booked.net booked.net  

Bakının mərkəzində zirzəmidə əsas dayaq divarları sökməklə tarixi binanı qəzalı vəziyyətə salanlar və buna “karton arakəsmələrin sökülməsi” kimi qiymət verib göz yuman BŞİH-in və Yasamal RİH-in rəhbərliyi niyə qardaş Türkiyədə baş verən faciədən dərs götürmürlər?

...2023-cü ilin fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində bütün Türk dünyası qəmə qərq oldu. On minlərlə insan həyatını itirdi,  bir o qədər də insan yaralandı. Faciənin miqyasının belə böyük olmasının başlıca səbəbi isə tikilən binaların keyfiyyətsiz olması idi. Məhz  buna görə də həmin binaları tikən şirkətlərin 300-ə qədər məsul şəxsi artıq həbs olunub.

Bu faciə Azərbaycanda da ciddi bir tərpəniş yaratdı və  mütəmadi olaraq yeni tikilən binlara baxışlar keçirilməyə başlandı. Bu, olduqca vacib məsələdir. Binaların keyfiyyətsizliyi, qəzalı olması  gələcək faciələrin böyük olması deməkdir. Biz elə bu  problemləri düşünərkən «Təzadlar»a bir telefon zəngi oldu. Zəng edən Bakı şəhəri, Həzi Aslanov küçəsi-32 saylı binanın 1-ci mərtəbəsində yaşayan Mütəllibova Afət Cabbar qızı idi. Afət xanım qeyd etdi ki, zirzəmidə gedən təmir nəticəsində binanın dayaq divarları götürülüb və nəticədə ona məxsus mənzilin döşəməsi çatlayaraq bina faktiki qəzalı vəziyyətə düşüb: “Yazmadığım ünvan qalmayıb, heç kəs dərdimizə çarə qılmır. Mənə dedilər ki, sizin qəzet və saytınız çox obyektivdir və onun yazdıqlarına əhəmiyyət verərlər. Ona görə də, Sizə üz tutmuşam. Yaşlı qadınam, redaksiyanıza gələ bilmirəm. Xahiş edirəm, gəlib məni evimdə dinləyəsiniz və çoxsaylı sənədlərlə tanış olasınız, həm də  çatlayan divarları öz gözünüzlə görərsiniz”.

Afət xanımın bu xahişini nəzərə alıb, deyilən ünvanda oldum. Xeyli söhbət etdik və bir qovluq sənədlərlə tanış oldum. Eyni zamanda çatlayan divarlara baxıb şəkilərini də çəkdim. Bundan əlavə, zirzəmidə gedən təmir zamanı üçmərtəbəli binanı saxlayan 80 sm enində olan əsas dayaq divarının sökülüb, yerinin boş qalmasını əks etdirən videokadra da baxdım. Bu kadrlara baxdıqca, sənədlərlə tanış olduqca dəhşətə gəlirsən ki, yəni bu boyda qəzanı bir çox dövlət  qurumları doğrudanmı görmür, yoxsa hansısa səbəbdən görmək istəmir? Bəlkə gözləyirlər ki, qəza baş versin, sonra xilasedicilər hərəkətə keçsin? Ancaq qəza baş verəndən sonra faciə haqqında danışmaq yersiz olacaq. Türkiyədə olduğu kimi, bu işə məsuliyyətsiz yanaşanlar mütləq həbs olunacaq. Həbs olunanlar arasında nəinki zirzəminin əsas dayaq divarını söküb sahəni genişləndirən iş adamı İsmayılov Kənan Şahin oğlu, həmçinin 2 il ərzində Afət xanımın şikayət etdiyi ünvanlarda başdansovdu cavablar yazıb imza atanlar da olacaq. Onların adlarını aşağıda qeyd edəcəyəm.

cirix-1

İndi istəyirəm 77 yaşlı Afət Mütəllibovanın  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovaya, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Mədəniyyət Nazirliyinə ünvanladığı şikayət məktubundan bəzi məqamları diqqətə çatdırım:

Hörmətli cənab Prezident!

Dəfələrlə, bir çox dövlət qurumlarına müraciətlər etməyimə baxmayaraq, mənim şikayətlərimə  obyektiv baxılmır. Müraciət etdiyim təşkilatlar ötür-ötür oyunu oynayaraq cavablarında tutuquşu kimi yoxlama, araşdırma aparmadan Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin verdiyi cavab  məktubunun əksinə olaraq, bu təşkilatın  fəaliyyətini şübhə altına alırlar. Göndərdiyim  müraciətlər Prezident Fərmanına əsasən təsdiq edilmiş qaydalara əməl edilməyərək (2016-cı il, 23 iyun tarixli 950 nömrəli Fərman), sonda şikayət etdiyim təşkilata göndərilir.

Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində  olan Mənzil-Kommunal Təsərrüfatı Departamenti öz yarıtmaz fəaliyyətini ört-basdır etmək üçün 42 saylı MİS-in verdiyi yalan məlumatlara əsaslanaraq, mənim mənzilimdə heç bir qorxulu vəziyyət olmadığını bildirir və bu barədə də yuxarı təşkilatları məlumatlandırıb, məni başlarından edirlər. Amma binanın zirzəmisində təmir işləri zamanı yükdaşıyıcı divarın sökülərək, sahənin böyüdülməsi nəticəsində mənzilimdə yaranmış çatlar günü-gündən artır. Artıq bu təmirlər başlayandan sonra həyat yoldaşımı itirdim, özümün səhhətində də ciddi problemlər  yaranıb...”

Məktubdan görünür ki, yaşlı bir qadın son ümid yeri kimi, müraciət etdiyi dövlət orqanlarından heç bir kömək görmədiyi üçün Prezidentə yazmaq qərarına gəlib. Məktubunun axırında isə görün nə deyir: “Hörmətli cənab Prezident! Xahiş edirəm  məktubumu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova göndərməyin. Orada heç bir problem öz həllini tapmır. Mənə kömək edin. Son ümidim Sizədir”. 

Bəs niyə Afət xanım Bakı şəhər İcra Hakimiyyətinə qarşı bu qədər inamsızdır? “İnamsız” sözünü bəlkə də çox yumuşaq işlətdim. Bu qurumdan yazılan cavab məktublarına baxsanız, siz, əziz oxucular, bəlkə də “bu rəzalətdir” yox, ən ağır ifadələr işlədəcəksiniz.

“Görəsən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Eldar Əzizovun 1-ci müavini Rüfət Abdullayevin bu “fəaliyyətindən” xəbəri varmı?”

Gəlin Afət Mütəllibovanın etdiyi müraciətə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin birinci müavini, baş mühəndis Rüfət Abdullayevin 15.02.2021-ci il M-11 saylı məktubunu olduğu kimi oxuyaq: “Sizin, yaşadığınız binanın zirzəmisində aparılan söküntü və təmir işlərinin nəticəsində binanın dayanıqlığı üçün yaranan təhlükəli vəziyyətin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığınız ərizəyə baxılmışdır. Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məlumatına əsasən, bildiririk ki, qeyri-yaşayış sahəsində aparılan təmir-bərpa işləri zamanı binanın yük daşıyıcı sütünlarına zərər dəyməmiş, içəridə olan karton arakəsmələr götürülmüş və vizual baxış zamanı mənzildə heç bir təhlükəli vəziyyət aşkar edilməmişdir”.

cirix-2

Belə yerdə deyiblər e, yalançının... evi o günə düşsün! Gəlib zirzəmiyə baxış keçirmədən, yalnız 42 saylı MİS-in, zirzəmini dağıdan iş adamı Kənan İsmayılovla əlbir olan Samir adlı rəisinin dediklərinə əsasən, yazılan cavab məktubu bundan artıq olmayacaq ki!

***

Görəsən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Eldar Əzizovun 1-ci müavini Rüfət Abdullayevin bu “fəaliyyətindən” xəbəri varmı? Sabah buna uçub faciə baş verəndə isə, müavin yox, qurumun başçısı kimi Eldar Əzizov cavab verməli olacaq. Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin birinci müavini, Baş mühəndis Rüfət Abdullayev isə heç deyəsən, imza atdığı məktubu belə oxumayıb. Mən inanıram ki, doğrudan da oxumayıb. Çünki az-çox savadı olan hər kəs başa düşür ki, qədimdən tikilmiş bu binanın zirzəmisində əsas dayaqları kartondan qoya bilməzdilər. Bu, olduqca gülünc və dəhşətdir. Kartondan da dayaq və ya arakəsmə divarlar ola bilərmi? Qərəz və məsuliyyətsizlik, yiyəsizlik... açıq-aydın görünür.

FHN: “Mütəxəssislərimiz tərəfindən baxış zamanı yükdaşıyan divarın dağıdılması faktı öz təsdiqini tapmışdır...”

Bəs görəsən, A.Mütəllibovanın Fövqəladə Hallar Nazirliyinə ünvanladığı məktub əsasında, hadisə yerinə baxış keçirən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları həmin “karton arakəsmələri” niyə görməyiblər? Çünki bu qurumun əməkdaşları BŞİH-in rəsmilərindən fərqli olaraq, özlərində məsuliyyət hiss edib, deyilən ünvana gəliblər. Həm zirzəmiyə, həm də Afət xanımın evinə baxış keçirərək faktı təsdiq ediblər. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müvini Təyyar Hüseynlinin imzaladığı və BŞİH-ə, Yasamal RİH-ə, eyni zamanda 42 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinə 15 mart 2021-ci il tarixli, 37/34-01634 saylı məktubuna nəzər salaq: “Yasamal rayonu, Həzi Aslanov küçəsi, ev 32 ünvanda yaşayan vətəndaş Afət Mütəllibova binanın zirzəmi hissəsində yükdaşıyan divarın qanunsuz dağıdılması nəticəsində mənzilinin divarlarında çatlar əmələ gəlməsi barədə Fövqəladə Hallar Nazirliyinə 02 fevral 2021-ci il tarixli müraciət ünvanlamışdır. Mütəxəssislərimiz tərəfindən baxış zamanı yükdaşıyan divarın dağıdılması faktı öz təsdiqini tapmışdır. Məlum olmuşdur ki, sözügedən üçmərtəbəli ev uzun müddət bundan əvvəl inşa edildiyindən hər an təhlükə baş verə bilər. Mövcud qanunvericiliyə əsasən, istismarda olan obyektlərə dair inzibati icraat yerli icra hakimiyyətinin səlahiyyətlərinə aiddir. Qeyd edilənləri nəzərə alaraq, yuxarıda göstərilən ünvanda baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi və aparılan tikinti işlərinin qanunauyğunluğunun araşdırılması müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verməyinizi xahiş edirik”.

Bəs adı çəkilən bu qurumlar FHN-nin ürək ağrıdan bu xahişini nəzərə aldılarmı?

Əlbəttə, yox! İndi belə çıxır ki, bu boyda dövlət qurumu rəsmlərinin yazdıqları yalandır? Axı, bu insanlar məhz gördüklərini yazıblar. Gəlin, həmin cümləyə bir də fikir verək: “Mütəxəssislərimiz tərəfindən baxış zamanı yükdaşıyan divarın dağıdılması faktı öz təsdiqini tapmışdır”.

Bəs bu nə deməkdir? Yükdaşıyan divarın karton olduğunu bu qurumun əməkdaşları niyə görməyib? Ona görə ki, hadisə yerinə baxış keçiriblər və gördüklərini olduğu kimi yazıblar. Hətta 2020-ci il noyabrın 12-də əsas dayaq divarları sökülərkən evdə yaranan gurultudan Afət xanımın həyat yoldaşı, ağır şəkər xəstəsi olan 1940-cı il təvvəllüdlü Mütəllibov Həsənağa Musa oğlu zəlzələ baş verdiyini düşünərək, xəstə-xəstə evin çıxış qapısına tərəf qaçmağa cəhd edib. Bu zaman evin arakəsmə qapısının döşəmə hissəsindəki çıxıntıya ayağı ilişərək yerə yıxılıb. Elə bu zaman Afət xanım da səs-küyə çıxıb və yoldaşını yerdən qaldırmaq istəyərkən özü də yıxılıb və başı evin çıxış qapısının dəmir çərçivəsinə zərblə çırpıldığından huşu gedərək yıxılıb. Xeyli müddət sonra özünə gəlib, yerə yıxılmış yoldaşını da çarpayıya gəlməsinə kömək edib. Bu zaman özünün də başında şiş olduğunun fərqinə varıb. Təbii ki, sonradan məlum olub ki, heç bir zəlzələ baş verməyib. Sadacə, zirzəmidəki dayaq divarlar söküldüyündən divarlarda yaranan çatlar səs-küy yaradıb. Hadisədən 4 gün sonra isə, yəni noyabrın 16-da evin sahibi Həsənağa Mütəllibov şəkər xəstəsi olduğundan, həmin günü yaşadığı qorxu və stresdən dünyasını dəyişib. Hazırda Afət xanım həm zirzəminin dayaq divarlarını söküb binada qəzalı vəziyyət yaratdığına, həm də yoldaşının ölümünə səbəb olduğuna görə, iş adamı İsmayılov Kənan Şahin oğlunu məhkəməyə vermək ərəfəsindədir. Bu barədə vəkillə müqavilə də bağlanıb və məhkəməyə təqdim etmək üçün lazımi sənədlərin yığılması prosesi gedir.

Məhkəməyə bir az gec müraciət olunmasının səbəbi isə, noyabrın 12-də dayaqlar sökülərkən evdə yaranan gurultudan qorxub qaçandan yıxılıb başı qapının dəmir çərçivəsinə dəyməsi nəticəsində başında yaranan ciddi problem olub. Çünki hadisədən 4 gün sonra yoldaşı dünyasını dəyişib, sonra onun 40 mərasiminin çıxmasını gözləyib və nəticədə daxilində baş vermiş şiş böyüyüb ciddi fəsad törətməyə başlayıb. Buna görə də, Afət xanım 7 aya yaxın Türkiyədə həm başından əməliyyat olunub, həm də bərpa prosesi keçib. Ona görə də məhkəməyə müraciət etmək məsələsi bir xeyli ləngiyib.

İnanırıq ki, bu məhkəmədə hakimlər nəhayət, bəzi dövlət qurumlarının kobud qanun pozuntusunu aradan qaldıracaq. Həm günahkarlar lazımi cəzasını alacaqlar, həm də binanın və evin qəzalı vəziyyəti təmin olunaraq əvvəlki halına gətiriləcək. Biz özümüz də bu məhkəmə prosesini izləyəcəyik.

Onu da diqqətə çatdırım ki, bu bina da Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Bu barədə Afət xanım şikayət məktubu yazdığı ünvanlara da məlumat verib. Amma göründüyü kimi, FHN-dən başqa heç bir qurum vəziyyəti düzgün qiymətləndirməyib.

Tarixi binanın qorunması isə nəinki ayrı-ayrı qurumların, konstitusiyanın 40-cı maddəsinin 2-ci bəndinə görə hər bir hüquqi və fiziki şəxsin qanuni borcudur. Tarixi binada isə görəcəyi işlərlə bağlı qanunsuzluq edərək Mədəniyyət Nazirliyi ilə heç bir müqavilə bağlamayan iş adamı Kənan İsmayılovu başa düşürük ki, biznes qurur, öz xeyrini güdür. Bəs, bu işlərə cavabdeh icra orqanları nəyi güdür və nə düşünür? Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəsmləri zirzəmidə olan 80 sm. daşdan, betondan olan dayaq sütünlarının karton olduğunu düşündüyündən məsuliyyəti boynundan atır. Ona görə də, növbəti şikayət məktublarını Yasamal rayon İcra Hakimiyyətinə göndərir. Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyevin imzası ilə Afət xanıma göndərilən 23 fevral 2021-ci il M-36-151 saylı məktubunda oxuyuruq: “Yaşadığınız binanın zirzəmi hissəsində aparılan söküntü və təmir işləri nəticəsində binanın dayanıqlığı üçün təhlükəli vəziyyətin yaranması barədə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığınız ərizəyə baxılmışdır. Bildiririk ki, qeyri-yaşayış sahəsində aparılan təmir-bərpa işləri zamanı binanın yük daşıyıcı sütunlarına zərər dəyməmiş, içəridə kartondan olan arakəsmələr götürülmüşdür”.

cirix-3-copy

Yenə, bu yerdə yalançının... mənzili o günə düşsün, -deyib, Yasamal RİH-nin Yasamal Rayon Mənzil-Kommunal Birliyinin rəisi Ə.Bağırovun imzası ilə 18.05.2021-ci il 414/q saylı məktubuna keçək. Aldı görək rəis nə yazır: “Yaşadığınız binanın zirzəmi hissəsində aparılan söküntü və təmir işləri nəticəsində binanın dayanıqlığı üçün təhlükəli vəziyyətin yaranması barədə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığınız ərizəyə baxılmışdır. Bildiririk ki, qeyri-yaşayış sahəsində aparılan təmir-bərpa işləri zamanı binanın yük daşıyıcı sütunlarına zərər dəyməmiş, içəridə kartondan olan arakəsmələr götürülmüşdür”.

Yox, əziz oxucular, biz səhv etməmişik ki, iki dəfə eyni məktubu nöqtə, vergülünə qədər olduğu kimi yazaq. Görünür, səhv edənlər, daha döğrusu, məsuliyyətsizliyə yol verənlər BŞİH-də və Yasamal RİH-də oturublar. Fikir verin, Yasamal RİH başçısının birinci müavini Hüseyn Əfəndiyev 23 fevral 2021-ci ildə başdansovdu yuxarıdakı cavab məktubunu yazıb. Afət xanımın şikayət məktubları davam edir axı... Ona görə də, növbəti cavab məktubunu üç aydan sonra 18.05.2021-ci ildə Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Ə.Bağırov yazıb. Yazıb deyəndə, başçısının birinci müavini Hüseyn Əfəndiyevin üç ay əvvəl yazdığı cavab məktubunun surətini olduğu kimi çıxardaraq başlığını və imza yerini dəyişərək imzalayıb, Afət xanıma göndərib. Qəzanı öz gözləri ilə görmədən, hadisə yerində olmadan belə rəzalət dolu məktub yazan səlahiyyət sahiblərinin hamısı dərhal həbs olunmalıdır. Qəzadan sonra isə, onların həbs olunmasının heç bir əhəmiyyəti olmayacaq.

***

Buradan açıq-aşkar korrupsiya iyi gəlir. Çünki  Afət xanım bizimlə görüşdə çox maraqlı bir detalı açıqladı: “Bir gün qapı döyüldü, açıb görürəm bir cavan oğlan dayanıb. Soruşur, içəri keçmək olar? Deyirəm ki, mən sizi tanımıram. Əvvəlcə, deyin görüm kimsiniz? Cavab verir ki, o SOCAR-ın Güvənlik Xidmətində işləyir. Onu bura zirzəmidə təmir işləri aparan Kənan İsmayılov göndərib. Təklif edir ki, “...FHN-ə yazdığı ərizəni geri götürsün, əvəzində isə evə dəyən ziyana görə, 2000 manat pul verir. Kənan müəllim həm də qeyd etdi ki, tək qadındır, özünü də düşünsün, mənə heç kəs heç nə edə bilməz”. Əlbəttə, mən buna razılaşmadım. Amma bildirdim ki, mən də heç kəsdən qorxmuram, çünki dövlətimə və onun qanunlarına güvənirəm”.

Bu isə tənha bir qadını açıq-aşkar ölümlə hədələməkdir ki, bunun da CM-də cəzası var. Afət xanım bizimlə söhbətində onu da qeyd etdi ki, “2000 manat pul təklifini 42 saylı MİS-in rəisi Samir müəllim də edib. İndi deyəsən, Samir müəllim orada işləmir, dəqiq bilmirəm”.

Göründüyü kimi, iş adamı Kənan İsmayılov əlində olan pula arxayın olur. Heç bir dövlət qurumunu saymır və hamısı ilə də razılaşmış kimi görünür. Bircə razılığa gələ bilmədiyi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyidir ki, onu da Afət xanıma 2000 manat verməklə, zərərsizləşdirmək istəyib. Lakin bu qurumun məsuliyyətli və vicdanlı əməkdaşları bazarlığa getməyərək, dövlətin və vətəndaşın mənafeyini qorumaqla hər şeyi olduğu kimi yazıblar.

SONDA: Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun məsuliyyəti, daha doğrusu, məsuliyyətsizliyi göz önündədir. Hər iki qurumun rəhbərləri hadisə yerinə baxmaq üçün nümayəndə göndərmək əvəzinə, iş adamı ilə anlaşan MİS-in rəisinin sözlərini Quran ayəsi kimi qəbul edərək, gələcək faciələrə zəmin yaradırlar. Sabah bu bina uçsa, birinci həbs olunan Eldar Əzizov olmayacaqmı? Biz buna yalnız təəssüf edə bilərik. Eyni zamanda, Mədəniyyət Nazirliyinin rəsmləri tarixi binanın başına açılan oyunları niyə görməzlikdən gəlir, bilmirik? Axı, məhz belə məsuliyyətsizliyin üzündən Türkiyədə yaşanan faciə göz önündədir. Yəni, bu boyda faciə bizim bəzi dövlət qurumlarının rəhbərlərinə dərs olmadı? Axı, Afət Mütəllibova təkcə, öz mənzildə baş varən qəzadan yox, bütün üçmərtəbəli tarixi binanın taleyindən narahatdır. İkinci mərtəbədə yaşayan Elçin adlı vətəndaşın da mənzilində həmin çatlar, həmin problemlər var və o çatlar günü-gündən böyüyür. Deməli, tarixi binanın uçub yerlə bir olması zaman məsələsidir. Görəsən, bu məsuliyyəti BŞİH-in və Yasmal RİH-in rəhbərliyi, nəhayət, dərk edəcəkmi?

Mövzunu diqqətdə saxlayacağıq.

Elçin MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN