booked.netbooked.net booked.net  

10 sentyabrda baş vermiş mühüm hadisələr:

  • 1172— Misirdə Abbasilər xilafətinin yaranması elan olunmuşdur.
  • 1588— ingilis dənizçisi Tomas Kavendiş tarixdəki 3-cü uğurlu dünya səyahətini başa çatdırmışdır.
  • 1823— Simon Bolivar Perunun prezidenti elan edilmişdir.
  • 1835— Almaniyada uzunluğu 10 km olan ilk dəmir yolu xətti açılmışdır.
  • 1857— Tunisdə ilk konstitusiya qüvvəyə minmişdir.
  • 1932— Nyu-York metrosunun 3-cü xətti açılmışdır.
  • 1943— İkinci dünya müharibəsi: Alman ordusu Romanı ələ keçirmişdir.

          1509 — İstanbulda böyük zəlzələ baş vermişdir.

          1618–ci il. Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibənin (1616-1618) yekunu olaraq Mərənd sülh sazişi imzalanıb. Səfəvi hökmdarı I şah Abbasla Osmanlı dövlətinin ordu komandanı Xəlil paşanın imzaladığı sazişə əsasən, iki dövlət arasında 1612-ci ildə əldə olunmuş Sarab sülhünün əsas şərtləri bir daha təsdiqlənib. Həmin şərtlərə əsasən, Səfəvi dövləti XVI sonunda Osmanlı ilə müharibədə (1578-1590) itirdiyi torpaqların böyük hissəsini geri almışdı. Lakin bu sülh də uzun sürmədi və 1625-ci ildə tərəflər arasında yeni müharibə başlandı.

1894 — İlk dəfə olaraq Londonda sərxoş vəziyyətdə avtomobil idarə edən Corc Smit 1 funt-sterlinq məbləğində cərimə olunmuşdur.
1920 — Bakıda Türkiyə Kommunist Partiyası təsis olunmuşdur.
1934 — Sovet İttifaqı Millətlər Cəmiyyətinə qəbul edilmişdir.

***

1939–cu il. Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. Bundan əlavə, yeni Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Haciqabul qəsəbəsi Qazıməmməd və o, eyniadlı rayonun mərkəzi olub. Həmin il, həmçinin Ağstafa və Ucar rayonları da yaradılıb.

***

2007-ci il. Bakıda, Nərimanov rayonu ərazisində Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Layihənin müəllifi, tanınmış memar xanım Zaha Hadiddir. Müasir Bakının memarlıq simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin "İlin Dizayni 2014" müsabiqəsinin əsas mükafatına layiq görülüb. 

Doğum günləri:

1917 – Azərbaycan Respublikasının Xalq artisti, aktrisa   Firuzə Məmmədqulu qızı  Əlixanova Ordubadda anadan olmuşdur.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilkin aktrisalarındandır. Onun səhnəyə gəlişi hadisəyə çevrilib və bundan sonra daha bir neçə gənc qız həyatını teatrla bağlayıb. Realist teatr məktəbinin görkəmli nümayəndələrindən sayılır. Oyunu təbii və şirin yumoru, xoşagəlimli səmimiyyəti, gülüşün məna tutumu ilə səciyyəvi olub.

Firuzə Əlixanova Ordubad  şəhər səkkizillik məktəbində təhsil alıb və Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Şəhərin bayram tədbirlərində şən mahnılar oxuyan Firuzənin ifaçılıq istedadı Səməd Mövləvinin diqqətini cəlb edib. Onun səyi ilə tələbə qız 1932-ci ildə Naxçıvan teatrına aktrisa dəvət olunub. Bu kollektivdə şərəfli və şöhrətli yaradıcılıq yolu keçib. Səhnə xidmətlərinə görə 17 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 15 noyabr 1974-cü ildə Xalq artisti fəxri adları ilə təltiflənib. 45 il səhnədə fədakarlıqla çalışan aktrisa 1977-ci ildə ərizə yazaraq səhnədən uzaqlaşıb.

23 noyabr 1994-cü ildə Naxçıvanda vəfat edib.

***

1947 – Tanınmış yazıçı, publicist Mustafa Çəmənli Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur.

İlk  təhsilini doğma kəndində, daha sonra Mingəçevir şəhər məktəbində almışdır. Əmək fəaliyyətinə Mingəçevir maşın hissələri təmiri zavodunda qəlibçi kimi başlamışdır (1966-1970). Bakıda "Kommunist" nəşriyyatında çapçı köməkçisi, "Paris Kommunası adına gəmi təmiri zavodu"nda qəlibçi olmuşdur (1970-1972). ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla göndərildiyi "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və folklor redaksiyasının müdiri (1978-1988), nəşriyyatın nəsr redaksiyasının müdiri vəzifələrində işləmişdir (1988-1992). "Gənclik" nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır (1992-2006). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk hekayəsi "Ləpirlər" 1973-cü ildə "Mingəçevir işıqları" qəzetində çap olunmuşdur. Povest hekayə və radiopyeslər qələmə almışdır. "Layla" (1985) pyessenarisi klublara, xalq teatrlarına göndərilmişdir. Milli musiqi ifaçılığı sənətinin təbliğinə görə mətbuat fondunun "Dan ulduzu" (1993) mükafatına, ön cəbhədə çıxışlarına və hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Yazıçılar Birliyinin diplomuna (1993), "Xallı Gürzə" tarixi romanına görə "Yaddaş" milli mükafatına, Milli Mədəniyyəti Təbliği Mərkəzinin "Uğur-2008", "Ölüm mələyi" tarixi romanına görə Azərbaycan Republikası Mədəniyyət və Turizim Nazirliyinin "Qızıl Kəlmə" ədəbi mükafatına layiq görülmüşdür.

  ***

1951— Tanınmış teatr aktyoru, vokal ifaçı, Xalq artisti  Mobil Salman oğlu Əhmədov Gəncədə doğulub.

1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında isə MkT-yə solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib.

Müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Sənət dostlarının yüzlərlə şarjını çəkib. Radionun fondunda 600-dən çox lent yazısı, xeyli valı var. Aktyor-müğənni Azərbaycanın əməkdar artisti (1978) və xalq artisti (2000) fəxri adlarına layiq görülüb.

Uzun sürən xəstəlikdən sonra 2006-cı il iyun ayının 3-də 75 yaşında Bakı şəhərində vəfat edib, Gəncə şəhərində dəfn olunub.

***

  1968 — Azərbaycanın Milli Qəhrəmanı  Fərhad Qənbər oğlu Hümbətov Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 

1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur.

 O zaman Hümbətovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdılar. O, bütün çətinliklərə baxmayaraq, doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır.

Fərhad 1990-cı il 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qalmışdır. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri heç kimə aman vermədən qarşısına çıxan hər şeyi əzib keçirdi. Fərhad bir az da ləngisəydi, tankın altında qalacaqdı. O, bu hadisədən sonra bir tankçı kimi Vətənin keşiyində durmaq üçün 1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılaraq, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərmişdir.

Fərhadın döyüş yolu çox  şərəfli olmuşdur. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 postunu dağıtmışdır. Fərhad 1992-ci il 29 martda Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Fərhad Qənbər oğlu Hümbətova  Azərbaycanın Milli Qəhrəmanı  fəxri fəxri adı verilmişdir.

Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 Binəqədi rayonunda qəhrəmanımızın adına park salınmış, büstü qoyulmuşdur.

***

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN