booked.netbooked.net booked.net  

(Caroline Laurent Turunc haqqında)

Salam olsun, çox dəyərli oxucum! Bizi buluşduran Böyük Allaha həmd olsun! Artıq bu sətirləri oxuduğunuza görə həmsöhbət sayılırıq. Mən heç vaxt razı olmaram ki, sözə dəyər verən  şəxs dünyada ən dəyərli, vacib və hal-hazırkı dönəmdə qıt bir nemət olan vaxtını boşa xərcləsin. Hələ-hələ bu şəxs mənim həmsöhbətim ola. Söhbəti uzatmadan birbaşa mətləbə keçmək istəyirəm. Bu dəfə haqqında söhbət açacağım şəxs sözün əsl mənasında dünya miqyasında tanınmış qələm adamıdır. Onu həm şair, həm də nasir kimi təqdim etmək olar.

Rus yazıçısı Tatyana Terebinova (Татьяна Теребинова) “Разбудить ауру вселенной”  adlandırdığı essesində Karalina xanım haqqında belə yazır: “Caroline Laurent Turunc – одна из самых загадочных поэтов современности. Вещество её поэзии уникально и является ценностью. Строки завораживают неожиданностью, парадоксальномтью, красотой.

Строки, словно облака, возникают, клубясь переменчивыми чувствами – в переливах богатых оттенков. Их отличает глубокая пульсация взволнованного сердца. В её поэтических мирах время и пространство меняются местами, открывая космос её Души!

Поэт Caroline Laurent Turunc по своему волшебству извлекает из калейдоскопа Вселенной – клубящиеся новые образы, загадки и пророчества – представления своей души. Сотворяя свою поэзию, она, жеминутно и ежечасно, вовлекает себя в борьбу за светлые силы; любуется и восхищается таинственным миром. Отстаивая свои взгляды, Caroline восхищает смелостью, твёрдостью и последователностью, утверждая хрупкий мир светлых идей, требующий её надёжности и защиты от тёмного мира."

Mən Karalina haqqında öz fikirlərimə keçməzdən əvvəl  rus yazıçısı Tatyana xanımın onun haqqında olan essesindən orijinal variantda sitat gətirməyim səbəbsiz deyil. Fransanın paytaxtı Parisdə yaşayıb-yaradan türk kökənli Karalina şeirləri ilə dünyanın dörd bir yanında məşhurdur. Demək olar ki, bütün qitələrdə müxtəlif sülh konfranslarında (Bakıda da olub), şeir festivallarında iştirak edib (edir).  Onu  yazdıqlarına görə Amerikada, Hindistanda, Banqladeşdə, Pakistanda, Çində, Rusiyada, Ukraynada və dünyanın digər ölkələrində  yaxşı tanıyırlar. Yazımın başlıca məqsədi Qərbin bağrında bitən bu Şərq çiçəyini Azərbaycan oxucusuna da yaxından tanıtmaqdan,  təqdim etməkdən ibarətdir:

QISA ARAYIŞ

Karalina Laurent Turunç Türkiyə Cümhuriyyətinin Antakya rayonundan olan doqquz uşaqlı bir ailənin qızıdır. Sosyalogiya fakültəsindən məzun olmuşdur, 2013-cü ildən bəri 1500-dən çox şeir yazmışdır, xarici ölkələrdən çox sayda sertifikatlar almışdır, qırxa yaxın yerli və xarici antologiyalarda yazıları çap olunmuşdur. Hal-hazırda da bir çox beynəlxalq jurnallarda və internet saytlarında şeirləri yayımlanır.

“Şarkla Şamal arası” ve “Çöl Zambağı” adlı iki şeir kolleksiyası yayımlandı.

Rumıniyada təşkil olunmuş “Dünya Ədəbiyyatı Yarışması”nda müxtəlif ölkələrdən olan 2575 şair iştirakçı arasında ikinci yerə layiq görülmüşdür.

Çin Respublikasının Yan qəsəbəsində təşkil olunmuş “Səkkizinci Bahar Şeir Festivalı”nda mükafat alaraq Çinin Şimal-qərb Universitetinin İpək Yolu Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Dünya Şair Ədəbiyyat Muzeyi”nə seçilmişdir.

Bunlardan başqa beynəlxalq “Kainat Şeir Mükafatı 2021” yayınının münsiflər heyətində idi.

“Başkent Haber Ankara” (Paytaxt Xəbər -Ankara) qəzetində köşə yazıları dərc olunur.

“Özgür İfade İstanbul” (Azad Söz İstanbul) qəzetində köşə yazarlığı ilə də məşğuldur .

Sülh Elçisi Beynəlxalq Universitet Diplomatik Xidmətdən Azad Vətəndaş Dərnəyi və Fransa, Tunusda Beynəlxalq Mədəniyyət Salonları Dərnəyində Yaradıcı Görüşlər Elçisidir.

“Writers Capital İnternational Foundation”da (“Beynəlxalq paytaxt yazarları Fondu”nda) təşkilat komitəsinin üzvüdür.

Türkiyə Cümhuriyyəti nəzdində fəaliyyət göstərən bir xeyriyyə dərnəyi olan U.T.E.F.-nin Paris təmsilçisidir.

“Ziyadar” mükafatı laureatı  olan Karalina Laurent Turunç 2022-ci ilin yekunlarına görə  “İlin yazarı” diplomu ilə təltif olunmuşdur.

Haqqında Tuncay Şəhrilinin tərtib etdiyi “Caroline Laurent Bakıda” (izonəşr) Bakı – 2022, kitabı nəşr olunmuşdir.

“Coğrafyası ne olursa olsun her canlı daha özgür bir yaşamı hak eder. Dünyamızın insanlarına uygulanan baskı ve zulümle yaşamaya mahkûm edilmek artık dayanılmaz hale geldi. “Yeter artık!” diye bağırmak istiyorum. Zulüm haddini aştı.” –  deyən  Karalina Laurent Turunçun haqq səsi   “Zalim padişah!”  şeirində daha ucadan duyulur:

Ey gizemli tılsım, ruhumu taşlara vurayım.

Bütün beyaz Sayfaları hayat hikayeleriyle doldurayım.

İmla ve dil ustalarını yeterince susturdunuz

Masallarla uyutulmuş bu millete acıyın!

Karalini ilk dəfə nə vaxt, harada  və ya hansı şeiri ilə tanıdığımı burada dəqiq qeyd edə bilmirəm. Çünki, onunla yazdıqları vasıtəsilə ilk qiyabi tanışlığımız zamanı heç bir yadlıq, özgəlik hiss etməmişdim. Tam səmimi olaraq qeyd etmək istəyirəm ki, bu ilk görüşün  hansı dildə olduğunu da xatırlamıram.  Ruhlar min illərin dostu, yol yoldaşı olduqdan sonra bütün bunların heç bir önəmi olmur. Tək bircə məsələni qeyd etmək istəyirəm. Birinci  şeiri ilə tanış olan zaman gözümün önündə vizual olaraq (onda bəlkə hələ heç müəllifin fotosunu da görməmişdim…) “Çöl Aslanı” filmindəki Ömər Muxtarın surəti canlanmışdı… Tanış olduğum ilk  şeirin məndə oyatdığı marağın gücü ilə internetdəki müxtəlif axtarış sistemləri üzərindən müəllifi araşdırmağa başladım. Məlum oldu ki, şairin iki şeir kitabı işıq üzü görüb və bu kitablar bildiyimiz bütün beynəlxalq kitab satış portallarında var. İnternet üzərindən müəllifin hər iki kitabını sifariş etdim və cəmi on gün ərzində ümumilikdə 14 manat xərc müqabilində əlimə çatdı. Kitabların biri “Çöl zambağı”, digəri isə “Şarkla Şamal arası” adlanır…

Həmişə haqqın yanında olan Karalin Zəfər yoluna çıxdığımız 2020-ci ildə bütün yol boyu bizimlə birgə addımladı. Haqqın tərəfində oldu. Həmin il 44 günlük yol yoldaşlığı zamanı Karalinanın timsalında mən özüm üçün bir yəqinlik hasil etdim əgər tərəflərdən birinin yanında deyilsənsə, bu tərəfsizlik deyil, ikiüzlülük anlamına gəlir. Karalina bir Türkiyə sevdalısı olduğu qədər Azərbaycanı da sevir… Bəlkə daha artıq.

Sonra iş elə gətirdi ki, 2022-ci ildə Bakıda bir sülh konfransında görüşdük. Konfrans müddəti qiyabi olaraq yazılarına görə tanıdığım Karalinanı bir də şəxsən müxtəlif vəziyyətlərdə əyani olaraq tanıdım. Zənnim məni yanıltmamışdı. Karalina (Caraline Laurent Turunc) tam olaraq bizim “aslanın erkəyi dişisi olmaz” misalına uyğun bir çöl aslanı idi. Onun həyatında təsadüfə, yaradıcılığında nəyinsə xatirinə deyilmiş sözə yer yoxdur! Karilina məqsədinə doğru inamla addımlayan cəsur yolçu,zülmətin bağrını yararaq ətrafını aydınladan gur işıqdır. Kitablarına verdiyi “Şarkla Şamal arası” və “Çöl Zambağı” kimi adlar müəllifi yaxından tanıdıqdan sonra gözlər önünə daha aydın mənzərə sərir. Öz çölünün aslanı olan Karalina qürbət eldə Yurdunu təmsil edən zərif, ötkəm bir çiçəkdir. Mən onu bütün xarakter və xüsusiyyətlərini bir cümlədə məhz belə ifadə edərdim: - “Qərbin bağrında Şərq çiçəyi”. Bəli, o Qərbin bağrında bitən “Çöl zambağı”, “Şarkla Şamal arası”nda qərar tutmuş Anadolulu tərs lalədir…

k

Hal-hazırda Fransa Respublikasının paytaxtı Paris şəhərində yaşayan və yekunlaşdırmaq üzrə olduğu bir romanını qələmə almaqla məşğul olan yazarımıza işlərində və yaradıcılığında uğurlar arzulayır və “Şarkla Şamal arası” və “Çöl Zambağı” kitablarından seçdiyim şeirləri təqdim edirəm:

BİLMİRSƏNMİ?!

Tanımırsanmı məni?!

Kimsəyə boyun əymərəm…

Boz buludlar

Səmada var-gəl edərkən

Axşamın xəfif küləyi əsərkən

Hələ zülmət gəmiyə minməmişkən

Bilirdim ki, yer üzü məzarlıq,

Ömrümün naxışları işgəncədir…

Sən öküzləri əhilləşdir

Kasıblar üçün beynini yorma…

Ağla indi, ürəyin boşalana qədər,

Doyunca ağla…

Halına yanmadığım

Şərq və Cənub üçün ağla

Parçalanmış duygular, ödənməmiş borclar və

Yerinə yetirilməmiş vədlər üçün ağla…

Göy üzünə boylan,

Bax, düz buraya,

Sabahın quşları qanad çırpır səmada

Torpaq nə gözəl tumurcuqlar verib

Sən və sevgin qəlbinin qapısına möhür vurarkən

Körpələr analarının döşlərindən zorla alınırdı.

Kaş görmüş olaydım,

Kaşki , qarışmayaydım demə əbəs yerə…

Daha heçnə söyləmə

İnamım qalmayıb sənə…

Amma ki, mən hər xəfif küləyə

Nəvazişlə sığal çəkdim

Bir əsrdən neçə eşq keçdiyini saymadan…

Əsrlərin zaman dilimini

Bütün planetləri yola salana kimi

Körpə bahar gələnə kimi

Sirr saxlayıram…

Sabahların birində

Gələcəklər uşaqlar…

Kim bilir, bəlkə də

Pəncərəmdən boylanıb

Sənə baxaram…

Göy üzü salam göndərəndə

Əllərimi yelləyərəm…

Və o zaman dərin bir

Ah çəkəcəksən

Kaşki heç yaranmasaydım deyə

Sahildəki xəyalları,

Küləyin səmadan yerə ələdiyi ulduzları

Aşağı -yuxarı boylanıb

Bir, iki, üç deyə

Saymağa başın qarışacaq…

Yeri- göyü yaradan Tanrının qarşısında

Kim ola bilərik ki, biz

Xırdaca varlıqlarıq,

Bir az cılız, bir az aciz…

“Çöl Zambağı” kitabından səh. 25-26.

EY TANRISI ÜMİD

Şah damarımda qanım donar

Çirkaba batmış

Yer üzünü və

İndiyə qədər yaşanmış

Qarşılıqsız sevgiləri gördükcə

Mən neçənci yuxudayam

Hansı əsrin asdanasındayam

Deyirəm…

Sanki şərqin vadilərində

Qeyb olmuşdu ürəyim

Səsim qaranlığa qərq olub

Mənə doğru axır…

Yadlaşmış gözlərimdə

Kipriklərimə toxunuram

Amma çox çarəsizəm

Ayaqlarım var-gəl etməkdən

Sürgün yollarındaymış kimi

Yorğun düşüb…

Aman, Tanrım, bu necə yuxudur?

Kaşki heç görməyəydim

Gerçək olmayan gözəlliklərin xəyalını

Qanadları qırılan xəyallarım

Sahildə oturub

Nəfəsini dərdi…

Amma ki, mən əllərimi

uzadıb

Günəşə toxunacaqdım…

Sevgilimin könlünü

Ovundurmaq üçün

Mahnılar oxuyacaqdım…

Elə kədərliyəm ki,

Kaşki ulduzlara qonşu olaydım

Qızıl dövrü, ədalət və

Bərabərliyi ordan görəydim

Kimin üçündür bu ixtiralar

Kimin üçündür bu göyqurşağı…

Ey Tanrısı ümid və qardaşları

Bataqlığın qaranlığında

Çürümüş göylər

Çöhrələrdən süzülən işıq

Qanlı irinin girdabında öləziyib…

Ey yağışı müqəddəs göllərə tökülən bulud

Kaşki yumruğumu açıb

Yağış damlaları ovcuma yığa biləydim…

Mənə icazə ver, ey kübar dünyam

Uşaqlarım var,

Onlar mədrəsəyə gedəcəklər…

Analarının döyülərək

Qətlə yetirildiyini

söyləyə bilmərəm

Günah məndədir ki,

Göy üzünə çox inandım…

Toxumuna torpaq oldum

Bir gün geri dönəcək sandım…

Mən hardan biləydim göylərin

Hər tökülən qandan

Bir damla içdiyini…

Çiçəklərin göz yaşıyla cücərdiyini…

“Çöl Zambağı” kitabından səh. 22-23.

CAHİL və ƏDƏBSİZ

Torpağa göz yaşlarıyla

Kəlmələr yazmışdılar…

Ruhları cahil və ədəbsiz idi.

Çaya ümid bağlayanları

Məhkum etmişdilər.

Çürümüş dəriləri

Ağappaq olmuşdu

Minlərlə varlığın

Qopardığı tufan içində…

Yeddi qat yerin altında

Dünyanın dərdini

Daşıyan torpaq

Qayğılardan təngə gəlib

Göz yaşları içində

Yorğun düşmüşdü

Ölüm əslində

Diriliş günüdür,

Sabahın yuxusudur…

Güc və gücün üfüqləri

Bitib- tükənmək bilməyən

Xəzinələr…

Qövmü böyüdüb bəsləyənlər

Bəzəmişdir sabahla axşamı…

Bütlərə inanlar, and içənlər

Başqa günəşlər vəd edərlər…

Göyləri yüksəkliyə

Ucaldan Tanrı

Qoy yoxa çıxmış gecəni

Çiyinlərimə şələləyim…

Mənim dörd mövsüm

Ağlımın sahibim,

İhsanı və Fazili

Bir-bir var etmişlər,

İnsanın ağlı ilə dərk etməsi

Gözlə görməsindən yaxşıdır…

Ey yaradılışın mayasını

Həqiqətlə yoğuran

Bu hürən itlərə agah elə

Ölüm səbəbini cansız bədənlər

Qum yığınının arasında

Şimaldan cənuba sovrular

Qılıncınla haqqı ucalt

Nə zaman müharibə etsən.

O zaman qələbə çalarsan

Tanrının dini üstün gələr…

Torpaq üzərində mənim də

Məndən başqasının da

Qarışqa qədər haqqı var…

“Şarkla Şamal arası” kitabından səh. 114.

Dəyərli oxucum, əlbəttə, həcmindən asılı olmayaraq istənilən bir yazıda bütün məsələlərə toxunub, şeirlərin hamısı haqqında fikir bildirmək mümkün deyil. Ancaq mən çalışdım ki, Azərbaycan oxucusunda Karalina xanım və onun kitabları haqqında ilkin bir fikir formalaşdıracaq yığcam yazı hazırlayım və bu yazımda heç olmasa hər kitabdan bir-iki nümunəni olduğu kimi təqdim edim. Ümidvaram ki, müəyyən mənada məqsədimə nail olmuşam. Bu yazını hazırlayan zaman dəyərli tövsiyələri ilə yardımçı olduğuna görə müasir dünya ədəbiyyatı üzrə ədəbiyyat tənqidçisi gənc filoloq Günnür Ağayevaya və şeirləri ana dilimizə çevirib, uyğunlaşdıran hal-hazırda Türkiyədə təhsilini davam etdirən gənc yazar Turan Novruzluya, dünyada ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə sizə öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olun. Allah amanında. Allah sizi qorusun!

Zaur Ustac,

“Yazarlar” jurnalının baş redaktoru

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN