Cinayətlərin üstünü açan jurnalistlər, mükafatı alan isə şoumen Murad Dadaşov və...

 Bu gün 22 fevral 2022-ci il tarixində Baş Prokurorluqda prokurorluq orqanları tarixində ilk dəfə olaraq keçirilmiş “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə, həmçinin “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilmişdir.  Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumatda bildirilirdi ki, "...tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin hər bir dövlət təsisatında olduğu kimi prokurorluq orqanlarında da prioritet məsələlər sırasında yer tutduğunu bildirmişdir.  Qeyd olunmuşdur ki, dövlət başçısının tövsiyə və göstərişlərinin icrası üzrə prokurorluq orqanlarında aparılan islahatların mühüm istiqamətlərindən biri kadr korpusunun dövlətçiliyə sədaqətli, vətənpərvər, savadlı, dünyagörüşlü və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla  komplektləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi təşkil edir. Xüsusi vurğulanmışdır ki, məhz bu konteksdə həyata keçirilən islahat tədbirləri çərçivəsində prokurorluq orqanlarının ibtidai istintaq, məhkəmələrdə dövlət ittihamının müdafiəsi, məhkəmənin hökm və digər yekun qərarlarının icrası qaydasında icraatda iştirakı üzrə fəaliyyətinin keyfiyyətinin daha da yaxşılaşdırılması və müsbət iş təcrübəsinin yayılması məqsədilə cari ilin yanvar-fevral ayları ərzində ötən ilin yekunlarına əsasən “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələri keçirilmişdir... Qeyd olunan müsabiqələrin təşkili və keçirilmə qaydası barədə “İlin ən yaxşı müstəntiqi” Müsabiqə komissiyasının sədri-Baş prokurorun birinci müavini Elçin Məmmədov və “İlin ən yaxşı dövlət ittihamçısı” Müsabiqə komissiyasının sədri-Baş prokurorunun müavini Heydər Məmmədov çıxış edərək ətraflı məlumat vermişlər. Müsabiqələrin nəticələrinə əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Duşdurov Orxan Bəhram oğlu “İlin ən yaxşı müstəntiqi”, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Əliyev Şaiq Allahyar oğlu isə “İlin ən yaxşı dövlət ittihamçısı” seçilmişlər. Bununla yanaşı, tədbirdə xüsusi vurğulanmışdır ki, ölkə başçısı cənab İlham Əliyevin beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də prokurorluq əməkdaşlarının bir sıra beynəlxalq qurumlarda təmsil olunmalarının zəruriliyi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinə uyğun olaraq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə prokuroru Orucov Elşən Elşar oğlu Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığının Hüquqi əməkdaşlıq bölməsində yaranmış vakansiya üzrə yüksək nəaliyyətlər əldə etməklə konkursların qalibi olaraq 1 illik staj keçmək hüququnu qazanmışdır. Baş prokuror tərəfindən müsabiqənin qalibi olmuş prokurorluq işçilərinə diplom və mükafatlar, həmçinin E.Orucov və xidməti vəzifələrinin icrasında fərqlənmiş bir qrup əməkdaşa həvəsləndirmə qaydasında mükafatlar təqdim edilmişdir.
Bundan başqa, tədbir çərçivəsində “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilmişdir. Prokurorluq orqanları tərəfindən də cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab edilmişdir. Qeyd edilmişdir ki, həmin tədbirlər çərçivəsində 2021-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən “Azərbaycan” qəzeti, “Xəzər” Televiziyası və “Report” İnformasiya Agentliyi “Prokurorluğun dostu” mükafatı ilə təltif olunmuşlar.  Tədbir zamanı “Prokurorluğun dostu” mükafatı təqdim olunmuş “Azərbaycan” qəzetinin Baş redaktorunun müavini Raqif Məmmədli, “Xəzər TV” MMC-nin baş direktoru Murad Dadaşov və “Report” İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev çıxış edərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə etmiş, prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluqlarını bildirmişlər..."

*** 

Məsələnin görünməyən tərəfi: məlumdur ki, Baş Prokurorluğun rəsmi məlumatlarını bütün elektron KİV-lər yayır. Lakin məlumatı yaymaq texniki məsələdir, amma elə jurnalistlər var ki, baş vermiş cinayət hadfisələrinin təhlilini və hadisənin yerindəcə araşdırılması üçün əlindən gələni edir, araşdırma yazıları ilə diqqəti çəkir. Mükafat alanların haqqını dəstəkləyirik, amma sual olunur: mükafat alan media orqanlarında hansı araşdırma yazı, yaxud sujet üstün sayılıb? Kiminsə dostu, qohumu, yaxını prinsipi əsas tutulubsa (sosial mediada yazılanlar ciddi narahatlıq doğurur), daha Əli Həsənov dönəmini niyə qınayırıq??? Məsələn, "Təzadlar" heç bir mükafata iddialı deyil, biz mövcud olduğumuz 29 ildə buna səy də göstərməmişik. Amma əməkdaşımız vətəndaş hüquqlarının pozulması ilə bağlı bölgədə olub ciddi araşdırmalar apararaq cəmiyyətin maariflənməsi üçün əlindən gələni edibsə, vətəndaşın pozulmuş hüququ təmin edilibsə, bu xidmət sayılmırsa, daha nə deyək?! Bəlkə işi-gücü Ramiz Mehdiyevin məqalələrini çap etmək olan "Azərbaycan" qəzetində Azərbaycana səs salan hansısa bir kriminal oçerk-məqalə olub?! Olubsa, elan edilsin, biz də oxuyaq... 

Nəhayət, gülməli də olsa, necə ola bilər ki, bu gün Baş Prokurorluq şoumen Murad Dadaşova “prokurorluğun dostu” mükafatı verir... Murad Dadaşov hansı məqalə-araşdırma yazısının müəllifidir??? Tanınmış jurnalist Pərviz Həşimli də bu anlaşılmaz mükafatlandırmadan belə yazıb: "...Bu mükafatın ictimai əhəmiyyətinin olub-olub olmaması başqa mövzudur. Amma prokurorluq belə mükafat təsis etmişdisə, səs-küylü cinayətləri ifşa edən, onların üstünün açılmasında müstəsna rolu olan media təmsilçilərini nəzərə almalıydı. Bu gün Bakı Hərbi Məhkəməsində mühakimə olunan general Mövlam Şıxəliyev və digər MTN vəzifəlilərinin qanunsuz əməllərinin ifşası özüm başda olmaqla bir neçə həmkarımın fəaliyyətinin nəticəsidir. Məhz bizlərin sayəsində illərdir ki, ort-basdır edilən bu əməllərə nəhayət, hüquqi qiymət verilir. Bundan başqa Azərbaycanın müstəqil mediasının səyi nəticəsində “Tərtər işi” araşdırılır. Bəlkə, bunları Murad Dadaşov edib, xəbərimiz yoxdur? Uzağa getməyək, Prokurorluq heç olmasa Xoshqedem Baxsheliyevanı mükafatlandırardı. Adam öz araşdırması ilə neçə bağlı cinayətin üstünü açıb. Bir neçəsini təqdim edirəm: 1. 3 il 8 ay sonra 5 qadının qetl edilerek evinde döşeminin altında basdırıldıgını (Salyanda); 2. 23 il sonra Baharın onu qacıran oglan terefinden öldürülerek meşede basdırılmasını. Sonradan Masallıda iş bağlanmışdı. 3. Qazaxstandan nişanlısı tərəfindən Azerbaycana getirilərək öldürülən Aygülün cinayetinin acılması; 4. Bu yaxınlarda qaynanasının sevgilisi terefinden öldürüldüyünü etiraf eden qadının olayı...".

*** 

Baş Prokurorluğun rəhbərliyi yəqinki bu müsabiqəni keçirənlərin təhlilini yenidən araşdıracaq və narazılığın nə dərəcədə əsaslı olduğuna aydınlıq gətirəcək...

A.Məmmədli

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA