booked.net booked.net  

31 il Azərbaycan Milli Kulinariya Mərkəzinə rəhbərlik etmiş, hazırda Milli Kulinariya Assosiasiyasının prezidenti, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov TEZADLAR TV-nin (TTV AZ) qonağı olub.

Xatırladaq ki, dünyaca məşhur kulinar bütün həyatını bu işə həsr edib. O, Azərbaycan mətbəxinin inkişafında, Milli mətbəxin toplanmasında, qorunmasında, qədim xörəklərin bərpasında, dünyadakı təbliğində, elmi təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətlərə malik ilk Azərbaycanlı mütəxəsisdir.

Həmin müsahibəni qısa şəkildə təqdim edirik:

yasemen-kulinariya

 “...Əslində mən bu işlərə 80-ci ildə, hələ Leninqradda institutda təhsil alarkən başlamışdım. Mənim ilk tələbə elmi işim institutda birinci yeri, SSRİ-də isə ikinci yeri tutdu. İki ay Azərbaycan mətbəxində çalışdım. Və mən gördüm ki, Azərbaycan mətbəxi azərbaycanlılar tərəfindən yazılmır, öyrənilmir, kulinariya kitablarımız başqa xalqlar tərəfindən yazılır. Milli mətbəximiz haqqında kitablar da yox idi.

Mənbələr, ümumiyyətlə üzə çıxarılmırdı, yox idi. Bu, məni incitdi və mən bütün həyatımı bundan sonra bu işə həsr etməyə sərf etdim. Əvvəlcə çaydan başladıq. “Çaydan yaxşı, ancaq çay ola bilər” adlı kitabım dərc olundu.

1984-cü ildə isə institutu bitirdikdən sonra Gəncə şəhərinə gəldim. 1987-ci ildə Azərbaycanda “Ticarətin Elmi-Texniki Cəmiyyəti” vardı. Cəmiyyətin sədri isə Yusif Ələkbərov idi. Onun köməyi ilə konfrans keçirdik. Ticrət naziri də iştirak etdi. Konfransın sənədlərində Azərbaycan milli kulinariya muzeyinin elmi-tədqiqat kompleksinin yaradılması məsələsi də qeyd edildi. O zamanlar SSRİ ticarət nazirliyinin yalnız bir elmi-praktiki jurnalı vardı - “Pitanie i obhestvo”. Sovet dövründə jurnalda Azərbaycan mətbəxi haqqında heç bir məlumat dərc edilmirdi. Orada erməni Smirnovanın “erməni mətbəxi” məqaləsi dərc edilmişdi. Mən ona cavab yazdım.

Həmin məqalənin dərc olunmasına çalışdım. O zaman da Yusif Ələkbərov dəstək verirdi. Məqsədimə çatmaq üçün Moskvaya getdim və jurnalın nəşr olunduğu redaksiyada oldum”, - deyə o, qeyd edib.

Dünya şöhrətli kulinar nəşr məqaləni dərc etmək istəmədikdə həmin məqaləni Almaniyada dərc etdirəcəyini və bunun onlar üçün heç də yaxşı olmayacağını diqqətlərinə çatdırıb...

“Baş verənlərdən sonra SSRİ-nin “Qida İnstitutu”, ticarət nazirinin birinci müavini Savçenko, Rusiya ticarət naziri və digərləri bir yerə toplaşaraq mənə 3-4 səhifəlik cavab məktubu göndərdilər, hansı ki, həmin cavab məktubu indiyədək arxivimdə saxlanılır. Həmçinin həmin cavabın bir surətini də ticarət nazirinə göndərdilər ki, məni sakitləşdirsinlər... Sağ olsun, yenə də Yusif Ələkbərov getdi məni müdafiə etdi. Və 1989-cu ildə məni Bakıya dəvət etdilər. Məni Ticarət Nazirliyinin nəzdində Elmi Nailiyyətlərin Tətbiqi Mərkəzində ictimai iaişə şöbəsinin sədri təyin etdilər. O zaman mən artıq Gəncədə böyük biznes qurmuşdum - 23 obyektim vardı, hamısını hədiyyə edib Bakıya gəldim...

1989-cu ilin dekabrın 12-də Bakıda Azərbaycan mətbəxinin taleyüklü məsələləri ilə bağlı elmi-praktik konfrans keçirdik. Konfransda “Azərittifaq”, ticarət naziri, bir sözlə, bütün maraqlı qurumlar, restoranlar iştirak etdilər. Konfransda Azərbaycan mətbəxinin təhrif edilməsi məsələsini ortaya qoyduq. Konfrans qərara aldı ki, Azərbaycan Milli Kulinariya Mərkəzi yaradılsın.

1990-cı ildə ilk dəfə Azərbaycanın regionlarına kulinariya ekspedisiyaları təşkil olundu. Biz Şəki, Şuşa, Lənkəran, Gəncə mətbəxini topladıq və Bakıda 10 gün o mətbəxlər nümyiş olundu. Ordan çıxan nəticələr ilə SSRİ-nin məcmuəsi vardı - bütün restoranlar üçün standart idi. Həmin məcmuəyə 63 Azərbaycan xörəyi saldırdım. Kiyev Elmi-Tədqiqat İctimai İaişənin Elmi Tədqiqat İnstitutu ilə bir yerdə işləyərək onları standartlaşdırdıq. Məcmuəyə Qarabağ xörəklərini də daxil edə bildirk. İndiyədək də o keçmiş SSRİ ərazisində restoranlarda standart kimi istifadə edilir”, - Tahir Əmiraslanov bildirib.

Həmçinin xatırladıb ki, Moskvada bir sıra tədbirlərdə iştirak etməyə başlayıblar.

“Moskvada"Ermitaj bağı"nda 10 min nəfərlik Novruz bayramı tədbiri keçirdim. O zaman Azərbaycanda vəziyyət ağır olduğu üçün pul almadıq. Televiziyalarda informasiya blokadası yarıldı. Televiziyalar bizi çəkib göstərdilər: Azərbaycan xalqı müqəddəs xalqdır, belə bir xalq təcavüzkar ola bilməz! Bu, çox böyük rezonans doğurdu. Və mən aprel ayında Moskvaya gedəndə artıq mart ayında Azərbaycan KP MK qərar verdi ki, Milli Kulinariya Mərkəzi yaradılsın. 1991-ci ilin aprel ayında Moskvadan qayıtdıq.

Həmin dövrdə bir çox nazirlər bunun əksinə idilər ki, "belə bir mərkəz dünyada yoxdur, camaat acından qırılır, biz də kulinariya mərkəzi yaradacağıq..." və s. Lakin Həsən Həsənovun (o zaman Həsən Həsənov Azərbaycan SSR Nazirlər Sovetinin sədri idi - red.) təzyiqi və gücü altında qərar qəbl olundu və məni həmin Mərkəzə rəhbər təyin etdilər. 1997-ci ilə qədər maliyyəsiz, büdcə olmadan fəaliyyət göstərdik. 1997-ci ildə Milli liderimiz Heydər Əliyev Kulinariya Məkəzini də büdcəyə saldı, lakin ondan əvvəl də o, bizə dəstək verirdi.

“Heydər Əliyevin sərəncamı nəticəsində region mətbəxlərini öyrənməyə başladıq” 

1994-cü ildə Milli Liderimiz Heydər Əliyev Dünya Kulinariya Konqresinə məktub göndərdi. Mən həmin məktubu Norveçə apardım.

Məktubda Qarabağ məsələsi, həyatını itirmiş kulinarlarımız, “Çay evi”nin, “Çörək muzeyi”nin dağıdılması, Azərbaycan mətbəxinin dünyanın ən rəngarəng, ən ecazkar mətbəxi olması qeyd edilmişdi”, - o, vurğulayıb.

O, qeyd edib ki, 1991-ci ildə Mərkəz yaradıldıqdan sonra mətbəxlə, musiqi ilə bağlı xaricdə dərc olunan məqalələri olub və Kanadadan - Dünya Kulinariya Təşkilatının rəhbəri onu axtarıb tapıb.

“Məhz onun sayəsində, mərkəz yaradıldıqdan cəmi bir il sonra - 1992-ci ildə Azərbaycan Ümümdünya Kulinarıya Təşkilatları Birliyinə üzv olduq. Müqayisə üçün: Malta - 8 il, Yaponiya 6 il, Türkiyə mənim köməyim ilə 13 il vaxt sərf etdi bu təşkilata üzv olmağa. Ümumilikdə 50-dək ölkəyə kömək etdik. Və Azərbaycan bu sahədə liderlik etməyə başladı. Əlbəttə, müəyyən məsələlərdə şəxsi münasibətlər rol oynasa da, məhz Heydər Əliyevin məktubu bizim çox çətin günlərimizdə köməyimizə çatdı: həm daxildə biznes adamları, siyasət adamları gördülər ki, Heydər Əliyev mənim vasitəmlə bu məktubu göndərdi və istər-istəməz bəziləri başladı bizə diqqət göstərməyə, yol açmağa. Həm də xaricdə gördülər ki, belə bir vəziyyətdə bu cür məktub gəlirsə, deməli, ölkə prezidenti inanır ki, bu ölkə yaşayacaq. Norveçdə olan Konqresdən başqa, ayrıca mətbuat işçləri üçün konfrans da keçirdik - bu məktubla bağlı. Məktub oxunanda bomba kimi partladı. Həm də bu, informasiya blokadasının yarılması idi”, - Əmiraslanov xatırladıb.

O, vurğulayıb ki, daha sonra Heydər Əliyev 596 saylı Sərəncam imzalayıb ki, onun daxilində əsas 3 güclü məsələ olub - region mətbəxlərinin öyrənilməsi, nümayiş etdirilməsi və tanıtdırılması.

“Və biz, “Təbriz mətbəxi”ni, “İrəvan mətbəxi”ni, “Qarabağ mətbəxi”ni, “Naxçıvan mətbəxi”ni kitab halına saldıq. Digərlərinin də tədqiqatları aparılırdı. Artıq mən işdən çıxarıldıqdan sonra dayandırılıb...

Azərbaycan mətbəxinin tarixinin milli irs kimi qorunub saxlanılmasını sonuncu mədəniyyət qanunumuzun 37-ci maddəsinə saldıra bildik. Xarici ölkələrdə dövlətin və biznes resurslarının hesabına restoranlar şəbəkəsinin yaradılması da Heydər Əliyevin tapşırığı idi, həm də gələcəyə yüklənmiş tapşırıq idi. Heç bir dövlət xadimi bu çapda, bu səviyyədə işlər görmür və etsə belə mətbuata bildirilməz: amma Heydər Əliyev azərbaycanlıların çay içmə üsulunu (dişləmə qəndlə) həm deyir, həm də göstərirdi. Biz də YUNESKO-ya çay içmə mərasimini elə-belə salmadıq. Heydər Əliyev “Azərsun Holdinq”in çay fabrikinin açılışında iştirak edəndə “Azərbaycan çayı hanı?”, - deyə sual verdi. Və sağ olsun Holdinqin rəhbəri  Abdolbari Goozal bütün dünyaya “Azərçay”ı tanıtdı. İndi bütün dünyada “Azərçay” tanınır. Çünki üstündə o kişinin ruhu var”, -deyə Tahir Əmiraslanov diqqətə çatdırıb.

“Cənab prezident, əlinizi qoyun mənim çiynimə, dünyanı dizi üstə qoyum bu sahədə” 

“Bir məsələni xatırladım: İlham Əliyev 2011-ci ildə Milli Elmlər Akademiyasında çıxışı zamanı “Ermənilər bizim mətbəximizi öz mətbəxləri kimi təqdim edirlər və bu, məni çox incidir. Erməni nə bilir ki, dolma sözü nədir?” söylədi.

Və bundan sonra beş dolma markası yaradıldı. 26 xörəyimizin markası ilə. Markanın birini dünya təşkilatının prezidenti imzaladı və sonra da Mehriban xanıma bir məktub gönərdi ki, dolma haqqında məlumat dünyada 100 milyon insana çatdırıldı. YUNESKO-ya getməmişdən əvvəl 10 milli dolmamız patent olundu. Ümumiyyətlə, bu, ilk patentdi - praktikada xörəklərin patenti Azərbaycan, Fransa və İtaliyaya aiddir və biz onlardan da qabağa getmişdik. YUNESKO-da dolma festivalları keçirdik və birinci festivalda 360 dolma resepti ortaya çıxardıq. Beləliklə, 381 dolmanın daxil edildiyi kitabı dərc edildi. Kitab dünyada ən yaxşı kulinariya kitabı olaraq birinci yerə çıxdı. Beləliklə, “Dolma məsələsi: bütün şübhələrə son” kitabı ingiliscə, rusca, özbəkcə və türkcə nəşr edildi. Ermənilərə verilən cavablardan biri də bu oldu.

Kitabın ikinci nəşrini də etdik və bundan sonra əlavə olaraq 40 dolma reseptini də tapdıq”, - deyə Tahir Əmiraslanov bildirib.

Məşhur kulinar vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan mətbəxinin tanıdılmasında verdiyi dəstəkdən də danışıb.

“...Biz Prezidentlə Novruz bayramında görüşürdük və hər görüşdə Prezident bu istiqamətdə bizə tapşırıqlar verirdi. Mehriban xanım daimi olaraq bu sahəni diqqətdə saxlayır və bizə yol göstərir, tövsiyə verirdi. Bir dəfə dedim ki, Mehriban xanım, siz bizim mətbəximizi də YUNESKO-ya çıxarın. Dedi, çıxardacağıq. Dedim, dolmadan başlayın.

Dolma məsələsində Ermənistandan YUNESKO-ya məktub göndərdilər ki, bizim bircə tələbimiz var: Tahir Əmiraslanovun adı fayllardan çıxarılsın, çünki o, “rassist” və Ermənistanın bir nömrəli düşmənidir... Mehriban xanımın avtoriteti olmasaydı, bəlkə də adımı çıxaracaqdılar və məsələ də batacaqdı. Bütün orada qəbul olunan qərarlar da Mehriban xanımın nüfuzu sayəsində qəbul olundu. Və bu işləri təkcə Tahir Əmiraslanov deyil, Mədəniyyət Nazirliyi də çox böyük işlər apardı”, - deyib T.Əmiraslanov.

O, 2018-ci ildə Novruz bayramında Prezidentlə olan dialoqundan da bəhs edib.

“Prezidentə hardansa bu işlərlə bağlı xəbər verilmişdi və o, bütün işlərdən məlumatlı idi. Novruz bayramı idi. Prezident İlham Əliyev mənə dedi: “Tahir, Ermənistanı dizi üstə qoymusan”. Mən cavab verdim: “Cənab Prezident, əlinizi qoyun mənim çiynimə, mən dünyanı dizi üstə qoyum bu sahədə”.

Prezident mədəniyyət naziri Əbülfəz Qarayevə “niyə təqdimatını verməmisiniz Tahir Əmiraslanovun?”, - dedi. O da bildirdi ki, biz təzəcə “Əməkdar Mədəniyyət İşçisi” adı vermişik. Prezident də bildirdi ki, nə olsun, indi də orden verək.

...Və məni cənab Prezident “Şöhrət” ordeni ilə təltif etdi”, - deyə o, bildirib.

“Nə zaman Düvlət Turizm Agentliyinə müraciət etmişəm, onların imkanları olmayıb...”

“Xanədan ETNO” restoranında 9 xanlığın mətbəxi nümayiş olndu. Əsas Naxçıvan xanlığı, İrəvan xanlığı, Qarabağ xanlığı bir bölmədə yerləşdirildi, digər tərəfdə isə Gəncə, Şamaxı, Bakı,Təbriz və digərləri.

Qarşıya məqsəd qoyuldu: hər xanlığın xörəkləri toplanmalıdır, qoyulmalıdır. “Qarabağ mətbəxi” kitabı 2012-ci ildə dərc edildi - mən və qızım Aynurənin müəllifliyi ilə. Sonradan yeni kitabda şəkillər yerləşdirdik, üzərində işlədik, təkmiləşdirdik və artıq yeni kitab nəşr edilib. Sağ olsun QHT-lərə Dəstək Agentliyi. Onların da maliyyə və mənəvi dəstəyi böyük oldu. O kitabın da biz Çanaqqalada, Marvində, Livanda, Azərbaycanda isə Şuşada, Gəncədə...təqdimatlarını keçirdik”, - deyə məşhur kulinar bildirib. 

O, qeyd edib ki, İrəvan mətbəxi kitabına görə 1500 şəxs arasında sorğu aparılıb.

“O xörəkləri tutuşdurduq - identifikasiya etdik. Əhali çoxdan gəlib. Buradakı yeməklərlə assimlyasiya olub. Bunların üzərində işlədik. Sonra 200 nəfərlik İrəvan mətbəxi günü keçirdik və ora irəvanlıları dəvət etdik ki, görək hansı səhvlərimiz varsa, öyrənək. Kitab yazılmamışdan əvvəl onların ağız dadına uyğun olmasını nəzərə aldıq.

2018-ci ildə isə mən kitabın üzərində adları yazılmış müəllifləri - Oruc ustanı və Aygül xanımı da dəvət etdim. ("İrəvan xanlığı bölgə mətbəxi" Oruc Əliyev və Aygül Əsgərova). Biz kitabı hazırladıq və dünyada məşhur olan Dünya Kulinariya Kitabları Mükafatı Təşkilatına təqdim etdik. Kitaba 200-ə yaxın ekspert baxdı. 2020-ci ildə təqribən 6 - 8 minədək kitabın içindən seçilə- seçilə gəlirdi.Və kitab gəlib ilk dördlüyə çıxanda mən Dövlət Turizm Agentliyinə məktub göndərdim ki, bu kitabın birinci yerə çıxması üçün Fransaya getmək və hardasa 100 min pul xərcləmək lazımdır - qonaqlıqlar vermək, insanlar getməlidir mətbəxi görməlidir və s. Həm də çox çətin - covid dövrü idi. 2021-ci il idi. Həmişəki kimi, mənə büdcədə bunun nəzərdə tutulmadığını - yoxdu dedilər... Nə vaxt onlara müraciət etmişəm, heç zaman imkanları olmayıb...

Kitab böyük təbliğat vasitəsi idi. Kitab birinci yerə çıxdıqdan sonra yenə Turizm Agentliyinə müraciət etdim, ki, bizim hansısa Avropa ölkəsində İrəvan mətbəx günlərini keçirmək çətindir, amma lazım olan ölkələrdə dünyada birinci olan bir kitabın təqdimatını keçirə bilərik. Yəni dedim ki, hansı ölkələrdə keçirmək vacibdi öyrənin, gedək həmin ölkədə mətbəxi də, kitabı da təqdim edək - qoy bu triumf böyüsün. Əvvəlcədən yox cavabı alacağımı bilirdim. Həmişəki cavabı da aldım...”, - o, deyib.

“Bundan sonra daxildən və xaricdən mənə qarşı təzyiqlər çoxalmağa başladı”

“...Dövlət Turizm Agentliyinə məktub yazaraq rica etdim ki, kitabın ikinci müəllifi Oruc Əliyevin pensiya yaşı çatıb ("İrəvan xanlığı bölgə mətbəxi" Oruc Əliyev və Aygül Əsgərova).

Və özləri də bilir, məktubda da qeyd etmişdim ki, şəxsən mənə heç nə lazım deyil. Oruc Əliyevə isə təkcə birinci yeri tutmuş kitaba görə deyil, indiyədək çəkdiyi zəhmətinə-əziyyətinə görə dəyər verilsin - fərdi pensiya təyin olunsun. Və Aygül xanım da gənc kulinarımızdır həvəsləndirilsin. Çünki elə aşpazlar görmüşəm ki, pensiyaya çıxdıqdan sonra acından ölürdülər - yeməyin içində olan adamlar...

Həm də prezidentin bu kitaba mükafat verməyi də hər yerə yayılacaqdı, bu, həm də təbliğat idi: digər nazirliklərin, səfirliklərin diqqətini çəkəcəkdi. Bu iş daha da irəliləyəcəkdi.

Amma yenə də həmişəki cavabı verdilər...

Bundan sonra daxildən və xaricdən mənə qarşı təzyiqlər çoxalmağa başladı”, - deyə dünyaca məşhur kulinar vurğulayıb.

O, diqqətə çatdırıb ki, həmin mükafatı verən təşkilatdan birinci mükafatı- Stalik Xankişiyevin (Onun Azərbaycan mətbəxi haqqında “Bazar, qazan və dəstərxan” kitabı “İyirmi ildə milli mətbəx haqqında ən yaxşı kitab” nominasiyası üzrə qalibi olub. “Kazan, kulinarnıy samouçitel” kitabı 2015-ci ildə “Qurman” kulinariya kitabları beynəlxalq müsabiqəsində birinci yeri tutub. “Plov, kulinarnoye issledovaniye” kitabı isə bu il həmin müsabiqənin milli mətbəx haqqında ən yaxşı nominasiyasında qalib gəlib-red) kitabına görə almışdıq.

“Bu işdə Mehriban xanımın (vitse-prezident Mehriban Əliyeva) çox böyük dəstəyi olmuşdu. Maliyyəni Heydər Əliyev Fondu ayırmışdı. Və mən Azərbaycandan musiqiçiləri, müğənniləri, rəqqasları, kulinarları... Fransaya apardım. Daha sonra Çeçenistan hökuməti Stalik Xankişiyevi dəvət edib, kitab hazırlatdı və həmin kitab da dünyada güclü rezonans yaratdı. İndi də Tatarıstan prezidentinin dəvəti ilə tatar mətbəxini yaradır.

Stalik Xankişiyev Azərbaycana gəlmişdi və bunu heçnəsiz edirdi, Az ərbaycanda lazım olmadı...

Görünür, o mənim dostumdur deyə ona kömək etmək olmaz...

Mən dövlətimi, xalqımı, Allahımı sevən adamam və daima prezidentimin arxasında olmuşam. 44 günlük Vətən müharibəsində də getdim. Mənə dedilər, getmə. Dedim ki, niyə getmirəm? Mənim aşpazlarım ordadır. Şuşada asılan ilk bayraq Azərbaycan və Türkiyə bayraqlarından sonra Milli Kulinariya Assosiasiyasının bayrağı olub. Qəribə bir təzaddır... Mən heç zaman vəzifə istəməmişəm, pul-mükafat istəməmişəm. Şəxsən özüm üçün heç nə istəməmişəm.

Mənə verilən ordenin də, mükafatın da yükü ağırdır. Hələ də çalışıram ki, mənə verilən avansı doğruldum. Düzdür, əlimdən o imkanlar alındı, amma yenə də çalışıram ki, doğruldum”, - deyə diqqətə çatdırıb.

Məşhur kulinar aldığı mükafatlara görə təşəkkürünü də bildirib:

“Sağ olsunlar bir dəfə Mərkəzin 25 illiyində mənə və Oruc Əliyevə “Əməkdar mədəniyyət işçisi” adı verdilər. Mən mükafatla bağlı nazirliyə yazanda öz adımı yazmamışdım. Nazirlikdə kim isə adımı salmışdı. Sağ olsunlar!”, - deyib.

O, işdən çıxarılma məsələsindən də danışıb:

“Mən Livanda “Dolma: bütün şübhələrə son!” kitabının ingilis dilində olan nəşrinin təqdimatını etdim. İkinci axşam Lənkəranda keçirildi, üçüncü axşam isə Azərbaycanın kubokuna həsr olundu. Səfirimiz də ordaydı. Ayın 20-də Dünya İslam Kulinariya Təşkilatına prezident seçkilərim idi - təyyarəylə ora uçdum. 17-si xəbəri gəldi ki, sizi həm ad gününüz (14-də ad günüm idi), həm Novruz bayramı, həm kubok almağınız, həm Təşkilata prezident seçilməyiniz münasibətilə “mükafatlandırdıq” və sizi işdən çıxardıq! Sağ olsunlar - bu “mükafatı” da mənə verdilər...

Baxın, mən işdən çıxarıldıqdan sonra “Qarabağ mətbəx inciləri” kitabı dərc edildi, Livandan kuboku gətirdim, ardınca Türkiyədə keçirilən böyük Olimpidanın qızıl medalları gəldi Azərbaycana. Daha sonra başqa ölkələrdən də medallar və kuboklar gəldi ölkəyə və s. Mən yalnız başladığımız o kitabların, tədqiqatların yarımçıq qalmasına görə təəssüf edirəm. Başqa heç nə... Ordan biz böyük məbləğdə maaş da almırdıq, amma 15 nəfərədək adam işləyirdi - 17 kitab hazırlanırdı, onların hamısı yarımçıq qaldı: bəziləri nəşriyyatda, bəziləri əlimizdə...Eybi yoxdur, indi ildə mən 3-5 kitab hazırlamayacam, 1 kitab hazırlayacam.

İnanıram ki, yarımçıq qalan işlərimiz 50 il, 100 il keçsə də qaldırılacaq it-bata düşməyəcək. Bundan qorxmaq lazım deyil. Amma bu işləri vaxtında görmüş ola bilərdik...

Nə qədər ki, mən orda vəzifədəydim, Ermənistan 31 il ərzində heç bir elmi-praktiki konfransda, konqresdə, olimpiada da, yarışda... iştirak edə bilmədi. Mən ordan uzaqlaşdırılan kimi Abu-Dabiyə böyük bir nümayəndə heyəti ilə konqresə gəldilər. Məni görən də sifətləri dəyişdi... Daha sonra ermənilər lk dəfə Dünya Təşkilatı prezidentinin əlindən Lüksemburqda qızıl medal aldılar. Ermənistanın yolunu açdılar...”, - deyə bildirib.

O, Mərkəzin işini tənqid etmək istəmədiyini və bunu işdən uzaqlaşdırıldığı üçün etdiyini düşünəcəklərini vurğulayıb:

“Mən həmişə bu günə deyil, gələcəyə baxmışam. Atdığımız addım hara gətirəcək. Bu gün nə əkəcəyiksə 10, 20, 50 ildən sonra onu da biçəcəyik. Bu gün çox böyük ehtiyac var ki, biz Azərbaycan mətbəxinin elmi əsaslarını qoyaq. İlk dəfə mən Azərbaycanda məktəb yazdım və göndərdim AMEA-ya, alim, deputat Qənirə xanım Paşayevaya: Azərbaycan milli mətbəxinin öyrənilməsi, araşdırılması üzrə AMEA-da ayrıca bir institut yaradılsın. Çünki biz bu sahədə başqa ölkələrdən mütləq üstünlüyə malik ölkəyik. Amma AMEA-dan razılıq ala bilmədik. Yəqin ki, lazım bilmədilər... Amma indi, TÜRKSOY-un nəzdində yeni bir təşkilat yaranıb. Və Bişkekdə ilk elmi konfransını da keçirdilər - məni də dəvət etdilər. Mən kulinarologiya elmini yaratdım və bu elmi əsas götürərək yeni bir təşkilat yaradıldı - Türk Dünyası Mətbəx Kültürü Elmi Sənətləri Birliyi. Mən İslam Təşkilatını da Türkiyəyə ötürdüm, hansı ki, onun prezidenti seçilmişdim. Amma bu mənim üçün daha vacib idi, çünki burda elm var və bundan istifadə edib türk dünyasının və Azərbaycanın mətbəxini ortaya qoyum.

İnşallah, Azərbaycan kulinariya elminin əsas hissəsini başa çatdıracam. Hazırda avropa, islam ölkələri bizim təcrübəmizi götürməyə çalışırlar.

Rəhbər olduğum zaman Mərkəz arendaya götürdüyümüz binada yerləşirdi. 600 kv.metrlik ərazinin içərisində həm də Kulinariya Muzeyi yaratmışdım - gəlib-gedən görürdü. Həmin muzeyi məndən sonra oradan da çıxardılar və kiçik bir yerə yerləşdirdilər...Milli Kulinariya Mərkəzinin imicini çox aşağı saldılar, çünki mənim adımla bağlı idi. Yəqin ki, məni xalq düşməni ediblər, xəbərim yoxdur. Bu Tahir Əmiraslanov üçün deyildi, məni çıxartmısız, heç olmasa buranı elə edin ki, adı dünyada yüksəlsin, əzəmətli, güclü olsun...DTA-nin müavini Azadə xanım bildirib ki, bizi- Milli Kulinariya Assosiasiyasını WAKS-dan - Dünya Kulinariya Təşkilatının milli üzvlüyündən çıxarıb bizdən ora danos yazanların təşkilatını - özləri yaratdıqlarını bizim yerimizə gətirəcəklər. Azərbaycan qanununa görə, heç bir ictimai təşkilatın işinə heç bir dövlət təşkilatı qarışa bilməz, amma təqib davam edir...

İşdən çıxarılmağıma görə heç səsimi də çıxartmadım, şikayət də etmədim. Çünki bir dəfə cənab Prezident dedi ki, mən bilirəm nəyi nə vaxt, harda! Hərdən düşünürəm ki, bəlkə məni ermənilərlə olan münasibətlərə görə, yaxud nəyə görəsə müvəqqəti uzaqlaşdırıblar. Bəlkə dövlətə belə lazımdır. Bilmirəm.

Pensiya yaşım da çatmamışdı. Hətta elmi dərəcəmə görə 300 manat verilməliydi, onu da vermədilər...

Mənim işdən getməyimdən ermənilər qazandılar. Ermənilərin sifarişini bizimkilər yerinə yetirdi. O, vaxt “Sputnik Armeniya”da ermənilər yazmışdılar - ilk növbədə Tahir Əmiraslanovun imicini beynəlxalq təşkilatlarda aşağı salmaq lazımdır. Burda indi qabağa çəkdikləri adamlar - Fərhad Aşurbəyli, Orxan Muxtarov WAKS-a qarayaxmalı məktub göndərdilər. 2 il keçirilən məhkəmədən sonra rayon, apellyasiya və ali məhkəmələr bunların yazdıqlarının həqiqət olmadığı barədə qərar verdilər. Amma orda (WAKS-da -red) imicimiz zədələndi, yavaş-yavaş düşdük... 2016-da biz getmişdik seçkiyə - 7 qrupla. Axıra iki qrup qalmışdı - Tomas Quqlerin qrupu keçdi. Bilirdilər ki, növbəti seçkidə biz keçəcəyik. Plan cızılmışdı: Tahir Əmiraslanov işdən uzaqlaşdırılmalıdı, mərkəz məhv olmalıdır, bir neçə assosiasiyalar yaranmalıdır ki, sponsorların gücü bölünsün və s. Qoyulan plandan bir addım da kənara çıxılmadı və hamısı Azərbaycanda yerinə yetirildi...Və bunu yazan adamlara da dəstək verən hörmətli Azadə xanımdı və Turizm Agentliyidi. Onları gətirmək üstəyirlər yuxarıya. Mənim etirazım yoxdur. Lakin irəli çəkdikləri Orxan Muxtarov Azərbaycan Mətbəxini düz-əməlli bilmir - “Şah Plov” haqqında dediyini də eşitdiniz (MasterChef Türkiyənin Azərbaycanda çəkilən bölümündə münsif kimi dəvət olunmuşdu və “Şah Plov”un hazırlanma tarixindən danışdı - red). Bu bilgi ilə o, hara gedəcək?!

..Azərbaycanda çox böyük təbliğat aparıldı. Xarici mətbəxlər daha çox olmalıydı, təbliğ olunurdu və biz bu təbliğata qarşı durduq illərlə. Bu, bir çox qüvvələri incidir. Heydər Əliyev elə belə deməmişdi “Milli mətbəx milli irs kimi qorunub saxlanılmalıdır”. Çünki milli mətbəx qorunub saxlanılırsa, paxlava, şəkərbura kimindirsə, muğam onundu, qatlama, bozartma kimindirsə, saz onundur... Bunlar bir-birindən ayrılmazdır. Şəkərburanın, paxlavanın üzərindəki şəkil xalçalarımızdadır. Mətbəx getsə, hamısı gedir. Mətbəx qalsa, o birilərini dağıtsalar da, yenə də mətbəxdən çıxacaq... Bu, köklü bir şeydir: millətin pasportunun, kimliyinin bir hissəsidir. Hansı ölkəyə getsəniz, süfrə açılan kimi bilirsiniz ki, hansı ölkənin mətbəxidir. Milli geyimlər və rəqslər gələndə bilirsiniz ki, hansı millətindir. Ermənilərin ən çox çəkdikləri nədir - milli mətbəx, musiqi, rəqslər, geyimlərdir ki, bunu alsınlar”, - deyə izah edib.

O, xatırladıb ki, DTA-ya 200-ə yaxın məktub ünvanlayıb:

“Həmin məktublara verilən cavablar da əlimdədir... Mən getdikdən sonra sağ olsunlar, Azadə xanımla görüşdük, bəzi təkliflər etdilər, amma... Mənim iş təkliflərimə də mənfi cavablar verilib. Arada iki ay müddətinə, mənimlə işlədiklərini sübut etsinlər deyə - müqavilə ilə məsləhətçi kimi götürdülər, işlədik... Guya, Tahir Əmiraslanovla işlədikləri barədə məruzə etsinlər... Elə bilirlər ki, başa düşmürəm. Mən cəmi bir şərt qoydum ki, mən işləyəcəm, amma məndən WAKS-a, mətbuata biabırçı məktublar yazanlar məhkəmənin qərarı var, qərara uyğun məndən üzr istəsinlər! Sonra isə o adamlar mənim yanımda olmayacaqdılar. Gənclərə yol verməkdən söz açırlar. Niyə, elə onların özünü kim yetişdirib (şikayət yazanlar nəzərdə tutulur-red)? Bütün gənclərə yol vermişik - bütün o biri təşkilatların gəncləri mənim yetirmələrimdir və mənim yanımdadırlar. Hətta mənim əleyhimə yazanlar da mənim yetirmələrimdir. Onlar 14-15 yaşlarında yanıma gəlmişdilər. Mən gənclərə yol açmasaydım o səviyyəyə gəlib çatardılarmı?        

Gəncləri irəli çəkmık lazımdır, amma bu mətbəxi, onun tarixini, əbəbiyyatını bilməyən, millətini təmsil edə bilməyən kəsi irəli çəkmək olmaz. Yaxşı aşpazdırsa, onu yaxşı yerə qoymaq lazımdır ki, xörəyini bişirib pulunu qazansın, aşpaz kimi inkişaf etsin. Amma strateji işlərə yox, hansı ki, milli mətbəx məsələsi strategiyadır, burda döyüş gedir, burda çox böyük müharibə gedir. Mən SSRİ Kulinariya Assosiasiyasını yaradanlardan biri olmuşam və təbliğat şöbəsinin rəisi idim. Mən eyni zamanda, 1992-93-cü illərdə Rusiya Kulinariya Assosiasiyasının vitse-prezidenti idim. Qonşuların (ermənilərin-red) irəli çıxa bilməməsinin bir səbəbi də orada mənim olmağım idi. Mən bu təbliğatın aparılmasının metodlarını, metodologiyasını və elmini kökündən bilirəm. Bu uşaqları yetişdirmək lazımdır. Amma, baxır kimi yetişdirmək. Məsələn , Ağakərimi (aşpaz Ağakərim Əbülfəzoğlu -red) yetişdirmək lazımdır. Digərlərini də... Görün, neçə adamı təhsil almağa göndərmişik. O uşaqlar bir gün gəlib yerlərini tutacaqlar. Əminəm ki, mənim işimi davam etdirəcəklər. Əlbəttə, bu gün gedib Mərkəzdə 500-600 manata kim işləsin? Gənclərin ailələri var. Çətinliklər var...

Ümidvaram ki, mənim işdən çıxmağım da, başqa məsələlər də lazım imiş. Bəlkə, dövlətimizə lazımdır. Təki elə olsun ki, bunun dövlətə xeyiri olsun...”, - məşhur kulinar Tahir Əmiraslanov bildirib.

Yasəməm MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN