booked.netbooked.net booked.net  

Aşıq Namiq Fərhad oğlu qonaq olduğu “Rəngarəng” verilişində pul xərclədiyi layihələrdən danışarkən belə bir məlumat da verib: “Müğənni Nəfəsi ilk dəfə efirə mən çıxartmışam”.

P.S. Çox böyük qəhrəmanlıq eləmisən, mən ölüm... Rəhmətliyin oğlu, səhnədə soyunub abrımızı tökənlər az idi, biri də çaydan üzüb keçdi... ee... üzr istəyirəm, birini də bu Aşıq Namiq qoltuğuna vurub gətirdi. İndi camaat dəqiq bilər ki, səhnədə, efirdə soyunanların birinin də artdığına görə, kimi lənətləmək lazımdır.

***

Müğənni sayılan Ülviyyə Namazova ATV-nin “Rəngarəng” verilişində həmkarı Vəfa Şərifovanın keçmişini yada salaraq deyib: “Dükanda mebel satmısan, sən kimsən? Sonra da gəlib buralara çıxmısan”.

P.S. Deyirəm, nə yaxşı olardı ki, yağışdan sonra göbələk kimi çıxan, səsi-sənəti olmayan, amma soyunmaqla gündəmə gələn bu müğənniciklər, elə əvvəlki sənətlərinə qayıdaydılar. Gözümüz, qulağımız da dincələrdi...

***

Xəbər verilir ki, müğənni Aysel Əlizadə, qışın bu oğlan çağında Maldiv adalarında yay tətili kimi dincəlməyini əks etdirən şəkilləri instaqram hesabında paylaşıb.

P.S. Aysel xanım üçün istər qış olsun, istər yay olsun, istər isti Bakı olsun, istərsə də Maldiv adaları olsun, fərqi yoxdur, həmişə yaydakı kimi geyinir. Aysel xanım açıq-saçıq geyimi ilə onun üçün həmişə yay olduğunu çoxdan göstərib.

***

Ötən həftə Binəqədi rayonunda yerləşən mebel emalatxanasında baş verən partlayış nəticəsində 10 nəfər həyatını itirib.

P.S. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Bəs bu faciənin günahkar(lar)ı kimdir? Aldığımız məlumata görə, həmin mebel emalatxanası Diaspor üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov və qardaşlarına məxsusdur. Onu da öyrəndik ki, emalatxana “SOCAR”a məxsus magistral qaz borusunun üstündə tikilib. “SOCAR” rəhbərliyi hələ 10 il əvvəl, yəni Nazim İbrahimov və qardaşlarının at oynatdığı vaxtı həmin obyektin sökülməsi üçün məhkəməyə müraciət edibmiş. Lakin obyekti sökdürə bilməyiblər. Nəticədə 10 il sonra emalatxana dağılıb yerlə bir oldu və 10 nəfərin həyatına son qoyuldu. Burada birinci günahkar, Nazim İbrahimov və qardaşlarıdır. İkinci günahkar, “SOCAR”-ın o vaxtki rəhbərliyidir ki, obyektin sökülməsində axıra qədər israrlı olmayıb. Üçüncü günahkar isə, həmin işə məhkəmədə baxan və obyektin sökülməsi haqqında, hansısa maraq naminə, obyektiv qərar verə bilməyən hakimdir. Bu insanlar təcili surətdə axtarılıb tapılaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır!

***

Qəzetlərin birində Azərbaycanda narkotikanın necə yayılmasından bəhs edən yazıya belə başlıq qoyulub: “Narkotiklər Azərbaycana necə daxil olur? Və yaxud ölkəmizdə narkoticarətin qarşısını niyə almaq mümkün olmur?”

P.S. Əvvəlla, narkotiklərin Azərbaycana, adını İslam Respublikası qoyan, əslində isə, İslamdan, dindən uzaq olub, şeytana xidmət edən İrandan daxil olduğunu hamı bilir. İkincisi isə, nə qədər ki, İran kimi Allahsız-dinsiz, şeytana xidmət edən, müsəlman Azərbaycana yox, xristian erməniyə qardaş deyən başabəla qonşumuz var,  deməli, Azərbaycanda narkoticarətin qarşısını almaq da mümükün olmayacaq.

***

Xəbər verilir ki, Türkmənistandan bizə gələn qaz kəsilib.

P.S. Belə çıxır ki, biz daha qazlana bilməyəcəyik? Yaxşı qazlanmaq üçün də deyəsən öz qazımız çatmır...

***

Yumurtanın bahalığından bəhs edən yazıya bir qəzetdə belə başlıq qoyulub: “Yumurta 12 qəpiyə xaricə, 16 qəpiyə özümüzə satılır - Niyə?”

P.S. Rəhmətliyin oğlu, necə yəni niyə? Bəs o məşhur məsəli eşitməmisən ki, yada yarısı, özümüzə hamısı?

***

Məlumatlara görə, banklar, onsuz da həddindən artıq yüksək olan əmanətin də, kreditin də faizini yenə qaldırır.

P.S. Banklar əmanətin, kreditin faizini qaldırmır e, əhalinin təzyiqini qaldırır...

***

Sosial şəbəkələrdə Şeyx Allahşükür Paşazadənin dəbdəbəli villası barədə yazılanlara qudası, sabiq deputat Qalib Salahzadə belə reaksiya verib: “And olsun Allaha, Şeyx bu evi tikəndə mən özüm ona 260 min dollar borc pul vermişəm. Şeyx ondan-bundan borc alıb tikib ki, gələn-gedən var”.

P.S. Hacı Qalib Salahzadənin dediyinə qəti surətdə inanmaq olmaz. Nöşün ki, bu adam hələ 2016-cı ildə müsahibə verərək demişdi: “1990-cı ilə qədər yeyib-içən olmuşam. 90-cı ildən içkini tərgitdim və ondan sonra 28 dəfə Həcc ziyarətinə getmişəm”. Hesablayanda isə, məlum olurdu ki, 1990-cı ildən 2016-cı il də daxil olmaqla getdiyi Həcc ziyarətinin sayı 28 yox, 26 çıxır. Belə yalan danışan adama necə inanmaq olar ki, qudası Şeyxə 260 min dollar borc pul verib?

***

Müğənni Vasif Məhərrəmli “Mirinin dibçəyi” layihəsində iştirak edib və keçmişdən danışarkən belə deyib: “Vaxtilə Zaur Kamal özünün “5/5” verilişində məni “sındırmağa” çalışırdı”.

P.S. Vasif bəy, sənə böyük hörmətim var, amma elə Zaur Kamal kimi özünü-sözünü, danışığını bilməyən birinin verilişinə getməklə, özünü elə o vaxt “sındırmısan”.

***

Müğənni sayılan Ədalət Şükürov şəxsi sosial media hesabında yeni aldığı bahalı və lüks avtomobillə çəkdirdiyi şəklini paylaşıb.

P.S. Bəs necə olmalıdır ki? Kimi səsini-sənətini göstərir, Ədalət bəydə də bunlar olmadığından bahalı avtomobilini göstərir dəə... Bu təbiidir. Kimin nəyi varsa, onu da göstərəcək də...

***

Meyxanaçı Namiq Qaraçuxurlu keçmiş duet ortağı olmuş, xalq artisti Aygün Kazımova haqqında “Mağazin plus”-a açıqlamasında, Aygün xanımla yeni duetlər oxumaq haqqında fikirləşdiyini bildirib.

P.S. Hımm... Maraqlıdır. 5 il Aygün xanımla duet oxuyub ayrılandan sonra Namiq bəy arıqlayıb çöpə dönmüşdü. Yazıq indi-indi özünə gəlməyə başlayıb. Görünür bərpa prosessi tam başa çatıb, şirəsi yerinə qayıdıb və ona görə də yenidən Aygün Kazımova ilə bir yerdə olmaq... yəni duet oxumaq istəyir. Canı yanmış Aygün də, 53 yaşı olsa da, az aşın duzu deyil haa... 

ELÇİN

elcinmemmedliThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

elcin-mmmdli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN