booked.netbooked.net booked.net  

Simax Şeyda erməni separatçılarına olan nifrətini odlu misralara çevirib Almaniyada bu mənfurlarla mübarizə aparır...

Simax Şeyda! Bu ad Azərbaycan oxucularına çox yaxşı tanışdır. Sabah- iyunun 20-də bu gözəl insanın 87 yaşı tamam olur. S.Şeyda 70 ildən də çoxdur ki, Azərbaycan ədəbiyyatında öz sözünü demiş şairlərdəndir. İndiyə qədər uşaqlar və böyüklər üçün 30-dan çox kitab yazıb. Çox təəssüf ki, dağ yəhudisi olan Simax Şeydaya hələ indiyə qədər lazım olan qiymət verilməyib. Halbuki şair harada olmasından asılı olmayaraq, Vətəni Azərbaycanın haqq səsini dünyaya yayır. Özü də Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvüdür.

S.Şeyda torpaqlarımızın 30 illik işğalı dövründə böyüklər və uşaqlar üçün yazdığı şeirlərinin hər birində torpaqlarımızın işğaldan azad olunacağına inam yaradır. Balaca uşaqlarda Vətənə, torpağa, xüsusi olaraq Qarabağa və Şuşaya məhəbbət hissi aşılayır. O da maraqlıdır ki, S.Şeyda dağ yəhudisi olsa da bütün şeirləri, nağılları yalnız Azərbaycan dilində yazır.

***

simaxx-sey

87 yaşının tamam olması münasibətilə istəyirik ki, “Təzadlar”ın ən yaxın dostu olan Simax Şeydanın tərcümeyi-halına qısa səyahət edək:

Simax Barux oğlu Yuşvayev (Simax Şeyda) 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. Balaca Simaxın 4 yaşı olarkən ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüblər. Burada Sabir adına 5 saylı ortə məktəbin 8-ci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. S.Şeyda o vaxtkı Sergey Mironoviç Kirov adına (indiki Bakı Dövlət Universiteti) Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsi üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə isə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılıq Evində Teatr və Təsviri İncəsənət üzrə metodist kimi başlayıb. Sonralar isə orada baş metodist və direktor olub. S.Şeydanın sonrakı fəaliyyəti Bakı şəhəri ilə bağlı olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin 1965-ci ildən 1990-cı ilə qədər müdiri olub. Paralel olaraq “Azərteatr” Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. Eyni zamanda “Ədəbiyyat və incəsənət”, “Azərbaycan pioneri”, “Azərbaycan” qəzetlərində və “Göyərçin” jurnalında uşaq şeirləri, mənzum nağılları dərc olunub. Uşaqlar üçün 5 mənzum pyesinin müəllifidir. “Təyyarə” adlı uşaqlar üçün ilk şeir kitabı 1964-cü ildə nəşr olunub. Sonralar “Mən balaca kosmonavtam” (1967), “Yaxşı qız” (1979), “Kimin belə qızı var” (1983), “Tülkü, tülkü, tümbəki” və s. şeir kitabları işıq üzü görüb.

Gəncədə ilk dəfə ədəbi dərnəyə gedəndə Simax Şeydanın 13 yaşı var idi. Elə orada da özündən 4 yaş böyük Azərbaycanın hamı tərəfindən sevilən şairi Nəriman Həsənzadə ilə tanış olub. Bu tanışlıq yaxın dostluğa çevrilərək, bu günə qədər davam edir.

***

si-sey

Çox təəssüf ki, Simax Şeyda səhəti ilə əlaqədar 1990-cı ildən sonra Almaniyanın Münhen şəhərində yaşamalı olur. Amma buna baxmayaraq hər il Azərbaycana gəlməsə, şair və jurnalist dostları ilə görüşməsə, bəlkə də ürəyi dayanardı.

 Artıq getdikcə gözləri tutulmağa başlayırdı. Müalicələr heç bir effekt vermirdi. Bir gözü tamam, o biri gözü isə 80 faiz öz funksiyasını itirmişdi. Həmin o 20 faiz görmə qabiliyyəti ilə son illərə qədər Vətəni Azərbaycana gəlib-gedirdi. Hər gələndə də Münhendə yazdığı şeirləri toplayıb gətirərdi və Bakıda onun nəşrinə nail olardı.

 Nə idi Simax Şeyda şeirlərinin mövzusu? Bu şeirlərdə doğulduğu Oğuz rayonunun, Azərbaycanın füsunkar təbiəti, dağları, dərələri, meşələri, bulaqları Simax Şeydanın ilham aldığı yerlərdir. Onun uşaq şeirləri isə ayrıca bir tədqiqat mövzusudur. Bakıda redaksiyamızdakı söhbətlərimiz zamanı həmişə deyərdi ki, uşaq şeirlərinə məndə bu həvəs Abdulla Şaiq yaradıcılığına vurğunluğumdan yaranıb. Mikayıl Müşfiq isə şairin Vətən haqqında şeirlərinin yaranmasına ilham verib. Mikayıl Müşfiq şeirlərinə o qədər vurğun olub ki, oğlunun birinin adını Müşfiq adlandırıb.

Simax Şeyda nəinki müasir, hətta Azərbaycanın klassik  şairlərinə o qədər vurğun olub ki, onların şeirlərini dağ yəhudisi dilinə çevirərək 3 cildli antologiya yaradıb. Bu kitablarda Nizami Gəncəvi, Füzuli, Nəsimi, Xəqani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Molla Pənah Vaqif, müasirlərimizdən Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Söhrab Tahir, Musa Yaqub, Nəriman Həsənzadə, Nəbi Xəzri, Hüseyn Arif, Məmməd İsmayıl, Cabir Novruz və digər şairlərimizin şeirləri Simax Şeyda tərəfindən tərcümə edilərək, dünyada yaşayan yəhudi xalqına təqdim edilib.

Bir maraqlı məqam da ondan ibarətdir ki, 30 ildən çox Almaniyada yaşamasına baxmayaraq, Simax Şeyda Azərbaycan vətəndaşlığından çıxmayıb. Özünü həmişə bu xalqın, bu torpağın oğlu sanıb. Amma çox təəssüf ki, bu qədər kitabların çapına şair öz təqaüdü hesabına nail olub. Azərbaycanda nəinki ona Prezident təqaüdü, hətta yaşa görə verilən pensiyanı belə ala bilmir. 2015-ci ildə bir qrup tanınmış ziyalı, “Təzadlar” qəzetinin rəhbərliyi də daxil olmaqla, Prezident İlham Əliyevə müraciət olundu ki, qarşıdan gələn 80 illiyi münasibətilə şairə fəxri ad və Prezident təqaüdü verilsin. O vaxt Mədəniyyət naziri olan Əbülfəz Qarayev nə oyun oynadısa, şairə yalnız Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı verildi.

simax-1

Bu gün səsi oldu-olmadı, əlinə mikrafon alıb toylarda toy sahibindən 15-20 min manat pul alan şou əhlinə mənzillər və fəxri adlar verilir. Halbuki bu evlərə onların heç bir ehtiyacı yoxdur. Ona görə də Prezident İlham Əliyevin ona bağışladığı ev haqqında Aygün Kazımova belə demişdi: “Həmin evi qarderob edəcəyəm”. Bu isə açıq-aşkar Prezidentə hörmətsizlik idi. Amma Simax Şeydanın Bakıda evi yoxdur. 2015-ci ildə Bakıda olarkən “Report” İnformasiya Agentliyinə müsahibə verərkən jurnalistin “Vətənə qayıtmaq planınız varmı” - sualına S.Şeyda belə cavab vermişdi: “Çox istəyirəm, amma Bakıda yaşamağa evim yoxdu. O zaman xəstəliyimlə əlaqədar buradan köçəndə evimi satdım. Çünki müalicəm üçün pul lazım idi. Akademik Milli Dram Teatrının yanında evim var idi. İndi Bakıda bir otaqlı evim olsa qayıdıb gələrəm”.

Baxın, bütün gözünün nurunu Azərbaycanın təbliği yolunda əridən,  Azərbaycan həqiqəti uğrunda harada rast gəlsə ermənilərlə kəskin mübarizə aparan  şairə Vətəndə bir otaqlı ev tapılmır ki, bu ahıl çağında ömrünün qalan hissəsini orada  yaşaya bilsin. Bu, çox acınacaqlı bir dərddir. S.Şeyda bir yəhudi olaraq hara getsə və harada olsa mütləq “Azərbaycan” deyib haray çəkir, yazdığı uşaqlar və böyüklər üçün şeirlərində hər kəsə vətənpərvərlik hissi aşılayır, Vətəni, torpağı sevməyi öyrədir.

***

Biz mütəmadi olaraq Simax Şeydanın özü ilə əlaqə saxlayırdıq. Amma son bir ildir ki, şairin gözləri və ayaqları tamam tutulub. Ona görə də əlil arabasında hərəkət edir. Oğlu Müşfiq, qızı Füruzə yanında olsa da, Almaniya hökuməti şairə qulluq etmək üçün tibb bacısı ayırıb və onun maaşını da elə alman hökuməti verir. Keçirdiyi xəstəliklərə görə son vaxtlar nitqində də problem yaranıb. Ötən həftə şairin Gəncədə yaşayan bacısı Zibeydə Yuşvayeva ilə əlaqə saxlayıb Simax müəllimin vəziyyətini soruşduq. Məlum oldu ki, şairin vəziyyəti getdikcə pisləşir. Zibeydə xanımın dedikləri: “Sağ olun ki, “Təzadlar” qəzeti və sizlər heç vaxt Simax Şeydanı unutmursunuz. Simax müəllimin vəziyyəti getdikcə pisləşir. Hətta danışığında, yaddaşında arada problemlər yaranır. Bununla belə özünü öldürür ki, məni Vətənimə - Azərbaycana aparın. Oranın havası məni sağaldacaq. Amma belə vəziyyətdə həkimlər ona təyyarəyə minməyi və uzaq yol getməyi qadağan ediblər. Ona görə də psixoloji gərginlik keçirir və halı daha da pisləşir. Bizim də əlimizdən heç nə gəlmir. Risk edib onu Azərbaycana gətirə bilmirik. Amma onun uzaqdan kimsə halını soruşanda çox sevinir”.

simax-seyda

Zibeydə xanıma onun iyunun 20-də olan ad gününə bir yazı hazırlayacağamızı deyəndə sevinərək belə dedi: “Mən Simaxın da adından sizə və qəzetin rəhbərliyinə, kollektivinə öz təşəkkürümü bildirirəm. Mən həmin qəzeti mütləq Simaxın özünə də çatdıracağam. Biləndə ki, Azərbaycanda dostları onu xatırlayır, haqqında yazılar verirlər, inanın ki, uçmağa qanadı olmayacaq. Sizin bu yazınız ona diqqətlə oxunacaq və bilirəm ki, sevincinin həddi hüdudu olmayacaq. Bir daha qəzetinizin hər bir üzvünə təşəkkürümü bildirirəm”.

Sonda bir məsələni yenidən dilə gətirmək istəyirəm. Bəlkə ömrünün bu ahıl çağında, bu xəstə vaxtında ona hədiyyə olaraq Bakıda birotaqlı ev ayralar... İnanın ki, bu xəbər illərlə bunun həsrətində olan şairin gözlərini açardı, dizlərinə təpər verib ayağa qaldırardı. Axı bütün ömrü boyu bir dağ yəhudisi olaraq canıyla, qanıyla Azərbaycan adlı Vətəninə xidmət edən bir insanın borcundan niyə çıxa bilmirik? Məgər bir fəxri ad, fəxri təqaüd vermək o qədərmi çətin məsələdir? Və yaxud abrını-həyasını itirmiş, səsi-sənəti olmayan şou-əhlinə, ayrı-ayrı iş adamlaırı tərəfindən verilən evdən birini də Simax Şeydaya ayırmaq mümkün deyilmi? Bəlkə ömrünün bu ahıl çağında şairə olan borcumuzu qaytaraq, günahımızı yuyaq?

İndi isə Simax Şeydanın bir neçə şeirini oxucuların diqqətinə təqdim edirik:

 Oğuzda izim var mənim

 Bir zaman beşiyim olmuş,

Oğuzda izim var mənim!

Dağlar ev-eşiyim olmuş,

Gülündə nazım var mənim!

 

Göyündə mələklər uçar;

Göy qurşağı dağı qucar...

Yazda daş da çiçək açar;

Nə gözəl yazım var mənim!

 

Simax, bəxtəvər halına!

Yaşılın uyğun alına.

Oğuzun gül-camalına,

Hələ çox sözüm var mənim!

***

İynə

Nə axtarırsan,

Nənə, ay nənə?

Bu saat tapıb

Qaytarım sənə.

 

  • İynəm düşübdür

Əlimdən, qızım.

Onu gəzirəm

İndi mən, qızım.

 

  • Eh, bir iynəni

Tapmağa nə var!

Mənim gözümdən

Şeymi yayınar?..

 

Axtardı xeyli

İynəni Ceyran,

Tapa bilməyib,

Utandı yaman.

***

Fəxr edir Vətən

(Azərbaycanın Milli Qəhrəmanı Albert Aqaronova ithaf edirəm)

Qarabağ göylərini,

Tüstü, duman alanda.

Ağır toplar, mərmilər,

Hər yana səs salanda.

 

İgid Albert könüllü,

Cəbhəyə getdi bir gün.

Vətənini, xalqını,

Xilas eyləmək üçün.

 

Vuruşurdu düşmənlə,

Əsil qəhrəman kimi.

Qorxutmurdu əsgəri,

Nə top-tüfəng, nə mərmi.

 

Düşmən onun əlindən

Hər gün cana gəlirdi.

Böyük itki verirdi,

Həyəcana gəlirdi.

 

  • Azərbaycan mənim də,

Vətənimdir deyirdi.

Baş qaldıran yağıya,

O, nifrət bəsləyirdi.

 

Canı kimi sevirdi,

Bu torpağı, bu yurdu.

Vətəni qorumaqdan,

Sevinc, qürur duyurdu.

 

Minib dəmir atını,

Şir tək hücuma keçdi.

Atdığı mərmilərlə,

Düşməni qırıb, biçdi.

 

Qəflətən bir gülləyə,

O, tuş gəldi bir səhər.

Keçdi Şuşa yolunda,

Canından igid əsgər.

 

Şəhidlər Xiyabanı,

Albertə oldu məkan.

Öz qəhrəman oğluyla,

Fəxr edir Azərbaycan.

***

simax-seyda-kit

Xocalıdan sür atını

 

Sürücüdür atam mənim,

Gedir uzaq şəhərlərə.

Bilməm hansı el-obaya,

Bilməm hansı uzaq yerə.

 

Qucaqlayıb atamı mən,

Öpüb dedim: - Dinlə bir an.

Sür maşını bir zamanlar,

Doğulduğum Xocalıdan.

 

Atam fikrə gedib bir az,

Sonra dedi: - Oğlum, Fuad,

Apararam bir gün səni,

Bir qədər də böyü, boy at.

 

O vaxtadək düşmənlərdən,

Azad olar yurdum-yuvam.

O torpaqda uyuyurlar,

İndi mənim atam, anam.

 

Bu gün, sabah Qarabağda,

Ucalacaq bayrağımız.

Şuşada da, Laçında da,

Yanar onda çırağımız.

 

Onda köçüb gedəcəyik,

Ata-baba torpağına.

Düşmənimiz qalacaqdır,

Öz içindən yana-yana.

(18 sentyabr 2014-cü il)

***

Ay məni qınayan gözün kor olsun,

Gör hansı zamanda yaşayıram mən.

Dünyanın qəmini, dərdi-sərini,

Bu zərif çiynimdə daşıyıram mən.

 

Pisə pis söyləsəm, yaxşıya yaxşı,

Kəsərlər dilimi bir an içində.

Əgər tənqid etsəm bir yekəbaşı,

Baxarlar üzümə həyəcan içində.

 

Qanun-qanun demə, hardadır qanun,

Qanun cibindəki pulundur sənin.

Cəhd et varın olsun, dövlətin olsun,

O zaman çoxları qulundur sənin.

 

Bu dayı, bu əmi zamanəsindən,

Düzü baş çıxartmaq çox çətin işdir.

Əmi zəng eyləsə namizədsən sən,

Dayı zəng eyləsə bir yerdə bitir.

 

Toplayın bir yerə, yığın bir yerə,

Belə əmiləri, dayıları siz.

Od vurun tüstüsü qalxsın göylərə,

Bəlkə yola düşər orda işimiz.

 

İliyə işləmiş, qana işləmiş,

Rüşvətlə oturmaq, rüşvətlə durmaq.

Rüşvət alanlardan biri söyləmiş,

Almaq yaxşı şeydir, yaşasın almaq.

***

Bir dilbərin işvəsi, nazı öldürür məni,

Çoxu zülm eyləyir, azı öldürür məni.

 

Onun qarlı, yağışlı günlərinə dözürəm,

Ancaq güllü-çiçəkli yazı öldürür məni.

 

Bilirəm ki, sevməkdən başqa yoxdur günahım,

Onda neyçün zalımın qızı öldürür məni?

 

Bəzən olur çıxıram onun ilə gəzməyə,

Qalmır bir yol sözümdən razı, öldürür məni.

 

Eşq məhəbbət olmasa insan yaşaya bilməz,

Simax Şeyda, gözəllər xası öldürür məni.

***

Heç kim tutub bu dünyanı zaman-zaman qalmayacaq,

Gələn insan gedəcəkdir, tozda tufan qalmayacaq.

 

Hanı Adəm,  hanı Həvva, bəs nə oldu Yaqub, Yusif?

Dünya dolub boşalacaq aqil, nadan qalmayacaq.

 

Fəxr eyləmə, ey nazənin, gözəlliyinlə sən də,

Gələr bir gün qocalarsan, cismin cavan qalmayacaq.

 

Vaxt gələcək yer üzündən yox olacaq fitnə-fəsad,

Ürəklərdə qəm-qüssədən əsər-nişan qalmayacaq.

 

Şeyda, elə qəzəllər yaz, qoyma yansın ellər səni,

Nizamilər yaşayacaq, xaqan, sultan qalmayacaq.

***

Saatsaz saatı sazladı,

Saatı əlimiz üstə saxladı.

Saatdan saata saatı,

Saatla yoxladı...

 Elçin Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN