booked.netbooked.net booked.net  

Sentyabr ayından unun bahalaşacağı deyilir.

Ekspertlər hesab edirlər ki, bahalaşma Azərbaycanın unu və buğdanı tədarük etdiyi Ukrayna və Rusiya arasında müharibənin davam etməsi, buğda tədarükünün azalması ilə bağlı baş verə bilər.

Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbatın 40 faizi idxal hesabına ödənilir. 2021-ci ildə Azərbaycanın özündə  595 min hektar ərazidə buğda əkilib. İllik buğda istehsalı isə 1,9 milyon tondur.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Rusiya, Qazaxıstan, Ukraynadan idxal olunan buğdanın qiyməti ölkəyə 550-600 manata başa gəlir. Bu qiymətlər son dönəmlərdə dəyişməyib.

Qurumdan qeyd olunub ki, ölkədə un dəyirmanlarının yaratdıqları tələbatdan iki dəfə çox buğda rezervləri var.

Nazirlikdən vurğulanıb ki, Azərbaycanda taxılçılığın inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. «Subsidiya verilir, texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Bu sahədə risklərin qarşısının alınması üçün cənab prezident tərəfindən ərzaqlıq buğda əkinlərini təşviq etmək məqsədilə müvafıq fərman imzalanıb. Sənədə əsasən fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur”.

Vurğulanıb ki, fermerlər Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə əlavə olaraq məhsul subsidiyası alacaqlar. Bununla yanaşı, bu fərman ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemlərinin tətbiqini təşviq edəcək. Digər tərəfdən, ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyyən olunub.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də bildirib ki, hazırda unun qiymətində artım hiss olunmur: «Əvvəllər Rusiya-Ukrayna müharibəsinin başlanması dövründə un məhsullarının qiymətində müəyyən artım oldu. Ancaq son dövrdə artıq bu, yoxdur».

Deputat qeyd edib ki, dünya bazarlarında taxılın, un məmulatlarının qiyməti artırsa, Azərbaycana da bu, istər-istəməz öz təsirini göstərməlidir: «Ancaq proqnozlar göstərir ki, bu artım yaxın vaxtlarda mümkün olmayacaq. Çünki ölkə rəhbəri də son çıxışlarında bildirib ki, ölkədə ərzaq təhlükəsizliyi hansı yollarla olur- olsun, təmin olunmalıdır».

Komitə sədri bildirib ki, Azərbaycan Rusiya və Ukraynadan buğda, un idxal edir: «Son vaxtlar bu iki ölkə arasında buğda məsələsində danışıqlar gedir, limanlarda taxıl məhsulunun müqavilələr əsasında ölkələrə ixrac olunması prosesi gündən-günə sürətlənir. Hesab edirəm ki, öz taxıllarımızı gətirə biləcəyik. Alternativ yollar da axtarılır, Qazaxıstanla müəyyən müqavilələr imzalanıb və çətinlik olarsa digər ölkələrlə də müqavilələr imzalana bilər. Belə olan halda, problem gözlənilmir».

İqtisadçı, iş adamı Nazim Bəydəmirli isə bildirib ki, Azərbaycanda yanvarda un istehsalçılarına maksimum qiymət müəyyən etməklə bağlı tapşırıq olmuşdu: «Əslində un, çörək məmulatlarının qiymətlərini təyin etmək istiqamətində on illər ərzində yanlış olaraq güya istehlakçıları qorumaq məqsədilə təpki göstərilirdi, bahalaşmasına maneçilik törədilirdi və inzibati yolla tənzimlənməyə çalışırdılar. İllər boyu Azərbaycanda monopoliya ona gətirib çıxardı ki, biz Rusiyadan asılı vəziyyətə düşdük».

Ekspertin sözlərinə görə, Azərbaycanda qiymətlərin bahalaşmaması üçün dövlətin əlində kifayət qədər resurs var: «Bunun üçün rüsumların və vergilərin tənzimlənməsi həyata keçirilməlidir. Amma biz bunu heç vaxt görməmişik».

O qeyd edib ki, hazırda satış məntəqələrində un olsa da, onu satmırlar: «Görünür, gözləntilər odur ki, un daha da bahalaşacaq. Çünki bölgədəki problemlər həll olunmayıb, Rusiyanın Ukraynaya qarşı işğal təcavüzü aradan qalxmayıb, eyni zamanda yerlibazlıq və qohumbazlıqla yaran dövlətin aidiyyatı qurumları idarəetmənin xərclərini artıraraq süni qiymət artımını yaradırlar».

N.Bəydəmirlinin sözlərinə görə, əsas problem monopoliyadır: «Ölkədə un istehsalı bir neçə şirkətə məxsusudur. Bölgələrdə un istehsalı üçün infrastruktur, kiçik dəyirmanlar yoxdur. Məsələn, Gədəbəy fermerləri taxılı Gəncəyə satmalıdır, dəyirman olmadığına görə özləri un istehsal edə bilmir».

İqtisadçı qeyd edib ki, un istehsal edən qonşu ölkələrdə sentyabr-dekabr aylarında adətən buğdanın qiyməti sabitləşir və enməyə meylli olur: «Ancaq Rusiyanın Mərkəzi Bankı kağız üzərində dollar kursunu müəyyən edir və bu kurs həqiqətə uyğun deyil. Bu səbəbdən Azərbaycan sahibkarlarının və şirkətlərin Rusiya tərəfdaşları ilə müqavilələrin rus rublla olduğuna görə qiymətlər dollar nisbətində bahalaşır».

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN