booked.netbooked.net booked.net  

İyirminci əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib.

Bu gün Dövlət mükafatı laureatı, Xalq şairi , XX yüzil Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arifin anadan olmasının 98-ci ildönümü tamam olur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 2 may tarixli Sərəncamı ilə Hüseyn Arifin 90 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə keçirilib.

Hüseyn Hüseynzadə 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub.

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin liberettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə çevrilib. Şeirlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Gunləri”nin iştirakçısı olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.

Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən zəminində dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırır. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.

Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, lakin bütün baməzə düzməcələr və olmuş əhvalatlar onun şair ciddiliyini nəinki zədələmiş, əksinə, onu xalqa daha da yaxınlaşdırır, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırır.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.

Şairin vaxtilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub.

Onun yaradıcılığı bugün də gənc nəslin tərbiyəsində öz önəmini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcək.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN