booked.netbooked.net booked.net  

Əziz oxucu! Uzun illərdən bəri tanıdığım, yaradıcılığına, poeziyasına böyük hörmət bəslədiyim, vəfalı qələm dostum Şamil Namaz haqqında bu sayca üçüncü yazımda olan fikir və düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Onun uzun illər ərzində vətən dərdi, insan, torpaq, həyat, dünya haqqında yazdığı çox səmimi duyğu və düşüncələri mənim üçün həyat məktəbi olmuş və yaradıcılığıma böyük təsir etmişdir. Şamil Namaz təbiətən şəxsi dünyasında narahat olan bir insandır. O, bu narahatlığını həmişə poeziya dili ilə vəsf etmişdir. Onun böyük düşüncə tərzi ilə yazdığı şeirlərində poetik ifadələr, fəlsəfi fikirlər və məna çalarlığı öz yerini tapmışdır.

İlk şeirlərini hələ orta məktəbin dördüncü sinfində oxuyarkən yazıb. O, ilk şeirini Ağdam rayon qəzetinə göndərsə də çap etməyiblər ki, hələ tezdir.

Dediklərindən:

- Həyətimizdə böyük tut ağacı var idi. Onun kölgəsində oturub düşünürdüm. Qeyri-adi hal keçirirdim. O vaxtdan şeir oduna düşdüm. Keçən əsrin 70-ci illərində artıq məktəb şairi idim.

Yadımdadır, Ağdam şəhər 5 nömrəli orta məktəbində oxuduğum illərdə divar qəzetində çoxlu şeirlərim dərc olunurdu. Məqalələr də yazırdım - “Pioner” jurnalına, “Azərbaycan pioneri” qəzetinə, yerli qəzetə göndərirdim. Rayon qəzetində məqalələrim verilirdi. O biri qəzetlərdə isə buraxılmırdı. Yazırdılar ki, imkan olmadığı üçün dərc etmədik. Kədərlənirdim, yenə yazırdım.

Sözardı: Şamil Rüstəm oğlu Namazov 1954-cü il sentyabrın 23-də Ağdam şəhərində ziyalı ailəsində doğulub. Ailənin tək oğludur. Atası Rüstəm kişi rayon Statistika İdarəsində rəis, rəis müavini vəzifələrində çalışmışdır.

Anası Maya xanım evdar qadın idi. Hər ikisi vəfat edib. Allah rəhmət eləsin.

Haşiyə: Şamil ilk vaxtlar özünü Nazim Hikmətə oxşatmaq istəyirdi: Hətta şeirlərini “Şamil Hikmət” təxəllüsü ilə yazırdı. Jurnalist olmaq istəyirdi.

Ş.Namaz 1972-ci ildə Ağdam şəhər 5 nömrəli orta məktəbini əla və yaxşı qiymətlərlə bitirərək, sənədlərini BDU-ya jurnalistika fakültəsinə vermək istəsə də, atası, dil-ədəbiyyat müəllimi olmağı məsləhət görübmüş. Elə həmin il APİ-nin Xankəndi filialında filologiya fakültəsinə qəbul olmuşdur. 1973-cü ildə filial müstəqil instituta çevrildi. 1976-cı ildə Xankəndi Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

Dediklərindən:

- Ali məktəbdə oxuduğum illərdə ilk şeirim Ağdam rayon qəzetində 1973-cü ilin sentyabrında çap olundu. “Düçüncə” adlı şeirim dahi Üzeyir Hacıbəyliyə həsr edilmişdi. Bu mənim üçün ən böyük sevinc idi. “Şuşa” qəzetində tez-tez çıxış edirdim. Tədbirlərdə şeirlərimi oxuyurdum. Bakıdan gələn şairlərlə orda tanış oldum. Musa Yaqub, Xəlil Rza şeirlərimi bəyəndilər. Şeirlərimi respublika radiosuna göndərdim. Şair İsa İsmayılzadə “Qələbə sözü” proqramında şeirimi təriflədi. İki şeirimi oxudular.

1976-cı ildən düz on il Ağdam rayonundakı Bağbanlar kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işlədim. Rayonda qəzetin nəzdindəki ədəbi dərnəyə üzv olaraq şeir həvəskarı kimi yaradıcılıqla məşğul olurdum. “Çörək ətri”, “Budaq”, “Lalə”, “Anam”, “Anamın xatirəsinə”, “Bayatılar”, “Körpə gəldi dünyaya” və s. şeirlərim rəğbətlə qarşılanmışdı...

Şamil Namazın şeirlərini oxuyan şair Famil Mehdi 1978-ci il fevralın 9-da onun haqqında “Uğurlu yol” təqdimatı ilə bir neçə şeirini oxuculara təqdim etmişdi: “Azərbaycan gəncləri” qəzetində çıxan bu şeirlər çox rəğbətlə qarşılandı.

Şamil Namaz 70-80-ci illərdə mərkəzi və rayon qəzetlərində çoxlu şeirlər, məqalələr, resenziyalar və oçerklər çap etdirmişdi. 1979-cu ilin aprelin 15-də “Gəncliyin səsi” rayon ədəbi birliyini yaradan Ş.Namaz sədr olduğu bu birlikdə onlarca fəal üzvləri ətrafına topladı. Onlardan biri də mən idim. 1991-ci ilə qədər davam edən ədəbi birlik üzvlərinin şeir və hekayələri müntəzəm olaraq rayon və respublika mətbuatında, radiosunda verilirdi, görüşlər keçirilirdi. Birlik üzvləri Qulu Ağsəs, Yusif Rzayev, Şahlar Əliyev, Elçin İsgəndərzadə, Vahid Qazıyev, Zahid Savalanoğlu, Hamlet Cəfərov, Fazil Fəxri və başqalarının son vaxtlara qədər şeir kitabları çıxıb. Bir çoxları Yazıçılar Birliyinin üzvləridirlər. Şair Ş.Namazın taleyinə düşən bədlik, acı günlər, nisgilli xatirələr, məşəqqətli köçkün həyatı 1993-cü ilin 23 iyulundan sonra baş verdi. Ağdam erməni faşistləri tərəfindən işğal olundu.

1986-cı ildən Rayon Təhsil Şöbəsində metodist işləyən Ş.Namaz, Qarabağın, Ağdamın işğalından çox sarsıldı. Onun səhhətində problemlər yarandı. Lakin o, yenə yazdı. Bir çox qəzet və jurnallarda şeirlərlə çıxış etdi. Vətən həsrəti ilə yazdığı “Köçkün portreti”, “Bu yaz”, “Dərdimin ağ günüdür”, “Bu çadır qopmur Allah”, “Sığınır” və s. şeirləri çox maraqla qarşılandı.

1998-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunan “Qəribədir insan”, “Ulduz” jurnalında verilən “Üşüdüm köçkün sözündən” və s. şeirləri dərdini danışan, vətən həsrəti çəkən Şamil Namazın şeirləri orijinal, fəlsəfi məna, konkretlik, yığcamlıq baxımından çox təsirlidir. Onun mənim ən çox sevdiyim “Qarışqa, hara gedirsən?” şeiri fəlsəfədir. Şeirin sonuncu bəndinə nəzər salaq:

Elə hey yığıb, daşıdın,

Dincliyin yoxdu dünyada,

Heyif, bilmədin, ay yazıq,

Qarışqanın yeminə də

göz dikən,

çoxdu dünyada.

Bu şeirdə dünya boyda yük daşıdığına işarə var. Yükü özündən böyük olan qarışqa simvolikdir, insan taleyinə işarə vardır.

Şamil Namazın müxtəlif illərdə çap olunan dörd şeir və poemalardan ibarət olan əsərləri həyat fəlsəfəsidir. Onun kitabları professor, filologiya elmləri doktoru, xeyirxah insan olan şair Elçin İsgəndərzadənin vəsaiti hesabına çap olunub. O, keçən əsrin 80-ci illərində Ağdam ədəbi birliyinin üzvü olub. “Dünyaya sözüm var” (2000), “Gözü yolda qalan dünyam” (2002), “Bəxtin sınağında” (2004), “Yenə də görüşdük” (2008) kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Müəllif daim axtarışda olur, yeni-yeni şeir və poemalar yazır. Hələ 1998-ci ildə yazdığı “Daş harayı” poemasında köçkün dərdi, Qarabağın işğalından sonra yaranan çətinliklər, yüksək emosionallıqla, ürək yanğısı ilə qələmə almışdır. Şair yazır:

El-obanın yurd harayı,

Necə səsdən-səsə düşdün.

Millət özü, qeyrət özü,

başa gəlsin!

Azərbaycan - bir can kimi,

Bütövləşsin!

Şair atəşkəs dövründə yazdığı “Qarabağ müsibəti” poemasında qəhrəmanlıq, vətənpərvərlik ruhu ilə, çaşqınlıqla, duyğu və düşüncələrini qələmə almışdır. “Hacı Əkbərlə görüş” hissəsi daha təsirlidir. 1992-1993-cü illərə qayıdış edən şair I Qarabağ savaşının bir çox anlarının, məqamlarının epizodlarını, məğlubiyyətimizin səbəblərini poetik şəkildə açır. O, “Epiloq” bölməsində poemanı belə bitirir:

Bu yuxusuz gecəni

Ümidlə açıram mən.

Qoy açılan səhərim,

Bir Nicat günü olsun!

Mənim döyüşən şeirim,

Qələbə himni olsun!

Ş.Namazın qələbədən əvvəl yazdığı “Şuşa himni” poeması yüksək həyəcanla, vətəndaş narahatlığıyla yazılmışdır. O, yazırdı:

Qisasımı almağa

Qovğam çatmır, ay ana!

Mən Şuşasız boğuldum,

Havam çatmır, ay ana!

Şairin “Bəxtin sınağında” kitabındakı şeirlər poetik tapıntıları, mənəvi gücü ilə oxucunu düşündürür. Şair “Ağrı”, “Yaxamı tanıyıbdı dərd”, “Küləklərə”, “Qoca dənizçi”, “Yaxşı olacaq”, “Tut ağacının dedikləri” və digər şeirlərində poetik detallarla, yeni fikirlərlə oxucuya ürəyini açır. Məsələn: “Gül, tikanın mübarəkdi!” kiçik şeirində sonuncu bənd belədir:

Qəribsən yad çəpərində,

Uzaqdı qançəkərin də...

Yurddan yurda səfərində,

Gül, tikanın mübarəkdi!

O, 2003-cü ildə yazdığı bir şeirdə Ağdamdakı evini yuxuda  gördüyünü, qapının ağzındakı balaca daşın poetik ağrısını yazır, şeir belə bitir:

- Eh, nə qədər bəla düşüb,

Yaşıl bağça-bağlar solub.

Ancaq qapı ağzındakı

Balaca daş...

İndi yumruq boyda olub.

“Yenə də görüşdük” kitabındakı “Ağı”, “Xoşum gəldi”, “Ömür boyu”, “Gedərsən” və digər şeirlərdə mənəviyyatın sızıltıları poeziyaya çevrilib şair bir şeirində yazır.

Böyüsün mərdim böyüsün,

Evdə həmdərdim böyüsün,

Qıymaram dərdim böyüsün,

Balam ağrısın, ağrısın!

Müəllif milli biganəliyə, laqeydliyə qarşı çıxır, “Gəl, əyri oturaq, düz danışaq biz” şeirində belə yazır:

Gəl, əyri oturaq, düz danışaq biz,

Demə ki, vaxt hanı, girəvə düşmür.

Qohumdan, qonşudan yox xəbərimiz,

Bu evin işığı, o evə düşmür.

Onun “Ehey... hardasınız?” şeiri 1999-cu ildə qələmə alınıb. Köçkünlük dövründə Azərbaycanın müxtəlif rayonlarına səpələnən qonşularını haraylayır. Şeirdə meydan otaqlara sığışmayanların, yataqxana həyatı təsirli şəkildə qələmə alınıb. “Qalxın yurda sarı, od qonşuları” deyən köçkün şair odlu misralarında belə sətirlər də var:

Hüseyn kişini gözüm soraqlar,

İndi hardan alım Mehdi həkimi?

Dağılıb xaniman, sönüb ocaqlar,

Biz tale yetimi, dövran yetimi.

Artıq köçkünlük qurtarıb. Amma qonşuların çoxu yurd həsrətiylə dünyadan köçüb. Övladları böyüyüb, ailə qurublar.

2020-ci ildə Qarabağ erməni işğalından azad olundu. Şəhərlər, kəndlər yenidən qurulur. Köçkünlüyü bitən şair indi qələbədən yazır. Onun “Ağlama, dərdin mənə” şeirinin son bəndi belədir:

Bir dön, qaldır başını,

Sil gözünün yaşını,

Oxu əsgər marşını,

Ağlama, dərdin mənə!

Şair zaman, dünya, yaradılış və getdikcə qloballaşan aləmin problemlərinə toxunur. Müəllif yeni yazılarında qayıdışa inam hissini, köçkünlüyün sonunu sevinc hissiylə əks etdirir.

Dediklərindən:

- 2002-2004-cü illərdə şeirlərim Türkiyənin paytaxtı Ankara şəhərində çap olunan “Belde”, “Yeni inam”, “24 saat”, “İlham”, “Tasvir”, “Ana yurd” və digər qəzetlərdə çap olunub. Professor, şair, publisist İsa Kayacan bu qəzetlərdə mənim haqqımda “Ustad şair”, “Hər misrası şeir kibi şair” yazılarıyla çıxışlar edib.

Şimali Kiprdə buraxılan “Turnalar” dərgisində də şeirlərim yer alıb. Bu toplu dünyanın 13 ölkəsində yayılır.

Uzun illərdir ki, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüyəm, “Vektor” Beynəlxalq elm mərkəzinin diplomuna layiq görülmüşəm. Bu yaxında Vidadi Turan Ağdamlının layihəsi və tərtibi ilə buraxılmış şeir antalogiyasında şeirlərim çap olunub. Növbəti antologiyada da çoxlu şeirlərim veriləcək. Yenə də yazıram. “Evimə dönürəm” adlanacaq bu yeni kitabın nəşrinə imkanlı iş adamları kömək etsəydilər yaxşı olardı.

Sözardı: Şamil Namaz otuz ildir ki, Bakıda yataqxana həyatı yaşayır. Birotaqlı mənzildə çətinlik içində olsa da, inamını itirmir. Ağdama qayıtmaq və yenidən “Ağdam Ədəbi Birliyi”ni bərpa etmək istəyir.

O, həm də jurnalistdir. Bir müddət Bakıda buraxılan “Maarifçi”, “P.Ş”, “Elm Təhsil və Həyat” qəzetlərində çalışmışdır.

XX əsr Azərbaycan Yazıçılar Ensiklopedik topluda, onun haqqında yazı, məlumat verilib.

Şamil Namazın iki övladı, dörd nəvəsi var. Gələn il onun 70 yaşı tamam olacaq. Dahi şairimiz Bəxtiyar Vahabzadə demişdir: “Ən böyük dərd yaşca qocalıq deyil, fikrən qocalıqdır”.

Əziz qələm dostum Ş.Namaz da yaşca qocalsa da, fikrən qocalmamışdır. O, yeni-yeni şeirlər yazır. Daha dərddən yox, qələbədən bəhs edən şeirləri ilə mətbuatda çıxış edir. O, televiziyada da dəfələrlə çıxışlar etmişdir. O, Ağdamda, “Natəvan poeziya bayramı”, “Ağdamda Məhsul Bayramı” sənədli filmlərinin ssenari müəllifidir. Şamil Namazın əsərləri və yaradıcılığı haqqında xalq şairi Söhrab Tahir, Famil Mehdi, Qulu Ağsəs, Nazir Məmmədov, Adilxan Əbilov, Şakir Albalıyev, Sabir Məmmədov, Elçin İsgəndərzadə və başqaları mətbuatda ardıcıllıqla çıxışlar etmişlər.

O, şair Rəsul Rzanın, Əli Kərimin şeir dünyasının vurğunudur. Hələ tələbə ikən hər iki şair haqqında elmi iş yazmışdır. Dünyadan 38 yaşında vaxtsız köçən Əli Kərimin yaradıcılığı mövzusunda diplom işi müdafiə etmişdir. O, arzu edir ki, bu şairə həsr etdiyi əsəri kitab şəklində çap etdirsin.

Şamil Namaz deyir ki, Mövlana Cəlaləddin Rumi demişkən, mən həmişə demədiyim sözün peşimançılığını çəkmişəm. Hələ demədiyim sözlərim çoxdur. Söz hikmətin kölgəsidir - deyiblər.

Deyirlər, xoşbəxt o kəsdir ki, özündən sonra yaxşı ailə və yaxşı kitablar qoyub gedir. Şamil Namaz da belə xoşbəxt insanlardan biridir.

Sonda istedadlı, orijinal şair və publisistə uğurlar diləyir, ad günü münasibətilə təbrik edir, ona həyatda cansağlığı, xoşbəxtlik və Ağdam şəhərində yaşamaqla yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Akif Hüseynli,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

akif-huseynli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN