Biləsuvarda fermer təsərrüfatı ilə məşğul olan Yaşar Əliyev rayonun Ağalıkənd kəndinin bələdiyyə sədri Ülfət Bağırovun onun icarəyə götürdüyü torpaq sahəsini qanunsuz yolla əlindən almağa çalışdığını bildirir.

Y.Əliyevin sözlərinə görə, o, bələdiyyədən 99 illiyə 9 hektar torpaq sahəsi icarəyə götürüb: “2018-ci ildə dedilər ki, torpaq sahəsi sənəddə göstərildiyindən artıqdır. Ona görə də həmin hissə geri verilməlidir. Lakin ölçüləndən sonra məlum oldu ki, artıq torpaq sahəsi yoxdur”.

Y.Əliyev bildirir ki, buna baxmayaraq, bələdiyyə sədri ondan xəbərsiz torpağın bir hissəsini Yusifəli adlı şəxsə satıb: “Mən bundan 2019-cu ildə xəbər tutdum. Yeri gəlmişkən, Yusifəli adlı həmin şəxs Ağalıkənd kəndinin sakini deyil. Bir də ki, bələdiyyənin balansında olan torpaq hərrac vasitəsilə satıla bilər. Amma bunlar hərrac keçirməyiblər. Köhnə tarixlə alqı-satqı müqaviləsi imzalayıblar. Mən bundan reyestr xidmətindən qeydiyyatdan keçərkən xəbər tutdum”.

Fermer deyir ki, satılan ərazi 2 hektar 80 sot olub. Y.Əliyev bununla bağlı bələdiyyə sədrinə iradını bildirdikdən sonra alqı-satqı müqaviləsi ləğv edilib: “Elə özləri iclas keçirib, o adamın da yerinə imza atıb, alqı-satqını ləğv etdilər”.

Lakin bununla problem bitməyib. Bələdiyyə sədri Yaşar Əliyevə deyib ki, həmin torpaq sahəsinə görə Yusifəli adlı şəxsdən 3300 manat pul alıb və həmin məbləğ geri qaytarılmalıdır: “Mənə dedilər ki, bu məbləği versən, torpaq sənin olacaq. Onsuz da həmin ərazini icarəyə götürdüyüm və icarə haqqını vaxtında ödədiyim üçün bu pulu verməyə razı olmadım. Bundan sonra torpağı Rəhman Əliyev adlı şəxsə satıblar”.

Y.Əliyev növbəti dəfə Ülfət Bağırovla bu barədə danışdıqda bələdiyyə sədri onu hədələyib: “Mənə dedi ki, ümumiyyətlə, icarəndə olan bütün torpaq sahəsini əlindən alarıq. Bələdiyyə sədrinin qanunsuzluğu ilə bağlı müvafiq qurumlara şikayət etməyə başlayanda məni məhkəməyə verdilər. İddia qaldırdılar ki, guya torpağın icarə haqqını ödəmirəm. Halbuki Əmlak Komitəsinə gedəndə icarə haqqını ödəməyim barədə arayış veriblər. Məhkəmədə iddia etdilər ki, guya arayış saxtadır. Hakim bildirdi ki, ekspertiza keçirilsin. Onların nəzərinə çatdırdı ki, sənəd saxta olacağı təqdirdə, prokuroluğa müraciət etməli olacaq. Bundan sonra dedilər ki, arayş saxta deyil. Bütün faktların xeyrimə olmasına baxmayaraq, məhkəmə onların xeyrinə qərar çıxardı”.

Y.Əliyev məhkəmənin qərarından apellyasiya şikayəti verib. Proses hələ baş tutmayıb: “Apellyasiya şikayəti verməklə kifayətlənməyəcəyəm. Bələdiyyə sədrinin qanunsuzğulu ilə bağlı müvafiq qurumlara şikayətlərimi davam etdirəcəyəm. Eyni zamanda, onun korrupsiya əməlləri barədə faktları da müvafiq qurumlara təqdim edəcəyəm. Onu da qeyd edim ki, bələdiyyə sədri və onun yaxın ətrafı geri çəkilmədiyimi görüb mənə müxtəlif yollarla təzyiq etməyə çalışırlar”.

Qeyd edək ki, Ağalıkənd kəndinin bələdiyyə sədri Ülfət Bağırov isə Yaşar Əliyevin ittihamlarının əsassız olduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA