İşıqlı ideyanın müəllifi
“Kitabdan qəlbə” sənədli əsərin müəllifi Musa Həşimovu qısa zaman kəsiyində tanısam da, qəlb, ideya yaxınlığı, xasiyyət uyğunluğu və şair təbiətimiz Musa məllimə sözügedən kitaba ön söz yazmağımı “diktə elədi”. Burda maraqlı məqam ondan ibarətdir ki, o da, mən də Dilbər Yaqubovanı kifayət qədər tanıyır, xətrini əziz tuturuq. Bizi birləşdirən başlıca meyar – kitaba olan sonsuz məhəbətimizdir. Vurğulamalıyam ki, tanıdığım 3 şəxsiyyət – Knyaz Aslan, Güllü Əhmədova və Dilbər Yaqubova kitab aləmi ilə məni elə sıx bağlayıblar ki, bu gözlə görünməz bağlantı hər birinə dost münasibəti bəsləməyə şərait yaratdı. Beləcə kitabdan kitaba, insandan insana – təqdimatdan təqdimata gəlib çıxdım Musa Həşimova. O Musa Həşimova ki, halallığı və təmənnasızlığı Şəkinin sərhədlərini çoxdan aşıb. Şair-publisist dostum olduqca uğurlu qəhrəmanı kəşf edərək, onu kitablaşdırmağa qərar verdi və düz də elədi.
Qəhrəmanın böyümə xronologiyası, tanınma pillələri, şəxsiyyətin formalaşma məqamları elə dəqiq biçimdə verilmişdir ki, kitabı nəfəsi dərmədən oxuya-oxuya özünçün Dilbər Yaqubovanı yenidən kəşf etmiş olursan. Musa müəllimin bu kitabının uğuru ona görə əvvəlcədən müəyyən edilmişdir ki, Dilbər Yaqubovanın çevrəsində toplanan fərdlər – müəlliməsindən tutmuş aliməcən hamısı halallıq nümunəsidirlər. Bu səbəbdən də onların yazdıqlarında mübaliğəyə və şişirtməyə yer yoxdur. Həyat faktları, münasibət səmimiliyi obrazın inandırıcı görsənməsinə xidmət edir və əvvəldən axıra qədər oxunan hər bir yazıdan kitab fanatı, bənzərsiz qiraətçi, sədaqətli övlad və ailə başçısı, başlıcası isə insan görsənir... Bu insan Dilbər Yaqubovadır. Kitabın uğuruna şübhə etmədən dönə-dönə vurğulamalıyıq ki, Musa Həşimov istəyinə məharətlə çatıb. Bu səbəbdən də ona təşəkkürün ən böyük payı düşür.
Nəslinin adını ucaldan şəxsiyyət
Qarşımızda olan kitabı oxuya-oxuya, qəhrəmanın nəsil şəcərəsini dərindən kəşf edə-edə fərəhlənirsən ki, Şəkidə belə bir nur topası olan nəsil yaşamaqdadır. O nur topası ki, onun işığına məktəblidən tutmuş rayonun bütün ziyalıları toplaşır. Bu işıqdan hər kəsə pay düşür...mənə, sənə - hamıya. Dilbər Yaqubovanın davranışı, oturub-durması, söz söyləməsi, saysız tədbirləri keçirmək məharəti bir daha təsdiqləyir ki, o, az qala bütöv bir mədəniyyət şöbəsinin işini görür. Onun tükənməz enerjisi işıq saçaraq qəlbiqara insanların belə qaranlıq nöqtələrinə işıq saça bilir. Öz payımıza deyə bilərik ki, Tanrı bu xanımı ilk əlinə qələm götürən şəxsdən tutmuş nüfuzlu şairlərə qədər hər birinə “Dayılıq Etmək” bacarığı əta edib və o, Allahın verdiyi xeyirxahlığ qüdrətini yaymaqdan usanmır, yaxşılıq etməkdən zövq alır.
Dönə-dönə o kəslərə təşəkkür edirəm ki, Musa Həşimovun işıqlı məqsədinə hay verərək kitabın yaranmasına vəsilə oldular. Nəticə - göz qabağındadır. Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” tezisi öz ünvanını müəyyən edərək Dilbər Yaqubova “Kitabəsinin” yaranmasına canlı nümunədir. Bunu haqq edən Dilbər xanım daha böyük şövqlə işləyəcək, yaşayacaq, yeni-yeni kitabsevərlər ordusu yaradaraq kitabın ölməzliyini, bununla da öz ölməzliyini – həmişəyaşarlılığını təmin edəcəkdir. Bu da gələcəkdə Dilbər Yaqubova barədə daha sanballı kitabların yazılmasına şərait yaradacaqdır.
Buna şübhə etməyərək şair-publisist Musa Həşimova və onun qəhrmanına uğur bolluğu, könül xoşluğu və tükənməz enerji arzulayırıq. Qoy, Tanrının energetikası onların qəlbindəki ziyanı nur topasına çevirərək hər yanı işığa qərq etsin. Amin!
Böyük sevgi və sayqılarla:
Giya Paçxataşvili,
Rusiya, Azərbaycan, Gürcüstan Yazıçılar Birliyinin üzvü, tərcüməçi-publisist