booked.netbooked.net booked.net  

Üzeyir Hacıbəyli vəfatının 75-ci ildönümündə öz Ev Muzeyində anıldı

O öz şedevr əsərləri – nəinki ölkəmizdə, Şərqdə, bütün dünyada məşhur bəstələri, elmi işləri, məqalələri, pedaqoji və ictimai fəaliyyəti  ilə daim bizimlə birgə olsa da, hər halda cismani yoxluğundan 75 il keçir. Amma bu gün sevinc doğuran bir məqam Üzeyir bəyin ruhunun şadlığıdır, çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman ordumuzun rəşadəti sayəsində korifey sənətkarın boya-başa çatdığı, xalqımızın qürur rəmzi olan Şuşa üç il öncə işğaldan azad olundu, həqiqi sahiblərinə qovuşdu.

Yeri gəlmişkən, qədirbilən Azərbaycan xalqı hər il dahi bəstəkarın doğum gününü (18 sentyabr) böyük coşqu ilə Milli Musiqi Günü kimi, 23 noyabrı isə bir qədər kədərli, anım günü olaraq qeyd edir. Belə tədbirlərdən biri bu gün elə öz ev muzeyində “Sənsiz” adı altında keçirildi.

whatsapp-image-2023-11-23-at-18_15_14

Üzeyirbəysevərlərin, musiqi ictimaiyyəti nümayəndələrinin toplaşdığı mərasimi ev muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov açaraq, Şərqdə ilk operanın müəllifi, milli bəstəkarlıq məktəbinin banisi olan dahi şəxsiyyət və ictimai xadimin həyat-yaradıcılıq yolundan danışdı. Bildirdi ki, Ü.Hacıbəylinin zəngin irsi dünya durduqca yaşayacaq, hər gələn nəsil həmin ziqiymət xəzinədən bəhrələnə biləcək. Rəhbərlik etdiyi mədəniyyət müəssisəsinin dahi azərbaycanlının şərəfinə layiq fəaliyyət göstərməyə çalışdığını vurğulayan S.Fərəcov görüləcək işlər barədə məlumat verdi və musiqi beşiyimiz Qarabağın işğaldan azad olunması ilə Üzeyir bəy və bu torpaqlardan ilhamlanan digər bəstəkarlarımızın, musiqiçilərimizin əsərlərinin tədqiqi-təbliğinin vüsət alacağını söylədi.      

Filoloq alim Firudin Qurbansoy, şair Tahir Taisoğlu, ev muzeyinin şöbə müdiri Gülnarə Ələsgərova, Bakı Musiqi Akademiyası və Milli Konservatoriyanın müəllimləri Üzeyir Hacıbəyli dühasını müxtəlif aspektlərdən şərh edərək, onun milli musiqimizin qorunması və beynəlxalq miqyasda təşviqi, eləcə də bu gərəkli fəaliyyətlə məşğul olacaq bütöv bir bəstəkarlar nəsli yetişdirməsindən söhbət açdılar.

whatsapp-image-2023-11-23-at-18_15_14-1

Tədbirdə Ü.Hacıbəylinin “Sənsiz” romansı, yarımçıq qalmış “Firuzə” operasından Füruzənin ariyası və digər əsərlərindən parçalar, Qara Qarayevin prelüdü səsləndirildi. Musiqi nömrələrini Beynəlxalq müsabiqələr laureatları Sevinc İbrahimova, Emin İsmayılov və Leyla Səmədzadə ifa (royalda Fidan Əmişovanın müşayiətində) etdilər.

Qurban Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN