booked.netbooked.net booked.net  

 

Bura Qarabağdır-30 il Ermənistanın işğalı altında qalan yurd... Ürək parçalayan mənzərələr var...
şuşa

Bakıdan Şuşaya gedən yol 7 saat çəkəcəkdi. Bu yol Füzulidən, Xocavənddən, Daşaltından keçib Şuşada sonlanacaqdı. Bundan əvvəl, insanların təbirincə, dünyanın düz vaxtında əhali Şuşaya Ağdamdan keçərək gedirmiş və bu yol indi bizim getdiyimiz yoldan daha qısaymış. İndisə o yolun keçdiyi bəzi ərazilərə rusiyalı sülhməramlılar müvəqqəti nəzarət etdiyi üçün yola sərf edilən vaxt uzanır.

  • füzuli
Şəklin alt yazısı: Füzuli Beynəlxalq Hava limanında tikinti işləri davam edir

Yolüstü ilk dayanacaq Füzuli Beynəlxalq hava limanı oldu. Burada hələ də tikinti gedir. Gözə ancaq işçilər dəyir. Tikintidə qızğın iş gedir. Cəmi 2 gün sonra bura ilk uçuş həyata keçiriləcəkdi. Füzulidən Şuşaya yol maşınla 2 saata yaxındır. Yol kənarında uçulub dağılmış evləri və hətta qarşı tərəfin döyüş texnikasını görmək olar. Uçqun evlərə nəzər salanda nə vaxtsa, illər əvvəl burada qaynar həyatın olduğuna, insanların yaşayıb, yurd-yuva salıb ömür sürdüyünə inana bilmirsən. İndi yalnız xarabalıqlar var. Bu xarabalıqların isə bərpası nə qədər vaxt aparacaq, hələlik məlum deyil. Avtobus yoluna davam etdikcə, ötüb-keçdiyin yerlərin də təbiəti dəyişir, daha göz oxşayan olur. Dağlıq ərazilər, meşəliklər, dağlar qoynundan Şuşaya gedən yola baxdıqca doymaq olmur. "Zəfər yolu" adlandırılan yolda tikinti işləri davam edir. Yolun müəyyən hissələri hələ də düzəlməkdədir.

xocavənd
Şəklin alt yazısı: Hərbçilər və işçilər müxtəlif tikililərin üzərinə cümlələr və ya sözlər yazıb

Xocavəndin Azərbaycanın nəzarətində olan hissəsindən uzanan yol Daşaltıdan da keçir. Buralarda hər iki yol kənarında evlər, yaşayış məntəqələri gözə dəyir. Burda da İkinci Qarabağ müharibəsinin izlərini görmək mümkündür. İstər dağıntılarda, istərsə də hərbçilərin divar qraffitilərində... Bir evin divarlarında müharibədə həlak olmuş bir hərbçinin qisasının alındığı yazılıb.

zəfər yolu
Şəklin alt yazısı: Şuşaya gedən yol "Zəfər Yolu" adlandırılıb

Dağların qoynu ilə uzanan yol bizi Şuşanın girişinə gətirir: burda yolçuları uzaqdan belə görünən "Şuşa" sözü qarşılayır. Ərazinin ümumi görüntüsünü videokamera ilə çəkə bilmirik. Çünki yuxarı yolda Azərbaycan hərbçilərinin, aşağıdakı yolda isə Rusiya sülhməramlılarının postları qurulub. Heç birinin nə fotosunu, nə də videosunu çəkmək olar. Buna görə də fotoapatımızın, videokameramızın obyektinə ancaq "Şuşa" sözü düşür. Və budur, avtobus irəliləyir və biz Şuşa şəhərinə daxil oluruq. Gözə ilk dəyən ətrafda gedən tikinti və çoxmərtəbəli binalardı.

şuşa
Şəklin alt yazısı: Hələ ki, heç bir sakin Şuşaya geri köçürülməyib.

Fasiləsiz davam edən tikinti işləri şəhərin yaxın müddətdə daha da canlanacağından xəbər verir. Küçələr təmizdir, yolda yalnız tikintidə işləyənlərin və hərbçilərin avtomobillərini görmək olar. Şəhər yaşıllığın içindədir, yol kənarlarında müxtəlif ağaclar var: alça ağacının meyvəsindən yeyirik.

şuşa

Şəhərdə çoxlu it-pişiyin olması da nəzərdən qaçmır. Yaşayış binalarının, evlərin, müxtəlif tikililərin divarları hərbçilərin, işçilərin qrafftisi ilə bəzənib. Burada Azərbaycanın istənilən regionunun, hətta Bakı kəndlərinin də adına rast gəlmək mümkündür: Samux, Masallı, Mingəçevir, Biləsuvar, Maştağa, Hökməli...

şuşa

Divarlara təkcə şəhər və rayon adları yox, həm də kişi və qadın adları, eləcə də bəzi biznes obyeklərinin sosial media hesabları yazılıb. Bir binanın aşağı mərtəbəsində isə "Xalidin evi" sözlərini oxumaq olar. Bəzi yaşayış binaları boşdur, evlərin pəncərələri çilik-çilikdir. Bəzi mərtəbələrdə dağıntı izləri var.

şuşa

Eyvana çəkilmiş iplərə sərilən paltar bayraq kimi dalğalanır. Görünür, bəzi mənzillərdə yaşayış var. İndi işləməyən və şüşələri dağımış bir mağazanın önündə qoyulmuş dondurma soyuducusunun üzərində "Yerevan" yazılıb.

şuşa
Şəklin alt yazısı: Hazırda fəaliyyətsiz olan kiçik mağazanın qarşısında dondurma soyuducusu
şuşa
Şəklin alt yazısı: Şəhərdə bəzi yerlərdə erməni dilində yazı qalıb

Yaşayış binaları mühafizə olunmasa da, tarixi abidələrin girişində əli silahlı hərbçilər dayanıb. Hamısının üzü gülür, əhval-ruhiyyəsi yaxşıdır. Verilən suallara cavab verməyə çalışırlar, gülümsəyirlər. Bir hərbçi burada xidmət etdiyi üçün özünü xoşbəxt sayı, söhbət zamanı deyir ki, burada dayana bildiyi üçün Şuşa uğrunda həlak olanlara minnətdardı. Yuxarı Gövhər Ağa məscidi açıqdır, içəridə bir kişi namaz qılır. O, Şuşada təmir işlərində çalışanların sürücüsüdür. Deyir, hər gün bu məsciddə namaz qılıb, Allaha dua edir. Şuşada olduğu və burada namaz qıla bildiyi üçün çox xoşbəxtdir.

şuşa

"İllərlə namazlarda Allaha bura qayıtmaq üçün dualar edirdik,"- adını söyləmək istəməyən kişi özü də Kəlbəcərdən köçkün olub. Yuxarı Gövhər Ağa məscidindən Üzəyir Hacıbəyov, Natavan və Bülbülün büstlərinin qoyulduğu parka gedən yolda ərzaq mağazası var. Yaşayış binalarının müxtəlif mərtəbələrindən mülki geyimli şəxslər görmək olur. Onlar bizi salamlayırlar, əl edirlər. Bu küçəni təzə bişmiş çörək qoxusu bürüyüb. Təşkilatçılar deyirlər ki, Şuşa alınandan bəri burada çörək bişirilir.

şuşa
Şəklin alt yazısı: Şuşada bir neçə ərzaq mağazası fəaliyyət göstərir

Şuşada artıq 2 məşhur zəncir market öz filialını açıb. Bir neçəsində alış-veriş gedir. Öz aralarında danışan müştərilərin söhbətindən belə anlamaq olur ki, burada spirtli içkilər satılmır. Səfər təşkilatçıları deyir ki, burada yerli, yəni şuşalı ailələr hələ ki, yaşamır. Yalnız burada xidməti vəzifəsini yerinə yeriən bəzi şəxslər öz ailəsini də bura gətiriblər. Belə ailələrin sayı isə azdır.

cıdır düzü

Şuşa deyiləndə ilk yada düşən Cıdır düzünün girişində də hərbçilər var. Ətraf uca dağlarla, uçurumlarla əhatələnib, sərin külək əsir. Cıdır düzünün baş hissəsində hərbçi postu qoyulub. Cıdır düzündən baxanda Xankəndi tam olaraq görünür. Şuşa ilə Xankəndi arasındakı məsafə qısaymış...

şuşa
Şəklin alt yazısı: Cıdır düzündən baxarkən irəlidə Xankəndini görmək mümkündür.

Cıdır düzündə jurnalistlərdən, hərbçilərdən başqa bir neçə adam da var. Onlar Füzulidən gəliblər. 44 günlük müharibədə həkim və feldşer kimi çalıblar.

Sahib Səfərov adlı həkim 44 günlük müharibə boyunca evə belə getmədiyindən, yaralı hərbçilərin təxliyəsi və müalicəsi ilə məşğul olduğundan danışır.

şuşa
Şəklin alt yazısı: Aşağı Gövhər Ağa məscidində yenidənqurma işləri gedir

O, Şuşanın "vandalizmə uğradığını" və buna görə də "erməniləri heç vaxt bağışlamayacağını" deyir.

"Şuşada olmaq, Cıdır düzündə gəzmək necə bir hissdir,"-deyə soruşanda o həyəcanlanır, gülümsəyir və çılpaq qolunu irəli tutur. Onun tükləri biz-bizdir, "bax, belə hissdir" deyir.

Şuşadakı kilsədə təmir işləri aparılır, kilsənin içində çəkiliş aparmağa icazə yoxdur. Bir az irəlidə, daha bir "Şuşa" yazısına rast gəlirik. İşğaldan qabaq kirilcə yazılmış Şuşa sözü indi latın hərfləri ilə qala divarının üzərində özünə yer tutub.

Bundan sonra isə daha bir hərbçi postu bizi qarşılayır. Küçələrdə həm gənc, həm də nisbətən yaşlı hərbçiləri görmək mümkündür. Əsgərlər qaçır, məşq edir, söhbət edirlər.

şuşa
Şəklin alt yazısı: Şuşada tikilən üçüncü otelin burada olacağı deyilir

Burada bir neçə otel var. Biri, Xarı Bülbül oteli fəaliyyət göstərir, digəri isə hələ açılmayıb, 3-cü otelin yeri müəyyənləşib, orada tikinti işləri gedir.

Burada işləyən, Laçından məcburi köçkün düşmüş, lakin adını söyləməyən bir kişi başqa yerdəki daimi işini atıb Şuşaya köçüb. Onun Şuşadan 35 km aralı yerləşən kəndindəki dağ uzaqdan görünür. Müsahibimiz deyir, o, hər gün o dağa baxır. O öz kəndinə bir neçə dəfə səfər edib, indi ora köçəcəyi günü səbirsizliklə gözləyir.

şuşa

İsti keçən yay aylarından sonra Şuşada sərin havadan zövq almaya bilmirsən, üstəlik, ciyər dolusu təmiz hava udursan. Axşam düşdükcə hava bir az da soyuyur, ta səhər obaşa qədər buz kimi dağ havasında rahat bir yuxuya gedirsən.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN