booked.netbooked.net booked.net  

 Qardaş Türkiyənin elm və təhsil, mədəniyyət ocaqlarının müştərək fəaliyyəti, geniş əlaqələri  həm də Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğində böyük rol oynamaqdadır…

Bu yaxınlarda xəbər vermişdik ki, Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti sayın Ersin Tatar adminstrasiya əməkdaşları ilə birlikdə Ankara Hacı Bayram Vəli Universitetində keçirilən mötəbər konfransda iştirak etmişdir. Konfrans başa çatdıqdan sonra isə sayın Ersin Tatar Universitetin nəzdindəki İslam Ölkələrinin Akademik Fondunun (İSAK) Baş Qərargahını ziyarət etmişdir. İslam Ölkələrinin Akademik Fondundan «Təzadlar»a verilən məlumatda bildirilirdi ki, Sayın Ersin Tatar burada İSAK Fondunun rəhbəri sayın Prof. Dr. Bayram Altanla görüşmüş, mərkəzin fəaliyyəti, eləcə də beynəlxalq əlaqələri, İslam ölkələrinin akademik mərkəzləri ilə olan müştərək layihələr, həmçinin Mərkəzin gələcək fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi etmişdir (Aşağıda həmin ziyarətin videogörüntülərini təqdim edirik). Bu vacib və yaddaqalan görüş barədə sayın Prof. Dr. Bayram Altan saytımıza maraqlı açıqlamalar da vermişdi.

 Ankara Hacı Bayram Vəli Universiteti Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğində böyük rol oynamaqdadır…

 Xatırladım ki, İSAK Fondunun rəhbəri sayın Prof. Dr. Bayram Altan Azərbaycanın 44 günlük Vətən müharibəsi günlərində də bütün mümkün vasitələrdən istifadə edərək Türkiyə mediasında Ermənistanın Azərbaycana qarşı apardığı uzun müddətli işğalçılıq əməllərindən bəhs etmişdir. O, Azərbaycansevər alim, ictimai xadim kimi rəhbəri olduğu elmi-mədəni təşkilatların informasiya resurslarından da geniş istifadə etməklə bu istiqamətdə böyük işlər görmüşdür.

 Yeri gəlmişkən, mən bir neçə xarici dildə yayımlanan trtajans-ın ayrı-ayrı portalları, eləcə də anadoluyakasihaber.com, həmçinin Dünya Türk Jurnalistləri Birliyinin üzvü və adı çəkilən birliyin rəsmi ilkhavadis.com saytlarının köşə yazarı olduğumdan İSAK Fondunun rəhbəri sayın Prof. Dr. Bayram Altanla və trtajans rəhbəri Salih KURT ilə daim virtual əlaqələrdəyəm. Köşə yazarı olduğum və müntəzəm əməkdaşlıq etdiyim həmin portalların fəaliyyətindən də görürəm ki, qardaş ölkənin mediası və dəyərli ziyalıları Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğində böyük rol oynamaqdadırlar. Çünki müxtəlif xarici dillərdə yayımlanan Türkiyə saytlarının dünya ictimaiyyətinin informasiya təminatında əlçatanlığı və əhatəliliyi daha genişdir.

***

 Qeyd etmək yerinə düşər ki, İSAK (İslam Ölkələrinin Akademik Fondu) İslam ölkələrində (Sıralamada Azərbaycan ilk üçlükdə dayanır) akademik mərkəzlərin idarə edilməsi, fəaliyyəti və nəzarəti, ölkə daxilində və xaricdə daşınar və daşınmaz elmi-mədəniyyət sərvətlərinin qeydiyyatı, mühafizəsi, təmiri və saxlanması ilə bağlı prosedur və prinsipləri müəyyən edən Türkiyənin 5737 saylı Qanuna əsasən yaradılmışdır. İSAK Fondunun məqsəd və məramı Başda Türkiyə olmaqla İslam ölkələrinin, həmçinin Azərbaycanın təhsil, səhiyyə, elmi, mədəni, sosial və iqtisadi inkişafına kömək etmək, bilikli və maarifləndirici gənc alimlərin  yetişdirilməsinə maddi və mənəvi töhfə vermək, onların ölkələrimizə faydalı olmasını təmin etmək, Türkiyəyə, eləcə də İslam dünyasına və bütün bəşəriyyətə əxlaqi, dini və adət-ənənə xüsusiyyətləri ilə təchiz olunmuş inkişafı üçün hər cür hüquqi dəstək vermək və bu məqsədlə hər cür hüquqi araşdırmalar aparmaqdır.

 Əməkdaşlığın Azərbaycan coğrafiyası sərhəd tanımır…

Bəli, Türkiyə ilə Azərbaycanın iqtisadi, siyasi, eləcə də mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığı ən yüksək səviyyədə inkişaf etməkdədir. Yeri gəlmişkən, ötən ilin dekabrın 2-də Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Vəli Universitetinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Qarabağda turizmin davamlı inkişafı: mövcud potensial, əsas hədəflər və Türkiyə təcrübəsi” mövzusunda konfrans keçirildi. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak edirdilər. “Şuşa İli” çərçivəsində keçirilən konfrans MDU və AHBVU arasında Qarabağda turizmin inkişafına həsr olunan üçüncü elmi tədbirdir. Bundan əvvəl, 2021-ci ilin may və noyabr aylarında tərəfdaş universitetlərin birgə konfransları baş tutmuşdu.

***

 Bundan başqa, ötən ilin noyabrında isə Azərbaycanın Türkiyədəki səfirliyi və Ankarada fəaliyyət göstərən Hacı Bayram Vəli Universitetinin birgə təşkilatçılığı ilə «Şuşa ili»nə həsr olunmuş mərasim və kitab təqdimatı keçirildi. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğində böyük rol oynayan bu tədbirdə də “Şuşa İli” mövzusunu tərənnüm edən sərginin açılışı olmuşdu. Tədbirdə Türkiyə və Azərbaycanın rəsmi şəxsləri, həmçinin Hacı Bayram Vəli Universitetinin professor, müəllim və tələbə heyəti, görkəmli ziyalılar iştirak etmişlər. Azərbaycanın qədim tarixini, Qarabağın hər kəsi heyran edən gözəlliyini özündə əks etdirən fotoşəkillər əyani təsəvvür yaradan idi. Mərasimdə ümummilli lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürkün və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Şuşaya həsr olunmuş filmin nümayişindən sonra çıxışlar edilib.

Təqdimatı keçirilən “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəşrlər barədə sərki qonaqlarına məlumat verilib. Tədbirdə Hacı Bayram Vəli Universitetinin prorektoru Orxan Karakurtun, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlının, “PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılovun və professor Toğrul İsmayılın çıxışları dinlənildi.

***

Bəli, 2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi hadisə idi. Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağın 30 illik erməni işğalından azad edilməsinin mahiyyəti və bölgədə hazırkı quruculuq işləri barədə əsl həqiqətlər bu cür tədbirlərin xətti ilə dünya ictimaiyyətinə olduğu kimi çatdırılır. Bu işdə Hacı Bayram Vəli Universitetində təşkil olunan bu tədbir də olduqca əhəmiyyətli idi.

***

Azərbaycanın qədim və zəngin dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği yolunda hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Təbii ki, bu istiqamətdə daha böyük məsuliyyət mediamızın üzərində qalır… «Təzadlar» qəzeti və tezadlar.az saytı olaraq bu istiqamətdə Türkiyə mediası ilə əməkdaşlığımız davamlıdır…

Asif Mərzili

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.8).

 

altan-1

altan-2

altan-3

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN