booked.netbooked.net booked.net  

28 iyun 2023-cü il. 45 il gənc nəslin təlim-tərbiyəsunə ömür sərf etmiş, kəndimizin çox dəyərli xarici dil müəllimlərindən olan,uzun illər Ergi kənd orta məktəbində direktor işləmiş Fazil Abbasovun xatirələrindən ibarət olan “Olduğu kimi: Ömürdən yarpaqlar” kitabının son variantını müzakirə edirdik. Görülən hər bir iş təbii ki, fərəh mənbəyidir, xoş ovqata açardır. Hər ikimizin fərəh dolu əhval-ruhiyyəyə kökləndiyimiz vaxt telefonuma gələn zəngi açan kimi eşitdiyimiz xəbər bizi göz yaşlarına boğdu. Çox səmimi insan, tanınmış pedaqoq, ağırlıq qaldırma üzrə SSRİ idman ustası, dəfələrlə Azərbaycan və Avropa çempionu, alovlu vətənpərvər, Birinci Qarabağ qazisi Qələndər Əkbər oğlu Xıdırovun dünyasını dəyişməsi xəbəri!..

1992-ci il sentyabrın 4-də kəndimizin qəhrəman oğlu, Abdal-Gülablı uğrunda gedən ağır döyüşlərdə Tahir Əliyev haqqında aldığım xəbərəağlım, düşüncəm, ruhum necə reaksiya vermişdisə, o sarsıntını ikinci dəfə Qələndər müəllimin ölüm xəbərini eşidəndə yaşadım. Dost itkisinin ağırlığını yenidən hiss etdim. Ergi qəbristanında  onun məzarı başında Qələndər müəllim haqqında dediyimiz sözlər, tökdüyümüz göz yaşları da Qələndər Xıdırov itkisinin təsəllisi ola bilməzdi.

Qələndər Xıdırovun ustadı Qələndər Məmmədovun: “Ramiz Hacıyevlə Qələndər Xıdırov mənim qol-qanadlarım idi, onlar qırıldı,” deyərkən tökdüyü göz yaşı yadıma, “kişi ağlamaq” fikrini saldı. Ancaq kişilər idi Qələndər müəllimin məzarı başında qəhərə boğulanlar. Bəlkə də təsəlli üçün idi ki, 1992-ci ildə Tahir Əliyevin atası İmran kişiyə ünvanlı yazdığım aşağıdakı misralar gəldi ağlıma:

“...yaş da yanar,

Quru ilə yaş da yanar!”

Demə, kişi ağlamaz,

Ürək yansa yaş dayanar?

Bəli, mərzililərdən dünyasını dəyişən 37-ci müəllim oldu Qələndər Xıdırov. O, bütün dostları kimi, mənim üçün də ona görə dəyərli, adi olmayan insan idi, ona görə ki, sadiq dost, həqiqi sirdaş, səmimi və olduqca təvazökar insan, hərtərəfli savada, geniş dünyagörüşə malik müəllim, milli dəyərləri lazımınca qiymətləndirməyi bacaran, stereotiplərdən uzaq, əsl vətəndaş idi.

1988-ci ildə  Qarabağda separatizm baş qalqırarkən ona qarşı mübarizəyə ilk qoşulanlardan, Mərzilidə ilk yerli özünümüdafiə  taqımının üzvlərindən biri olan Qələndər Xıdırov!

1992-1993-cü illərdə Ağdam rayonu ərazisində-Mərzili, Qalayçılar, Fərrux kəndlərində gedən hərbi əməliyyatların iştirakçısı olan, şərəfli döyüş yolu keçən Qələndər Xıdırov!

Vətənsevərliliyi ilə, Mərziliyə, kökünə-soyuna-Hacı İmandan başlayan Qocaq Abdullaya, Məşədi Xıdıra bağlılığı ilə seçilən Qələndər Xıdırov!

Ona həsr etdiyim “Qələndər Xıdırov: Bilinməyən həqiqətlər” kitabı üzərində işləyərkən həyatının bəzi məqamlarını “kölgədə qoymaq” istəyərkən mənə dəfələrlə “dünya ölüm-tim dünyasıdır, olduğu kimi yaz, gələcək üçün yaz...” deyən və bu gün sıralarımızı tərk etməyi ilə haqlı olduğunu “sübut” edən Qələndər Xıdırov!

“Təzadlar” qəzetinin baş redaktoru, Təzadlar TV-nin rəhbəri Asif Mərzilinin bütün yaxşı cəhətlərini nəzərdə tutaraq dizibərk kişi adlandırdığı Qələndər Xıdırov!

Dost və həmkarı, “Qabaqçıl təhsil işçisi” Ərşad Bayramovun “Mərzilini 18 il işğal etmiş bir nəfərdən xilas edən el-oba təəssübkeşi və sözünü demək bacarığı olan kişi” kimi qiymətləndirdiyi Qələndər Xıdırov!

Dostlarından Fikrət Əliyevin “unuda bilməyəcəyimiz dost, “Qarmon” Talıbın “onun yoxluğu ilə ən çox mən itirdim” dediyi Qələndər Xıdırov!

“Qələndəri tanıyanlar onu sevməyə bilməz. Onun kəndə, yurda, torpağa bağlılığı, mehribançılığı, ünsiyyətçilliyi... belə düşünməyə əsas verir. Mən Qələndəri görəndə mütləq Mərzilini xatırlayıram. Hər görüşümüzdə o, tipik Mərzili kişisinin obrazı kimi durur gözlərim önündə”- deyə  3 il əvvəl “Tərəqqi” medallı Əməkdar müəllim Allahverdi Nəsiboğlunun  qiymətləndirdiyi Qələndər Xıdırov!

Hər zaman Mərziliyə bağlılığı ilə sözündə, söhbətində yox, əməlində fərqlənən, Mərzilinin bu günkü xarabalıqlarını dəfələrlə göz yaşları ilə görən, bu gün isə Mərzili həsrətinə, yurd nisgilinə ürəyini təslim edən Qələndər Əkbər oğlu Xıdırov!  Allah sənə rəhmət eləsin, qəbirin nurla dolsun, əziz dost, gözəl insan!

***                 

Qələndər Əkbər oğlu Xıdırov 30 iyun 1955-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub.  1972-ci ildə Mərzili kənd orta məktəbinin məzunu olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1974-cü ildən başlayaraq respublika və Ümumittifaq yarışlarında iştirak etməyə başlayıb. İnstitut illərində Azərbaycanın idman aləminə adını yazdırmağı bacarıb. Respublika birinciliklərində dəfələrlə fəxri kürsüyə qalxıb. 1976-cı ildə 56 kq. çəki dərəcəsində respublika çempionu olub. 1978-ci ildə ali təhsilini başa vurub Mərzili kənd orta məktəbində idman müəllimi və eyni zamanda  “Məhsul” idman cəmiyyətində məşqçilik fəaliyyəti göstərib.

Qələndər müəllim 1979-1980-ci illərdə hərbi xidmətdə olub. 1982-ci ildə SSRİ birinciliyində ikinci yri tutaraq gümüş medala layiq görülüb, SSRİ idman ustası adını qazanıb...

Onu da qeyd edim ki, Qələndər müəllimin adı “Ağır atletikanın inkişaf tarixi” (1925-2010) (Bakı-“Təknur” nəşriyyatı-2017)  və eləcə də “İdman Akademiyasının ulduzları”  (Bakı-2021) adlı kitablarda xüsusi olaraq çəkilmiş və idman uğurları haqqında ətrafı məlumat verilmişdir.

***

Qələndər müəllim heç kəsin gözləmədiyi halda  28 iyun 2023-cü ildə infarktdan dünyasını dəyişdi. Qəbiri Ergi qəbiristanındadır. Məkanı cənnət olsun, Allah əzizlərinə, dostlarına səbr versin!

Qələndər müəllim olduqca nikbin ruhlu, ümid dolu arzularla yaşayan, həssas qəlbə, həyata sevgisi sonsuz olan ürəyə malik idi. Bütün dostlarına da, qohumlarına da sevgi ilə bağlı idi. Heç kimlə münasibətində təmənnalı deyildi. Özünəməxsus ağayanalığa malik idi. Ona görə də onun dost dediyi adamlar sırasında bütün sosial zümrələrin nümayəndələri var idi. Ən çox da sadə zəhmət adamları...

Mənə görə Qələndər Xıdırov ulduz idi-həm idmanda, həm dostluqda, sirdaşlıqda, səxavətdə... Bəlkə elə bu keyfiyyətlərinə görə yaxınları, dostları onun ölümünə inanmırlar və əbəs yerə deyilmir ki, ulduzlar sönmür...

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

qelender-3

qelender-2

qelender-1

qelender-4

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN