booked.net booked.net  

Tanınmış vəkil İkram Abdullayev Suraxanı rayon Prokurorluğunda baş verənlərlə bağlı Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə müraciət edib...
Vəkilin tərəfindən "Təzadlar" qəzetinin elektron poçtuna göndərilən müraciəti bəzi düzəlişlərlə təqdim edirik:
"Ölüm var ki, yolunda
Azdır min can da versən.
Ölüm var ki ona,
adicə qarışqanın da
ömrünü qıymaram mən!
                         B.Vahabzadə"
Hörmətli Baş Prokuror Kamran Əliyev!
...Bəli, belə bir ucuz və mənasız ölüm 62 yaşlı, yurdundan, yuvasından didərgin düşmüş, Laçın rayonu Ağcakənd sakini Zamanov İntiqam Binnət oğlunu məskunlaşdığı Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda tikdiyi evin damında boğazına keçirərək asdığı halqada yaxaladı...
 Hadisə yerinə gələn Surxanı rayon polis və prokurorluq əməkdaşları meyiti müayinə edərkən onun əynində olan şalvarının cibindən öz xətti ilə yazdığı belə kağız parçası aşkarladı: “Məni oğlum Elgün şərə-böhtana saldı, polisə verdi, bezib özümü öldürməyə məcbur oldum, heç kimin günahı yoxdu, ancaq Elgün, Elgün, Elgün. Camaat içinə, xeyrə-şərə gedə bilmədim, 62 yaşımda biabır oldum və sonda İntiqam evdən lüt çıxarıldı. Məni qurd qapısındakı yiyəsizlər qəbirstanlığında basdırın”.
babac39f-ce44-4c10-b291-9dc734596c05
 Özünü öldürmə faktı ilə bağlı Suraxanı rayon prokuroru Rəşid Mahmudovun prosessual rəhbərliyi altında prokurorluğun böyük müstəntiqi Tamerlan Baqiyev tərəfindən araşdırılma aparılıb, hər ikisi belə qərara gəliblər ki, İntiqamın özünü asıb öldürməsində oğlu Elgünün heç bir təqsiri yoxdur, İntiqam özünü kefindən asıb. Ona görə də Elgün barəsində cinayət işi başlamayaraq hadisəni ört-basdır etmiş, xəlvətcə cinayət işi başlanmasını rədd etmişlər.
 Bundan narazı qalan, İntiqamın bacısı İsmayılova Dİləfruz Binnət qızı mənimlə hüquqi yardıma dair müqavilə bağladı ki, mən onun qardaşının satılan haqqını müdafiə edim. Eyni zamanda İntiqamın həmkəndliləri Ağcakəmd cammatı da Elgünün və anası Məlahətin İntiqamın başına gətirdikləri bu müsibətlə razılaşmayaraq İntiqamın ruhunun müdafiəsinə qalxdılar.
XXX 
...Müəyyən etdik ki, İntiqam köçkünlükdən, qaçqınlıqdan sonra çox çətinliklə Binə qəsəbəsinin Donuzkökəltmə sovxozunun ərazisində ev tikmişdir. Şeytanla qohumluq edən ailə üzvləri İntiqamı evdən çıxarıb evi satmaq istədiklərindən İntiqamın isə buna razı olmadığından ona torba tikərək evdən çıxarmaq qərarına gəlmişlər. Nəticədə insanlığa sığmayan, adamları dəhşətə gətirən tükürpədici bir addım atmışlar. İntiqamın oğlu Elgün Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir ki, atam Zamanov İntiqam Binnət oğlu mənim körpə qızıma qarşı əxlaqsız (seksual) hərəkətlər edib. Elgünün ərizəsi ilə əlaqədar İntiqamı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə apararaq onu döymüşlər və 2 gün saxlamışlar. Nəticədə az da olsa vicdanın səsinə qulaq asaraq məsələyə ədalətlə yanaşmışlar. Sübut etmişlər ki, İntiqam nəvəsinə qarşı belə hərəkət etməmişdir, bu oğlunun uydurmasıdır. Ona görə də İntiqamı buraxmışlar. Bununla da Elgün və ailənin digər üzvlərinin planı baş tutmuş, İntiqamı evdən qovaraq evi dərhal Şirinov Əfqan Mirhüseyn oğluna satmışlar, İntiqamı qoymuşlar küçədə. Elgün bununla kifayətlənməmiş, atasını məcbur etmişdir ki, sənin yaşamaq haqqın yoxdur, get özünü öldür, yoxsa onsuz da səni deşik-deşik edəcəm.
 Bu minvalla İntiqam küçədə qalmışdır. Kəndin, elin-günün xeyrinə-şərinə gedə bilməmiş, xalqın içinə çıxa bilməmişdir. Çünki İntiqam başına gətirilən bu fəlakəti cəmiyyətə söyləmək və onları inandırmaq imkanında olmamışdır. Bilmişdir ki, oğlunun ona vurduğu ləkəni təmizləmək üçün bir insan ömrü azdır.
 Bir müddət ona inanan adamların evində sığınacaq tapsa da, Elgünün daimi təzyiqinə dözə bilməmiş, özünü asmağa məcbur edilmişdir. Odur ki, başına oğlu Elgün tərəfindən gətirilənləri özü izah edə bildiyi tərzdə yazıb insanları və insanlığı inandırmaq üçün şalvarının cibinə mesaj qoymuşdur. Həm mənim, həm də Ağcakənd camatının səyi nəticəsində hadisə ictimailəşdirildi, insanlar Baş Prokurorluğa, Prezident Administrasiyasına müraciətlər ünvanladı. Nəhayət Baş Prokurorluq Suraxanı Rayon Prokurorluğunun mövqeyini əks etdirən qərarı ləğv edərək İntiqamın intihar faktı ilə bağlı AR.CM-nin 125-ci maddəsi ilə, yəni özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlayaraq yenə də istintaqını Suraxanı rayon prokuroruna və böyük müstəntiqinə həvalə etdi.  İstintqaıın gedişində Ağcakəndlilər müəyyən yolla Elgünün müstəntiq Tamerlanla arasında vasitəçilik edən şəxslə danışığını əldə edərək müəyyənləşdirdilər ki, Elgün araçıya deyir ki, “qağa, başına dönüm, sən müstəntiq Tamerlanla ətraflı danış, birdən məni çağırar qəfildən tutar, biabırçılıq olar, qabaqcadan desin, maşın var, ev var, satım hazırlığımı görüm, məbləği bilim. Getsin Tamerlan yuxarılarla danışsın..." və s.
 Bundan sonra bizdə tam əminlik yarandı ki, Suraxanı Rayon Prokurorluğu əyri yoldadır... Ona görə də Bakı şəhər Prokurorluğuna, Baş Prokurora müraciət etdik ki, cinayət işinin istintaqını başqa istintaq orqanına həvalə etsinlər. Nə Baş prokurorun, nə də Bakı şəhər prokurorunun buna gücü çatmadı. Ona görə də şahidlər Suraxanı Rayon Prokurorluğuna gedib ifadə verməkdən imtina etdilər. Bir qismini Bərdə, Ağcabədi, Şamaxı Rayon Prokurorluğunda, bir qismini Abşeron Rayon Prokurorluğunda dindirdilər.
Abşeron Rayon Prokurorluğunda İntiqamın bacısı Diləfruz xanımın, oğlu Məhəbbətin ifadələri alındı və onlar da İntiqamın yazdıqlarını təsdiq etdilər ki, onu intihara oğlu Elgün çatdırmışdır.
 Uzun müddət Suraxanı Rayon Prokurorluğu arxasını Ağcakənd camaantına çevirərək nə qurdalandığından heç kimin xəbəri olmadı.
XXX
07 dekabr 2023-cü il tarixdə Xırdalan poçtundan Diləfruz xanıma zəng vurdular ki, sizə Suraxanı Rayon Prokurorluğundan 2 məktub var. Çox sevindik ki, yəqin işi yekunlaşdırırlar. Məktubu çox həyəcanla açdıq. Gördük ki, Suraxanı rayon prokuroru cənab Rəşid Mahmudovdan gəlib. Rəşid müəllim müstəntiq Tamerlan Bağıyevin 01 avqust 2023-cü il tarixli cinayət işinin dayandırılması barədə 1 səhifəlik qərarını 3 aydan sonra bizə göndərmişdir. Qərarla tanış olandan sonra gördük ki, Suraxanı Rayon Prokurorluğu nə gündədirsə, qərar da o gündədir. Çünki insanlarımızın taleyinə, haqqının, hüququnun müdafiəsinə ölkənin prokurorluq sistemində münasibət necədirsə, etinatsızlıq necədirsə, nəzarət necədirsə, qabiliyyət necədirsə qərar da elə pinti vəziyyətdədir. Qərarın adı belədir: “Cinayət işinin dayandırılması haqqında”.
Bu başlıqdan belə çıxır ki, cinayət işi utandığından Suraxanı Rayon Prokurorluğundan baş götürüb çıxıb gedir, prokurorluq yığılıb onu ya zorla, ya da yalvar-yaxarla dayandırırlar. Halbuki, bu qərarın adı Cinayət Prosessual Məcəlləsinin 53-cü maddəsində belədir: “Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında”.
 Sonra: Qərarın "Müəyyən etdi" hissəsinin I abzasında hadisənin baş verdiyi yer belə göstərilir: “23.02.2023-cü ildə Suraxanı RPİ-nin 30-cu PŞ-dən bildirildi ki, Bakı şəhəri Suraxanı rayonu Donuztökmə sovxozunda asılı kişi meyiti aşkar edilib".
Yəni, hadisə yeri Donuzkökəltmə sovxozu deyil, "Donuztökmə" sovxozudur. Bir onu biləmmədik ki, prokuror və müstəntiq orada donuzu necə tökürlər.
 Sonra qrəarda göstərilir ki, “İlkin hadisə yerinə baxış zamanı Zamanov İntiqam Binnət oğlunun meyitinin üzərindən, yəni şalvarının cibində olan “Məni oğlum Elgün şərə-böhtana saldı, polisə verdi, bezib özümü öldürməyə məcbur oldum. Heç kimin günahı yoxdur, ancaq Elgün, Elgün, Elgün. Camaat içinə, xeyrə, şərə gedə bilmədim. 62 yaşımda biabır oldum və sonda İntiqam evdən lüt çıxarıldı. Məni qurd qapısı yiyəsizlər qəbirstanlığında basdırın” cümləsi ilə bitən kağız parçası aşkar edilmişdir”.
 İndi bir az soyuqqanlı olun, yanınıza validol həbləri qoyun baxın ardı necədir?! Həmin cümlənin arxası ilə prokuror Rəşid Mahmudov və böyük müstəntiq Tamerlan Bağıyev belə yazırlar: “Cinayət işi üzrə çox saylı şahidlər dindirilmiş, ekspertizalar təyin edilmiş, ayrı-ayrı istintaq hərəkətləri həyata keçirilsə də, hazırki vaxtadək təqsirləndirilən şəxsi müəyyən etmək mümkün olmamışdır”.
 Ona görə də "Qərara aldıq"da belə yazılır: “232006050 №-li cinayət işi təqsirləndirilən şəxs (şəxslər) müəyyən olunanadək dayandırılsın”.
 Əziz dostlarım, sizə mənim varlığımı titrədən bir halı da deyim. İntiqam özünü başqa yerdə yox, zülmlə, zillətlə tikdiyi, arvadının və oğlunun onu qovub çıxararaq Şirinov Əfqan Mirhüseyn oğluna satdıqları evə gedərək özünü həmin evdə asmışdır. Təqsir, gunah bizimdir! Çünki dinmirik, susuruq, qorxuruq! Sənə səslənirəm Vətən! Övladlarımı belələrindən qoru!
Sizə müraciət edirəm, Cənab Prezident! Xahiş edirik, bu ədalətsizliyə, özbaşınalığa, insan haqlarının tapdalanmasına münasibət bildirin, son qoyulması üçün tapşırıq verin! Dəmir yumruğu içəridə yeni hədəflərin başına çevirmək vaxtıdır!
Sizə səslənirəm Cənab Baş Prokuror!
 İntiqamın şalvarının cibindən çıxan kağız oğlu Elgünün cinayət məsuliyyətinə alınması üçün kifayətdirmi? Suraxanı rayon prokuroru etiraf edir ki, İntiqam özünü asmayıb, onu özünü asmaq həddinə çatdırıblar, amma bu şəxs oğlu Elgün deyil. Müəyyən edə bilmirik ki, bu şəxs kimdir. Deməli ölüm işi açılmamış qalıb.
Cənab Baş Prokuror! Çağırın Şeyx Nəsrullahı, diriltsin İntiqamı, soruşun ondan ki, kimdir onu özünü öldürmə həddinə çatdıran. Kömək edin Suraxanı rayon prokuroruna, işin açılmasına, cinayətkarın müəyyən edilməsinə...
Hörmətlə,
İkram İnam,
Vəkil
10.12.2023- cü il.
XXX 
Vəkil İkram Abdullayevin qeyd olunan şikayətini münasibət bildirilməsi üçün Baş Prokurorluğun elektron poçtuna göndərdik. İnanırıq ki, müraciətdə qeyd edilənlər Prosessual qanunvericiliyə uyğun olaraq ciddiliyi ilə araşdırılacaq və tədbir görüləcək, qanunu pozan prokurorluq əməkdaşları cəzalandırılacaqdır.
Müraciət diqqətimizdədir və əlavə məlumat veriləcək.
"Təzadlar"ın Araşdırma Qrupu
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA