booked.netbooked.net booked.net  

Almaniya vətəndaşı: “Bizdə ona görə qayda pozma yoxdur ki, buna, sadəcə, şərait yoxdur...”

 ...Azərbaycanın şəhər, rayon və qəsəbə yollarında artıq neçə illərdir ki, intellektual idarəetmə sistemi tətbiq olunub. Yəni, ölkəmizin yol polisi əməkdaşlarının yollarda dayanıb müşahidə və ya açıq-gizli reyd aparmasına demək olar zərurət qalmayıb, yollara quraşdırılmış kamera və sürət ölçən radarlar bu işi yerinə yetirir.

 Üstəlik, “Yol hərəkəti haqqında” Qanuna az qala aybaay dəyişikliklər edilir, qanunlar və sürücülərə qadağalar sərtləşdirilir. Bu zahirən «qayda pozuntularının azalmasına səbəb olacaq» məntiqini ortaya qoyur. Və məntiqlə də belə olmalıdır. Amma yenə də yollarımızda ağır yol nəqliyyat hadisələrinin sayı azalmaq bilmir. Təəssüfləndirici haldır ki, bu qəzalarda ölənlərin də sayında azalma yox, artma müşahidə olunur. Məsələn, Bakının və ölkəmizin magistral yollarında sürət həddi minimumadək azaldılsa da, yenə də ölüm və ya ağır yol-nəqliyyat hadisələrinin statistikası təəssüfləndiricidir. Budur, Bakının bir sıra yollarında sürət həddi 70 km-saat sürətdən 60 km-saat sürətə endirilsə də, statistika təsdiqləyir ki, yenə də ağır yol nəqliyyat hadisələri və qayda pozuntuları azalmır.

Qaydalar sərtləşdirilib, cərimələr artırılıb, amma avtoqəzaların sayı azalmaq bilmirsə...

 Beləliklə, ölkənin yol hərəkəti təhlükəsizliyinə cavabdeh olan qurumların rəhbərliyi belə hesab edir ki, qaydalar sərtləşdikcə və cərimələr artırıldıqca, qayda pozuntularının və avtoqəzaların da sayı azalmalıdır. Apardığım müşahidələr və rəsmi statistika sübut edir ki, bu, heç də belə deyil. Yəni, əksinə, qaydaların sərtləşdirilməsi və cərimələrin artırılmasının yollarımızdakı qayda pozuntularına, ağır yol-nəqliyyat hadisələrinə və bu hadisələrdəki ölümlərə elə də bir təsiri və ya aidiyyəti yoxdur. Əksinədir! Dövlət Statistika Komitəsinin məlumatlarına diqqət edək:

-2022-ci il: 1668 yol-nəql. hadisəsi və 834 ölüm;

-2021-si il: 1649 və 706;

-2020-ci il: 1587 və 696;

-2019-cu il: 1870 və 821;

2018-ci il: 1817 və 722;

2005-ci il: 3179 və 596 və s.

Nəhayət, 2023-cü ilin 6 ayında 780 yol-nəqliyyat hadisəsində 387 ölüm faktı var. Hər 2 hadisədə 1 ölüm faktı! Bu dəhşətdir!

Sərxoş sürücülər ayıq sürücülərdən daha məsuliyyətlidir?

 2023-cü ilin 6 ayında baş vermiş  780 yol-nəqliyyat hadisələrinin 16-sı sərxoş sürücülər tərəfindən törədilib. Diqqət edin, sərxoş sürücülərin törətdiyi 16 hadisədə 4 nəfər ölüb (25 faiz), amma ayıq sürücülər tərəfindən törədilən 780 hadisə zamanı 387 nəfər ölüb (təxminən 50 faiz). Daha dəqiq desək, ayıq sürücülərin törətdiyi hər iki hadisənin biri ölümlə nəticələnib! Demək, sərxoş sürücülər daha məsuliyyətlidir!

yol-polisi

Bu qədər sərt qadağalar və aşıb-daşan cərimələr…

Budur, Prezident İlham Əliyev 2023-cü ilin iyulun 17-də İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Bununla da bir çox cərimələrin məbləği artırılıb. Məsələn, bu dəyişiklikdən sonra 60 manatlıq cərimələrin məbləği 80 manat olub. Digər artırılmış cərimələr isə bunlardır:

-İşıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi;

-"Giriş qadağandır" yol nişanının tələblərinin pozulması;

- Əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etməyə, yolayrıcını keçmə qaydalarının pozulması;

 - Üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq sola və ya geriyə dönmək, yaxud maneəni kənardan keçmək” və s.

 Bu hələ harasıdır, sərxoşluqla bağlı cərimə isə 400 manatdan 500 manata qədər artırılıb. Eləcə də sürücülük hüququ məhdudlaşdırılmış şəxsin avtomobil idarə etməsinə görə cəriməsi 200 manatdan 300 manata, birtərəfli yollarda əks istiqamətdə (“protiv”) hərəkət edən sürücülərin cəriməsi də 100 manatdan 150 manata qaldırılıb.

 Uzun illərdir sürücülərimizi ən çox narahat edən, daha doğrusu, onların cibini soyan qaydalara da diqqət kəsilək. Məsələn, yollarda sürət həddini 41-60 km-/saat sürətə qədər aşanlar 150 manat deyil, indi 200 manat cərimə ödəyir. Sürət həddini 61 km-/saat və daha çox aşanlar isə indi 250 manat yox, 300 manat ödəməlidir!   

Bu qədər nəzarətə baxmayaraq, bəs niyə cərimələrimiz son 5 ildə 2 dəfə artıb?

 Dövlət Statistika Komitəsinin rəsmi saytından öyrənirik ki, görülən tədbirlərə, sərtləşdirilən qaydalara, yollarda intellektual idarəetmə tətbiqindən əlavə, post-patrul xidməti əməkdaşlarının sayının artımı və xidmət çəkməsinin intensivləşdirilməsinə və s. baxmayaraq, sürücülərimiz son illər getdikcə daha çox cərimə ödəməkdədir. Məsələn, 2022-ci ildə bu rəqəm 136.5 milyon manat olub. Bunlar büdcə təsnifatında da yer alır.

Bu da illər üzrə cərimələrimiz:

2022-ci il- 136 milyon 522 min;

2021-ci il- 128,9 milyon;

2020- 118,2 milyon;

2019- 119,5 milyon;

2018- 85,6 milyon;

2017- 73,73 milyon manat!

Təəssüflər olsun, 2023-cü ilin 6 aylığı üzrə orta cərimə məbləği barədə konkret rəqəm tapmadıq. Amma müqayisəli şəkildə düşünsək, deməli, bu məbləğ dinamikdir, məntiqlə bu il daha da çox olacaq. Bunu son vaxtlar yollardakı DYP inspektorlarının, eləcə də radar qurğuları və kameraların say çoxluğu da təsdiqləyir...

25 km-lik məsafədə 26 radar?

Apardığımız müşahidələr daha bir maraqlı məqamı üzə çıxartmış oldu. Məsələn, Bakının Xırdalan dairəsindən Müşfiq qəsəbəsinədək əvvəllər sürət həddi 70 km-saat idi. Bakı-Şamaxı-Yevlax-Qazax istiqamətinə gedən sürücülər paytaxt tıxacından canını qurtaran kimi itirilmiş vaxtını bu yoldakı 80 km-saat sürətədək hərəkti ilə kompensasiya edə bilirdi. İndi bu yolda sürət həddini heç bir əsaslı səbəb olmadan 60 km-saat-a qədər azaldıblar.  Hansı ki, bu həddə qətiyyən ehtiyac yoxdur. Taksi sürücüsü Adəm Zamanov bizimlə söhbətində gileyini belə ifadə etdi: «…Bölgələrə getmək üçün 25 km-lik Xırdalan dairəsi-Müşfiqabad məsafəsində 18 stasionar radar və 7 sürət ölçən cihazlarla təchiz edilmiş DYP avtomobilləri xidmətdədir. Təsəvvür edin, bu sürətə tab gətirməyənlər bəzən məcburən sürəti bir az artırmaq istəyir. Axı hər gün paytaxtın mərkəzində saatlarla tıxacda qalırıq… Mümkün deyil ki, hər gün məcburən sürət həddini aşmayaq və cərimələnməyək. Axı nəyə görə???».  

radar-2

Azərbaycanda il ərzində adambaşına təxminən 13,7 manat cərimə düşür...

2023-cü ilin statistikası bəlli olmadığından yalnız onu deyə bilərik: təqdim olunan rəqəmlərdən də görünür ki, son 5 ildə cərimələrimizin sayı 2 dəfə artıb. Məsələn, 2017-ci ildə sürücülərimizin ailə büdcəsi 73,73 milyon manatlıq cərimələrə qismət olubsa, bu rəqəm 2022-ci ildə 136,5 milyon manat olub. Təxminən 2 dəfə artım! Əhalimizin sayının təxminən 10,1 milyon nəfər olduğunu nəzərə alsaq, deməli, ölkəmizdə il ərzində adambaşına təxminən 13,7 manat düşür (8,5 ABŞ dolları).

 Bundan başqa, Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 1 yanvar 2023-cü ilə Azərbaycanda təxminən 1,4 milyon minik və yük avtomobili vardır. Bu isə  o deməkdir ki, əgər 2022-ci ildə ölkə üzrə cərimələrin məbləği 137,5 milyon manat olubsa, deməli, Azərbaycanda hər avtomobil sürücüsünə il ərzində (2022) 98,0 manat (58,0 ABŞ dolları) cərimə düşüb!

Tanınmış QHT rəhbəri Mirvari Qəhrəmanlı mövzu ilə bağlı bunları dedi: “...Təbii ki, dövlət büdcəsi daha çox sosial yönümlü olan ölkəmizdə vətəndaşların-sürücülərin ailə büdcəsindən bu qədər vəsaitin qayda pozuntularına görə cərimələrə çevrilməsi yaxşı hal deyil. Görünür, burada nəsə başqa ciddi tədbirlər görülməli, sürücülərin nədən qayda pozmasının səbəbləri aydınlaşdırılmalıdır. Axı necə olur ki, hər il qaydalar sərtləşdirilir, digər tədbirlər görülür, amma həm də qayda pozuntularının sayı azalmır, əksinə, artır...”.

Almaniya vətəndaşı: “Bizdə ona görə qayda pozma yoxdur ki, buna, sadəcə, şərait yoxdur...”

 Həqiqətən də, olduqca düşündürücüdür: Axı necə ola bilər ki, hər il qaydalar sərtləşdirilir, sürət həddi aşağı salınır, digər tədbirlər görülür, amma eyni zamanda həm də qayda pozuntularının sayı, deməli, cərimələrin və ölümlərin sayı azalmır, əksinə, artır...

 Bu və ya digər suallarla Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Berlində yaşayıb fəaliyyət göstərən Abdulqadir İnaltəkinə müraciət etdim:

-Abdulqadir bəy, Almaniyada sürücülər necə, onlar da qaydalara alman dəqiqliyi ilə əməl edirlərmi?

-Təbii olaraq, elədir. Almaniyada taksidən də istifadə edirəm, avtomobili olan övladlarımın da xidmətindən... Amma şəxsi təcrübəmdən rast gəlməmişəm ki, onlar qayda pozsunlar və onlara cərimələr gəlsin...

-Sizcə, buna səbəb nədir?

-Mən əsas səbəbi onda görürəm ki, sadəcə olaraq, Almaniyada qayda pozmağa şərait yoxdur. Axı hansı sürücü istəyər ki, qayda pozub ya cərimələnsin, yaxud da ağır yol-nəqliyyat hadisəsinin qurbanı olsun...

Bəs Rusiyada qayda pozma və ya cərimələnmə hansı səviyyədədir?

 Rusiya Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin hesabatına əsasən, 2022-ci ildə rusiyalı sürücülər ümumilikdə 201 milyon halda cərimə edilib ki, bu da 2021-ci illə müqayisədə 12% azdır. Yaxud, sürücülər 136,8 milyard rubl məbləğində cərimələniblər ki, bu da 2021-ci ildəkindən 6,7% azdır. Rusiya əhalisinin 147 milyon nəfər olduğunu nəzərə alsaq, il ərzində adambaşına təxminən 932 rubl (10,1 ABŞ dolları) düşüb! Rusiya Federasiyasında hər bir avtomobil sürücüsünə isə 2537 rubl (26,13 ABŞ dolları) cərimə düşür-Azərbaycandakından təxminən 2,4 dəfə az!

Bəs Gürcüstanda vəziyyət necədir?

 Gürcüstanın İXM-də yol hərəkəti qaydalarının pozulmasına görə yeni cərimələr 2022-ci ilin dekabrın 27-dən qüvvəyə minib. Belə ki, sürəti saatda 40 km-dən artıq həddə çatdırma 300 lariyə, taksi sürücüləri üçün isə 400 lariyə başa gəlir. Sürəti saatda 40 km-dən artıq aşdıqda və insanlar yüngül xəsarət alarsa, cərimə 600 laridir. Ölkədə şəhər (kənd) ərazisində sürət həddi - 60 km/-saat, kənar yollarda -90 km-/saat, magistralda isə 110 km-/saat sürət həddi müəyyən edilib. Ölkədə ötən il adambaşına cərimələr 7 dollar olub və əvvəlki illərlə müqayisədə xeyli aşağıdır.

Ukraynada cərimələr: icarəyə götürülmüş avtomobillər ən çox rast gəlinən pozuntulardır...

 Ukraynada yol hərəkəti qaydalarının pozulması üçün yeni cərimələr 2021-ci ilin mart ayından qüvvəyə minib və bu cərimələrin məbləğləri müxtəlif dərəcədə artıb:

2022-ci ilin sonuna Ukraynada avtomobillərin sayı 10,2 milyon ədəd olub. 2020-ci il iyunun 1-dən indiyədək 1,8 milyon qayda pozuntusu qeydə alınıb, nəticədə sürücülər 260 000 000 UAH ödəyiblər. Bu isə o deməkdir ki, Ukraynada il ərzində adambaşına 7,5 UAN (),74 ABŞ dolları). Və ya Ukraynada hər bir sürücü il ərzində 32,7 UAN ((),9 ABŞ dolları) cərimə ödəməli olub (Azərbaycanda isə 58,0 ABŞ dolları). 

***

 Ermənistan Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin hesabatına əsasən, sürücülər 2022-ci ildə 201,0 milyon dəfə cərimə edilib ki, bu da 2021-ci illə müqayisədə 12% azdır. Həmin dövrdə 136,8 milyard rubl məbləğində cərimə tətbiq edilib, bu da əvvəlki illə müqayisədə 6,7% azdır. Beləliklə, 2022-ci ilin sonuna Ermənistanda adambaşına (ümumi cərimələr 136,8 milyard rubl və 3,3 milyon nəfər) 41515 rubl cərimə düşüb.

Yollardakı cərimələrdən yaxa qurtarmağın yolu

Müqayisə edilən ölkələrdə illər üzrə getdikcə cərimə məbləğləri və cərimələnənlərin sayı azalmağa doğru gedir. Lakin Azərbaycanda isə proses əksinədir- hər iki bənd üzrə artım davam edir. Biz bu müqayisələri ona görə verdik ki, mütəxəssislər, məsul şəxslər bir suala cavab versinlər: nədən qaydaların sərtləşdirilməsinə və cərimə həddinin artırılmasına baxmayaraq, Azərbaycanda qayda pozmanın sayı və cərimələrimizin həcmi arta-arta gedir? Axı, adətən, qaydaların sərtləşdirilməsi islah məqsədlidir. Bəs elə isə, niyə sürücülərimiz, bu mənada, islah olunmur? Bəlkə bizdə qayda pozmağa münbit şərait daha çoxdur, ona görə?! 20-30 il əvvəlki dövrlərin statistikasını və indiki intellektual idarəetmə nəzarətini, sərt qanun və qaydaları göz önünə gətirəndə tamamilə fərqli  mənzərə və suallar ortaya çıxır. Gəlin bu suallara birlikdə cavab axtaraq…

Asif MƏRZİLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN