booked.net booked.net  

“Qışda evdə palto ilə otururuq. Buna məcburuq, çünki soyuqdur. Odun sobası qoymuşam, amma onu yandırmağa nəsə tapmırıq. Azyaşlı uşaqlarımla qışın günü pis durumda qalmışıq”.

Bunu İmişli şəhəri, Tofiq İsmayılov küçəsi 20 ünvanında yaşayan Mirhasil Məmmədov yazır.  M.Məmmədov bildirir ki, üzləşdiyi problemlə bağlı şikayət etmədiyi dövlət qurumu qalmayıb. Hətta sonda dövlət başçısına müraciət ünvanlayıb.

Yazır ki, küçə süpürür, ayda 300 manatadək maaş alır: "Bir neçə il öncəyədək evim də yox idi, küçədə idim. İndi rayonun Azot Gübrə İdarəsinin binasında özümə sığınacaq tapmışam. Başımın üstündə dam var, ancaq o damın altında istilik yoxdur”.

Şikayətçi rayonda ən xırda məsələlərlə bağlı belə dəfələrlə müraciət, şikayət, dava-dalaş, əsəb gərginliyindən sonra sözügedən sığınacağı əldə edə bildiyini deyir: “Özüm də xəstəyəm, astma bronxitdən əziyyət çəkirəm. Dövlət dərmanlarımı pulsuz verir. Onu da bir ay vaxtında alanda, ikinci ay süründürməçiliyə məruz qalıram. Şikayət məktublarına gələn cavablar evdə qalaq-qalaqdır”.

Şikayətçi bildirir ki, əvvəllər də rayonda başına gələn haqsızlıqlardan, süründürməçilikdən bəhs edən məktublar yazıb. Hətta etdiyi çoxsaylı şikayətlərə görə bundan əvvəlki icra başçısı Vilyam Hacıyev onu məhkəməyə də verib: “İddia edirdi ki, guya rayonun adını batırıram, olmayan şeylərdən danışıb, şikayətlər edirəm. Onun uğurlu siyasətinə, adına kölgə, ləkə gətirirəm. Zaman kimin doğru danışdığını sübut etdi. İndi o gedib, başqası gəlib. Ancaq yenə süründürməçilik, çək-çevirdir. Bu dəfə heç qəbula da düşmək olmur. "Pandemiyadır" bəhanəsi ilə qəbul etmirlər”.

M.Məmmədov hesab edir ki, bəlkə də qəbula düşə bilsə, dərdini desə, bir çarə tapılar. Ancaq bu, mümkün olmur: “Bu gün İmişli rayonu çox baxımsız durumdadır. Problem çox, çarəsi yox. Prezident həmişə çıxışlarında deyir ki, problemlə rastlaşan vətəndaş bizə məlumat versin. Prezident Administrasiyasına dəfələrlə məktub yazmışam. Onlar da yönləndirlər yerli qurumlara, deyirlər, vətəndaşa kömək edin. Yerli qurumlar kömək edən olsaydı, mən Prezident Administrasiyasına məktub yazmazdım".

M.Məmmədov yaşadığı evin vəziyyətinin də pis olduğunu bildirir. Tavanı damır, döşəmə nəm çəkir: “Pul da yox, bu problemləri həll edə bilmirəm. Çarə qalır məktublara. Düzdür, problemlər həll olunmur və hər dəfə özümə söz verirəm ki, daha yazmayacağam, bəsdir. Yenə də olmur. O an gəlir, çarəsizlikdən bilmirsən nə edəsən? Başlayırsan məktub yazmağa ki, bəlkə bu dəfə eşitdilər. Salyan Qaz Regional Qaz İstismarı İdarəsinin İmişli sahəsinin rəisi Ümidvar Rüstəmov bildirib ki, evimə küçə ilə 84 metrlik qaz borusu çəkiblər və onların işi bununla bitib. Doğrudur, küçə ilə evimin yaxınlığına qaz xətti çəkilib. Ancaq sayğac qoyulmayıb və hələ də evdə qaz yoxdur. Xətt birləşməlidir, sayğac qoyulmalıdır, onu etmirlər. Yenə bu gün-sabaha salır, bəhanələrlə işi yubandırırlar. Əziyyətini isə ailəm çəkir”. 

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN