booked.net booked.net  

(Felyeton)

...Deyirəm ki, Bakı mistik şəhərdir, bəziləri istehza ilə gülümsəyib keçir, yəni  bu  şəhərin  nəyi mistikdir?  Deyirəm, baxın, ölkə əhalisinin yarısı bu şəhərdədir, amma heç gör beli bükülür? Yox!  Bakı özünü şax tutub, kürəyini dənizə (dağa yox, ha) necə dirəyibsə, o da qurumağa başlayıb, artıq içində adalar yaranır. Yerin məlum, Hacıbala müəllim!  Nə satılası adalardır!  Bəlkə müəllimi geri qaytaraq, dənizi də qurutsun, Türkmənistanla quru sərhədə çıxardıq. Ziya Məmmədov da adaları birləşdirən yollar çəkərdi.

Əhalimiz də çox səbrlidir, istedadlı, məntiqlidir. Heç nəyə fikir verən deyil. Qiymət artımına baxmır, ay nə bilim, su, işıq, qaz, metro, avtobus pulu artdı-artmadı, necə yaşayıblarsa, elə də yaşayırlar. Artımlar elə bil bunlara aid deyil. Dünyada ərzaq qıtlığı yaranır, bizimkilər isə yenə əvvəlki kimi çörəyi çölə atırlar ki, şəhərdə yaşayan inəklər çoxlu süd versinlər. Axı, bu çörək çölə qoyulmasa, südü, qatığı, süzməni, nə bilim ən pis halda şoru hardan alıb, yeyərlər?  Hələ mən dovğanı demirəm. İşığı səhərə qədər "yanıq" qoyurlar. Düz də edirlər. Bəs onda "cırtdan" balamız hara gedər? Şəhəri də it-pişik bürüyüb. İt hürən tərəfə getsə onu parçalamazmı, əlbəttə parçalayar. Hələ su işlədənlərə baxın. Səhər-səhər dişi yuyub qurtarana qədər su borusundan qırx litr su axır. Qoy axsın, pulla deyil, hardansa tapıb verəcək. Pis halda gedib kredit götürəcək. Biri yazır ki, çaynikdən (qəfədandan) inqalyasiya aparatı düzəltmişəm. O birisi su pulunu vermək üçün taxta körpünü çırpışdırır. Bu ölkədə hamı bir-birini dolandırır, dövlət baba da hamını bir yerdə. Hamı bir-birindən razıdır. Heç kim etiraz etmir. Bir-iki nəfər demoqoq var, ağızlarını açan kimi onları da camaat özü susdurur. İşarə edir ki, imkan verin başımızı, uşaqları dolandıraq. Əsəbləşməyin... düzələr. Dünya əyilə-əyilə, sına-sına düzəlir. Misal da çəkirlər, doxsanıncı illərdə bizləri erməni-rus birliyi sındırdı, indi biz onları. Ta, nə istəyirsiniz?

İstəyirdim xalqımızın səbri haqqında fikirləşim, mövzu özü qapını döydü...

Qapı döyüldü.

-Buyurun, - dedim.

Kabinetin qapısı yavaş-yavaş açıldı. Əvvəlcə bir nəfərin heybətli üzü, sonra isə nataraz vücudu göründü. Üzünə baxıb fikirlədim ki, mənim belə adamlarla heç vaxt biş-düşüm olmayıb, xeyir ola? Ağlıma min cürə fikir gəldi. Nəhayət, onun yekə qarnı birinci içəri girdi. Girən kimi də otaqda xışıltı, boğuq, incik səs eşitdim:

-Mirzə, səni deyib gəlmişəm.

İçimdə güldüm, öz-özümə dedim ki, hamı dəli olanda mollanın üstünə qaçır, bəs molla dəli olanda kimin üstünə qaçsın? Üzünə baxdım. Əsəbdən sağ gözü səyriyirdi. Əlimlə ona yer göstərdim:

-Buyurun əyləşin, səbrlə dərdinizi danışın, -dedim.

Kişi sanki partladı, elə bildim döyüş bölgəsindəyəm. Qulağımın dibindən Aqil Abbasın "Dolu"su, rusların "Qrad"ı vıyıldayıb keçdi.

Oturmamış:

-Rəhmətliyin oğlu, bizdə səbr qoyublar ki, səbrlə danışım, - dedi və hirslə zərif, dizaynlı stulu nataraz vücudunun altına çəkdi və birdən fərqində oldu ki, hara gəlib.

Səsinin tonunu dəyişdi.

- Bağısla, Mirzə.

Onu sakitləşdirdim:

-Əsəbləşmə, düzələr. Şikayətin nədəndir?

-Tıxaclardan, sudan, qazdan, nə bilim e.., hər şeydən, - deyib pencəyinin döş cibindən dördqat bükülmüş saralmış üç vərəq çıxardıb mənə uzatdı. Nuh əyyamından qalmış sarı vərəqləri əlimə alanda başa düşdüm ki, onun yazı-pozu ilə arası yoxdur. İndi zəmanə kağız-kitab zəmanəsi deyil, hamı texnika ilə dolanır. Özümü o yerə qoymadım, vərəqlərə ötəri göz yetirdikdən sonra soruşdum:

-Dərdini vərəqlərə necə ahla yazmısansa sapsarı saralıb, yaxşı ki, alışıb yanmayıb. İndi də dərdini dilinə  gətirib danış, amma elə et ki, dilin də bu vərəqlər kimi saralmasın.

O atmacaları anladı, özünü bir az da yığışdırdı.

-Mirzə, bu tıxaclar məni əsəb xəstəsinə çevirib. Əsəbdən gözüm də səyriyib. Əldən düşmüş bir maşınım var. Ona benzin, özümə də dərman çatdıra bilmirəm. İstəyirəm bu şogərib maşını QAİnin (DYP) qarşısında yandırım. Mən də onlardan belə intiqam alım. Ay, Mirzə, belə şey olar? Bir də görürsən, polis yolda durub əlindəkini "ağacı" fırladaraq guya maşınların gedişini tənzimləyir. İşıqfor işləyə-işləyə sən niyə yolu  tənzimləyirsən? Dərhal da tıxac yaranır. Üç dəqiqəyə gedən yolu bir saata gedib çıxa bilmirsən. Belə dərd olar? Hələ təzə bir xəstəlik də tapmışam. Yol polisi görəndə bədənim qaşınmağa başlayır. Hələ  o trassdakı kameraları demirəm. A  Mirzə, Bakı-Şamaxı yolunda, yüz iyirmi kilometrlik bir yolda 45-50 kamera olar? Sürət nişanı 110 qoyulub, təzəcə ayağını qaza basırsan, görürsən ki, sürət doxsandır. Etiraz eləyəndə də, otuz beş nöqtə bir maddəsini gözümə soxur, deyir dövlət mənəm. Elə danışırlar ki, elə bil dövlət doğrudan bunlardır.

Birnəfəsə istədiyini deyib susdu, amma bildim ki, hələ hamısını deməyib.

Uzaqdan başladım:

-De görüm, zolaqlı işarədə piyadalara fikir verməyib, sürüb keçmisən?

Bir qədər duruxub dilləndi:

-Hə, olub, belə şeylər. Özü də axır zamanlar əsəbdən tez-tez təkrarlayıram.

-Bax, görürsən, sən qaydanı pozursan, o da səndən belə intiqam alır. - Şəstlə dedim, - həm də məsələyə bir az qlobal bax, təkcə özünü fikirləşmə, bu məmləkətdə səndən başqa insanlar da var, onlar da dolanmaq, ailələrinə bir tikə çörək aparmaq istəyirlər.

-Necə?

Duruxa-duruxa sual verdiyindən başa düşdüm ki, bu natarazı sözlə sağaltmaq olar.

-Bax, - dedim. Yolda tıxac yaranır, sən də çoxlu benzin işlədirsən. Bəs bu benzini kimlər hazırlayır. - Özüm də cavab verdim. - Əlbəttə, neftayırma zavodunun işçiləri. Onlar da plan verməlidirlər ki, normal əmək haqqı alsınlar. Bəs benzin nədən alınır? Neftdən. "Hələ mən yanacaqdoldurma stansiyalarında, neftçıxarma birliklərində işləyən minlərlə insandan danışmıram. Gör nə qədər insana çörək verirsən. Tıxac yarandı, sən də əsəbləşdin, xəstələndin. Gedirsən həkimə. O da dərman yazır, aptekə göndərir. Onlar da dolanırlar. Həkimlər, aptekçilər sənin kimi əsəb xəstəliyi olanlardan ruzisini almasın, bəs neyləsin? Məsələyə qlobal baxmaq belədir. İndi mən deyə bilmərəm ki, yol polisləri, yanacaqdoldurma stansiyalarının rəisləri  həkimlərlə danışıb bunu düşünülmüş edirlər. Günaha bataram. Belə şeylərə görə əsəbləşmə... düzələr...

Deyəsən məntiqli sözlərim onu inandırdı. Gözünün səyirtisi dayandı. - Bax, qaz, su, işıq və başqa sferalara da qlobal bax. Bu tıxaclar xalqa səbrli olmağı öyrədir. Tıxac başlanan kimi telefonla başını qatır. Telefon da səbr daşı deşir.

Səbrli ol, əsəbləşmə. Mənim evimdə qaz kəsildi, sonra dörd saat hava verildi. Heç əsəbləşmədim, amma ayın axırında gördüm ki, beş aylıq qaz sərfiyyatını bir ayda "yeyib" qurtarmışam - 900 kubmetr. Ayın axırında cibimin "daraldığını" gördüm. Bikefləndim, amma əsəbləşmədim.

Baxdım ki, mən danışdıqca bu nataraz oturduğu stulda yumağa dönür, ancaq əlinin arxasını yerə qoymaq istəmir.

-Yaxşı, Mirzə, məni bu məsələdə inandırdın, amma bir də görürsən ki, yol polisləri körpülər altında tez-tez gözləmə nişanlarını dəyişirlər. Bilirsən ki, yol sənindir. Körpünün altından keçirsən, səni saxlayır ki, bəs yol qaydalarını pozmusan. Bu gecə nişan dəyişib. Niyə, nə dəyişdi?

Özümə təsəlli verib gülə-gülə dilləndim:

-Rəhmətliyin oğlu, bu qədər düz işimizin içində deyirsən bir əyri işim olmasın? Onlar da dolanmalıdırlar, ya yox? Ayağa durdum. - Nataraza əl verib dedim... - Əsəbləşmə, bu da, kameralar da düzələcək.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA