booked.net booked.net  

“İllər biri-birini əvəzlədikdə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, proseslərin düzgün dəyərləndirilməsinə yeni imkanlar yaranır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 9 iyun tarixində xalqın təkidli tələbi ilə Bakıya qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu.

Ümumilikdə, 1991-1993-cü ilin ortalarına qədər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xarakterizə olunur.  O illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik təcrübəsinin yoxluğu, ən əsası dövlət maraqlarını şəxsi ambisiyalarına qurban vermələri ölkəni “Olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Həmin dövrdə  silahlı qüvvələrin torpaqlarımızın Ermənistanın getdikcə daha intensiv xarakter alan hərbi təcavüzündən qorunmasına deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına şərait yaradırdı. Xüsusilə özünün yarıtmaz idarəçiliyi nəticəsində ölkəni vətəndaş müharibəsi həddinə çatdıran xəyanətkar AXC-Müsavat hakimiyyətinə qarşı 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş verən hərbi qiyam vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycan vətəndaş müharibəsinin astanasına gəlib çatmış, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir çıxılmaz vəziyyətdə Azərbaycan xalqı o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Ulu Öndər Heydər Əliyevə üz tutdu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın səsinə səs verərək Naxçıvandan Bakıya gəlməsi Azərbaycanın gələcək taleyini düşünən hər kəsin qəlbində dərin kök salmış narahatlığa son qoydu, insanların sabaha itmiş inamlarını özünə qaytardı.  Xalq əmin idi ki,  Ümummilli Lider Azərbaycanı düçar olduğu fəlakətdən xilas edəcək. Belə də oldu. Azərbaycanda vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması həmin o tarixi günlərdən başlandı”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Tezadlar.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Gəncə hadisələrinin səbəb və nəticələrini öyrənmək üçün iyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət bir qrupla Gəncəyə gedən Ulu Öndər Heydər Əliyev sadə vətəndaşlarla, hərbçilərlə görüşərək  qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, ölkəni düçar olduğu siyasi böhrandan xilas etməyin yolları barədə tövsiyələrini bildirdi: “Ümummilli Lider  görüşün nəticələri barədə iyunun 15-də keçirilən Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında fikirlərini açıqladı. Məhz həmin gün Azərbaycanın çoxəsrlik  tarixinə əlamətdar hadisə kimi yazıldı. Belə ki, sessiyada deputatların yekdil səsverməsi ilə Ümummilli Lider  Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarixi hadisə ilə   Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. 15 iyun 1993-cü il  Azərbaycanın dövlətçilik tarixinə Milli Qurtuluş Günü kimi yazıldı”.

YAP Xətai rayon təşkilatının sədri  bu mühüm məqamı xüsusi  vurğulayıb ki, dövlət başçısı  İlham Əliyev daim çıxışlarında  tarixi paralellər fonunda  Azərbaycanın müstəqillik tarixinin təhlil edilməsinə,  gələcək nəsillərə çatdırılmasına çağırışlar edir: “Azərbaycan gəncləri  ölkəmizin müstəqillik yolunun heç də hamar olmadığını bilməli, bugünkü uğurlarımızın təməlində dayanan amillər barədə aydın təsəvvürə malik olmalıdırlar. Ölkə Prezidentinin Sərəncamı ilə  2018-ci ilin  ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2023-cü ilin isə “Heydər Əliyev İli” elan edilməsi   dövlətimizin müstəqillik tarixinin vərəqlənməsində, gənc nəslə daha dolğun şəkildə çatdırılmasında əhəmiyyətli rol oynayır. Bu, hər kəsin qəbul etdiyi reallıqdır ki, 1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur.  Prezident  İlham Əliyev bildirir ki, əslində, bizim müstəqillik tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu.  Ona görə Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər  Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, müasir Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.

V.Rəhimzadə bildirib ki, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlət kimi yaşayıb inkişaf edir: “Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Siyasi islahatlar həyata keçirildi,  demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış müdrik siyasəti nəticəsində Azərbaycan sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə çevrildi. 1994-cü il sentyabrın 20-də Ümummilli Liderin gərgin səyləri nəticəsində dünyanın aparıcı neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunmasında əhəmiyyətli rol oynadı. Azərbaycanın xarici siyasət uğurlarının biri-birini əvəzləməsi yeganə problemimiz olan keçmiş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Nizami ordu yaradıldı. Azərbaycanın davamlı uğurlarının fonunda dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizlə bağlı arzuları reallığa çevrildi. Azərbaycan dünyaya Günəş kimi doğdu. Ən çətin günləri arxada qoyan Azərbaycanın imzası imzalar arasında xüsusi seçildi”.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, ölkəmizin bugünkü uğurları Ulu Öndər  Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir: “Cənab  İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən bəyan etdi ki,  Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan daha da qüdrətli, zəngin dövlətə çevriləcək, hərtərəfli inkişafa nail olacaqdır. Bu gün əminliklə deyə bilərik ki, son 20 ilə yaxın dövrün reallıqları Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində əksini tapan əminliyin təsdiqidir. Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə ifadə etdi. Eyni zamanda, bildirdi ki, axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev axıra çatdıracaq. Təbii ki, Ümummilli Liderin əsas amalı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ölkəmiz tarixi Zəfərimizin reallıqlarını yaşayır və qalib dövlət kimi öz şərtlərini diktə edir, regionda və dünya siyasətində yeniliklərə yol açır. Azərbaycan şanlı Qələbəsi ilə ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. 30 ilin işğalına 44 gündə son qoyulması Heydər Əliyev siyasətinin təntənəsidir. Qələbəmizdən dərhal sonra bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Hazırda Böyük Qayıdış proqramı uğurla icra edilir”.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, uğurlarımızın miqyası genişdir: “1993-cü ildən başlanan yol Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla addımlamasını şərtləndirir. Bu yol daim ölkəmizə uğur gətirəcək. Azərbaycan xalqının dünyanın xoşbəxt xalqları sırasında yer almasını təmin edən əsas amil məhz dövlətinin, xalqının gələcəyini düşünən, ölkəsinin  imzasının əhəmiyyətini daha da möhkəmləndirən Liderinin olmasıdır. 1993-cü ildə reallaşan tarixi Qayıdışdan Zəfərə doğru istiqamətlənən yolun  uğurları növbəti dövrün prioritetlərinin müəyyənləşdirilməsində zəngin bazadır. Bu gün Ulu Öndər Heydər Əliyev ideyalarının işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olunan Azərbaycanın qarşısında geniş imkanlar açılır”.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA