booked.net booked.net  

Xalqımız 10 mayda 101 illiyini böyük ehtiramla qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevi böyük minnətdarlıq hissi ilə yad edirik. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.

Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu suveren Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri heç bir tarixi şəxsiyyətlə müqayisəolunmaz dərəcədə böyükdür, çoxşaxəlidir və qiymətlidir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi deyil, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının müstəqil dövlətçilik rəmzi və milli iftixarıdır.

Heydər Əliyevin bioqrafiyası bütünlükdə xalqının həyatına qovuşmuş, ona yeni məna-məzmun gətirmiş, millətin taleyinə çevrilərək onu təmsil etməyə başlamış, ən nəhayət, Müasir Azərbaycanı yaratmışdır. Yaşandıqca, mahiyyətinə vardıqca, ictimai-siyasi həyatımızda, mədəni-mənəvi yaddaşımızda, bilik və təsəvvürlərimizdə əbədiləşən Heydər Əliyev fenomeni daha böyük dəyər kəsb edir, aydın çizgilər qazanır. Möhkəm siyasi və dövlətçilik mövqeyi, sarsılmaz iradə Heydər Əliyevin simasında geniş dünyagörüş və zəngin həyat təcrübəsi ilə zənginləşdirilmiş və bütövləşmişdir. Böyük tarixi şəxsiyyət və görkəmli dövlət xadimi olmağın düsturu kimi bu xüsusiyyətlər Heydər Əliyevi Azərbaycan xalqının və dövlətçiliyinin çoxəsrlik tarixinin əbədiyyət qazanmış, nadir tarixi şəxsiyyəti səviyyəsinə yüksəltmişdir. Müstəqil Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyevin düzgün mövqeyinin və sarsılmaz iradəsinin şah əsəridir. Heydər Əliyevin mövqeyi və iradəsi onun böyük şəxsiyyətinin meyarlarıdır.

Tərcümeyi-halının bütün mərhələlərində ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ali məqsədi Azərbaycan xalqına sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət olmuşdur.

Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və səbrlə davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir.

Bu gün Azərbaycan özünün böyük bir intibah, inkişaf dövrünü yaşamaqdadır, cəmiyyət həyatının bütün əsas sahələrində möhtəşəm dəyişikliklər baş verir. Bu dəyişikliklərin, uğurlarla zəngin inkişafın müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.

Ölkəmiz bu gün bütün dünyada tolerantlıq, mədəniyyətlər dialoqu məkanı kimi tanınır, multikultural dəyərlərin genişlənməsinə dəstək olur və bu dəyərlərə örnək ölkə kimi qəbul edilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da həyata keçirilən siyasətə dəstəyi fonunda gördüyü işlərin miqyası olduqca böyükdür. Mehriban xanım Prezident İlham Əliyevin yazdığı uğur salnaməsinə öz zəngin dəst-xəttini əlavə edərək Azərbaycanın möhtəşəm quruculuğuna əvəzolunmaz töhfələrini verməkdədir.Bu gün ulu öndərin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır; həyatımızı, yaşam tərzimizi təyin edir, yol göstərir, təmin edir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq. Azərbaycanın qazandığı qələbələr bundan sonra da Azərbaycan dövlətinin, cəmiyyətinin sürətli inkişaf yoluna qədəm qoyacağından xəbər verir.

Ümummilli lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycan dövlətinin ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir!

Əlihüseyn Ağayev,

Ağəli Məsimov

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN