booked.netbooked.net booked.net  

…Bakının xeyri kimlərindir, bu bəlli, amma yüz faiz əminliklə deyə bilərik ki, Bakının dərdi Allaha qalıb!

Çünki hər gün insanların yollardakı tıxaclarda itirilən qızıl kimi vaxtının manatla ölçüsü yoxdur və əvəzi də heç nə ilə ölçülən deyil. Amma bu itirilən vaxtımızın baiskarları bu yollarda, necə deyərlər, «…bal tutub barmaq yalayır».

 Gəlirəm mətləbə: AYNA-nın parkovka siyasəti artıq iflasa uğrayır. Niyə? Çünki «2 qoçun başı bir qazanda», üzr istəyirəm, bir şəhərdə «qaynamaz»! Bunu uzaqgörən atalamız deyib… Mən isə ərz edim ki, günü göy əskiyə bükülmüş Bakının onsuz da dar edilmiş küçələrini bir tərəfdən də yol polisi BUS-larla daraldıb… Təzəlikcə, hansısa məmurun nəvəsi kefi tutanda velosiped sürəcək deyə, bu onsuz da dar olub darlaşdırılmış yolun bir hissəsini də velosipedlər üçün ayırtdırıblar… Bakının başında isə dəlləklik edən qalmayıb! Bakı şəhər İcra Hakimiyyəti, bu hakimiyyətə güvənib Bakını tikib-sökən, söküb-tikən MTK-lar, Rayonların icra başçıları, Dövlət şəhərsalma və Arxitektura Komitəsi və bu Komitənin yanında Bakı şəhər Memarlıq və şəhərsalma Baş İdarəsi… Ardını da deyim?! Deyim də: AYNA da Bakının olub-qalan yollarını özü üçün parkovka etdirib.

Az qala yadımdan çıxmışdı, Bakının Dövlət Yol Polisi İdarəsi isə onun «bostanı»na atılan daşın hardan gəldiyini çoxdan bilirdi deyə, yolun qalan hissəsini də «Dayanma-durma» kimi qadağanedici nişanla doldurub. Deyəsən, bu nişanları istehsal edən iri bir zavod açılıb Bakıda…

***

 Bahhh! Sən nə danışırsan, bir nəfər də baxdı ki, aha, bəs həyətləri neyələsinlər, düşünüb əla bir yol tapdılar: «Həyətlər şlaqbaumlaşdırılsın!».

 Bəli, axı parkovkalara hər gün 5-10 manat vermək istəməyənlər məcburən həyətlərdə maşın saxlamalı idi. Bəs onların yolunu necə kəsməli ki, onlar ya parkovkalara üz tutsun, ya da yol polisinin 20 manatlıq cəriməsinə tuş gəlsin!

 Anan ölməsin, ay Bakı! Sənin doğulan gününə bir… «Daş» deməyə adamın dili gəlmir, amma başqa nə söz tapasan ki, yerinə düşsün?!

 Bəli, parkovkadan və yol polisinin cərimələrindən yayınmaq olmazdı! Axı sürücü kimdir ki, AYNA ilə DYP-nin nişangahından yayınsın?! Bunun yolu həyətlərin şlaqbaumlaşdırılmasından keçirdi… Və keçirtdilər də. İndi hansı həyətə girmək istəyirsən, yaxud qohumuna baş çəkmək, repetitor yanına uşaq aparmaq fikrinə düşürsən, şlaqbaum qabağını kəsir!

 Deyirəm, elə bir şlaqbaum icad edələr ki, bəzi adamların tamahının da qarşısını kəsə bilə. Dünyada belə hüquqi «şlaqbaum»lar var, amma narkotiki, qaçaqmalları, fişəngləri… ölkəyə buraxan bizim gömrük, özünü şəhid edər, amma bu «şlaqbaum»ları ölkəyə buraxmaz!

dyp-crim

 Beləcə, AYNA və DYP arasında Bakının yollarının bölüşdürülməsi yarışı sona çatmaq üzrədir. Amma qan qaraldan sonluqla: indi hansısa idarə və ya müəssisənin, ticarət obyektinin, aptekin… qapısını açmaq istəyirsən, maşın saxlamağa yer tapılmır. Bu sətirlərin müəllifi olaraq, bu gün-martın 5-də  Həsən Əliyev küçəsindəki ASAN Xidmətə getmək üçün ərazidə ən azı yarım saat küçə gəzdim, amma heç bir parkovkada yer tapmadım… DYP avtomobilləri isə pusqu qurub parklanma axtaran sürücüləri dörd bir tərəfdən güdür ki, fərqli yerdə saxlayan kimi cərimə yazsın! Təsəvvür edirsinizmi, DYP inspektorunun vəzifəsi yol iştirakçısının rahatlığını təmin etməkdir, bizdə isə, əksinə, yol iştirakçısının qanını it qanına döndərmək üçün üsul axtarırlar.

Beləliklə, düşünürəm ki, AYNA ilə DYP birləşib Bakını ikimərtəbəli tikdirməlidirlər. Lap üçmərtəbə də eləmək olar. Niyə də etməsinlər?! Pul əllərində, səlahiyyət kabinetlərində! Daha nə lazımdır?!

***

…Bu gün gördüklərimdən maraqlı bir nəticəyə gəldim: insanlar Bakıda qanıqaradır, dilxordur, yorğundur, əsəbi haldadır! Bilirsiz niyə? Onlar özlərini qəfəsə salınmış, özünə özü tərəfindən tor qurulmuş barama qurdu kimi hiss edirlər!

 Cənablar, bu insanlar başqa ölkənin vətəndaşı deyillər. Bunlar o insanlardır ki, onların övladları müharibədə başınızı uca etdi, övladları övladlarınızın yerinə döyüşdü, şəhid və ya qazi oldu!

Nə isə…

Asif MƏRZİLİ

qarabaq-esger

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN