booked.net booked.net  

...Yeni dərs ili başladı... Ali məktəblərimiz auditoriyaların qapısını yenidən tələbələrin üzünə açdı... Universitetlərin hazırlıq səviyyəsi barədə danışarkən Bakı Dövlət Universitetini ilk növbədə qeyd etmək lazımdır. Çünki artıq bir ilə yaxındır ki, Respublikamızın flaqmanı olan bu ali məktəbdə ciddi yenidənqurma və təmir işləri aparılırdı. Bu işlərin son akkordları vurulmaqdadır. Bakı Dövlət Universiteti növbətri dərs ilinə tamamilə yeniləşmiş formada çıxıb, desək heç də yanılmarıq.
Universitetin ikinci korpusunda ciddi tamamlama işlər görülüb. Uzun müddət təmir olunmayan bu binanı indi görənlər tanımır. Orada aparılan yenidənqurma və təmir işləri həqiqətən də son illər ali təhsil ocaqlarımızda aparılan bu tipli işlərə nümunə ola bilər. Heç şübhə etmirik ki, bu gün 15 sentyabrda bu binanın açılışı olduqdan sonra bütün universitetlər öz korpusları və auditoriyalarını bu formada təmir etməyə çalışacaqlar.
 Müasir informasiya cəmiyyəti yüksək idarəetmə vəzifələrini irəli sürür. Bu gün hər hansı bir təşkilatın uğurlu fəaliyyətinin ən mühüm amillərindən biri idarəçilik mədəniyyətinin səviyyəsi ilə bağlıdır. Azərbaycan Respublikasında idarəetmənin əsas prinsipləri Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən olunmuşdur. Ümummilli liderin inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır.
Müasir inkişaf mərhələsi Azərbaycanın müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi yüksəliş üçün möhkəm təməlin yaradılması, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə tariximizə həkk olunur.
Bu gün Bakı Dövlət Universitetində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi və kadr hazırlığının cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırılması məqsədi ilə uğurlu islahatlar aparılır. İslahatlar çərçivəsində ali təhsilin bakalavriat və xüsusilə magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar üzrə kadr hazırlığına xüsusi diqqət verilir. Artıq bir neçə ildir ki, universitetdə Dəniz və enerji hüququ, Transmilli cinayət hüququ, Avropa hüququ, Turizmin iqtisadiyyatı, Təhsildə qiymətləndirmə və monitorinq, Bioinformatika və s. kimi yeni ixtisaslaşmalar üzrə kadr hazırlığı həyata keçirilir.
İslahatların davam etdirilməsi məqsədi ilə magistratura səviyyəsində İnformasiya hüququ, Qafqaz xalqlarının tarixi, Media və kommunikasiya sistemləri, Televiziya və radio yayımları menecmenti, Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, Biomüxtəliflik və təbiətin mühafizəsi, Bioekologiya, Radiasiya materialşünaslığı və Atom və nüvə fizikası yeni ixtisaslaşmalara qəbul üçün sifariş verilib. Bu ixtisaslaşmalar BDU-nun təşəbbüsü ilə ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatına daxil edilib.
elcinbabayev
Son illərdə dövlət səviyyəsində görülən işlər sayəsində Azərbaycanda elm və təhsil sahəsində böyük nailiyyətlərə imza atılır. Hər bir alim, elm və təhsil təşkilatçısı, ümumiyyətlə, ziyalılar bütün potensialını elmin və təhsilin inkişafına sərf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "...Mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir...".
BDU Elçin Babayevin rəhbərliyi altında ölkədə elm və təhsilin inkişafına, Azərbaycanda dünya miqyaslı elmi nəticələrin alınmasının reallaşdırılmasına və bu nəticələrin öz tətbiqini tapmasına yüksək səviyyədə xidmət edir.
Rektor Elçin Babayevin inkişaf strategiyası “Universitet 5.0” adlanır. Yəni, strategiyanın 5 əsas komponenti var - təhsilin inkişafı, elmin inkişafı, innovasiyalar və alınmış elmi nəticələrin kommersiyalaşdırılması, sosiallıq və beynəlxalq nüfuz. Bunlar sosial yanaşmanı bir faktor olaraq önə çəkir. Universitetdə səmimi müəllim-tələbə-rəhbərlik münasibəti formalaşıb. Qidadan tutmuş yataqxanaya qədər bütün məsələlərə xüsusi diqqət var.
BDU-da elm və təhsilin, idarəetmənin elektronlaşması istiqamətində ciddi konsepsiya hazırlanıb.
Rektor Elçin Babayevin ilk işi yataqxanada şərait yaratmaq olub və hazırda da yataqxana probleminin həlli ilə ciddi şəkildə məşğul olur. Elçin müəllim bu məsələyə yanaşmasını belə ifadə edir: “Tələbə özünü cəmiyyətin layiqli nümayəndəsi hesab etməsi üçün bütün şəraitlərə malik olmalıdır. Tələbə yaxşı yaşamalı, istirahət eləməli, həyatdan, tələbəlik illərindən zövq almağı bacarmalı, problemləri az olmalıdır ki, yaxşı təhsil ala, əsl vətəndaş ola bilsin”
bdu-3
BDU-nun fakültələri və mövcud olan ixtisaslar bütövlükdə Azərbaycan cəmiyyətinin bütün strukturlarını təmsil edir. Universitetin məzunları hüquq-mühafizə orqanları, elm, təhsil, səhiyyə, mədəniyyət və digər mühüm sahələrdə fəaliyyət göstərirlər. Təqribi hesablamalara görə, ölkədə dövlətin ali struktur rəhbərliyinin 70-75 faizi BDU-nun məzunlarıdır. Bütün bunların fonunda BDU-nun yubileyi cəmiyyət həyatı üçün çox böyük tarixi hadisədir.
Bu gün BDU-da nəinki Azərbaycan, bütövlükdə dünya elminə sanballı töhfələr verən nüfuzlu alimlər, elm adamları çalışırlar. Onlar öz əsərləri, yenilikləri və ixtiraları ilə elmə şan-şöhrət gətirirlər.
BDU-nun bir əsrdən artıq tarixinə nəzər salsaq görərik ki, bu ali təhsil müəssisəsi öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirir. Qarşıda duran illər üçün isə onun missiyası fənlərarası, sahələrarası əməkdaşlığı inkişaf etdirməsidir.
Bu gün təhsil islahatlarının önündə gedən Bakı Dövlət Universitetinin kollektivi Avropaya surətlə inteqrasiya edən ölkəmizin gələcəyini təmin edən yüksək ixtisaslı kadrların hazırlanması üçün əlindən gələn hər şeyi edir. Universitet kollektivi Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq, təhsildə və elmdə yüksək yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir.
Bakı Dövlət Universiteti 2023/2024-cü tədris ilinə hazırlıq işlərini uğurla başa çatdırıb. Ümumiyyətlə BDU-nun rəhbərliyi professor-müəllim heyətinin müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən istifadə bacarıqlarının inkişafını diqqət mərkəzində saxlayır və onların İKT biliklərinin təkmilləşdirməsi üçün mütəmadi tədbirlər həyata keçirir. Eyni zamanda Universitetdə təhsilin təşkilinin texniki təminatını həyata keçirən, yarana biləcək texniki problemlərin həlli ilə məşğul olan texniki heyət gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu gün Azərbaycan dövləti ölkənin ilk ali təhsil ocağı kimi universitetin inkişafına daim dəstək verir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir”.
İmdad Bayramov,
BDU-nun dosenti,
Psixologiya elmləri doktoru
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN