Seyyid Taleh Boradigahi: "Xüsusi təyinatlı şəhidimiz Tural Abdullayevin valideynləri mənə dedi ki, seyid, balamızın acısını ürəyimizdə azaltmaq üçün sizin mərsiyələrinizə qulaq asırıq, imam Hüseyn (ə.s) bizim ən böyük təsəllimizdir"

44 günlük Vətən müharibəsi günlərində yaşından, sosial statusundan, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər bir vətəndaşın işinə xüsusi həssaslıqla yanaşmasının şahidi olduq. O dövrdə hər bir fərdin öz məsuliyyətini dərk etməsinə, necə deyərlər, əlini daşın altına qoymasına əlahiddə ehtiyac var idi.

Xalqımız əlindən gələni edirdi ki, zəfər bizim olsun. Ali Baş Komandan İlham Əliyevin bacarıqlı sərkərdəliyi, qətiyyəti sayəsində polad biləkli igid oğullarımız döyüşlərdə böyük şücaət göstərirdilər. Ön cəbhə ilə yanaşı, arxa cəbhədə də eyni ab-hava mövcud idi. Döyüş meydanındakı məğlubiyyətlə barışmaq istəməyən xain düşmən vətəndaşlarımızın mülki evlərini, cəbhə zonasına aid olmayan əraziləri atəşə tutanda dinc sakinlə qorxmadan hərbçilərimizə hər cürə yardım göstərirdilər.

44 günlük ikinci Vətən savaşı, nəhayət, 30 ilə yaxın davam edən işğala, Qarabağ həsrətinə son qoydu. Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Qeyd etdiyimiz kimi, 44 günlük müharibədə Ali Baş Komandan-xalq-ordu birliyi dəmir yumruğa çevrilərək düşmənin məhv edilməsində başlıca rol oynadı. Dilindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan  bütün xalqlar yağı düşmənə qarşı bir yumruq kimi birləşdilər.

Bu həmrəyliyə önəm verənlərdən biri də ilahiyyatçı, mərsiyəxan, "İlahi Nəğmələr Qrupu"nun rəhbəri, Əhli-beyt (ə) məddahı Seyyid Taleh Boradigahi idi. O da müharibə başlayan ilk gündən xalqımızın yanında olub, əlindən gələn dəstəyi onlara göstərməyə çalışıb, şəhid əsgərlərimizin dəfnində təmənnasız xidmət göstərib.

Vətən müharibəsində qələbəmizin 10 ayının tamamında, hal-hazırda Məhərrəm ayı ilə əlaqədar Türkiyədə keçirilən əzadarlıq mərasimlərində iştirak edən Seyyid Taleh Boradigahi ilə əlaqə saxlayaraq bu mövzuda danışdıq.

- Seyid, 2020-ci ilin 27 sentyabrından başlanan Vətən müharibəsindəki şanlı qələbəmizdən 10 aydan artıq vaxt keçir. Müharibə dövründə və müharibədən sonra yaşananlara baxışınız necədir?

- Əvvəla, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Təbii ki, hər bir şəhid bizim qardaşımızdırr. Sizin vasitənizlə şəhidlərimizin ailələrinə Allahdan iradə və səbr diləyirəm. Azərbaycan xalqı onları heç zaman unutmayacaq. 44 günlük müharibədə yaşananlar, deyərdim ki, uzun illər çəkilən zəhmətin, aparılan məqsədyönlü siyasətin nəticəsi idi. Həmin ərəfədə Azərbaycan xalqının tarixdə bu günədək görmədiyimiz milli birliyi yarandı. Ölkənin hər yerində hamı bir nəfər kimi "Qarabağ Azərbaycandır!" - deyə hayqırır, dua edir, hər kəs torpaqlarımızın azadlığı üçün əlindən gələni etməyə çalışırdı. Azərbaycan Prezidentinin iradəsi, rəşadətli ordumuzun günbəgün qazandığı qələbələr milləti bütövləşdirdi.

İlahiyə şükürlər olsun ki, müharibə günlərində belə birlik, bərabərlik yaşadıq. Bütün xalqımız Ali Baş Komandanın ətrafında cəm oldu. Hamı biri-birinə can deyib, can eşidir, Ali Baş Komandana və əsgərlərimizə dua edir, bir-birinin duasına AMİN deyirdi. Nə olar, ilahi, kaş, həmişə belə olaq. Hər kəs bir-birinin fikrinə hörmətlə yanaşsın, təhqir edib alçaltmasın! Hətta bir gün dostlardan biri mənə dedi ki, filankəsdən heç xoşum gəlmirdi, amma indi o şəhiddir, qaçaraq gəlmişəm onun yas məclisinə ki, ruhundan üzr istəyəm. Mən də buradan xalqıma səslənirəm, sizə fəda olum, əziz bacı-qardaşlarım. Gəlin, həmişə belə yaşayaq. Birliyimizi, mehribanlığımızı əlimizdən verməyək. Xatırlayırsınızsa, cənab Prezident daim xalqa bəyan edirdi ki, torpaqlarımız azad olunacaq və orada Azərbaycan bayrağı ucalacaq. Çox şükür ki, Prezident İlham Əliyev verdiyi o vədləri həyata keçirdi…

- İkinci Qarabağ müharibəsində vətən uğrunda canlarından keçən şəhidərimiz böyük izdihamla son mənzilə yola salınırdı. Bildiyimiz qədər, siz də şəhid dəfnlərində iştirak edib, şəhid ailələrini diqqətdə saxlamısınız.

- Hesab edirəm ki, ölkəmizdə heç bir şəhid ailəsi diqqətdən kənarda qalmayıb və qalmamalıdır. Bu istiqamətdə hər birimizin üzərinə böyük iş düşür. Mən də bir vətəndaş və mərsiyəxan olaraq pandemiya dövrünün tələblərinə riayət etməklə icazə verilən səviyyədə şəhidlərimizin dəfnində iştirak etmişəm, ailələrinə baş çəkmişəm. Bu, bizim mənəvi borcumuzdur. Elə bu yaxınlarda Gəncədə şəhidlərimiz Hacı Raufun və Məşədi Oqtayın ailələri ilə görüşdük və məzarlarını ziyarət etdik. Ruhları xalqımıza duaçı olsun!

Eləcə də iyulun 27-də YAP-ın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və digər rəsmi şəxslərin iştirakı ilə Mərdəkan qəsəbə sakini, Vətən müharibəsi şəhidi Abdullazadə Qasım Əli oğlunun doğum günündə məzarını ziyarət etdik. Şəhidin ruhuna dualar oxuyub, onun əziz xatirəsini ehtiramla yad etdik. Əlbəttə, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. Anım mərasimində iştirak edən şəhid Qasım Abdullazadənin atası çıxış etdi, əsgər və zabitlərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri igidlik və şücaətdən danışdı. Müharibədən sonra dövlətimizin və xalqımızın şəhid ailələrinə, qazilərə göstərilən diqqətdən razılığını bildirdi.

Bir məqamı da qeyd edim ki, 44 günlük Vətən müharibəsi və sonrakı dövrlərdə "Youtube" kanalımızda sevinc videoları paylasmırdım. Çünki demək olar ki, hər gün 3, bəzən 4 şəhidimizin dəfnində iştirak edirdim. Həmin dəfn mərasimlərində nələr görür, nələr çəkirdim, onu bir Allah bilirdi. Anaların fəryadı, ataların bükülən beli məni sanki o dünyaya aparırdı. Xırda daxmalardan çıxan böyük nalələr ərşə ucalırdı. Elə ki, imam Hüseyndən (a.s) oxumağa başlayırdım, görürdüm ki, az da olsa, təsəlli tapırdılar. Xüsusi təyinatlı şəhidimiz Tural Abdullayevin valideynləri mənə dedi ki, seyid, tək balamızın acısını ürəyimizdə azaltmaq üçün sizin mərsiyələrinizə qulaq asırıq, imam Hüseyn (ə.s) bizim ən böyük təsəllimizdir. Mənim də əlimdən yalnız bu gəlirdi, bu da ki, az idi, çox az...

Hər gün topaqlarmızın işğaldan azad olunması barədə gələn sevinc xəbərləri ilə yanaşı, ata-analarımızın qapılarını şəhid xəbərləri də döyürdü. Bir günümüzü Bakıda bir seyid şəhidimizin vida mərasimi ilə başlayıb, sonra isə Göyçaya səfər edərək şəhid ailələrinin kədərinə, qəminə şərik olurduq. Allahdan diləyirdik ki, onların kədərli ürəyini bütün torpaqlarımızın işğaldan azad olunması ilə şad eləsin. Elə də oldu.

- Seyid, hazırda Məhərrəm ayı ilə əlaqədar Türkiyədə keçirilən əzadarlıq mərasimlərində iştirak etmək üçün qardaş ölkədəsiniz. Sirr deyilsə, Türkiyənin hansı bölgəsindəsiniz?

- Burada heç bir sirr yoxdur. Mən hazırda Türkiyənin İstanbul şəhərindəyəm. Mərasimlər burada çoxlu sayda Əhli-beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilir. Hər axşam məscidlərdə şam namazının qılınmasından sonra əzadarlıq mərasimləri başlayır. Mərasimlərdə mərsiyələr, nohələr deyilir, Kərbəla hadisələri, imam Hüseynin (ə) şəxsiyyəti və həyatı barədə danışılır, dualar oxunur.

Onu da deyim ki, İstanbulda Məhərrəm ayının ilk əza məclisi quruldu. Minlərlə insanın iştirakı ilə imam Hüseynə əzadar olduq. Allah-təala əzamızı qəbul eləsin!

Eyni zamanda, qardaşım Seyid Fariqlə İstanbulda İMAM ALİ CAMİİ açılışında iştirak etdik. Allaha şükür edirəm ki, qardaş Türkiyəmizdə, minarəsindən "Əliyyən vəliyyullah" Azanı eşidiləcək bir böyük və əzəmətli məscid daha tikildi.

- Yeri gəlmişkən, Türkiyədə olduğunuz üçün hamımızın canını yaxıb yandıran meşə yanğınları ilə bağlı sizin də təəssüratlarınızı bilmək istərdik.

- Bəli, doğrudan da türk qardaşlarımızın başına gələn bu müsibət hamımızı kədərə boğdu. Yanğınlar bildiyiniz kimi, hələ davam edir. İnsanlar acılar çəkir, meşələr, evlər yanıb kül olur. Dua edirik ki, İlahi, yardım et müsəlman bəndələrinə, ey odu həzrət İbrahim üçün gülüstan edən ALLAH! Dua edirik, sizlərə ey bizi haqq savaşımızda yalnız qoymayan Türkiyə! Allah sizi bu müsibətdən tezliklə xilas etsin! İnanıram ki, bu dualarımızı Allah eşidəcək və tezliklə türklər azərbaycanlı yanğınsöndürən qardaşları ilə birlikdə bu yanğınları ram edəcək, tezliklə Türkiyədə həyat öz axarına düşəcək.

- 44 günlük Vətən müharibəsi və sonrakı dövrlərdə "Youtube" kanalınızda sevinc videoları paylaşmadığınızı qeyd etdiniz. Bəs hansı videolara və mahnılara daha çox üstünlük verirdiniz?

- Vətən müharibəsi və sonrakı ərəfədə ilahi nəğmələrlə yanaşı, "Azad olsun Qarabağ!", "Şəhidlərə salam olsun!", "Qarabağım mənim", "Can Alemdar!", "Azad oldu Qarabağ!" adlı mahnılarımı "Youtube" kanalımız vasitəsilə izləyicilərimizə təqdim etdik. Onu da deyim ki, «Youtube» kanalımız ölkə üzrə 10-cu yerdədir. B+ kateqoriyası ilə bütün musiqi kanallarından öndədir. Allaha sonsuz şükür edirəm! Çox şükür ki, əməyimiz hədər olmur, insanlar ilahi musiqiyə, imam Hüseyn (ə.s) mərsiyəsinə dəyər verib dinləyirlər. Bir də ki, fikir verin, bizim kanaldan öncəki 9 kanal ancaq xəbər xarakterlidir. Allah haqq səsimizi dünyaya çatdırmaqda bizə yar olsun!

- Seyid, sonda nə demək istərdiniz oxucularımıza?

-  Məhərrəm ayında öz şəhadətilə İslamı dirçəldən həzrət Hüseynin (ə.s) misilsiz fədakarlığını kiçildənlər, məsumluğuna kölgə salmağa çalışanlar, onu sıradan olan insanlar cərgəsinə salmaq istəyənlər barəsində başqa fikir bildirməyəcəm, onları öz vicdanları ilə baş-başa buraxıram.

Elbar ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dərc edilib: İstiqamət: 6.3.15.)


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA