booked.netbooked.net booked.net  

Azərbaycanın iqtisad elmində öz yeri və rolu olan, çoxsaylı iqtisadçı alimlərin müəllimi olmuş Əli Həsənov dünyasını dəyişib...

...Əli müəllimi yaxından tanıyan biri kimi deyim ki, onun iqtisadçı alimliyindən öndə böyük İnsanlığı- ağsaqqallığı dayanırdı!
Əli müəllimlə çoxsaylı və çoxşaxəli xatirələrimiz, ünsiyyətimiz olub. Elə bir qəliz, problemli məsələ olmazdı ki, ondan məsləhət almayaq, dəyərli qərarlarını dinləyib riayət etməyək.
 Alim kimi böyük, ağsaqqal kimi uca və təmkinli, uşaq kimi qəlbi kövrək... idi!
Heç vaxt yadımdan çıxmaz, "Təzadlar" qəzetində Təhsil Nazirliyi barədə yazı getmişdi... Zəng edib: "Bajı oğlu, işdəsən?"- deyə soruşdu.
Onda Əmtəəşünaslıq İnstitutunun direktoru idi. Dedim, bəli, Əli müəllim... Qayıtdı ki, orda ol, heç yana getmə, gəlirəm... Dedim, Əli müəllim, sizin adınız andımızdır, narahat olmayın, nə məsələdir bilmirəm, amma özüm gələrəm... Və getdim.

  Kabinetində çoxsaylı professorlar və kafedra müdirləri var idi. Məni təqdim etdi, sonra başladı tərifləməyə... Yumor dilində dedim, Əli müəllim, tərifli bir işimiz yoxdur axı... Amma qulluğunuzda hazıram...

Sonra ustad nəzərləri ilə mənə baxıb: - Bilirsən ki, bu universitetdə hamı səni çox istəyir, amma...

Sonra "amma"nı və bəzi mətləbləri izah etdi... Birdən mənə tərəf: -Hə, indi de görüm, dayın Əli Həsənovun bir sözünü iki eliyə bilərsən? De, qoy hamı eşitsin...

Mən professor və ağsaqqal qarşısında başqa nə deyə bilərdim ki... Dedim, əlbəttə, yox, Əli müəllim, amma bilmirəm axı nə məsələdir... Məni nəyə çağırmısınız? Tərifləməyə, yoxsa...

Mehriban, səmimi və müdrik baxışlarını mənə zillədi:

- Bajı oğlu, indi biləcəksən...

 Şəhər telefonunun dəstəyini götürüb kiməsə zəng etdi və dərhal da zəng etdiyi şəxsə dedi ki, əziz qardaş, bajım oğlu burdadır, özü də eşidir, qəzetdəki  o məsələ bitdi, nöqtələndi...

 Dəstəyi asdı. Dedim, Əli müəllim, icazənizlə, bu yazıq bajınız oğlu bilə bilərmi ki, siz kiminlə danışırdınız?

Olduqca xoş niyyətə meydan olan sifətinə bir daha təbəssüm qondu və dedi ki, Misir müəllimlə danışırdım...

Onda başa düşdüm ki, söhbət Təhsil Nazirliyi ilə bağlı qəzetdə dərc olunmuş araşdırma və tənqid ruhlu yazıdan gedir...

 Susub üzünə baxdım. Bilirdi ki, daha "Yox!" deyə bilmərəm, amma yenə də ehtiyatı əldən vermədən: -Hə, başqa nəsə demək istəyirdin? - deyib üzümə baxdı. Ağzım nə idi Azərbaycan boyda ad- sanı olan bir el ağsaqqalına, professora, ailəmizin belə dərin  hörmət bəslədiyi bir dizibərk KİŞİ- nin bir sözünü iki eliyim... Başımla "Baş üstə!" işarəsi etdim...

 Ayağa durub məni qucaqladı, kövrək səslə: - Elə də bilirdim... Ayna xalan (Həyat yoldaşı.RED.) günortaya qəşəng kotlet, motal pendiri və lavaş... hazırlatdırıb, indi birlikdə nahar edəcəyik,- deyib dekan Nizami müəllimə nəsə göstəriş verdi.

Bu vaxt katibə gəldi ki, Əli müəllim, iki tələbə qəbulunuza gəlib... Üzümə baxdı, dedim, Əli müəllim, qəbul edin...

İki tələbı otağa daxil oldu... Məlum oldu ki, onları imtahana buraxmırlar, kəsirləri olub, hansısa məbləğdə kredit borcları var... Əli müəllim dərhal Nizami müəllimi geri çağırtdırdı, məlum oldu ki, hərəsinin təhsil haqqı borcu qalıb. Cibindən pul çıxardıb dekana verdi, dedi, onların borcunu ödə... Dekan duruxanda: - Bajım oğlu gəlib, onun yanında sözümü iki eləmə! - deyib güldü... Bu vaxt Ayna xanımın əl işi olan yeməklər gəldi masaya... Tələbələr kabinetdən çıxmaq istəyəndə: - Dayanın, gəlib oturun, çörək yeyib gedərsiz!- deyərək onları səslədi. Lakin onlar tərəddüt etdilər. Əli müəllim sərt baxışları ilə: - Yaxşı, gedin, amma imtahana buraxılmırsınız... Rektorun bir sözünü iki edən tələbə burda oxuya bilməz...

...Tələbələr ac idi. Doyunca yedilər. Duranda Əli müəllim soruşdu ki, hansı rayondansınız, dedilər ki, Salyandandırlar... O da məlum  oldu ki, həmin gün dərhal rayona getməlidirlər, amma... Əli müəllim vəziyyəti bildi, soruşdu ki, nə ilə gedirsiniz? Onların bir- birinə baxışlarından da hiss etdi ki, rayona getməyə pulları yoxdur. Dərhal cibindən nə qədərsə pul çıxartdı, xırdası olmadı, dəqiq yadımdadır ki, mən də kiçik bir məbləğlə üstünü düzəltdim, tələbələr sevinc içində kabineti tərk etdilər... Onları xoşbəxt görüb ikimiz də susduq...

78f158ff-60be-4754-beb5-b1200c23d955

Bunları niyə dedim: professor Əli Həsənov təkcə rektor, müəllim, iqtisadçı alim deyildi, həm də sözün böyük mənasında böyük də İNSAN idi!

Bu məna və mahiyyətli çoxsaylı xatirələrimiz var, yeri gəldikcə təqdim edəcəyəm... Təsəllimiz odur ki, bəzən belə müdrik insanları itirəndən sonra bizə- gələcək nəslə ibrətamiz həyat örnəyi, həmişə öyrəniləsi, nümunə götürüləsi xatirələri qalır! Çünki professor Əli Həsənov  əsl həyat məktəbi idi!!!

XXX

Professor Əli Həsənov 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub.

1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962-1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilmişdir.
1962-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) «Sənaye malları əmtəəşünaslığı» kafedrasının assistenti olmuşdur.

1966-1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Sənaye malları əmtəəşünaslığı» kafedrasının dosenti;
1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru;
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru;
2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsinin dekanı vəzifələrində işləyib.

2011-ci ildən “Qeyri-ərzaq malları əmtəəşünaslığı” kafedrasının, 2020-ci ilə kimi UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri olub.

22.10.2020-ci il tarixdən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının məsləhətçi-professorudu olub.

150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə də təltif olunub.Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli sərəncamı ilə  Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Xatirəsinə böyük ehtiramla: Asif MƏRZİLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN