booked.net booked.net  

Azərbaycanın xalq artisti Nəsibə Zeynalova düz 106 il əvvəl Bakı şəhərində -  Kərbəlayı Cahangirin ailəsində dünyaya göz açıb.

Atası tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin, lakin bu arzusunun gerçəkləşdiyini görmək ataya nəsib olmayıb…

…İllər keçir, Nəsibə xanım böyüyür və 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olur. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayır. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülür. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alır.

...Nəsibə Zeynalova Xanpəri ("Dərviş Məstəli şah"), Nargilə ("Gözün aydın"), Şərəf və Nisə ("Durna"), Məsmə ("Toy kimindir?"), Züleyxa ("Ulduz"), Tükəz ("Hacı Qara"), Tərlan ("Ürəkçalanlar"), Zemfira ("Kəndimizin mahnısı"), Rəxşəndə ("Qızıl axtaranlar"), Münəvvər ("Bir dəqiqə"), Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti"), Şölə xanım, Xeyransa, Matan ("Özümüz bilərik", "Sevindik qız axtarır" və "Olmadı elə, oldu belə"), Mərcan ("Səndən mənə yar olmaz"),Cəhri xala ("Altı qızın biri Pəri"), Əsınət ("Ev bizim, sirr bizim"), Cənnət xala ("Qaynana"),Gülyanaq ("Haradasan, ay subaylıq?"), Fatma xala ("Axırı yaxşı olar"), Rəxşəndə ("Bir dəqiqə"), Zeynəb, Cəmilə ("Boşanaq, evlənərik" və "Nənəmin şahlıq quşu"), Cəlbi ("Beş manatlıq gəlin"), Səltənət ("Dağlar qoynunda"), Qızbacı ("Hicran"), Nazxanım ("Nazxanım naz eləyir"), Güləndam ("Qonşumuzda bir oğlan var"), Fatma ("Həyətim mənim, həyatım mənim"), Ballı ("Qızıl toy"), Qəmər ("Nəğməli Könül") və daha neçə-neçə rolları ilə tamaşaçıların qəlbinə yol taparaq böyük sevgi qazandı. O, həm də çoxsaylı filmlərdə də rol alır:

“1001-ci qastrol”, “Adı sənin, dadı mənim” (tammetrajlı televiziya tamaşası), “Aktrisanın təbəssümü”, “Bağlı qapı”, “Bəyin oğurlanması”, “Bizim Cəbiş müəllim”,”Bizim küçənin oğlanları”, “Bizim Nəsibə xanım... “, “Böyük dayaq”,”Dəli Kür”,"Qayınana" əməliyyatı, Qəm pəncərəsi, Qorxma, mən səninləyəm, “O qızı tapın”, “Ögey ana”, “Ulduz”, “Yuxu” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Nəsibə Zeynalovanın yaradıcılığı gənc nəsil aktrisaları üçün örnəkdir. O, bir məktəbdir. Yaratdığı rollara yəqin ki, heç bir kəs onun kimi canlandıra bilməzdi və ona görə də ona əvəzolunmaz sənətkar deyilir.  Zaman keçir, Azərbaycanda da indiki nəsil  aktrisalar arasında istedadlılar yetişir.  Lakin illər keçsə də, nəsillər dəyişsə belə, Nəsibə xanım heç bir zaman unudulmayacaq və heç kim onu əvəz etməyəcək.

 Əvəzolunmaz sənətkar, milli teatr və kinomuzun unudulmaz siması xalq artisti Nəsibə Zeynalovanın 106 yaşı tamam oldu.  

Bu gün Mədəniyyət Nazirliyinin əməkdaşları və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi də  sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Mərhum sənətkarın xatirəsi ehtiramla anılıb, məzarı üstünə güllər düzülüb.

Allah rəhmət eləsin!

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN