qadın sahibkarlara dəstək proqramları var. Amma yaxşı olardı ki, onlar təkcə dövlət yardımı almasınlar, eyni zamana işlə özlərini təmin edə bilsinlər, bu, çox vacibdir. Onlar bununla həm özlərini təmin edə biləcəklər, həm də dövlətə də dəstək ola biləcəklər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, soydaşlarımızın öz torpaqlarına geri qayıtması üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır: ““Azərbaycan 2030” sosial-iqtisadi inkişaf sənədi üzərində bu gün iş gedir. Yalnız möhkəm təməl üzərində qurulan qayıdışı təmin etməklə iqtisadi reinteqrasiyaya nail olmaq mümkündür. Bunun üçün də dövlət-özəl tərəfdaşlığın inkişafı çox vacibdir. Komitəmiz tərəfindən qadın sahibkarlığın inkişafı üçün işlər davam etdirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və beynəlxalq təşkilatların dəstəyi ilə 11 Qadın Resurs Mərkəzi və 3 İcma Mərkəzi yaradılıb. Ötən il işğaldan azad edilmiş ərazilərdə – Füzulidə, Ağcabədidə və sair icma əsaslı resurs mərkəzləri yaradılıb. Bu ərazilərdə yaşayan insanları mövcud prosesə cəlb edilməsinə şərait yaradırıq. Bir neçə gündən sonra isə Sumqayıtda Qadın Resurs Mərkəzi istifadəyə veriləcək. Qarabağda olan hər iki iqtisadi rayonda qadın sahibkarlığın mövcud sahibkarlıq subyektlərinə daxil olması üçün işlər davam etdiriləcək. Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarlığın inkişafına nail olunmalıdır. İlk olaraq bu sahədə mövcud sahibkarlar və onların birlikləri artıq məskunlaşma üçün hazır olan Zəngilanın Ağalı kəndi və Ağdamda məskunlaşacaq sakinlərin tələbatına uyğun layihələrin orada həyata keçirilməsi çox mühümdür”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-ya Qarabağda biznes qurmaq üçün müraciət edənlər arasında qadınların da olduğunu bildirib: “Bu günədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq üçün KOBİA-ya daxil olan 980 müraciətdən 42-si qadın sahibkarlara aiddir. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdikləri layihələrin 13-ü ticarət və xidmət, 10-u sənaye, 6-sı kənd təsərrüfatı, 6-sı turizm, 4-ü tikinti işləri, 2-si təhsil, 1-i isə səhiyyə sahələri üzrə olub”.

İqtisadiyyat nazirinin müavini Azərbaycanda iqtisadiyyatın inkişafında qadınların roluna toxunub və əlavə edib ki, bundan sonra da qadın sahibkarlara dəstək göstəriləcək.

Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova isə aqrar sahədə qadın sahibkar və fermerlərin roluna toxunub: “Artıq Zəngilanda Ağıllı kənd layihəsi başa çatıb və Füzulidə ikinci Ağıllı kınd layihəsinin həyata keçirilməsinə başlanılacaq. Bunun üçün hazırlıq işləri həyata keçirilir. Ağıllı kəndlərdə qadın fermerlərin iştirakı layihəyə ilk başlayan dövrdən nəzərə alınıb”.

Konfransda çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva isə Qarabağda sahibkara çevrilmək istəyən qadın sahibkarlar tərəfindən təqdim edilmiş layihələr barədə məlumat verib.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA