booked.netbooked.net booked.net  

Bir əsrlik yubileyin mübarək, arzularımızın qəzeti!

Redaksiyada fəaliyyət göstərən “Qönçə” ədəbi birliyinin hər müzakirəsi maraqlı keçirdi

"Zaqatala" qəzetinin nəşrə başlamasının 100 ili tamam oldu. Qəzetin bir əsr yaşı ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir. Bu tədbirlərin təşkilində əməyi olan hər kəsə uğurlar arzulayır və qəzet haqqında fikirlərimi bölüşmək istəyirəm.

"Zaqatala" qəzeti bu illər ərzində müxtəlif adlarla rayonun mətbu, ictimai-siyasi, iqtisadi həyatında  rol oynadığı kimi, ədəbi-bədii mühitin inkişafına da öz töhfələrini verib. Yadımdadır, biz hələ məktəbli olanda "Ukrayna-Azərbaycan ədəbiyyat günləri" keçirilirdi. Qonaqları qarşılamaq üçün bizi əlimizdə bayraqla yolun kənarına düzmüşdülər. Nəhayət, tədbir başlandı və bu böyük izdihamda həm Ukrayna, həm də Azərbaycanın tanınmış şair və yazıçıları öz əsərlərindən nümunələr söylədilər. Maraqlı toplantı xatirəmizdə dərin izlər buraxdı. Bu kimi ədəbiyyat və mədəniyyət mövzuları müntəzəm olaraq qəzetimizdə işıqlandırılır, çoxsaylı oxucuların diqqətini çəkirdi. Ümumiyyətlə, sonradan həyat və fəaliyyətlərini paytaxt Bakıda və yaxud Azərbaycanın böyük şəhərlərində davam etdirən bir çox ziyalılarımız, şair və yazıçılarımızın ilk yaradıcılıq nümunələri "Zaqatala" qəzetində nəşr olunub. Belə debütlər həm onlarda fərəh hissi oyatmış, həm də yeni yaradıcılıq uğurlarına imza atmağa sitimul vermişdir.

396325563_10226073916420689_2536167778260281923_n

İstəyirəm, bir qədər də "Zaqatala" qəzeti nəzdində yaradılmış "Qönçə" ədəbi birliyinin fəaliyyəti haqqında məlumat verim. Ədəbi birlik 1982-ci ilin yazında öz işinə başladı. Ədəbi birliyin rəhbəri qəzetdə həm də maarif-mədəniyyət şöbəsinə başçılıq edən tədqiqatçı-publisist Məhəmməd Şabanoğlu idi. Ədəbi birliyin yığıcaqlarına əvvəl çox adam gəlsə də, sonradan haqlı tənqidə duruş gətirməyənlər tez uzaqlaşdılar. Müzakirələr ayda bir dəfə keçirilərdi. Toplantıların təyin olunduğu gün əvvəldən qəzetdə elan edilər, bəyənilən şeir və hekayələr qəzetin növbəti buraxılışında oxucuların ixtiyarına verilirdi. Yaddaş üçün deyim ki, o vaxt qəzet "Qırmızı bayraq" adı ilə çap olunurdu.

Yaşar Cavadov, Ərşad Hatəmi, Yusif Abbasov, Zümrüd Rəsulova, Gülnigar Məmmədova, Arif Hacıyev, Yasin Kərimov, Oruc Qaraxanov, Adilə Aslanova, Qurban Cəbrayıl, Həvva Vasalova, Mollavəsi Mollayev, bu yazının müəllifi və digər yazarlar  müzakirələrə fəal şəkildə qatılırdılar. Ola bilsin bir çoxunun adını çəkə bilmədim, məndən inciməsinlər. “Qönçə” ədəbi birliyi üzvlərinin bir çoxu artıq dünyasını dəyişib, bir hissəsi başqa sənətlə məşğuldur, bəzilərinin də yaradıcılıqları davamlıdır.

whatsapp-image-2024-03-05-at-23_23_25

Məhəmməd Şabanoğlu bir neçə kitab müəllifidir. Yazıçı-tədqiqatçı kimi fəaliyyətini davam etdirir. Zümrüd Rəsulova əvvəl Zaqatala radio verilişləri redaksiyasında, sonra "Zaqatala" qəzetində çalışıb, hazırda təqaüddədir. Gülnigar Məmmədova uzun illər MKS-in direktoru vəzifəsində çalışıb. Bir neçə kitab müəllifidir. Hələlik sonuncu olan kitabında Zaqatala şəhidləri və qazilərinin həyat və fəaliyyətini tərənnüm etmişdir.

Arif Hacıyev siyasət adamıdır. Sabir Rüstəmxanlının təbincə desək; bəlkə də nə vaxtsa şeir yazdığını, bizim ədəbi birliyin üzvü olduğunu unudub.

Yasin Kərimov kənd təsərrüfatı üzrə təhsil alırdı, ixtisası üzrə böyük nailiyyətlər qazanıb, elmlər doktorudur. Oruc Qaraxanov dövlət qulluğunda çalışır, ədəbi yaradıcılıqla məşğul olub-olmadığını bilmirəm. Adilə Aslanova BDU-nun filologiya fakültəsini bitirmişdir. Uzun müddət idarəetmə orqanlarında rəhbər vəzifələrdə işləyib. Şeirləri dövri mətbuatda müntəzəm dərc olunur. "Azərbaycan", "Ulduz", "Ədəbi ovqat", ”Xəzan", "Azad qələm" və s. jurnallarda çıxış edib. Üç kitab müəllifidir. "Sənsən alınmaz Qalam" adlı şeirlər kitabı Güney Azərbaycanda - Təbrizdə nəşr olunub. Azərbaycan Yazıçılar birliyinin üzvüdür.

Həvva Vasalova BDU-nun jurnalistika fakültəsini bitirib. AJB və AYB-nin üzvüdür. "Dağlardan axan nəğmələr" şeirlər kitabının müəllifidir. Hazırda da ədəbi-bədii yaradıcılıqla məşğuldur. Qurban Məmmədov BDU-nun Jurnalistika fakültəsində təhsil alıb. "Məqam" qəzetində redaktor, "Nəbz" qəzetində baş redaktor işləyib, çoxsaylı ədəbi -bədii məqalələrin müəllifidir. Qurban Cəbrayıl imzası ilə "Azıb gəlmişəm dünyaya" şeirlər kitabı nəşr olunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, Prezident təqaüdçüsüdür. Hazırda "Mədəniyyət" jurnalının redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Mollavəsi Mollayev Paşan kəndində yaşayır, kənd təsərrüfatı işləri ilə məşğuldur. Mənim 1982-ci ildən yerli və respublika mətbuatında  şeirlərim dərc olunur. "Deməsinlər izim yoxdur" (2018) şeirlər kitabının müəllifiyəm. Hazırda da ədəbi fəaliyyətimi davam etdirirəm.

whatsapp-image-2023-10-27-at-17_06_19

Bir neçə kəlmə ilə uzun illər gedib-gəldiyim "Zaqatala" qəzeti redaksiyasından tanıdığım, mənə qayğı və məhəbbətlə yanaşan, köməkliyini əsirgəməyən jurnalistlərin adını çəkmək istərdim - Əli Süleymanov, Sevil Sadıxova, Xalis Xudiyev, Zenfira Nəsibova, Allahyar Atayev, Abdulla Əfəndi, İbrahim Bəxtiyaroğlu, Əli Dibrayev və s. Allah rəhmət eləsin, əksəriyyəti dünyasını dəyişib, amma xatirəmizdə yaxşı əməllər sahibi kimi qalmaqdadırlar.

O günlər ona görə unudulmazdır ki, söz xeyli dəyərliydi, çoxsaylı xiridarları vardı, ədəbi fikirlərin, düşüncələrin çatdırılması üçün qəzet ən yaxşı vasitə idi. Qəzetin hər nömrəsi 15-17 min tirajla çıxar, ev-ev, qapı-qapı paylanardı. "Qönçə" ədəbi birliyi səhifəsinin dərcinin ertəsi günü oxucuların sevgi dolu təşəkkürlərini eşidərdik. "Zaqatala" qəzetinin qapısı bayağı yazılarla şöhrət əldə etmək istəyənlərin üzünə bağlı, sözün dəyərini bilən, oxucu tələbkarlığına cavab verən yazarlar üçün açıq olub .Onu da deməliyəm ki, qəzetin bu gün də qorunub, saxlanılmasında onun baş redaktoru İbrahim İbrahimovun müstəsna xidmətləri var. Sevimli "Zaqatala" qəzetinin əməkdaşlarını bir əsrlik əlamətdar yubiley münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm!

Nüsrət Musa,

şair 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN