booked.netbooked.net booked.net  

"Sahib Ələkbərov "Moskva" TM-dəki qızıl mağazasından götürülmüş və Məhəmməd Hüseynova məxsus 20.000 ABŞ dolları və 7.000 manat məbləğində pulu, hər biri 810 ABŞ dolları dəyərində olan 02 ədəd "Tissot" markalı, 650 ABŞ dolları dəyərində olan 01 ədəd "Tissot" markalı, 560 ABŞ dolları dəyərində olan 01 ədəd "Luna" markalı, cəmi 04 ədəd qol saatını hədə-qorxu ilə tələb edib ələ keçirmişdir"

Azərbaycan Respublikası adından HÖKM

Bakı şəhəri, İş №1-1(093)-9/2022 21.09.2022-ci il, BAKI HƏRBİ MƏHKƏMƏSİ

(Əvvəli qəzetin 07 yanvar 2024-cü il tarixli buraxılışında)

 ...Ələkbərov Sahib Yunus oğlu hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi Azərbaycan Respublikasının hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini vəzifəsində xidmət edərkən təkrarən ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Şixəliyev Mövlam Məmmədismayıl oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin əməkdaşının 13.09.2013-cü il tarixdə qəbul etdiyi qərarla müxtəlif ölçülü pirotexniki məmulatlar və digər məişət mallarının qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycanın gömrük nəzarətindən gizli keçirilməsi faktı əsasında İsmayılov Sərdar Əhməd oğlu və digərlərinin barəsində CM-nın 206.3.2-ci maddəsi ilə 1041 №-li cinayət işi başlatmışdır. Sonra iş üzrə ibtidai istintaqın aparılmasının ona həvalə edilməsindən və 14 sentyabr 2013-cü il tarixdə özü tərəfindən qəbul edilmiş qərarla Sərdar İsmayılovun CM-nın 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsini təmin etmişdir. Bundan sonra bilavasitə rəisi Mövlam Şixəliyevin göstərişi əsasında MTN-nin İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2013-cü ilin dekabr ayında Sərdar İsmayılovu saxlanıldığı ləğv olunmuş MTN-nin inzibati binasında yerləşən İstintaq Təcridxanasından şəxsən öz xidməti kabinetinə gətizdirmişdir. Və ona həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlmişdir. Lakin onun xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində 50.000 manat və istintaq məsrəfləri olaraq 2.000 manat olmaqla cəmi 52.000 manat pulu şəxsən Sərdar İsmayılovdan birbaşa istəmişdir. Amma sonuncu məbləğin çox olmasını bildirdikdə, qeyd olunan qərarı 50.000 ABŞ dolları və 2.000 manat, ümumilikdə 41.225 manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmışdır. Bununla əlaqədar 2014-cü ilin yanvar ayında MTN-nin arxa giriş qapısının yaxınlığındakı İ.Qutqaşınlı küçəsi-7 ünvanında yerləşən yaşayış binasının həyətində özünün göndərdiyi mütəşəkkil dəstənin istintaqa məlum olmayan üzvləri vasitəsilə Sərdar İsmayılovun dayısı Salmanov Vidadi Əlpaşa oğlu və dostu Mənəfov Vüqar Zahid oğlundan həmin dövrün rəsmi məzənnəsi ilə 39.225 manat təşkil edən 50.000 ABŞ dolları və 2.000 manat, cəmi 41.225 manat məbləğində rüşvəti qəbul etmişdir. Sonra əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Mövlam Şixəliyev və qeyriləri ilə aralarında bölmüşdür. Bundan sonra o, Mövlam Şixəliyevin tapşırığı əsasında Sərdar İsmayılovun həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 30 yanvar 2014-cü il tarixli 36/KEŞ saylı rəyinin alınmasına nail olub 06 fevral 2014-cü il tarixdə Sərdar İsmayılovun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsinə dair qərar qəbul etmişdir. O, bununla da vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almışdır. O, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Sərdar İsmayılovun hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

***

Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Şixəliyev Mövlam Məmmədismayıl oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin əməkdaşının 13.09.2013-cü il tarixdə qəbul etdiyi qərarla müxtəlif ölçülü pirotexniki məmulatlar və digər məişət mallarının qaçaqmalçılıq yolu ilə, yəni Gürcüstandan Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi faktı əsasında Həsənəliyev Əfsəl Xanlar oğlu və digərlərinin barəsində CM-nın 206.3.2-ci maddəsi ilə 1041 №-li cinayət işi başlatmışlar. Sonra isə iş üzrə ibtidai istintaqın aparılmasının ona həvalə edilməsindən və 21 sentyabr 2013-cü il tarixdə özü tərəfindən qəbul edilmiş qərarla Əfsəl Həsənəliyevin CM-nın 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsini təmin etmişdir. Bundan sonra isə bilavasitə rəisi Mövlam Şixəliyevin göstərişi əsasında MTN-nin n İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2013-cü ilin sentyabr-dekabr ayları ərzində Əfsəl Həsənəliyevi dəfələrlə saxlanıldığı ləğv olunmuş MTN-nin inzibati binasında yerləşən İstintaq Təcridxanasından şəxsən öz xidməti kabinetinə, həmçinin mütəşəkkil dəstənin üzvü Mövlam Şixəliyevin tələbi ilə sonuncunun xidməti kabinetinə gətirilməsini təmin etmişdir. Ona da həbsdə saxlanılacağı, ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, istintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib hədə-qorxu gəlmişlər. Və sonuncunun xeyrinə ediləcək qanunsuz hərəkətlərin əvəzində isə qəbul olunacaq qərarın müqabilində şəxsən Əfsəl Həsənəliyevdən əvvəlcə birbaşa və dolayı yolla 100.000 manat, sonuncu ilə razılaşa bilmədikdə həmin dövrün rəsmi məzənnəsi ilə 39.225 manat təşkil edən 50.000 ABŞ dolları istəyərək qeyd edilən qərarı 7.000 manat qabaqcadan və 28.000 manat həbsdən buraxıldıqdan sonra verilmək şərti ilə cəmi 35.000 manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmışdır. Bununla əlaqədar 2014-cü ilin yanvar ayında Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 14 ünvanında yerləşən Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında xidməti kabinetində Əfsəl Həsənəliyevdən sonuncunun müdafiəçisi, cinayətdən xəbərsiz olan İsmayılova Xavər Bəxtiyar qızının vasitəsilə şəxsən birbaşa yolla 7.000 manat nağd pulu qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Mövlam Şixəliyev və qeyriləri ilə aralarında bölmüşdür. O. Mövlam Şixəliyevin tapşırığı əsasında Əfsəl Həsənəliyevin həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 12 fevral 2014-cü il tarixli 59/KEŞ saylı rəyinin alınmasına nail olmuşdur. Ardınca 19 fevral 2014- cü il tarixdə Əfsəl Həsənəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsinə dair qərar qəbul etdikdən sonra, qabaqcadan razılaşdırıldığı kimi 05 aprel 2014-cü il tarixdə xidməti kabinetində Əfsəl Həsənəliyevdən şəxsən birbaşa yolla qalan 28.000 manat nağd pulu, ümumilikdə külli miqdar təşkil edən 35.000 manatı vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində özü və üçüncü şəxslər tərəfindən rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almışdır.

***

Bundan başqa, o, qeyd edilən vəzifədə xidmətdə olarkən hədə-qorxu gəlməklə özü və digər şəxslər üçün qanunsuz olaraq külli miqdarda maddi sərvət əldə etmək məqsədilə yaradılan ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Şixəliyev Mövlam Məmmədismayıl oğlu və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə təkrarən hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmişdir. Ardınca hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin əməkdaşının 31.10.2014-cü il tarixdə qəbul etdiyi qərarla Əliyev Ramiz Allahverdi oğlu və qeyrilərinin barəsində CM-nın 206.3.2-ci maddəsi ilə başlanılmaqla iş üzrə ibtidai istintaqın aparılmasının ona həvalə edildiyi 1137 №-li cinayət işi üzrə 13 noyabr 2014- cü il tarixdə ləğv olunmuş MTN-nin inzibati binasında şahid qismində dindirilmiş fərdi qaydada qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olan Rəşidov Azad Niyazi oğlunun külli miqdarda əmlakını hədə-qorxu tətbiq etməklə ələ keçirmək məqsədilə sonuncunu qanuni əsaslar olmadan xidməti otağında şəxsən qəbul etmişdir. Və cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Ramiz Əliyevdən qaçaqmalçılıq yolu ilə gətirdiyi qızıl məmulatları aldığına görə sonuncu ilə qabaqcadan əlbir olduğunu və buna görə onu da cinayət məsuliyyətinə cəlb etməklə həbs edəcəyini, həbs olunduqdan sonra müvəqqəti saxlama yerində saxlanılmaqla nalayiq hərəkətlərə məruz qalacağı ilə şəxsiyyəti üzərində zor göstəriləcəyi, habelə bu məlumatları kütləvi informasiya vasitələrində yaymaqla rüsvay edəcəkləri ilə hədələmişdir. O, əvvəlcə 200.000 manat, sonuncu ilə razılaşa bilmədikdə 100.000 manat məbləğində nağd puldan ibarət külli miqdarda əmlakını tələb etmiş, Azad Rəşidov maddi imkanı aşağı olduğu üçün qeyd olunan məbləğdə pulu verə bilməyəcəyini bildirdikdə, sonuncunun gecə saatlara qədər ləğv olunmuş MTN-nin inzibati binasında saxlanılmasını təmin etmişdir. Ardınca Azad Rəşidovu xidməti otağında qəbul edərək bir daha eyni məzmunda hədə-qorxu gəlməklə 30.000 manat məbləğində pul tələb etmiş, hədə-qorxunu real qəbul edən və axşam saatlarına qədər inzibati binada qalmasına görə həbs olunmasından ehtiyatlanan Azad Rəşidovun iradəsinə zidd olaraq razılaşmasından bir gün sonra, yəni 14 noyabr 2014-cü il tarixdə xidməti otağında 30.000 manat məbləğində pulunu şəxsən sonuncudan qəbul edərək ələ keçirmişdir. O, əlavə olaraq istintaq dövründə 12 noyabr 2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Moskva” ticarət mərkəzində aparılmış axtarış zamanı sahibi olduğu qızıl məmulatları mağazasından götürülmüş qızıl-zinət və digər əşyaların 14 noyabr 2014-cü il tarixli protokolla geri qaytarılması zamanı 04 ədəd “Geneve” markalı qol saatını eyni üsulla hədə-qorxu ilə tələb etmişdir.

Növbəti gün, yəni 15 noyabr 2014-cü il tarixdə xidməti otağında hər biri 800 ABŞ dolları dəyərində olan 04 ədəd “Geneve” markalı qol saatlarını şəxsən Azad Rəşidovdan qəbul etməklə 30.000 manat pulunu və həmin dövrün rəsmi məzənnəsi ilə 2.510 manat təşkil edən 3.200 ABŞ dolları dəyərində olan 04 ədəd qol saatını, ümumilikdə Azad Rəşidovun 32.510 manat məbləğində əmlakını ələ keçirib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstə üzvləri Mövlam Şixəliyev və qeyriləri ilə arasında bölmüşdür.

***

Bundan başqa, Ələkbərov Sahib Yunus oğlu qeyd edilən vəzifədə xidmətdə olarkən təkrarən hədə-qorxu gəlməklə özü və digər şəxslər üçün qanunsuz olaraq maddi sərvət əldə etmək məqsədilə yaradılan ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Şixəliyev Mövlam Məmmədismayıl oğlu və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə təkrarən hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmişdir.

O, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin əməkdaşının 31.10.2014-cü il tarixdə qəbul etdiyi qərarla Əliyev Ramiz Allahverdi oğlu və qeyrilərinin barəsində CM-nın 206.3.2-ci maddəsi ilə başlanılmaqla iş üzrə ibtidai istintaqın aparılmasının ona həvalə edildiyi 1137 №-li cinayət işi üzrə 13 noyabr 2014-cü il tarixdə şahid qismində dindirilmiş, fərdi qaydada qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olan Hüseynov Məhəmməd İnqilab oğlunun külli miqdarda əmlakını hədə-qorxu tətbiq etməklə ələ keçirmək məqsədilə Məhəmməd Hüseynovu qanuni əsaslar olmadan növbəti gün, yəni 14 noyabr 2014-cü il tarixdə zəruri sənədləri istintaqa təqdim etmək adı ilə çağıraraq xidməti otağında şəxsən qəbul etmişdir.

Sonra cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Ramiz Əliyevdən qaçaqmalçılıq yolu ilə gətirdiyi qızıl məmulatları aldığına görə sonuncu ilə qabaqcadan əlbir olduğunu və buna görə onu da cinayət məsuliyyətinə cəlb etməklə həbs edəcəyini, müvəqqəti saxlama yerində saxlanılmaqla nalayiq hərəkətlərə məruz qalacağı ilə şəxsiyyəti üzərində zor göstəriləcəyi, habelə bu məlumatları KİV-də yaymaqla rüsvay edəcəkləri ilə hədələyib 200.000 manat məbləğində pulu hədə-qorxu tətbiq etməklə tələb etmişdir. Lakin Məhəmməd Hüseynov maddi imkanı olmadığı üçün həmin pulu verə bilməyəcəyini bildirdikdə, hədənin real olduğuna inandırmaq üçün sonuncunun ləğv olunmuş MTN-nin inzibati binasında otaqlardan birində bağlı vəziyyətdə təxminən yarım saat müddətində tək saxlanılmasını təmin edib məqsədli şəkildə həbsxana təəssüratı yaşatmaqla ona psixoloji təsir etmişdir. Sonra yenidən Məhəmməd Hüseynovu xidməti otağında qəbul edərək bir daha eyni məzmunda hədə-qorxu gəlməklə 50.000 manat, sonuncu ilə razılaşa bilmədikdə əvvəlcə 20.000 manat, sonda isə 20.000 ABŞ dolları məbləğində pul tələb etmiş, hədə-qorxunu real qəbul edən və həbs olunmasından ehtiyatlanan Məhəmməd Hüseynovun iradəsinə zidd olaraq razılaşmasından sonra istintaq dövründə 12 noyabr 2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Moskva” ticarət mərkəzində aparılmış axtarış zamanı sahibi olduğu qızıl məmulatları mağazasından götürülmüş Məhəmməd Hüseynova 20.000 ABŞ dolları və 7.000 manat məbləğində pulu, qızıl-zinət və digər əşyalarını 14 noyabr 2014-cü il tarixli protokolla xidməti otağında sonuncuya geri qaytarılıb həmin puldan 20.000 ABŞ dolları məbləğində pulu və qaytarılan əşyalardan hər biri 810 ABŞ dolları dəyərində olan 02 ədəd “Tissot” markalı, 650 ABŞ dolları dəyərində olan 01 ədəd “Tissot” markalı, 560 ABŞ dolları dəyərində olan 01 ədəd “Luna” markalı, cəmi 04 ədəd qol saatını hədə-qorxu ilə tələb edərək Məhəmməd Hüseynovdan şəxsən almışdır. Bununla da tələb olunan 20.000 ABŞ dolları məbləğində nağd pulu və 2.830 ABŞ dolları dəyərində olan 04 ədəd qol saatını, ümumilikdə həmin dövrün rəsmi məzənnəsi ilə 17.906 manat təşkil edən 22.830 ABŞ dolları məbləğində əmlakını ələ keçirib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstə üzvləri Mövlam Şixəliyev və qeyriləri ilə arasında bölmüşdür.

***

Bundan başqa, Ələkbərov Sahib Yunus oğlu qeyd edilən vəzifədə xidmətdə olarkən təkrarən hədə-qorxu gəlməklə özü və digər şəxslər üçün qanunsuz olaraq külli miqdarda maddi sərvət əldə etmək məqsədilə yaradılan ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Şixəliyev Mövlam Məmmədismayıl oğlu və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə təkrarən hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə edərək ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin əməkdaşının 31.10.2014-cü il tarixdə qəbul etdiyi qərarla Əliyev Ramiz Allahverdi oğlu və qeyrilərinin barəsində CM-nın 206.3.2-ci maddəsi ilə başlanılmaqla iş üzrə ibtidai istintaqın aparılmasının ona həvalə edildiyi 1137 №-li cinayət işi üzrə 14 noyabr 2014- cü il tarixdə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında şahid qismində dindirilmiş fərdi qaydada qızıl məmulatlarının alqı-satqısı ilə məşğul olan Ağamalıyev Ağasalam Mevlüd oğlunun külli miqdarda əmlakını hədə-qorxu tətbiq etməklə ələ keçirmək məqsədilə Ağasalam Ağamalıyevi qanuni əsaslar olmadan xidməti otağında şəxsən qəbul etmişdir. Bununla da cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Ramiz Əliyevdən qaçaqmalçılıq yolu ilə gətirdiyi qızıl məmulatları aldığına görə sonuncu ilə qabaqcadan əlbir olduğunu və buna görə onu da cinayət məsuliyyətinə cəlb etməklə həbs edəcəyini, həbs olunduqdan sonra müvəqqəti saxlama yerində saxlanılmaqla nalayiq hərəkətlərə məruz qalacağı ilə şəxsiyyəti üzərində zor göstəriləcəyi, habelə bu məlumatları KİV-də yaymaqla rüsvay edəcəkləri ilə hədələyib əvvəlcə 100.000 manat tələb etmiş, Ağasalam Ağamalıyev həmin məbləğdə pulu verməyə maddi imkanının olmadığını bildirdikdə, mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla son olaraq 50.000 manat məbləğində pulu tələb etmişdir. Hədə-qorxunu real qəbul edən və həbs olunmasından ehtiyatlanan Ağasalam Ağamalıyevin iradəsinə zidd olaraq razılaşmasından sonra 19 noyabr 2014-cü il tarixdə ləğv olunmuş MTN-nin inzibati binasında 25.000 manat məbləğində hissəsini sonuncudan mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə almış, qalan 25.000 manat pulun isə 27 noyabr 2014-cü il tarixdə xidməti otağında Ağasalam Ağamalıyevdən şəxsən qəbul edib ümumilikdə Ağasalam Ağamalıyevin 50.000 manat məbləğində əmlakını ələ keçirmişdir. Ardınca əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstə üzvləri Mövlam Şixəliyev və qeyriləri ilə arasında bölməklə qulluq mövqeyinə görə zərər çəkmiş şəxslərin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin, yəni Ağasalam Ağamalıyevin külli miqdarda əmlakını mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib 50.000 manat məbləğində əmlakı ələ keçirmişdir. O, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” 02.05.1995-ci il tarixli 1030 nömrəli, “Hərbi vəzifə və və hərbi xidmət haqqında” 23.12.2011-ci il tarixli 274-IVQ nömrəli Qanunlarına əsasən hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi üzrə 14.11.2008-ci il tarixli 1898 ŞH nömrəli əmrlə həmin Nazirliyin İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini vəzifəsinə təyin edilməklə 16.09.2014-cü il tarixədək həmin vəzifədə işləyərkən CPM-nin 85-ci maddəsinə əsasən cinayət təqibini həyata keçirərkən qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul etmək, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmuşdur. Ələkbərov Sahib Yunus oğlu ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Şixəliyev Mövlam Məmmədismayıl oğlu və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib, külli miqdarda rüşvət almaq məqsədi ilə dəstə üzvləri arasında aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 27 iyun 2009-cu il tarixdə çıxardığı qərarla icraatında olan 625 №-li cinayət işindən Baxışov Zaur Şərafət oğlu, Oruclu Anar İldırım oğlu və qeyrilərinin barəsində CM-nin 29, 177.3.1, 29, 177.3.2, 177.3.1, 177.3.2, 205.2.1, 205.2.2, 271.2.1 və 271.2.3-cü maddələri ilə ayrıca icraata ayırmaqla ibtidai istintaqını apardığı 678 №-li cinayət işi üzrə bilavasitə rəisi olan və CPM-nin 85.6-cı maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil etmək, onlara baxılmasını, cinayət işi üzrə ibtidai istintaqın və ya ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasını müstəntiq, yaxud müstəntiqlər qrupuna tapşırmaq, müstəntiqin cinayətin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında müvafiq tədbirlər görməsinə nəzarəti həyata keçirmək və digər səlahiyyətlərə malik Mövlam Şixəliyevin göstərişi əsasında İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmişdir. O, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 2009-cu ilin oktyabr ayında ləğv olunmuş MTN-nin inzibati binasında xidməti kabinetində “Azərtunel” MMC-də iqtisadi işlər üzrə müdir müavini vəzifəsində işləmiş Bağırov Qulam Davud oğlunu qəbul edib hər hansı prosessual hərəkətlər aparmadan barəsində CM-nin 178, 204 və 320-ci maddələri ilə cinayət təqibinə xitam verilməsi haqqında Bakı şəhəri Səbail Rayon Polis Idarəsinin (RPİ) İstintaq şöbəsinin sabiq baş müstəntiqi Əliyev Ziya Fəxrəddin oğlu tərəfindən qəbul edilmiş 25 fevral 2009-cu il tarixli sübutların qiymətləndirilməsi qərarının ləğv edilməsinə nail olmaqla cinayət işi başlatdıracağı, barəsində həbs qətimkan tədbiri seçdirəcəyi, həbs olunduqdan sonra müvəqqəti saxlama yerində saxlanılmaqla nalayiq hərəkətlərə məruz qalacağı ilə şəxsiyyəti üzərində zor göstəriləcəyi, belə məlumatların KİV-də yayılmaqla rüsvay ediləcəyi ilə hədələmişdir. Lakin onun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda cinayət təqibinə xitam verilməsi barədə qəbul edəcəyi qərarın müqabilində Qulam Bağırovdan 200.000 manat məbləğində pul vəsaitini rüşvət qismində tələb etmişdir. Sonuncu həmin pulu ödəməkdən imtina etdikdə hədə-qorxunun real olduğuna inam yaratmaq üçün 14 noyabr 2009-cu il tarixli vəsatətlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib həmin tarixdə Azərbaycan Respublikası Baş prokurorunun sabiq birinci müavini Rüstəm Usubov tərəfindən Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsində qəbul edilmiş 25 fevral 2009-cu il tarixli sübutların qiymətləndirilməsi qərarının Qulam Bağırovun barəsində CM-nin 178, 204 və 320-ci maddələri ilə cinayət təqibinə xitam verilməsinə dair hissədə ləğv edilməsinə və icraatında olmuş 678 №-li cinayət işi üzrə sonuncunun barəsində 16 noyabr 2009-cu il tarixdə CM-nin 204.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması ilə bağlı qərar qəbul etmişdir. Ardınca Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsinə nail olduqdan sonra cinayətkar davranışlarını davam etdirərək 2009-cu il dekabr ayının əvvəllərindən etibarən ləğv olunmuş MTN-nin inzibati binasında Qulam Bağırovun həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum etdilməsinə nail olmağa çalışacağı ilə hədələmişdir. Amma onun həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində 200.000 manat məbləğində nağd pulu Qulam Bağırov və sonuncunun qardaşı Bağırov Sərdar Davud oğlundan birbaşa və şəxsən rüşvət kimi istəyərək qeyd edilən qərarları 135.000 ABŞ dolları müqabilində mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla qəbul etməyə razılaşdırmışdır. Təxminən 12 - 13 dekabr 2009-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində, ləğv olunmuş MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında Sərdar Bağırovun gətirdiyi həmin dövrün məzənnəsi ilə 108.378 manat təşkil edən 135.000 ABŞ dolları məbləğində nağd puldan ibarət külli miqdarda rüşvəti şəxsən qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstə üzvləri Mövlam Şixəliyev və digərləri ilə aralarında bölüşdürmüşdür.

(Davamı var)

"Təzadlar"ın Araşdırma Qrupu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN