booked.netbooked.net booked.net  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin və “Ay işığı” ədəbi məclisinin sədri

şair, publisist, tərcüməçi Ramiz Qusarçaylı kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim edib. O, “Vətən” əsərinə görə Türkiyə Cümhuriyyətinin “Ziya Paşa Büyük Ödülü”nə, “Əhməd Cavad mükafatı”na, Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqının və “Əmir Teymur” Beynəlxalq Xeyriyyə Fondunun “Turan Birliyi” medalına, Beynəlxalq Türk Müəllifləri Birliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin, AYB-nin, TÜRKSOY, İLESAM və digər qurumların dəstəyi ilə keçirilən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Türk dünyası mədəniyyəti və ədəbiyyatı qarşısında xidmətlərinə görə Nizami medalına, “Aşıq Ələsgər İctimai Birliyi”nin “Aşıq Ələsgər-200” medalına layiq görülmüşdür.

 Ramiz Qusarçaylı mütamadi olaraq kitabxana ilə əməkdaşlığı davam etdirir, müxtəlif məzmunlu şeirləri ilə oxucuların görüşünə gəlir. Növbəti dəfə şairin “Gəl oxuyaq saz dilində” şeiri oxuculara təqdim olunur:

 Gəl oxuyaq saz dilində

 Gec gələrəm, kənd yolları...

Gileylənər toz dilində.

Kol dibindən qız bənövşə

Səslər məni naz dilində.

 

Şeh düzülər tül iynəyə,

Arı kefim gül çeynəyər.

Dodaq yanar, dil göynəyər

Bir bulağın buz dilində.

 

Gör buludun əli harda,

Çiçək açar su damlarda.

Yaşıl səsdi adamlar da...

Təbiətin yaz dilində.

 

Üfüq qaşda gün yazıdı,

Göyün dolan gün yasıdı...

Bu dünya kef dünyasıdı,

Bir harının boz dilində.

 

Nə xırman bir, nə dən birdi,

Döyən min-min, bədən birdi

Mən ha deyim Vətən birdi,

İkidi Araz dilində.

 

Üçü deyil, beşi deyil,

Haqdan dönən kişi deyil,

Hər oğulun işi deyil

Gəl oxuyaq saz dilində...

Təqdim etdi: "Təzadlar"

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN