booked.netbooked.net booked.net  

1883 - Krakatau vulkanının püskürməsi nəticəsində yaranan sunamidən İndoneziyada 36 min insan həlak olmuşdur.
1939 - Alman mühəndisi Ernst Heynkelin quraşdırdığı reaktiv mühərrikli təyyarənin ilk uçuşu baş tutmuşdur.
1955 - Ginnesin rekordlar kitabı Böyük Britaniyada satışa buraxılmışdır.
1992 - Azərbaycan Respublikası Qvineya Bisau ilə diplomatik əlaqələr qurmuşdur.

Teodor Drayzer (1871-1945)

1871 — Məşhur amerikalı yazıçı Teodor Drayzer İndiana ştatının Terre-Hote şəhərində anadan olmuşdur.
Drayzer "Kerri bacı" ,"Cenni Herhardt" , "Arzular trilogiyası": " Maliyyəçi", "Titan", "Dözümlülük" (tamamlanmamış), "Dahi", "Amerika faciəsi" , "Dayaq" kimi məşhur romanların, "Vur, təbil!" pyesinin, həmçinin "Drayzer Rusiyaya baxır", "Faciəli Amerika" və "Məktublar" publisistik əsərlərin müəllifidir..
Teodor Drayzer 1945-ci il dekabrın 28-də Hollivudda (Kaliforniya ştatı) vəfat etmişdir.

 ***

Seyfəddin Dağlı

Milli Kitabxanada "Seyfeddin Dagli-95" adli kitab sergisi acilib

1921 -ci ilin 27 avqustunda  Azərbaycan respublikasının Dövlət mükafatı laureatı, yazıçı, şair, dramaturq, jirnalist Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı) Bakıda Xızı kəndində dоğulub. Bir müddət "Kоmmunist" və "Оrdu" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Seyfəddin Dağlı uzun müddət "Kirpi" jurnalının baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı ilk kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb. Pyesləri Akademik Milli Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrında dəfələrlə tamaşaya qoyulmuşdur.

***

Qəzənfər Məhəmməd oğlu Paşayev

1937 — Azərbaycan ədəbiyyatşünası- filologiya elmləri doktoru, professor; publisist, dilçi, yazıçı və tərcüməçi Qəzənfər Məhəmməd oğlu Paşayev Tovuz  rayonunun Düz Qırıqlı kəndində doğulub.
1962-ci ildə Bakıda Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetində xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb. İraq Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə edib. "Kərkük bayatıları” , "Arzu-Qənbər dastanı”, "İraq kərkük atalar sözləri”, "İraq kərkük bayatıları”, "Kərkük tapmacaları”, "Kərkük folklor antologiyası”, "Nəsiminin İraq divanı”, "İraq Türkmən folklore” və b. kitabları nəşr edilmişdir. A.Dümanın "Qafqaz səfəri”, "Necə yaşayasan yüzü haqlayasan” və b. kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevə böyük uğur qazandıran "Altı il Dəclə və Fərat sahillərində” kitabı oxucular arasında əl-əl gəzdi. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoydu.
Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində İraq Türkman Ocağı muzeyi yaratmış, İraqda yaşayan azərbaycanlıların ədəbiyyatı və mədəniyyəti ilə bağlı olan son otuz ildə topladığı şəxsi əşyaların (o cümlədən incəsənət əsərləri), əlyazmaların, elmi mənbələrin, kitabların hamısını burada cəm etmişdir.
2001-ci ildə ocağın kolleksiyası Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə köçürülmüş və ayrıca bir zalda "İraq-türkman ədəbiyyatı və mədəniyyəti” daimi ekspozisiyası açılmışdır.İraq Respublikasının "Əməkdə şücaətə görə” medalı ilə təltif edilmiş , Kərkük vəqfinin və türkman cəbhəsinin diplom və yüksək mükafatlarına layiq görülmüşdür.Paşayevin həyat və fəaliyyətindən bəhs edən "Bu sevda ölüncədi”,"İraq bizə iraq deyil” və s. kitablar nəşr edilmiş, şair H.Kürdoğlunun "Tovuzum mənim, Oğuzum mənim” poeması Q. Paşayevə həsr olunmuşdur.
2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

***

Vasim Məmmədəli oğlu Məmmədəliyev (1942-2019)

Görkəmli şərqşünas-alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər  Akademiyasının həqiqi üzvü. Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri Vasim Məmmədəli oğlu Məmmədəliyev Bakı şəhəri Kürdəxanı kəndində anadan olmuşdur.
1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır.
1959-1964 - BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. 1965-1968 - Tbilisi Dövlət Universitetində aspirant.
1978-ci ildən professordur.
1981-1991 - BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı.
1989 - İraq Elmlər Akademiyası, 1994 - İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 - Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 - Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir.
1991-1992 - BDU-nun prorektoru.
1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri.
1992 - Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri.
2001 - AMEA-nın müxbir üzvü seçilmişdir.
2002 – "Şöhrət” ordeni ilə təltif edilmişdir.
2003 - Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür.
2007 - Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.
30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. 
Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq əlaqələri var.
Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr edilmişdir.
Azərbaycan - İraq Dostluq Cəmiyyətinin sədri olmuşdur.

Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

***

Vəfat etmişdir:

Əli Abbas Mütəllibzadə (1883-1937)


1937 — Tanınmış yazıçı Əliabbas Müznib (Əli Abbas Mütəllibzadə) 54 yaşında represiyaya məruz qalaraq güllələnmişdir.

ƏliAbbas Münzib 1883-cü ildə Bakı şəhərində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almış, ərəb-fars dillərini mükəmməl öyrənmişdir. "Zənbur" (1909-1910), "Səhabi saqib" (1911), "Babayi-Əmir" (1915-1916) və s. jurnalların nasiri və redaktoru kimi jurnalistlik fəaliyyəti ilə tanınmışdır.
"Yusif və Züleyxa" (1914), "Tiran rolu" (1917), "Nəsrəddin məzhəkələri" (1927), "Aşıq Pəri və müasirləri" (1928) və s. kitabların müəllifi olmuşdur.
İlk şeirlərini 1907-ci ildən başlayaraq "Təzə Həyat", "İttifaq", "Zənbur" kimi qəzet və jurnallarda nəşr etdirən Əliabbas Müznib, qısa bir müddət sonra, 1910-cu ildə "Hilal" adlı bir qəzeti nəşr etdirmiş; həddindən artıq tənqidçi ruhu və ifşaçılığı ilə diqqəti çəkən bu qəzetin ilk sayı hələ mət-buatda ikən müsadirə olunmuşdur. Buna səbəb, Müznibin "Hökumət, ah bir insan yeyən qurd, nə pul qoyar nə bir yurd" misraları ilə başlayan şeiri olmuşdur. Rəsmi dairələrdən icazəsiz nəşr etdiyi ikinci sayda isə, Müznib milli gəncliyi, öz haqqını tələb etməməsi baxımından günahlandıraraq belə yazmışdır: "Namusu qatı, garet etməklə kazanmak olmaz, bəlkə hüquqi-vətən yolunda ölmekle olar. Görürsünüzmü, ata babadan qalan torpağımız zalımın çoxluğundan bir taxta pul menasmda olmuş; bu gün səhər kark olmaqla məhv nabud olmadığımız dəxi mühekkek olmuştur ... geyretli cavanlarımız; namuslu olmadığınız biri birinizi öldürməklə olmaz, o binamusluğdur. Əlimizdən gedən ihtiyaratm istirdadına çalımaxla sübut oluna biler ".
1911-ci ildə Müznib hökumətə tənqid istiqamətli yazılarına görə çar hökuməti tərəfindən Sibirə ömürlük sürgün edilir.
1956-da dövlət tərəfindən günahsızlığı etiraf edilib. Ölümündən sonra bəraət alan Müznibin əsərləri hələ toplanıb nəşr olunmamış, yaradıcılığı tədqiq edilməmişdir.

***

Əbülfəz Əli oğlu Sadıqov (1898-1956)



1956 – Tanınmış yazıçı, jurnalist, tərcüməçi Əvəz Sadıq (Əbülfəz Əli oğlu Sadıqov) 58 yaşında vəfat etmişdir.
Əvəz Sadıq 1898-ci ildə Ordubad şəhərində anadan olmuşdur.
1920-ci ildən Odubadda və Naxçıvanda müəllimlik sənətində çalışmışdır.
Əmək fəaliyyətinə müəllimliklə başlamış, sonralar jurnalistika sahəsində çalışmış, 1925-1927-ci ildə "Şərq qapısı" qəzetinin redaktoru, 1927-1951-ci ilədək "İnqilab və mədəniyyət (indik "Azərbaycan") jurnalında məsul katib, 1952-1956-ci illərdə "Molla Nəsrəddin"in xələfi "Kirpi" jurnalının redaktoru olmuşdur. İlk yazıları 2--ci illərdə "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və s. qəzetlərdə dərc olunmuşdur. "Xatirələr" (1933), "Yeni gün" (1938), "Bizim adamlar" (1951), "Sabahı yaradanlar" (1953) adlı oçerk və hekayə kitablarının, "Mingəçevir" (1951) romanının müəllifidir. 1955-ci ildə "Nadürüstov və başqaları" toplusu adlı satirik əsərini yazmışdır. Sofokl, Esxil, L.N.Tolstoy, E.Zolya, M.Y.Lermontov və başqalarının əsərlərini tərcümə etmişdir. Tədqiqatlarda C. Məmmədquluzadənin "Ölülər", "Usta Zeynal", "Anamın kitabı)" əsərlərinin Təbriz teatr səhnəsində oynadığı mühüm rol yüksək qiymətləndirilir.
Naxçıvanda adına küçə verilmişdir.

***

Fariz Məcid oğlu Səfərov (1920-1964)



1964 — Sovet İttifaqı Qəhrəmanı Fariz Məcid oğlu Səfərov 44 yaşında vəfat etmişdir.

Fariz Səfərov 1920-ci il iyunun ayının 20-də Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rus dilli məktəbin hazırlıq kursunu bitirmişdir. Az bir müddət Kürdəmir rayonunda rus dili müəllimi işləmişdir. 1939-cu ildə Bakı ŞHK-dan hərbi xidmətə çağrılmış, Litvada, daha sonra Minsk şəhərində Hərbi Hava Qüvvələri hissəsində xidmət etmişdir.
On günlük məzuniyyətə gedən baş serjant Fariz Səfərov müharibə başladığından Minskdəki hərbi hissəyə geri dönməli olur, yolda olduğu qatarı alman təyyarələri bombalayır, çox sayda insan ölsə də Səfərov Fariz sağ qalır və 416-cı Taqanroq diviziyasının hissələrindən birinə qoşulur.
1943-cü ildə Zaporojye ətrafında Qızıl Ordu birləşmələri qanlı döyüşlərlə düşməni sıxışdıraraq Dneprə sahillərinə yaxınlaşdığı bir vaxt baş serjant Səfərov gecənin qaranlığında bir qrup döyüşçü ilə birlikdə qayıqlara düşmən sahilə yön alır. Düşmən sahilə yaxınlaşmağa 10-15 metr qalmış qayıqlarını görsə də sahilə çıxa bilirlər. Ağır döyüşlərə baxmayaraq düşmən sahil zolağını yenidən ələ keçirə bilmir. Fariz Səfərovun rəhbərliyi altında əməliyyat müvəffəqiyyətlə tamamlanır. Alman Ordusuna məxsus xeyli döyüş sursatı, texnikası ələ keçirilir. Tezliklə Sovet ordu hissələri Dnepr çayını keçərək hücuma başlayır.
19 mart 1944-cü il tarixində SSRİ Ali Sovetinin Qərarı ilə Səfərov Fariz Məcid oğlu Sovet İttifaqı Qəhrəmanı adı alır (medal № 3452).
Fariz Səfərov müharibədən sonra da ordudan ayrılmamış və 1957-ci ildə mayor rütbəsində ehtiyata göndərilmişdir. O, 27 avqust 1964-cü ildə vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ləki qəsəbəsində Fariz Səfərovun ev muzeyi açılmış, Ağdaş Tarix-Diyarşünaslıq muzeyində xatirəsinə guşə yaradılmışdır.

***

Şövqiyar Cəmil oğlu Abdullayev (1969-1992)



1992— Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu Abdullayev 23 yaşında Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Şövqiyar Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir.
1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılmışdır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıtmışdır. 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda o, yeni yaradılan Milli Orduya yazılmış, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilmişdir. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd, Pircamal, Aranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparmışdır. 1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun tank briqadası çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilmişdir. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilmişdir. Eyni zamanda, mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılmışdır. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulmuşdur. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilmşdir. Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıtmışdır. 1992-ci il 27 avqustda çox ağır döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas etmiş, özü isə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Şövqiyar Cəmil oğlu Abdullayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəıxri adına layiq görülmüşdür.
29 avqust 1992-ci ildə Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.

***

Tofiq Tağızadə (1919-1998)



1998 — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Azərbaycanın və Çeçenistanın Əməkdar incəsənət xadimi, Azərbaycan Redspublikasının Xalq artisti
Tofiq Mehdiqulu oğlu Tağızadə 69 yaşında vəfat etmişdir.

Tofiq Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlamışdır.Bir çox filmlərin quruluşçu rejissoru olmuşdur. Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Vaxtı da çox az olardı. Bəlkə də ona görə az-az görünərdi. Özünəməxsus geyim forması var idi. Onu başındakı "Meksika panaması"ndan asanlıqla tanımaq olurdu. Çox həssas insan idi. Adicə söz də xətrinə dəyərdi. Bütün bunlar onun xarakterinin məlum ştrixləridir. Ancaq bu xarakterin görünməyən tərəfləri də vardı. Onu tanımaq, daxilini duymaq istəyirdinsə, gərək filmlərinə baxaydın. Onların sayı o qədər çox deyil. Cəmi 14 filmdir. 15-ci filmi isə yarımçıq qalmışdı. 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi. "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi.
Tofiq müəllim "Görüş"lə gəldi sənətə. "Görüş" onu əbədi olaraq bu sənətə bağladı. Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirdi. Kino tariximizdə Tofiq Tağızadənin məxsusi yeri var. O, çəkdiyi filmlərdə professional kimi özünü təsdiq etdi. Bu filmlərdə Azərbaycanın tarixi də, mədəniyyəti də, məişəti də çox sənətkarcasına öz həllini tapıb. Və bu gün bu filmlər əsl məktəbdir, onlardan çox şey öyrənmək, əxz etmək mümkündür.
Tofiq müəllim zamanın problemlərini ekrana gətirir və insanları bu problemlər ətrafında düşünməyə sövq edirdi. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili "mən"ini özü ilə üzbəüz qoyur. Tofiq müəllim Vətənini, xalqını sevən sənətkar idi. Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri var. Hətta Sovetin asıb-kəsən vaxtında belə cəsarətlə danışır, simvollar vasitəsilə bu xalqın taleyinə zərbə vuranları qamçılamaqdan çəkinmirdi.
Tofiq Tağızadə o sənətkarlardandır ki, onun yaradıcılığı xalqımızın taleyi ilə sıx surətdə bağlıdır. O, ""Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməmişdir. "Dədə Qorqud" Vətən, millət, bəşəri dəyərlər haqqında filmdir. Tofiq müəllimin xidmətləri ondan ibarətdir ki, o, bu hissləri, bu bəşəri duyğuları bizə olduqca real şəkildə çatdıra bilib.
"Mən ki gözəl deyildim" filmi isə müharibə haqqında düşüncələrdir. Bu düşüncələrin real obrazları var. Gənclikləri müharibənin amansız qanunları məngənəsində boğulan Səidələrin, Məzahirlərin canlı surətləri var burada. Əslində film insan taleləri haqqındadır. Hansı məqamda olursa-olsun insan yaşamağa can atır. Tofiq müəllim bu filmində zamanın obrazını yaradıb. Bu motivlər filmdə elə vəhdətdə birləşib ki, çox canlı bir harmoniya yaradıb.
Tofiq Tağızadə bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.
Tofiq Tağızadə Moskvada, ÜDKİ-də təhsil alıb. Rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tofiq müəllim onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində bizim xalqın ruhu duyulur. Onlar bizim tariximizdir, bizim mənəvi varlığımızdır. T.Tağızadə Ü.Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında 1965-ci ildə çəkilmiş genişformatlı, rəngli "Arşın mal alan" bədii filminin quruluşçu rejissorudur. "Yeddi oğul istərəm" filmində ziddiyyətli məqamlar olsa da, rejissor filmi siyasiləşməkdən uzaqlaşdırıb, hadisələrə başqa yön vermişdir. Gəray bəyin, Bəxtiyarın obrazlarını çuğlaşdıran münaqişələr fonunda rejissor ictimai münasibətləri açıqlayır. İnsanları üz-üzə qoyan ictimai bəlaların köklərini axtarır. "Bağ mövsümü" isə kino-dramdır. Bu film adi, gündəlik həyatımızın problemləri haqqındadır və film bizi ətrafımızda baş verən və biganə qaldığımız hadisələr haqqında düşünməyə məcbur edir. "O dünyadan salam" filmi də onun son vaxtlar lentə aldığı əsərlərindəndir. Əsasında böyük Mirzə Cəlilin "Ölülər" tragikomediyası dayanan bu kinolent bizə tanış mövzudur. Lakin rejissor tanış motivləri müasirləşdirir və bu günümüzün hadisələri ilə bağlayır. Tofiq Tağızadə xalq artisti idi. Ömrünün son illərində xüsusi studiya yaratmışdı. İşləmək istəyirdi, lakin amansız ölüm onu aramızdan tez apardı. Bu böyük sənətkarın xatirəsi kinonu sevənlərin qəlbində əbədi yaşayacaqdır.

***

Şakir QURBANOV

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA