booked.netbooked.net booked.net  

Yaxud, ABŞ-da yaşayan həmyerlimiz, kimya elmləri doktoru, professor Musayev Faiq Nəsib oğlunun 70 illik yubileyinə təbrik əvəzi...

...Faiq Musayevlə dünya şöhrətli alim Xudu Məmmədovun 90 illik yubileyi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən elmi konfransda tanış oldum. AMEA-nın rəhbərliyinin təşkilatçılığı ilə keçirilən konfransa Azərbaycanın tanınmış alimləri gəlmişdilər...  Konfransda Xudu Məmmədovun tələbələri, eləcə də yaxın dostları, onunla birgə işləmiş iş yoldaşları da iştirak edirdilər...

Xudu müəllimin tələbələrindən biri, ABŞ-da yaşayan professor Faiq Musayev də konfransa dəvət edilmişdi... Tədbirin aparıcısı, AMEA-nın Prezidenti, akademik Akif Əlizadə Faiq Musayevə çıxış üçün söz verdi. O, Xudu Məmmədovun elmi nailiyyətlərindən, dünyanın görkəmli alimlərinin onun haqqında vaxtilə söylədikləri qiymətli təqdimatlardan söz açdı... Sonra özü haqqında qısaca olaraq danışmaq və özünün elmi müstəvidə kimliyini konfrans iştirakçılarına təqdim etmək istədiyini diqqətə çatdırdı. Akademik Abel Məhərrəmov bildirdi ki, “Faiq müəllim, Xudu Məmmədovun tələbəsi ABŞ-da necə ola bilər ki?! Xahiş edirik, qısa yox, bir az da ətraflı söhbət açın, həm konfrans iştirakçıları, həm də ümumiyyətlə, Azərbaycanın elm ictimaiyyəti, Azərbaycan cəmiyyəti Sizi ətraflı tanısın...”.

ABŞ-da elmi fəaliyyətlə məşğul oluan Faiq Musayevin keçdiyi şərəfli yol...

Onu da xatırladım ki, professor Faiq Musayevlə konfrans başa çatandan sonra yaxından tanış oldum. Sonra vədələşib bir gün sonra Bakıda görüşdük. Onun elmi işi və fəaliyyəti barədə ətraflı söhbət etdik. İstərdim ki, məqamıdır, professor Faiq Musayevlə oxucularımızı daha yaxından tanış edim:

Bu günlərdə isə ABŞ-da yaşayan və elmi fəaliyyətlə məşğul olan həmyerlimiz, tanınmış kristallokimyaçı alim Faiq Musayevin ad günü və yubileyi oldu... Elə bu kiçik də olsa yazı ilə istəkli professoru təbrik etmək lap yerinə düşər zənnimcə...

ARAYIŞ: Musayev Faiq Nəsib oğlu 24 may 1952-ci ildə Qazax rayonunda müəllim ailəsində anadan olub. O, 1969-cu ildə orta məktəbi qızıl medalla bitirmiş və Azərbaycan Dövlət Pedagoji Institutunun kimya fakultəsinə daxil olmuşdur. Oxuduğu dövrdə Lenin təqaüdçüsü olmuş və 1973-cü ildə  təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki orta məktəbdə kimya müəllimi kimi əmək fəaliyyətinə başlayan F.Musayev 1974-ci ilin may ayında Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki kimya Institutunun (indiki AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu) “Quruluş Kimyası” laboratoriyasında aspiranturaya daxil olur. Elə həmin ildə də hərbi xidmətə çağrılır,  1975-ci ildə hərbi xidməti bitirdikdən sonra və görkəmli alim professor Xudu Məmmədovun rəhbərliyi altında aspiranturada təhsilini davam etdirir.

Gənc alimin dünya görüşünün və həyatının formalaşmasında Xudu müəllimin çox böyük təsiri olur. F.Musayev 1979-cu ildə “Metal monotiobenzoatlarin sintezi və kristal quruluşu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Gənc alim tədqiqatlarını daha geniş və uğurla davam etdirərək 1991-ci ildə “Bioloji aktiv metal karboksilatların sintezi və onlarin termiki parçalanma proseslərinin quruluş aspektleri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.

O, 100-dən çox elmi əsərin və 3 ixtiranın müəllifidir. Dünyanin müxtəlif bölgələrində (Moskva, Novosibirsk, Praga, Hamburg, Taipei, Vaşinqton, Arlington, Buffalo, NY və s.) zülal molekullarının quruluşu, quruluş kimyasi və termiki analiz üzrə keçirilən elmi konfranslarda dəfələrlə iştirak edib və elmi məruzələrlə çıxış etmişdir.

F.Musayev 1994-cü ilin sonuna gədər AzEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2 elmlər namizədinin elmi rəhbəri olmuşdur. 1993-cü ilin noyabr ayında Tayvan Elmlər Akademiyasına dəvət olunmuş və 1998-ci ilə qədər Tayvan Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda xərcəng və AIDS xəstəliklərinə qarşı aktivlik göstərən yüksək molekullu zülalların təmizlənməsi və kristal quruluşunun öyrənilməsi ilə məşğul olmuşdur. Tayvan Elmlər Akademiyasında işlədiyi müddətdə müxtəlif ölkələrdən, o cümlədən Yeni Zelandiya, Braziliya və Amerika Birləşmiş Ştatlarından elmi axtarışlarını davam etdirmək üçün təkliflər almışdır. Faiq Musayev 1998-ci ilin sonlarında Amerika Birləşmiş Ştatlarının dəvətini qəbul etmiş və hal-hazirda da ABŞ-ın “Virginia Commonwealth University” (VCU) Universitetinin Tibb Kimyası kafedrasında professor vəzifəsində çalışır. O, həmçinin həmin universitetdə Quruluş Biologiyası mərkəzinin meneceridir.

Yuxarıda qeyd etdiyim kimi, F.Musayev 2017-ci ildə Bakıda dünya şöhrətli alimimiz Xudu Məmmədovun 90 illik yubiley tədbirlərində iştirak etmiş, aktual və maraqlı məruzə ilə çıxış etmişdi... Hazırda Amerika Birləşmiş Ştatlarında Zülal molekulların, Zülal-DNK, Zülal-Inhibitor kompleks birləşmələrin quruluşlarının tətqiqinə ilə məşğul olur. Bu mövzuda yüksək impakt faktorlu jurnallarda (Nucleic Acids Res., Science Rep., Blood Adv., J Med Chem., Structure, Protein Science, J Mol Biol., Biochemistry, J Biol Chem., J Bacteriol., Biol Chem., etc) 60-dan çox elmi məqaləsi çap olunub. Anemiya qan xəstəliyinin tədqiqatına həsr olunmuş elmi araşdırması ilə bir ABŞ patentinin müəllifidir.

 F.Musayev Amerika Kristalloqrafiya (ACA) və Amerika Qabaqcil Elm (AAAS) cəmiyyətlərinin, həmçinin VCU-nun Quruluş Biologiyası, Dərman maddələrinin kəşfi və Təkmilləşdirilməsi İnstitutunun komitə üzvüdür...

Bəs, Faiq Musayevin Azərbaycandan başlayıb ABŞ-da ünvanlanan elm yolu necə olub?

Onun konfransın keçirildiyi günlərdə ATV-də yayımlanan müsahibəsində maraqlı tezislər  açıqlanır. Həmin müsahibədən bəzi məqamları da oxucuların diqqətinə çatdırmaq istəyirəm. Müsahibədən sitatlar:

“Müxbir: -Siz çalışdığınız elmi mərkəzdə vərəmlə bağlı araşdırmalarınız var...

F.Musayev: -Vərəmi yaradan vərəm bakteriyalarıdır. Onun dərmanı “Aizo-niyazaid” adlanır və 50 il əvvəl kəşf olunub və hazırda da istifadə olunur... Lakin vərəm bakteriyası zaman keçdikcə mutasiyaya uğrayır və bu dərmana sanki uyğunlaşır və getdikcə bu dərmanın müalicə vaxtı effekti azalır.  Odur ki, getdikcə daha effektli müalicə olunsun deyə yeni anti-bakterial dərmanlar (maddələr) axtarılır. Biz də ABŞ-da bu istiqamətdə bir qrant layihəsi təqdim etdik və 1,5 milyon dollar qrant aldıq. Hazır dərman maddəsini almışıq, elmi sirr olduğundan hələki onu deyə bilmərəm. İşlər davam edir və bu barədə elmi məqalələrimiz də çap olunub.

- Bildiyimizə görə, “Oraq hüceyrəvi” irsi qan xəstəliyi ilə bağlı sizin laboratoriyada dərman preparatı hazırlanıb, hazırda sınaqdan keçirilir. Bu dərman preparatı satışa çıxarılacaqmı?

- Bu xəstəliyə “Oraq hüceyrəvi irsi qan xəstəliyi” deyilir, talasimiya xəstəliyinin eynisidir, hər ikisi irsi qan xəstəliyidir. Təəssüflər olsun, bu xəstəliyə Azərbaycanda da geniş yayılmasına rast gəlinir. Oraq hüceyrəvi anemiya genetik xəstəlikdir... Biz elmi araşdırmalarımızla ABŞ patentini aldıq, aidiyyəti qurum həmin pereparatın effektliyini nəzərə alaraq xəstə insanlar üzərində sınağını həyata keçirir və müsbət nəticələr var. ABŞ-ın aidiyyəti digər qurumu icazə verəndən sonra dərman preparatı satışa çıxarılacaq və o cümlədən Azərbaycanda da istifadəsi mümkün olacaq.

- Siz 1974-cü ildə- SSRİ vaxtında Ukraynada gizli hərbi ballistik raket bazasında kimyaçı kimi çalışmısınız... Artıq SSRİ dağılıb və məxfilik prinsipi də yoxdur, orda nə işlə məşğul olmusunuz?

-1974-cü ildə Ukraynanın Vinniks vilayətində Şitomir şəhəri var, orada hərbi xidmətdə olmuşam. Məxfilik naminə hərbi hissə meşənin dərinliyində idi. Kimyaçı kimi fəaliyyət göstərirdim. Ballistik raketlər maye və bərk yanacaqla işləyir. Bizim raket sistemi maye yanacaqla işləyirdi. Təbii ki, bu yanacağın kimyəvi tərkibi var. Yanacağın tərkibində müxtəlif kimyəvi komponentlərdən istifadə edilirdi. Onlardan biri də “Sam” adlanırdı. Bir başqası “Melanja” adlanırdı. Biri də “Hidrogen peroksid” idi. Mən bu komponentlərin kimyəvi tərkibini analiz edirdim. Yay vaxtı hazır raketlərin sınağı olurdu. Məsələn, Ukraynadan Qazaxıstana atılıb sınaqdan keçirilirdi ki, hədəfə necə çatdı, dağıdıcılığı necədir və s. Mənim də rəhbərim kapitan Polşin idi, yaxşı insan idi, xətrimi çox istəyirdi... O, mənə dəfələrlə dedi ki, qalıb işlə, dedim yox, Bakıya qayıdıram. Çünki aspiranturaya daxil olmuşdum, həm də elmi rəhbərim Xudu Məmmədov idi... Mən çox istəyirdim ki, qayıdıb Xudu müəllimin rəhbərliyi altında tədqiqatlar aparım... Xudu müəllim bizim həyat amalımız idi... Onun bütün tələbələri olaraq Allahımıza şükür edirik ki, biz onun rəhbərliyi altında çalışmışıq. O, bizim nəinki dünya elminə, dünyaya ictimai və həyati baxışımıza istiqamət verən bir ünvan idi...

***

Faiq müəllimi 70-illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı və yeni elmi nailiyyətlər və arzulayırıq.

Asif Mərzili

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. Ist.6.3.8).

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN