booked.net booked.net  

Bu gün, 1887-ci ilin 12 sentyabrında Azərbaycanlı dövlət xadimi və yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri Yusif Vəzir Çəmənzəminli Şuşa şəhərində anadan  olmuşdur.

Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oglu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-cü il aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmiş və ona bu haqda şəhadətnamə verilmişdir. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəsilə keçmişdir. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır.

İlk təhsilini Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı aylıq yumoristik jurnal çıxarıb.
 
Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olan Yusif Vəzir təhsilini davam etdirmək üçün Bakıya gedir. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur "Məlik Məmməd" nağılını qələmə alır.
 
Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Cəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.
 
Çəmənzəminli Kiyev şəhərində 1912-ci ildə "Yeddi hekayə", 1913-cü ildə isə "Həyat səhifələri" adlı kitablarını çap etdirib. Bundan başqa, Ukraynada "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları da işıq üzü görüb.
 
O, Ukraynada təhsil alan azərbaycanlı tələbələri ilə birgə "Musavatın" Kiyev şöbəsini qurur. Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən Yusif Vəzir Ukraynada diplomatik nümayəndə təyin edilir. 
 
Yusif Vəzir həmin dövrdə "Azərbaycanın Muxtariyyatı" və "Biz kimik və istədiyimiz nədir?" kitablarını çap etdirir. Daha sonra Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilir. O, İstanbulda diplomatik fəaliyyətlə yanaşı, öz ədəbi yaradıcılığını da davam etdirir. "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi–coğrafi və iqtisadi Azərbaycan" adlı kitablarını yazır. 
 
Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra Yusif Vəzir Parisdə siyasi elmlər institutunun diplomatiya fakültəsində təhsil alan kiçik qardaşı Mirabdullanın yanına gedir. 
 
Lakin çox keçmədən Mirabdulla vəfat edir. Qardaşının ölümündən hədsiz dərəcədə sarsılan Yusif onu gözləyən təhlükələrə baxmayaraq Azərbaycana qayıtmağı qərara alır. Bu məqsədlə SSRİ-nin Parisdəki səlahiyyətli nümayəndəliyinə ərizə ilə və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova xüsusi məktubla müraciət edir. 1926-cı ildə Ümumittifaq İcraiyyə Komitəsinin qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığına qəbul olunur.
 
Vətəninə qayıdan Yusif "Bakı işçisi" nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyir, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyir. 
 
Stalin repressiyaları illərində yaxınlaşmaqda olan təhlükəni hiss edən Çəmənzəminli əlyazmalarının böyük bir hissəsini yandırmağa məcbur olur. 1937-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılır.
 
1938-ci ildə Yusif Vəzir Özbəkistan SSR-nin Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur. 1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilir. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı ilin iyulun 3-də Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilir.
 
Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edir və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur.
 
1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilir.
 
Məşhur əsərləri
Əli və Nino (alman dilində) (müəllifliyi mübahisəlidir);
Altunsaç (alman dilində) (müəllifliyi mübahisəlidir);
İki od arasında (Qan içində);
Qızlar bulağı;
Soyuq öpüş;
Bir cavanın dəftəri;
Gündəliklər;
Qanlı göz yaşları;
Хanın qəzəbi;
Zeynal bəy;
Sоn bahar;
Üç gecə.

Yusif Vəzir 1930-35-ci illərdə Azərbaycan Neft İnstitutunda işləyən zaman, həmin institutda çıxan "Əzizbəyov adına Azərbaycan qızıl Bayraqlı Neft İnstitutunun əxbari" jurnalında "Neft və onun tarixi" adlı məqaləsi ilə bərabər bir çox məqalələr yazıb çap etdirmişdir. Yusif Vəzir bir çox hekayələrini "Maarif və mədəniyyət" jurnalında və başqa mətbuat orqanlarında çap etdirir. Sonralar isə "Qızlar bulağı", "Studentlər", "1917-ci il" adlı romanlarını çap etdirir. 1935-ci ildə "Həzrəti-Şəhriyar" adlı komik pyesini bitirir. Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalan "Həzrəti-Şəhriyar" komediyası, nəhayət, ilk dəfə 1980-ci ildən incəsənət toplusu "Qobustan" jurnalının 4-cü nömrəsində çap olundu. Dünyada geniş tanınmış və bestsellerə çevrilmiş "Əli və Nino"nun Yusif Vəzir Çəmənzəminlinin qələmindən çıxdığını iddia edən ədəbiyyatşünaslar var.

Yusif Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdi. O, kino-ssenarilərin tərcüməsi işində də fəal iştirak etmişdi. Azərbaycan dilində ilk səsli film olan məşhur "Çapayev" filminin ssenarisini də Azərbaycan dilinə 1936-cı ildə Y.V.Çəmənzəminli tərcümə etmişdi. Yusif Vəzir 1937-ci ilin aprel ayında tamamladığı "İki od arasında" adlı tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi. Öz sağlığında nəşr etdirmək qismət olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1964-cı ildə "Azərbaycan" jurnalında müəyyən ixtisarla "Qan içində" adı ilə çapdan çıxmışdı. Yusif Vəzir Yazıçılar İttifaqından çıxarılmazdan 3-4 ay əvvəl yazdığı "Altunsaç" adlı kinossenarisini də "Azərfilmə" vermişdi. Geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq "Azərfilmin" direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi, "Studentlər" romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm. Yusif Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdi.

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN