booked.net booked.net  

...Təlim prosesi – tədris edənlə (müəllimlə) mənimsəyənin (şagirdin) fəaliyyətini ümumi bir məqsədə – şagirdi bilik, bacarıq və vərdişlərlə silahlandırmaq, inkişaf etdirib tərbiyələndirmək məqsədinə doğru yönəlmiş olan bu fəaliyyətlərin ən mühüm funksiyasıdır.

İspan pedaqoqu Kvintilian belə izah edir ki, hər şeydən əvvəl diqqət edilməlidir ki, uşaq hələ sevə bilmədiyi təlimdən həmişəlik olaraq ikrah olmasın və onun bir dəfə duyduğu ağırlıq sonrakı illərdə onu qorxutmasın. Yan Amos Komenski “Böyük didaktika” adlı əsərində asan və ləzzətli təlim məsələsi üzərində ətraflı danışır. Komenski tələb edir ki, “təlim işi öyrədənləri və öyrənənləri üzməsin, onlar üçün sıxıntılı olmasın” şagirdlər “çətinlik, ikrah, qışqırtı və kötək olmadan, oynaya-oynaya, əylənə-əylənə yüksək bilik sərhəddinə çatdırılsınlar”. Bu asanlıq şagirdlərdə, Komenskinin belə təkidlə tələb etdiyi əyanilik yarada bilər. Komenski deyir ki, “eşitməyi görməklə, sözü əlin fəaliyyəti ilə birləşdirmək lazımdır”. Daha sonra “şagirdə bir şey öyrədərkən, həmin öyrənilən şey gündəlik adi həyatda nə kimi fayda gətirdiyi şagirdə göstərilsə, şagirdin işi asanlaşar”. Komenski uşaqlarla səmimi və gözəl bir halda söhbət aparmağı tövsiyə edərək deyir ki, hər bir müəllim təlimdə tapmacalardan, yanıltmacalardan, ata sözlərindən, zərbi məsəllərdən geniş istifadə etməlidir. Çünki “oyun ciddi nəticələrə gətirib çıxarır. Bu zaman biz doktor Lüterin aşağıda qeyd edilən arzusunu yerinə yetirmiş olarıq; o deyirdi: gəncliyi məktəbdə ciddi məşğələlərlə elə ələ almalı ki, o bu məşğələlərdən bütün günü qoz-qoz oyunundan aldığı zövqdən az zövq almasın. Yalnız bu zaman məktəblər həyatın astanası olacaqdır”. Komenski həmçinin, teatr tamaşaları şəklində keçirilən oyunlar vasitəsilə təlimi tədris etməyin mümkünlüyündən bəhs edir. “Y.A.Komenski təlimin səmərəli təşkili qayğısına qalmağı tələb edirdi”.

Təlim məşğələləri uşaqlar üçün xoş olduğu zaman, uşaqlarda işə qarşı bir maraq oyandığı zaman məktəbdə təlim işi asan gedir, dərs daha artıq səmərəli olur. Ən müvəffəqiyyətli iş – tam diqqətlə görülən işdir. Diqqət də başlıca olaraq maraq üzərinə əsaslanır. “Hər hansı hadisənin qavranılması üçün onun müəyyən qıcıq yaratması və ona müvafiq cavab reaksiyasının verilməsi üçün hiss üzvlərinin ona “istiqamətlənməsi” zəruridir”. Ancaq təlim prosesində əyləncəli şeylə ciddi şey arasında nə kimi bir nisbət olmalıdır? Bu məsələnin həllində biz K.D.Uşinski tərəfindən söylənmiş rəyə tamamilə əsaslana bilərik:

“Əlbəttə siz, öz dərsinizi əyləncəli edərək uşaqları darıxdırmayacağınızdan qorxmaya bilərsiniz, ancaq xatırınızda saxlayın ki, tədrisdə hər şey əyləncəli ola bilməz. Burada mütləq sıxıntılı şey var və olmalıdır da. Uşaqları öyrədin ki, o yalnız onu məşğul edən işi deyil, onu məşğul etməyən işi də görsün – nəşə xatirəsi üçün öz vəzifəsini yerinə yetirsin. Siz uşağı həyata hazırlayırsınız, həyatda isə vəzifələrin hamısı əyləncəli deyil, əgər siz uşağı 10 yaşa qədər oynaya-oynaya öyrədirsinizsə, siz onun üçün dəhşətli əzab hazırlayırsınız, sonralar çox da əyləncəli olmayan ciddi tədris vəzifələrinə rast gəldikdə dəhşətli əzab çəkəcəkdir”. Uşinski zənn edir ki, məşğələni uşaq üçün ciddi bir şey etmək ilk təlim addımlarının vəzifəsidir. “Uşaqları birinci dərslərdən öz vəzifəsini sevməyə və bunların yerinə yetirilməsində nəşə tapmağa alışdırın”.

sagird

Doğurdan da, bəzi vaxt şagirdə həvəsi olmayan bir işlə məşğul olmaq lazım gəlir. Məsələn, işin müəyyən hissəsi onun üçün maraqlı olmur və tapşırığı yerinə yetirmək üçün gərgin qüvvət sərf etmək lazım gəlir və ya dərs məşğələlərinin xatirəsi üçün hər hansı bir asan və əyləncəli məşğələdən əl çəkmək lazım gəlir. Bu hallarda şagirdə imkan vermək olmaz ki, o istədiyi kimi hərəkət etsin. Uşaqlarda özlərinə qarşı, vətəninə qarşı borc, vəzifə düşüncəsi inkişaf etdirmək lazımdır. Onlar özləri zəruri olan işlə lazım gəldiyi kimi işləmək üçün onlarda doğan arzusuzluğun qarşısını almağa alışmalıdır. Özlərində tədris işinə qarşı bilik qazanmağa, elm adlanan qalanı almağa qarşı səbat və inadkarlıq inkişaf etdirməlidirlər. Çünki dövlət bilən və bacaran adamlar tələb edir. Çətinliyi aradan götürməyə, konkret məqsədlərə nail olmağa qarşı uşaqlarda maraq oyadılmalıdır. Şagird gördüyü işlərə yekun vurarkən bütün çətinlikləri, maniələri necə aradan qaldırıb təlimdə müəyyən məqsədlərə necə nail olduğu halda ləzzətli momentlər duyması çox əhəmiyyətli cəhətdir.

Müəllim öz tərəfindən tədris işinin cəlb edici olmasına çalışmalıdır. Ona görə ki, “təhsil ocaqlarında tədrisin və təlimin səmərəsinin artırılması, təlim prosesində yeniliklərin tətbiq edilməsi və müəllim hazırlığı kurikulum prinsiplərinə əsaslanır”.

Uşaqların yaş xüsusiyyətlərinin nəzərə alınması və uşaqlara fərdi yanaşma zərurəti. Təlim işində uşaqların yaş xüsusiyyəti nəzərə alınmazsa tədris müvəffəqiyyətli ola bilməz. “Təlim metodu müəllimin və şagirdin qarşıya qoyulmuş məqsədə çatmağa yönəlmiş nizamlı fəaliyyətidir”. Hər bir sinifdə keçirilən tədris materialının məzmunu uşaqlar üçün əlverişli anlaşılan olmalıdır. Bu materialın həcmi və çətinliyi uşaqların qabaqkı hazırlığına uyğun olmalıdır. Bir çox test toplularında şagirdlərin (7-11 yaşlı şagirdlərin) düşüncəsinə qətiyyən uyğun olmayan olduqca abstrakt suallara cavab verməyə məcbur edirlər ki, bu da onları ictimai həyatın uşaqların düşüncəsinə uyğun hadisələrinə hər cür maraqdan salır. Şagirdlərin arasında sxolastik “sual vərəqələri” yayılır, qeyri uydurulmuş, zərərli üsullar təşkil edilir. İctimai həyatın ən parlaq hadisələri haqqında (İkinci Qarabağ döyüşləri haqqında) canlı, obrazlı və uşaqları maraqlandırıcı hekayətlər şablon və yol verilməz səthi məlumatlarla əvəz olunur. Bütün bunlar mənəvi tərbiyə vəzifələrinin təhrif edilməsidir.

İşin həm məzmunu, həm də metodiki formaları uşaqların gücünə uyğun olduqda, onlar çox maraq və həvəslə işləyirlər. Bu halda onlar öz güclərinə əmin olurlar, bu da daha artıq müvəffəqiyyət əldə etmək üçün onlara enerji və arzu verir.

Ancaq bu o demək deyil ki, işdə uşaqlar üçün heç bir çətinlik qalmır, artıq uşağa heç bir çətinliyi aradan götürmək lazım gəlmir. Yaxşı müəllim şagirdi maniədən maniəyə aparır, lakin o, uşaqların aradan götürə biləcəyi çətinliyi onların qarşısına qoyur, hər dəfə uşaqları onlar üçün mümkün olan yüksəkliyə qaldırır, bu yüksəklikdən uşaqlar artıq aşağı enmirlər, burada artıq bir qorxu içində qalmırlar, bu maniələri aradan götürməklə daha artıq maraqlanır, həvəslənirlər.

Uşaqlara həddindən artıq tanış olan, həmən yaş üçün həddindən artıq sadə olan material verilirsə, belə material onların nə ağlına, nə də hissinə heç bir qida vermir, işə bir yeni­lik, canlılıq daxil etmirlər. Bu da işi uşaqlar üçün sıxıntılı bir hala qoyur. Bu halda uşaqla­rın işə artıq həvəsi olmur. “Təhsilin müvəffəqiyyəti üçün cəlbedici situasiya böyük imkanlar açır”. Müəllim, yalnız müəyyən yaşda olan uşaqların xüsusiyyətlərini bilməklə kifayət­lən­mə­məlidir.

Müəllimin rəhbərliyi bütün sinfin üzərində olmalı, eyni zamanda o, ayrı-ayrı hər şagirdin bilik vəziyyəti, təlimdəki və ya işdəki bacarığı, əxlaqı onun gözünün önündə olmalı­dır. Sinfi şagirdlərin bir növ simasız bir kütləsi kimi hesab etmək olmaz. Müəllim təlim işi prosesində hər şagirdi diqqətlə öyrənməlidir. Elm və Təhsin Nazirliyinin tələbi müəllim tərə­findən olması lazım gələn rəhbərlik üçün verilən tələbdir. Bu kimi rəhbərlikdə ayrı-ayrı şagir­dlərin işindəki hər cür çətinlik, hər cür nöqsan vaxtlı-vaxtında görünür, belə rəhbərlikdə müəl­lim yeni materialın izahında, həm müstəqil iş təşkilində, həm də biliklərin yoxlanılma­sında sinifdə uşaqlara ayrı-ayrı yanaşa bilər.

Şagirdi tanımaq – əlbəttə yalnız işdə onun nöqsanlarını görmək deyildir. Şagirdi tanımaq – onun əxlaqındakı xarakter cəhətlərini anlamaq, müvəffəqiyyətini yaxşılaşdırmağa, aktivliyini yaxşılaşdırmağa, aktivliyini yüksəltməyə şagirdi həvəsləndirmək üçün nədən yapışmaq lazım olduğunu hiss etməkdir. Göründüyü kimi, “müəllim təsəvvür etməlidir ki, o, çox zəhmətli, əzablı işlər üçün yaranmışdır”.

Şagirdin bu kimi xarakter xüsusiyyətini anlamaq bacarığı, uşağa dərin sevgi üzərində əsaslanmış bu dəqiqlik, hər bir həqiqi pedaqoqun, hər bir həqiqi tərbiyəçi-müəllimin çox qüvvətli sandığı cəhətdir.

Sonda belə nəticəyə gəlirik:

  • Müəllim öz tərəfindən tədris işinin cəlb edici olmasına çalışmalıdır;
  • Hər bir müəllim uşağın hələ sevə bilmədiyi təlimi tapmacalarla, yanıltmaclarla, ata sözləri, zərbi məsəllərlə sadələşdirməlidir;
  • Təlim məşğələləri uşaqlarda nə qədər xoş ovqat yaradarsa, o zaman məktəbdə təlim işi də asan gedəcək, dərs daha artıq səmərə vermiş olacaqdır;
  • Müəllim şagirdlər arasında sxolastik “sual vərəqələri” yaymamalıdır;
  • Müəllim uşaqlara həddindən artıq tanış olan, həmən yaş üçün həddindən artıq sadə olan material verməməlidir;
  • Yaxşı müəllim şagirdi maniədən maniəyə ustalıqla aparmağı bacarmalıdır;
  • Şagird gördüyü işlərə yekun vurarkən bütün çətinlikləri, maniələri necə aradan qaldırıb təlimdə məqsədinə necə nail olduğu haldan ləzzətli momentlər duymalıdır;
  • Müəllim təsəvvür etməlidir ki, o, çox zəhmətli, əzablı işlər üçün yaranmışdır.

 KAMAL CAMALOV

Naxçıvan Müəllimlər İnstitutunun professoru,

Pedaqogika elmləri doktoru,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA