booked.netbooked.net booked.net  

30 il Qarabağımızın düşmən əlində qalması ilə böyükdən-kiçiyə - heç bir Azərbaycan vətəndaşının barışmadığı hər kəsə məlumdur. Əli silah tutanlarımız sözünü, gücünü Birinci Qarabağ müharibəsində layiqincə deyib. Bu illər ərzində uşaqların evdə, bağçada, məktəbdə aldığı tərbiyə, deyərdim ki, vətənpərvərlik üzərində qurulmuşdu. O da faktdır ki, tarixən yaşlı nəslin nümayəndələri vətənə məhəbbətini, düşmənə nifrətini ən azından sözə çevirməyi bacarıb, sözlə ifadə edib. Elə sözlərlə ki, gənclərə öyüd kimi səslənib, hər kəsdə vətənsevərlik duyğuları aşılayıb. Son üç ildə isə igid oğullarımızın tariximizə qızıl hərflərlə yazdıqları qəhrəmanlıq səhifələri - Qarabağımızın düşmən tapdağından azad edilməsi dediklərimizin sübutudur...

1988-ci ildən bu günədək əlindən qələmi düşməyən, sinəsi vətən sevgisi ilə yoğrulmuş sözlərlə dolu, yaşlı nəslin nümayəndələrindən biri də Tərtər rayonunun Mamırlı kəndində yaşayan, el şairi kimi tanınan, şəcərəsi ünlü seyidlərə bağlı olan Bəyaz Sevincdir. O xanım ki, 44 günlük müharibədə müzəffər ordumuzun düşmən üzərindəki qələbəsindən sonra “Sevinc” təxəllüsünü qələbəmiz münasibətilə götürmüşdür.

Bəyaz Sevincin şeirləri kitab halında çapa hazırlanmaqdadır. Bu gün isə onun iç dünyasını, vətənpərvərliyini ifadə edən bir nümunəni “Təzadlar”ın oxucularına təqdim etməyi məsləhət bildim. Ümidvaram ki, Bəyaz xanımın “Ana ürəyi” adlı şeiri oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.

ANA ÜRƏYİ

Ağdam bölgəsinin Üçoğlan kəndi-

Dayım oğlu Tofiq orda yaşardı.

Hələ gəncliyindən onun düşmənə

Nifrəti, qəzəbi aşıb-daşardı.

 

On nəfər əsgərlə qanlı döyüşə-

Ən çətin döyüşə o can atırdı.

Çətində olanın, darda olanın

Tofiq köməyinə o an çatırdı.

 

Vətənin qeyrətli bir oğlu kimi

Tofiq səngərlərdə dedi sözünü.

Düşmən mərmisinə tuş gəldi bir gün,

Yumdu bir iğid də, yumdu gözünü.

 

Tofiq gözlərini yumduğu zaman

Anası oğlundan bəd xəbər aldı.

Bütün əşyaları yansa da onun

Qolunda işləyən saatı qaldı.

 

Oğlundan ən əziz yadigar kimi

Ana o saatı bağrına basdı.

Sonra da qiymətli bir əşya kimi

Yataq otağında divardan asdı.

 

Sanki bu saata bağlandı ana,

Düz üç ay işlədi başının üstə.

Oğlunun iyni alırdı ondan,

Dözümü artırdı, olmadı xəstə.

 

Bir axşam yuxuya gec gedən ana     

Tofiqi  yuxuda görüb oyandı.

Oğul saatını yatan görəndə

Ana ürəyi də o an dayandı.

 

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN