(Əvvəli saytın dünənki buraxılışındakı 1-ci yazıda)

Beləliklə, Azərbaycan prezidenti İlham Əliyev 2014-cü ildə Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayır… Bununla da Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması məqsədi ilə Prezidentin ehtiyat fondundan İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılır… Amma…

Zığ gölündə batırılan milyonların sorağı ilə…

Bəs həmin 2 milyon manatın taleyi necə oldu? Eləcə də Prezidentin yuxarıda təqdim edilən Sərəncamındakı aidiyyəti nazirliklərə və Nazirlər Kabinetinə tapşırıqlar icra edildimi???

 Bu və ya digər suallara cavab tapmaq üçün Suraxanı rayon İcra Hakimiyyətinin (o vaxtkı icra başçısı İlqar Abbasov) rəsmi saytında "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icra vəziyyəti haqqında məlumatlar yerləşdirilmişdi… Amma sonradan məlum oldu ki, bu məlumat saytdan silinib. Niyə???

***

Onu da deyim ki, Prezident İlham Əliyev 17 yanvar 2014-cü il tarixdə 232 nömrəli mühüm bir Sərəncam da imzalamışdır. Həmin sərəncamla "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icra vəziyyəti haqqında rəsmi hesabat aidiyyəti rayonların İH-nin rəsmi saytlıarında yer almışdır. Bu hesabatın Suraxanı rayonuna aid hissəsində diqqətimizi çəkən isə Zığ gölünün təmizlənməsinə ayrılmış külli miqdarda vəsaitin müqavilində, ətrafında yaşayan insanlara ciddi ekoloji-sanitar problem yaradan gölün indiki acı vəziyyətidir… Məsələ ondadır ki, Suraxanı RİH-nin rəsmi saytındakı məlumatda 2016-cı ilin heçabat yığıncağından bəhs olunurdu və orada deyilirdi ki, guya göl təmizlənmiş, ekologiyası bərpa edilmişdir və s.

ilham-eli-3

 Prezident İlham Əliyevin 15 oktyabr 2014-cü il tarixli məlum Sərəncamında isə (Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında) “Azərsu” ASC-yə və Dövlət Neft Şirkətinə Zığ gölünün mühafizə zonasına tullantı sularının təmizlənmədən axıdılmasının qarşısını almaq üçün zəruri tədbirlər görmək, Bakı Şəhər İcra Hakimiyyətinə (Hacıbala Abutalıbov) Zığ Gölünün mühafizə zonasına istehsalat və məişət tullantıları atılmasının, Zığ gölünün kiçilməsinə səbəb olan kənardan torpaq gətirilib yayılmasının qarşısının alınmasını təmin etmək tapşırılmışdı. Elə İqtisadiyyat Nazirliyinə də bu işləri görmək üçün ilkin olaraq həmin o 2 milyon manat pul ayrılmışdı…  

Zığ gölü ilə bağlı «görülmüş işlərin» hesabatı niyə Suraxanı RİH-nin və İqtisadiyyat Nazirliyinin rəsmi saytlarından silindi?

  Amma «Təzadlar»ın arxivində həmin hesabatın detalları hələ də qalmaqdadır. Bu da həmin hesabatdan bəzi məqamlar: məlum olur ki, Zığ gölünün taleyi, sən demə,  Hollandiyanın “Witteveen Bos” şirkətinə etibar edilibmiş, İqtisadiyyat Nazirliyi şirkətlə müqavilə imzalayıbmış. Hətta Zığ gölünün bərpası üçün layihə də hazırlanıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, FHN, ARDNŞ, “Azərsu” ASC və Suraxanı rayon İH ilə razılaşdırılıb, rəy də alınıb. Sonra Prezidentin 15 oktyabr 2014-cü il tarixli, 774 nömrəli sərəncamının icrası ilə bağlı kağız üzərində «bir sıra işlər də görülüb». Tədbirlərin hesabatından sitat: «“Bahar Enerji” və “Abşeron Operating” şirkətləri tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim olunan lay sularının idarə olunması ilə bağlı tədbirlər planının icrasına nəzarət davam etdirilmiş, Zığ gölünün su mühafizə zonasında aşkarlanmış 3 qeyri-qanuni tullantı sahəsi təmizlənmiş, 560 ton tullantı Balaxanı poliqonuna daşınaraq zərərsizləşdirilmiş, gölün mühafizə zonası boyu qurulmuş 4 mühafizə məntəqəsi vasitəsi ilə tullantıların atılmasının qarşısı alınmış, Zığ gölünün bərpası layihəsi üzrə... açıq tender keçirilmiş və tenderin qalibi ilə danışıqlara başlanılmışdır…”. Və sair…
 Bunlar 2014-2016-cı illər ərzində guya həyata keçirilmiş tədbirlərin siyahısıdır.

 İndi 2023-cü ildir və İqtisadiyyat Nazirliyinin hesabatında həyata keçirildiyi deyilən həmin tədbirlərlə Zığ gölünün bu günkü real mənzərəsini görəndə göldən üzr istəməli oluruq. Zığ gölünün sahilində dayanıb hər şeyi öz gözlərinizlə görməyiniz yetər.

ziq-6

 Bu hələ harasıdır, Suraxanı RİH-nin saytında «Zığ Gölünün Bərpası» yarımbaşlıqlı məlumatda yazılır (bəlkə də artıq onu da siliblər): «Zığ gölü Bakı şəhərini əhatə edən ağır çirklənmiş 9 göldən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramında qeyd edildiyi kimi, Zığ gölünün bərpası layihəsi Abşeron Yarımadasındakı 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə tapşırıqlar çərçivəsində həyata keçirilir. Zığ gölü və ətrafı Abşeron yarımadasının neft sənayesi, kommunal təsərrüfatı, inşaat tullantıları və çirkab suları ilə ifrat çirkənmiş ərazilərindən biridir.  Burada ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması ətraf ərazilərdə yerləşən qəsəbələrin əhalisi üçün ekoloji risklərin azaldılmasına, göl sahəsi və ətraf torpaqların  bərpadan sonra ölkənin iqtisadi   dövriyyəyəsinə qaytarımasına imkan verəcəkdir. Layihənin əsas məqsədi Zığ gölü və ətraf  ərazisilərin gələcəkdə istifadə edilməsi üçün ekoloji cəhətdən təhlükəsiz şəraitə malik olan əraziyə çevirməkdir. Qarşıda qoyulan məqsədə çatmaq üçün ilk növbədə ərazidə mühəndislik, ekoloji  araşdırmalar və layihələndirmə, texniki-iqtisadi əsaslandırma işləri aparılmışdır (Yalanın böyüklüyünə baxın! Red.)».

 Bu isə «Xalq Qəzeti»nin «Suraxanı rayonu: sosial-iqtisadi inkişafın yeni mərhələsi» başlıqlı məqalınin linki (http://anl.az/down/meqale/xalqqazeti/2015/fevral/423680.htm) və «Ekoloji durum yaxşılaşır» yarımbaşlığı altında verilən məqalədən sitatdır: «…2014-cü ilin hesabat ilində rayonun ekoloji durumunun sağlamlaşdırılması diqqət mərkəzində saxlanılmışdır… Ölkə Prezidenti cənab İlham Əliyevin “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafızəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” ötən il imzaladığı sərəncama əsasən, hazırda gölün mühafizəsi təmin olunmuş, bura məişət tullantılarının atılmasının qarşısı alınmışdır. Layihə çərçivəsində çirklənmə mənbələrinin, istismara yararsız neft quyularının və digər qurğuların ləğv edilməsi, gölün səviyyəsini saxlamaq üçün çirkab suların təmizlənərək bura axıdılması, dib çöküntülərinin zərərsizləşdirilməsi işlərinin aparılması nəzərdə tutulur. Hazırda gölün müfəssəl layihəsinin hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətlərin işə cəlb olunması ilə bağlı tədbirlər görülür».

 ziq-3

 «Xalq qəzeti»nin 2016-cı ildə dərc etdiyi «Suraxanı rayonu inkişafın yeni mərhələsini yaşayır» başlıqlı məqalədən daha bir sitat (23.02.2016): «Suraxanıda ekoloji vəziyyət diqqət mərkəzində saxlanılır… Suraxanı Bakının sənaye, xüsusi ilə neft sənayesi rayonlarından biri olduğundan burada ekoloji məsələlərin həlli vacib əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyevin “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafızəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncama və qəbul edilmiş müvafiq dövlət proqramına əsasən, paytaxtda mövcud olan göllərin, o cümlədən Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılıb. Lay suları və neftlə çirklənən 9 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ümumi sahəsi 6,25 hektar olan müxtəlif ölçülü 18 ədəd gölməçə qurudulub, 30 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib, neft kollektorları təmir olunub» və s.

Suraxanının keçmiş İcra başçısı İlqar Abbasovun 2016-cı il üzrə rayon fəallarının illik hesabat yığıncağındakı  yalanı…

 Başçı rayon fəallarının gözünün içinə baxaraq deyir: «…2014-cü ilin noyabr ayının 5-dən başlayan “Birinci Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayonda 13980 ədəd ağac əkilmiş, Zığ və Bülbülə göllərinin təmizlənməsi tədbirləri davam etdririlmişdir…».

 Cənab İlqar Abbasov 2017-ci il üzrə hesabat yığıncağındakı çıxışında da eyni yalanı təkrarlamışdır…

***

…Bu da son: Zığ gölü necə var eləcə də yerindədir, yerində də qalacaq… Amma onun adından sui-istifadə edənlər indi hardadır, bir azdan nə işlə məşğul olacaqlar, bax bu müəmmalıdır… Təki tezliklə bu müəmma və yalanlara son qoyulsun, Zığ gölü elə təmizlənsin ki, bir daha kimsə onun bulanıq sularında balıq, üzr istəyirəm, milyonları «tutmaq» eşqinə və həvəsinə düşməsin…

Asif MƏRZİLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN