booked.netbooked.net booked.net  

Milli Məclisin son plenar iclasında avtomobillərin utilizasiyası ilə bağlı qanun layihəsi müzakirə olunub.
Məsələ ilə bağlı MM-in deputatı, iqtisadçı ekspert Vüqar Bayramov da çıxış edib və sosial şəbəkə hesabında da bu barədə paylaşım edib.
O, çıxışı zamanı həm region, həm də Aİ ölkələrinin təcrübəsindən sitat gətirərək utilizasiya ilə bağlı ayrıca qanunun qəbul olunmalı olduğunu bildirib və səbəbini də izah edib:
"...Bir sıra region ölkələrinin və eləcə də Avropa İttifaqına üzv dövlətlərin təcrübəsini nəzərə alsaq bu sahədə ayrıca qanunun hazırlanması və qəbul olunması daha məqsədəuyğun olardı. Çünki istehsalat tullantılarının utilizasiyası ilə maşınların utilizasiyası fərqli prosesdir".
Vüqar Bayramov utilizasiya ilə bağlı qanunun olduğu ABŞ və Aİ-də utilizasiya müddətinin 12 il olduğunu, ölkəmizdə isə bu müddəti 4 il müəyyən etmək istənildiyinin və təklif edilən bu müddətin də əsaslandırmaya ehtiyacı olduğunu da diqqətə çatdırıb: 
"Avropa ölkələrində belə ayrıca qanun var: Utilizasiya ilə bağlı 2 fərqli praktika var - bunlardan biri ABŞ, digəri Avropa İttifaqının praktikasıdır. Hər ikisində utilizasiya prosesi 12 ildir. Beynəlxalq praktikada utilizasiya müddəti 12 il götürülsə də, bizim layihədə bu, 4 il müəyyən edilir. Bunun əsaslandırılmasına ehtiyac var".
İqtisadçı, həmçinin qeyd edilən müddətin qəbulu zamanı avtomobil bazarına da ciddi təsir edəcəyini xatırladıb:
"İşlənmə müddəti dörd ildən artıq olan avtomobillərin utilizasiyaya cəlb edilməsi praktiki olaraq idxal avtomobillərinin xərcini artıracaq. Buna görə də, ödəmə üsullarının konseptual olaraq təkmilləşdirilməsi və vauçerlə nağd ödəniş arasında əlaqənin formalaşdırılmasına ehtiyac var", - o, deyib.
Xatırladaq ki, bu günlərdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İstehsalat və məişət tullantıları haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək.

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfindən ödənilməsi gömrük orqanları tərəfindən təmin ediləcək. Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" qanunda nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödəniləcək. Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən ediləcək.

Qanun qəbul ediləcəyi halda bu prosedurlar 2024-cü il fevralın 1-dən tətbiq olunacaq.

Azərbaycanda güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılacaq.

Qeyd edək ki, ictimaiyyət arasında da, sosial şəbəkələrdəki müzakirələrdə də Qanuna təklif edilən dəyişiklikdəki müddətlə bağlı narazılıqlar var. Bunun həm avtomobillərin qiymətinə təsirsiz ötüşməyəcəyi, həm də avtomobillərin yaşına görə deyil, texniki vəziyyətinə görə dəyərləndirmə aparılmalı olduğu bildirilir. 

Y.MƏMMƏDLİ
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN