booked.netbooked.net booked.net  

Bu gün 13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günündə “Flame Towers” İMAX-da “Gözümün Nuru Vətən” layihəsi çərçivəsində hazırlanmış daha bir sənədli filmin təqdimatı oldu.

Ekran işinin ssenari müəllifi və rejissoru Reyhan Cəfərova, ideya müəllifi isə istedadlı aktrisa, yazar, həm də Birinci Qarabağ müharibəsi iştirakçısı Simuzər Ağakişiyevadır. Adı çəkilən film Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB tərəfindən ərsəyə gətirilib.

Filmin bu dəfəki qəhrəmanları 44 günlük Vətən müharibəsi zamanı hər iki gözünün nurunu itirmiş Kamran Baxşızadə və Rəhman Nuriyevdir.

qazi-film

Tədbiri giriş sözü ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev açdı. O, həm layihə, həm də Azərbaycanın qəhrəman oğullarının doğma Qarabağımızı Ermənistanın təcavüzkar ordusundan azad edilməsi yolunda göstərdikləri fədakarlıq, qəhrəmanlıq yolundan danışdı.

Simuzər Ağakişiyeva isə çıxışı zamanı filmin ərsəyə gəlməsinin heç də asan olmadığını, kadrarxası çox ağır məqamlarla üzləşdiklərini söylədi...

Elə filmi seyr edərkən onun ərsəyə gəlməsində nə qədər çətinliklərin olduğunun fərqində olursan. Bunu görməmək mümkün deyil. Film çəkiliş heyətindən qəhrəmanlarımızın ruh halını, psixoloji gərginliklərini, ağrılarını və s. nəzərə almalarını, həm bu hallara özlərinin də ruhən hazırlıqlı olmalarını, lazım gəldikdə kadrların dəfələrlə çəkilməsini tələb edib.

Qeyd edək ki, qəhrəmanlarımızdan xüsusilə Rəhman Nuriyevin sağlıq durumu hələ də yaxşı deyil - 3 il ərzində dəfələrlə əməliyyat keçirib.

Rəhman 44 günlük Vətən müharibəsində ilk dəfə Ağdamdan hücuma keçən zaman yaralanır. Onu Bərdə Hospitalına gətirirlər, lakin onun həkimlərə ilk sözü “Tez olun, məni tez sağaldın. Mən geriyə qayıtmalıyam” olur. Və o, ikinci dəfə odun-alovun içinə qayıdır.

Qəhrəman oğlumuz “ikinci dəfə ona görə qayıtdım ki, vətən darda idi” deyir. Filmdən də göründüyü kimi, Rəhman sağlıq səbəbindən çox danışa bilmir. Onun həyat hekayəsini, başına gələnləri Simuzər Ağakişiyeva nəql edir...

Qəhrəmanımız yaralandıqdan sonra onun həlak olduğu zənn edilir və şəhid olan döyüş yoldaşlarının arasında yola salınır. Çünki onda həyat əlaməti olmayıb. Lakin sonradan döyüşçülərdən biri onun əlinin hərəkət etdiyini görüb və Rəhman xəstəxanaya göndərilib. O, uzun müddət komada qalıb və yaşamaq uğrunda mübarizə aparıb.

Kamran Baxşızadə isə bildirir ki, universitetin tarix fakültəsini bitirib, müharibəyə gedənədək məhkəmə orqanında çalışıb. O, xüsusi təyinatlı dəstədə fəaliyyət göstərib.

Kamran qeyd edir ki, düşmən gözləmədiyi halda onların düz içlərinədək irəliləyiblər və məqsəd lazımi yüksəkliyi ələ keçirmək olub.

“Ermənilər gördülər ki, postu ələ keçirmişik, bizi artilleriya atəşinə tutmağa başladılar. Düzənlikdə vuruşurduq. Artıq üçüncü atəşdə məni və digər yoldaşımı minamyotla vurdular. Digər döyüş yoldaşlarımız səngərdə olduqları üçün onlar qoruna bildilər. Mən minamyotla vurulduqdan sonra gözlərim qaraldı, qulaqlarım cingildədi. Heç nə eşitmirdim. Bir müddət özümdə olmamışam. Ayılanda hiss etdim ki, əllərim üzümdədir, amma heç nə görmürəm. Əllərimi çəkəndə gözlərimin əllərimə axıb töküldüyünü hiss etdim. Özümü itirmədən gözlərimi yerinə qoydum”, - deyir Kamran.

Qəhrəman döyüşçümüz həmin an yalnız ermənilərə əsir düşə biləcəyindən qorxduğunu və buna görə də əlindəki avtomatda hazır güllə saxlayaraq özünü güllələmək istəyində olduğunu bildirir.

Özünü ələ alıb qışqırdıqda döyüş yoldaşları onun səsinə səs veriblər və bildiriblər ki, onları gözləsin. Lakin Kamran onları gözləməyib. O, istəməyib ki, döyüşçü yoldaşları səngərdən çıxaraq düşmən gülləsinə tuş gəlsinlər.

“Mən artıq yaralanmışdım. Yalnız şəhid ola bilərdim. Şəhidlik isə ali məqamdır. Mən özüm onlara qarşı irəliləməyə başladım. Onlar məni səsləyir, istiqamət verirdilər. Mən onların səsi tərəfə sürünüb gedirdim. Yaxınlaşdıqda yoldaşlarım məni tez səngərə saldılar və ilkin tibbi yardım göstərdilər”, - deyir qəhrəmanımız.

Xəstəxanada Kamran həm başından, həm də gözlərindən iki ağır əməliyyat keçirir.

O, gözlərini onun üçün əlamətdar olan gündə -  doğum günündə, oktyabrın 14-də itirib...

Kamran Ağakişiyev vətənin müdafiəsi zamanı gözlərini itirməsindən zərrə qədər heyfislənmədiyini söyləyir, çünki amalı torpaqlarımzı işğaldan azad edərkən şəhid olmaq olub.

Kamran torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə “MƏNİM DƏ GÖZLƏRİM ŞƏHİD OLDU” DEYİR...

...Onu da qeyd edək ki, qazimiz bir arzusunu da gerçəkləşdirib və o, BDU-nun beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Hazırda ikinci ali təhsilini alır.

qaziler-film-1

P.S. Hər kəsi böyük zəhmət hesabına ərsəyə gətirilmiş bu filmləri izləməyə çağırırıq. Hamı fəxr etdiyimiz, çox çətinliklərə sinə gələn, gözlərinin nurunu itirmiş gənc qəhrəmanlarımızı tanımalıdır.

JASMİN

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN