booked.netbooked.net booked.net  

Yaxud, xanımları narkotikə cəlb edən səbəblər hansılardır?

...Xanımlara “zəif” deyənlər həmişə tənqid ediliblər. Tənqid edənlərin də böyük faizlə pay bölgüsü elə xanımların üzərinə düşür. Çünki xanımlar haqlı olaraq özlərini zəif zərif yox, güclü zərif bilirlər. Cəmiyyət də elə düşünür. Amma bu güclü zərifləri kişilərlə yanaşı narkotik ticarətində, yaxud narkotik istifadəçiliyində görəndə bəzən fikrimizi niyə də dəyişməyək?! Axı hamı yaxşı bilir ki, bəşəriyyətin bu bəlasına qurşananlar məhz iradə zəifliyindən bu bəlaya düşürlər. Bunu narkomanların özləri etiraf edirlər: “İradəm dözmədi, zəiflik göstərdim və bir dəfə istifadə ilə narkomaniyaya təslim oldum...”.

 Statistika isə zəriflərin zəif tərəfini ortaya qoyur və...

 Budur, “Təzadlar”ın Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından əldə etdiyi statistik-rəsmi rəqəmləri təhlil edirik. Ürək ağrısı ilə deməliyik ki, bu rəqəmlərin arasında qadınlarımızın özünəməxsus xüsusi çəkisi var və bunları görəndə acı təəssüf hissi keçiririk. Məsələn, “...2021-ci ilin 6 ayı ərzində hüquq mühafizə orqanları narkomaniya ilə bağlı 4131 cinayət faktı aşkarlayıb. Bu cinayətlərin 1493-ü narkotik vasitələrin qanunsuz satışı, 2391-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 191-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 56-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2798 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 6 nəfər, 18-25 yaşadək 218 nəfər, 26-29 yaşadək 497 nəfər, 30 yaş və ondan yuxarı isə 2077 nəfər təşkil edir...”.

 Təsəvvür edin, məsuliyyətə cəlb edilənlərin 2730-u kişi, 68-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 35-i isə xarici ölkə vətəndaşıdır (Məsuliyyətə cəlb edilmiş 35 xarici ölkə vətəndaşından 13-ü İran İslam Respublikası, 7-si Gürcüstan, 6-sı Türkiyə, 3-ü Ukrayna və 6-sı Rusiya vətəndaşı olub). Xarici ölkə vətəndaşlarından ümumilikdə 825 kq-a yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb. 

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər olub. Onlardan 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Diqqət edin, onlardan 618 nəfəri qadındır.

  Narahatlıq doğuran isə budur ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayı ərzində Respublika Narkoloji Mərkəzdə qeydiyyata götürülənlərin sayı daha 96 nəfər artıb (2020-ci ildə- 856 nəfər, 2021-ci ildə - 952 nəfər).

 Məhkum edilənlər və cəmiyyətdən məhrum olunanlar...

  Hazırda cəzaçəkmə müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı 5970 nəfər təşkil edir. Eyni zamanda istintaq təcridxanalarında saxlanılan (istintaq altında olanlar) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə həbs olunmuş şəxslərin sayı 1833 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 3556 nəfərdir.  

 Niyə getdikcə narkotik istifadəçilərin sayı artmaqda davam edir?

 Təəssüf  doğuran hal bir də odur ki, bütün mübarizə vasitə və metodlarına baxmayaraq, narkotik istifadəçilərinin, eləcə də narkomaniya ilə bağlı saxlanılanların sayı hələki artmaqdadır... Budur, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib.   Düzdür, Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların və yeniyetmələrin sayı kişilərə nisbətən dəfələrlə azdır.  Amma bu statistika niyə də olmalıdır???

Statistikaya nəzər salsaq görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb. Ötən il 4789 nəfər, o cümlədən 4530 nəfər dispanser, 259 nəfər isə profilaktik qeydiyyatdan çıxarılıb. Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 264 fakt aşkar edilib...

 “Qadınları narkomaniyadan müalicə və xilas etməzdən əvvəl onları bu bəladan qorumaq və təcrid etmək vacibdir...”

 Psixoloq Yasəmən Məmmədli qadınların narkomaniyaya aludəçiliyində əsas səbəb kimi işsizliyin olmasını önə çəkir:

-Vaxtilə qadınlarımızın əsas iş yeri fabrik və zavodlar idi, indi onların demək olar heç biri qalmayıb. Az sayda özəl şirkətlər fəaliyyət göstərir. Sovetlər dönəmində qadınların çalışdığı bəzi istehsalatlarda üçnövbəli iş rejimi olardı. Bu o demək idi ki, qadınların məşğulluğu maksimum təmin edilirdi. Təcrübə göstərir ki, zərərli vərdişlər əsasən məşğulluq olmayan yerdə baş qaldırır. Təcrübə də göstərir ki, narkomaniya ilə bağlı saxlanılan və müalicəyə, yaxud məsuliyyətə cəlb edilənlərin demək olar əksər hissəsi iş yeri olmayanlardır. Qadınların bu sırada olması isə təəssüf hissi doğurur. Qadınları narkomaniya bəlasından müalicə etməkdən əvvəl isə onları bu bəladan qorumaq lazımdır... Odu söndürmək daha çətindir, nəinki onun qarşısını almaq. Bu mərəzdə əsas günahkar isə qadınları əhatə edən mühit, bu mühitin üzvləridir. Heç kim anadan narkoman doğulmur. Sonradan insanların düşdükləri və əhatələndikləri  mühit buna səbəb olur... Gəlin bu mühiti təmizləyək, nəzarətdə saxlayaq...

Statistikanın izi və səbəblər narkomanların dili ilə...

 Dövlət Statistika Komitəsinin rəsmi saytından narkomaniya ilə bağlı əldə etdiyimiz rəsmi rəqəmlərə diqqət edək. Bu rəqəmlər günahlarımızın ölçü vahidi kimidir.

Budur, illərimizin acı rəqəmlərinə diqqət edək: məsələn, narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı törədilmiş cinayətlərdə cəmiyyətimizin incə və zərif zümrəsinin xüsusi çəkisi belədir: əgər 1993-cü ildə ümumilikdə 1633 nəfər bu qəbilli cinayət törədibsə, onların 157-ci qadın olub. Qadınların sayı sonrakı illərdə belədir: 1995-ci ildə-393, 1999-da- 257, 2000-ci ildə 186, 2014-də-75, 2019-da 97 və 2020-ci ildə 82 nəfər!

Qeyd olunan dövrdə bu təmayüllü cinayətlərə görə məhkum olunmuşların sayına gəldikdə:

-2000-ci ildə narkotiklə bağlı 1658 nəfər məhkum olunubsa, onların 100-ü qadın olub. Sonrakı illərdə isə vəziyyət belədir: 2007-ci ildə 1958 nəfər məhkum olunubsa, onların 80 nəfəri qadınlar olub. 2014cü ildə 61, 2019-da 78 və 2020-ci ildə 75 qadın məhkum olunub.

Yeri gəlmişkən, statistika da sübut edir ki, narkotiklə bağlı cinayət törətmiş və məhkum olunmuşların təxminən 87-90 faizi işsizlərdir. Yəni, məşğulluğu olmayanlardır. Məsələn, əgər 2000-ci ildə 1658 nəfər məhkum olunubsa, onların 1446 nəfəri (87,2 faiz) işləməyən və oxumayanlardır. Bu rəqəm 2010-cu ildə 2569 və 2243 (87,3 faiz), 2019-da 3242 və 1768 (54,3), 2020-ci ildə isə 3117 və 1677 (53,8 faiz)-dir.

***

Beləliklə, cəmiyyətimizin bəlası olan narkomaniya ilə mübarizədə əsas hədəflərdən biri bəlli oldu: əmək qabiliyyətlilərimizin məşğulluğuna diqqət artırılmalıdır. Xüsusən də qadınların işlə təmin edilməsində Dövlət Proqramlarının və işlək layihələrin icrasına xüsusi diqqət olmalıdır. Elə edilməlidir ki, narkomaniyaya gedən yolda  cəmiyyətimizin zərif-incə zümrəsini təmsil edən xanımların izi görünməsin. Çünki qadınlar gələcəyimizi doğandır, sabahımızın əsgər anasıdır!  Nəzərə alaq ki, narkomaniyaya qurşanmış şəxs artıq bütün müalicələrə və profilaktikaya baxmayaraq cəmiyyət üçün yararlı ola bilmir.

 Yuxarıda qeyd etdim, hər il 650-700 qadın narkodispanserə göndərilir... Təsəvvür edirsinizmi, son 30 ildə on minlərlə qadın bu bəlanın qurbanı olub, cəmiyyət üçün yararsız bir zümrəyə çevrilib. Bu, hansı gender probleminin yaratdığını təsəvvür etməyə imkan verir.

***

Mütəxəssislər həm də narkomaniya ilə mübarizədə  təbliğatın gücləndirilməsini vacib sayırlar. Bəli, bu vacibdir, amma iş yeri, deməli, maddi təminatı olmayan, bekarçılıqdan özünə bu zərərli və zəhərli məşğuliyyəti seçən adama təbliğatın nə dərəcədə təsiri ola bilər? Bu, ac adama çörək oğurluğundan kənar durmasının vacibliyini təbliğ etməyə bənzəyir.  

***

Zənnimcə, narkomaniyada ən yaxşı və təsirli təbliğat narkomaniyaya meyilliliyin qarşısının alınmasıdır. Bunun isə yeganə yolu insanların, fərq etməz hansı formada, məşğuliyyəti təmin edilməli, faydalı vərdişlər meydanı onların maksimum istifadəsinə verilməlidir... Xüsusən də gənc nəslin təhsilinə diqqət artırılmalı, orta təhsili başa vurandan sonra onların ali, yaxud orta-texniki və ya texniki (peşə) təhsilinə sahiblənməsinə səy göstərilməlidir.

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst. 6.3.18).

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN