booked.netbooked.net booked.net  

Tarixi şəxsiyyətlərin dediyi sözlərdən: “Rasim Sadıqov fofoaparatını süngüyə çevirən və qanlı hadisələri tarixə köçürən əsl  sənətkar  jurnalistdir...”-  (Portret cizgiləri)

Rasim Sadıqov! Bu ad və soyad Azərbaycan mətbuatına, mədəniyyətinə, incəsənətinə  və bütövlükdə ictimaiyyətinə çox yaxşı tanışdır. Çünki 48 ildən çoxdur ki, Azərbaycan mətbuatında onun çəkdiyi foto şəkillər və yazdığı məqalələr tez-tez  kütləvi informasiya vasitələrinin əsas şəkillərindən və yazılarından olur. Həm də Azərbaycan mədəniyyətində, incəsənətində, ədəbiyyatında  onun çəkdiyi foto şəkillər  Tarix,Teatr, İncəsənət muzeylərində əsas yerləri tutmaqla ən çox baxılan gözəl kompazisiyaları olan şəkillərdir. Onun tarixi hadisələrlə və görkəmli insanlarla, incəsənətlə bağlı araya-ərsəyə gətirdiyi video-süjetləri, foto-şəkilləri gələcək nəsillərimizçün ən böyük, unikal töhfələrdir desəm, yəqin ki, yanılmaram. Məhz buna görə də Azərbaycanın foto və video salnaməsini yaradan Rasim Sadıqovu çoxminli oxucularla daha yaxından tanış etmək istəyirəm. Çünki belə yaradıcı insanı -maraqlı sənətkarı  hamımız yaxından tanımalı və gələcək nəsillərə də  tanıtmalıyıq.

Qısa arayış: Rasim Mirzəbala oğlu Sadıqov 1956-cı ilin mart ayının 16-da Bakı şəhərinin tarixi kəndlərindən olan Novxanıda ziyalı ailəsində dünyaya gəlib. Sonra bu ailə Sumqayıta köçüb və Rasim şəhərin 12 nömrəli tam orta məktəbində təhsil alıb. Hələ orta məktəbdə oxuduğu illərdə onun çəkdiyi foto şəkillər və kiçik məqalələr təkcə Sumqayıtda çap olunan qəzetlərdə yox, respublika mətbuatında da çap olunub.

Rasim Sadıqov əgər desəm ki, həm fotoqraf və həm də jurnalist kimi həqiqətən bənzərsiz sənətkardır, burada heç bir şişirtmə, mübaliğə yoxdur. Çünki 48 ildir ki, tanıdığım Rasim Sadıqovu elə yaradıclığa başladığı ilk günlərdən  işgüzar, cavabdehli, öz sənətinin vurğunu olan görmüşəm. Belə ki, o, həqiqətən də jurnalist-fotoqraf  kimi heç kimi təkrar eləmir və bütün bu illərdə özünün məktəbini yaradıb. Hətta o, təkcə fotoqraf deyil, bu sənətin əsl yaradıcı rəssamıdır. Çünki onun çəkdiyi foto şəkillər bir-birinə oxşamır. Obrazlı ifadələrlə zəngindir. Və çəkdiyi  hər bir foto şəkil sənət nümunəsi olaraq, elə bil ki, adamla danışır... Söhbət eləyir.  Məhz buna görə də tanınmış jurnalistlər, ədəbiyyatçılar, siyasi xadimlər, əsl sənətkarlar  və hətta rəssamlar da onun haqqında həmişə belə bir cümlə deyirlər: “Rasim  Sadıqov fofoaparatını süngüyə çevirən əsl sənətkar jurnalistdir”. Onlar bu cür söyləməkdə doğrudan da yanılmayıblar. Bu, həqiqətən də belədir.

Rusiya Federasiyasının uzun illər prezidenti və baş naziri olmuş, bu böyük ölkəyə rəhbərlik eləyən Dimitri  Medvedev ilk əmək fəaliyyətinə vilayət qəzetinin foto müxbiri kimi başladığını heç vaxt unutmadığı kimi, həmişə də dövlət rəhbəri olaraq rəsmi görüşlərə gedəndə sevimili fotoaparatını götürüb şəkillər çəkib. Rasim Sadıqov da jurnalist, Az.PRESS. az  saytının  rəhbəri kimi dövlət səviyyəli görüşlərə gedəndə sevimli fotoaparatını, video kamerasını götürür və orada unikal şəkillər, videolar çəkərək xalqımızın tarix yaddaşında saxlayır. Onun 1976-cı ildən başlayaraq çəkdiyi şəkillər bu gün Azərbaycan foto və video salnaməmiz üçün zəngin bir xəzinədir. Bu şəkillər əsrlər boyu Rasim Mirzəbala oğlu Sadıqovu  Azərbaycan mətbuatında və tarixində layiqincə yaşadacaq.

Yuxarıda yazdığım kimi, Rasim Sadıqovla bizim tanışlığımızın  48 ildən çox tarixçəsi var.  Belə ki, mən 1976-cı ildə Sumqayıt şəhərinə gəlib, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışam. Və bir ildən sonra teatrda aktyor işləməklə paralel Sumqayıtda “Ümid” adlı Teatr-Studiya yaratmışdım. Bu Teatr-Studiyanın ilk tamaşası Cəlil Məmmədquluzadənin “Kamança” əsəri 1977-ci ilin mart ayının 16-da, yəni mənim ad günümdə olmuşdu. Həmin gün “Sumqayıt” və “Exo Sumqayıta” qəzetlərindən tamaşa ilə bağlı şəkillər çəkməyə göndərilən Rasim Sadıqovun da məlum oldu ki, ad günü məhz  mart ayının 16-sındadır və məndən 6 yaş kiçikdir. Bu, mənim və onun üçün bir sürpriz oldu. Elə həmin gündən də biz dostlaşdıq. Mən Rasimi özümə kiçik qardaş bildim. Biz həmin gündən sonra artıq tez-tez təmasda olduq.

Sonralar bu kollektiv Sumqayıt Gənclərinin Xalq Teatrı oldu. Elə quruluş verdiyim ilk tamaşamın - “Kamança” faciəsinin də şəkillərini cəmi 20-21 yaşı olan Rasim Sadıqov çəkməklə məni tarixdə yaşatdı. Ondan sonrakı tamaşaların da çoxunun foto şəkillərini Rasim çəkdi. Beləliklə, həmin vaxtlar mən rejissor kimi ilk tamaşalarımı hazırlayırdım, Rasim də artıq gələcəyin peşəkar fotoqrafı və jurnalisti kimi incəsənət, mətbuat sahəsində ilk işlərini görürdü. Bu dostluq və birgə yaradıcılıq işi artıq 48 ildir ki, davam eləyir. Mən Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik elədiyim vaxtlarda tamaşaların və orada keçirilən maraqlı görüşlərin də foto şəkillərini Rasim Sadıqov çəkib. Hətta mən Ağdam Dövlət Dram Teatrına rəhbərlik elədiyim vaxt Rasimin yolu həmin bölgəyə düşəndə hökmən teatra gəlir və orada da tamaşalardan şəkillər çəkirdi. Eləcə də 1988-ci ilin fevral ayının 22-dən Qarabağda başlayan müharibə ilə bağlı Rasim Sadıqov çoxlu  foto şəkillər çəkib. Həmin unikal, təkrasız  foto şəkillər Azərbaycanın Qarabağ müharibəsinin salnamə foto şəkilləri kimi tariximizə düşüb.

Beləliklə, bu gün mənim arxivimdə Rasimin çəkdiyi çoxlu şəkillər və yazdığı məqalələr o illərdən əziz bir xatirə kimi qalır. Elə həmin vaxtlarda mən Rasimdə fotoqrafiya sənətinə qarşı çox böyük sevgi və hətta bir rejissorluq, rəssam bacarığı olduğunu görmüşdüm, duymuşdum. Çünki o, tamaşalarda şəkillər çəkəndə elə maraqlı, gözlənilməz  məqamlar, anlar, obrazlı ifadələr tuturdu ki, bu,  mənim özümə və bu şəkillərə baxan hər bir adama da xoş təsir bağışlayırdı. O zamanlardan, yəni 1976-cı illərdən də Rasim Sadıqov Sumqayıt şəhərində keçirilən dövlət səviyyəli bütün tədbirləri fotoqraf  kimi çəkməyə başladı. Baxmayaraq, həmin vaxtlar Sumqayıtda peşəkar, tanınmış  fotoqraflar, foto müxbirlər çox idi və şəhər  rəhbərliyi də hər bir işi onlara tapşırırdı. Amma Rasimin elə ilk tədbirlərdə çəkdiyi şəkilləri görən şəhər rəhbərləri onun işlərinin orijinallığını görüb, bundan sonra əsas işləri ona tapşırmağa başladılar.

 Beləliklə, az bir zamanda Rasim Sadıqov Sumqayıtda ən məşhur foto müxbir oldu. Artıq Sumqayıt Dövlət Dram Teatrının tamaşalarını və Sumqayıta gələn tanınmış kollektivlərin və şəxsiyyətlərin də foto şəkillərini Rasim çəkməyə başladı. Bununla da,  şəhərdə mədəniyyətlə, incəsənətlə, məşhur insanlarla görüşlərlə bağlı əsas şəkilləri  çəkmək məhz ona etibar olundu. Həmin vaxtdan başlayaraq Sumqayıtda çap olunan bütün qəzetlərdə və respublika qəzetlərində  “ foto Rasim Sadıqovundur” imzası ilə çox maraqlı şəkillər çap olunmağa başladı. Heç 5-6 ay keçmədi ki, eşitdim Rasim Sadıqovu  respublikada ən tanınan “Ədəbiyyat və İncəsənət” qəzetinin baş redaktoru, məşhur dramaturq, alim, dəyərli ziyalı, Xalq şairi Nəriman Həsənzadə qəzetdə işləməyə dəvət edib. O vaxtlar burada məqalə çap etdirmək və işə düzəlmək çox çətin idi. Çünki Nəriman müəllimin böyük səyi və zəhməti nəticəsində bu qəzetin hər nömrəsi 120 min müsxə çap olunurdu. Bundan başqa isə qəzet həm də Nəriman Həsənzadənin böyük təşkilatçılığı ilə yüksək tirajla fars və latın qrafikası ilə də çap olunub, Cənubi Azərbaycana və Türkiyəyə  göndərilirdi. Hər iki qonşu ölkədə bu qəzetin oxucuları həddindən artıq çox idi. Ona görə də burada müxbir, foto müxbir işləmək hər insana nəsib olmurdu. Bu baxımdan  jurnalistdən, fotoqrafdan böyük peşəkarlıq və orijinallıq tələb olunurdu. Bəli, xalqımızın böyük ziyalısı, təkcə ədəbiyyatı yox, həm də jurnalistikanı mükəmməl bilən Xalq şairi  Nəriman Həsənzadə Rasim Sadıqovun uğurlu gələcəyini görüb, onu lap cavan yaşlarında işə götürmüşdü. İllər keçəndən sonra sübut olundu ki, Nəriman müəllim Azərbaycan xalqı üçün Rasim Sadıqov kimi onlarca gözəl sənətkarlar kəşf  edib və yetişdirib.  Xalq şairi Nəriman Həsənzadə təkcə Rasimin yox, bu gün Azərbaycanda və dünyada məşhur olan onlarla yazıçının, şairin, məşhur alimin, tənqidçinin, jurnalistin də  “Ədəbiyyat və İncəsənət” qəzetində yetişməsinə böyük köməklik eləyib. Elə bu  sətirlərin müəllifi də onun ”şinelindən” çıxıb.

rasim-foto-azpressaz-23

Rasim Sadıqovla bizim müştərək və daha ciddi işlərimiz yuxarıda yazdığım kimi, mən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Tetarının rəhbərliyindən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının rəhbərliyinə qayıdandan sonra, yəni 1989-cu ilin yanvar ayından daha çox oldu. Artıq həmin vaxt Rasim Sadıqov “Ədəbiyyat və İncəsənət” qəzetinin fotoqraf-müxbiri olmaqla, təkcə bu qəzetdə yox, respublikanın demək olar ki, bütün aparıcı qəzetlərində onun- “foto Rasim Sadıqovundur” imzası ilə çoxlu şəkilləri  çap olunurdu. O, 1997-ci ilin sonuna kimi, yəni mən öz ərizəmlə teatrdan işdən çıxana kimi Sumqayıt Dovlət Musiqili-Dram Teatrında tamaşaya qoyulan bütün səhnə əsərlərinin və teatrda keçirilən respublika, şəhər səviyyəli maraqlı görüşlərin, tədbirlərin  foto şəkillərini və video lentini özünə məxsus orijinallıqla çəkdi. Və hər bir tamaşadakı, tədbirlərdəki şəkillərə yüksək yaradıcılıqla yanaşdı. Bu gün həmin kadrlar böyük tarixi sənədlərdir. Eləcə də bütün bu illərdə Azərbaycan incəsənəti nümunələri Rasim Sadıqovun sayəsində tarixə köçüb. Elə unikal tamaşalarımız, konsertlərimiz var ki, onlar məhz Rasim Sadıqovun fotoaparatı və videokamerası sayəsində bir tarixi nümunə kimi muzeylərdə qorunub saxlanılır.

Ağdamda işlədiyim 1985-88-ci illərdə mən Rasim Sadıqovu mətbuat vasitəsi ilə izləyirdim. 1988-ci ildən başlayaraq Azərbaycanda başlayan oyanışda, milli birlikdə əsasən Rasim Sadıqovun çəkdiyi bir-birindən maraqlı, təkrarsız  fotoşəkillər qəzetlərin əsas səhifələrini bəzəyirdi. Rasim həm jurnalist, həm bir vətəndaş kimi ən maraqlı məqamları təkcə fotoqraf kimi yox, həm də özünün videokamerası ilə lentə alırdı. Yuxarıda yazdığım kimi, həmin vaxtlar o, dəfələrlə Qarabağ bölgəsində olmuşdu və hətta Ağdamda da biz onunla görüşmüşdük. O həmin orijinal şəkillər və çəkdiyi video lentlər vasitəsilə ermənilərlə çox böyük cəsarətlə təkbaşına vuruşurdu. Bu unukal kadrları dünya mətbuatına ötürməklə Rasim Sadıqov bizim haqq işimiz uğrunda, öz torpaqlarımızı qorumaq yolunda vuruşduğumuzu məntiqi şəkildə sübut etməyə çalışırdı və sübut da eləyirdi. Amma həmin vaxtlar ölkə rəhbərliyində, Milli Məclisdə Rasim Sadıqovu müdafiə eləyənlər çox az olduğundan və bəzən də olmadığından  Rasim təklənirdi. Böyük əsəb gərginliyi, stresslər keçirirdi. Hətta onun böyük əziyyətlə, çətinliklə, öz həyatını riskə qoymaqla çəkdiyi  şəkilləri, onların lentini və video lentləri də yüksək rütbəli məmurlar, qolu zorlular əlindən alıb məhv edirdilər, yandırırdılar. Həmin anları Rasim Sadıqov indi də xatırlayanda böyük stresslər, əsəb gənginliyi keçirir...

Yaxşı ki, həmin vaxtlar ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Rasim Sadıqovu yaxşı tanıdığına görə, ona lazım olan şərait yaradıldı.

1990-cı ilin 19-20 qanlı  Yanvar tarixi günlərinin əsas foto və video çəkilişlərinin müəlliflərindən biri də Rasim Sadıqovdur. O, çox böyük möcüzə nəticəsində həmin vaxt sağ qalıb. Deməli, o dəhşətli hadisələri bu günümüzə ən tutarlı faktlar kimi gətirmək üçün Böyük Yaradan özü Rasim Sadıqovu düşmən güllələrindən və sapı özümüzdən olan baltalardan qoruyub. Ona görə də biz dostlar Rasim Sadıqova “Allahın ən sevimli bəndəsi” deyirik. Rasim Sadıqovun çəkdiyi həmin foto şəkilləri və video lentləri biz dövlət səviyyəsində dünyaya, dünya mətbuatına  çıxara bilsək, o qanlı 19-20 Yanvar faciəsilə həmin vaxtlar  Rusiyaya rəhbərlik edənləri dünyada rüsvay eləyib beynəlxalq məhkəməyə verə  bilərik. Həmin dəhşətli faciəni də soyqırım hadisəsi kimi dünyada təsdiq etdirə bilərik. Çünki Rasim Sadıqovda bununla bağlı çoxlu tutarlı şəkillər  və  video lentlər  var.

Eləcə də Xocalı faciəsində çəkilən unukal şəkillrin də çoxunun müəllifi məhz Rasimdir.  Məhz həmin nadir şəkillər, video-kadrlar sübut-dəlil kimi bizə əsas verir ki, ermənilərin faşist, gavur olduqlarını dünya xalqlarına sübut edək. O, özünün fotoaparatı və video kamerası ilə Qarabağda müharibə gedən vaxtlarda tez-tez döyüş bölgələrində olurdu və oradan unikal kadrları respublika mətbuatına yayırdı. Bu böyük sənətkar bütun bu illərdə fotoaparatını və video kamerasını süngü edib və sözün həqiqi mənasında düşmənlə vuruşub. Qarabağ döyüşlərində şəhid olan, yaralanan döyüşçülərin və öz dədə-baba yurdlarından didərgin düşən yüzlərlə həmvətənimizin şəkilləri bu gün Rasim Sadıqovun arxivində ən müqəddəs şəkillər kimi qorunur. Eləcə də Azərbaycana gələn dünyanın çoxlu tanınmış insanlarının da ömürlərinin bir anlıq şəkilləri onun arxivində həddindən artıq çoxdur. 1988-93-cü illərdəki xaos və vəzifə davası, torpaqlarımızın hərraca qoyulması səhnələrinə həsr olunan foto və video kadrlar da Rasim Sadıqovun arxivində çoxluq təşkil edir. Bunların hamısı hökmən dövlət səviyyəsində kitab kimi çap olunub, gələcək nəsillər üçün tutarlı sənədlərtək qalmalıdır. Həmçinin Rasim Sadıqovun Azərbaycan Nəşriyyatındakı iş otağının divarlarında yüzlərlə tarixi foto şəkil var. Bu otağa girən hər kəs Rasim Sadıqovun zəhmətkeşliyinə, vətənpərvərliyinə, döyüşkənliyinə və onun daxilində olan əsl Vətən sevgisinə heyran olur. Bu otaq orijinal foto şəkillərdən ibarət bir müqəddəs muzey və danışan tarixi arxivdir desəm, yanılmaram.

Rasim Sadıqovun 22  il bundan qabaq yaratdığı və bu gün də böyük uğurla rəhbərlik elədiyi “Az.PRESS.az” xəbər saytı qısa vaxtda oxucularda, tamaşaçılarda böyük  maraq yaradıb. Həm də təkcə Azərbaycanda deyil, dünyada ən çox oxunan saytlarımızdan biridir. Çünki bu sayt  tam qərəzsizdir, obyektivdir, buradakı yazılar həddindən artıq maraqlıdır, məddahlıqdan uzaqdır  və hər bir məsələni obyektiv işıqlandırır. Bütün bu illərdə  “Az.PRESS.az”  xəbər  saytı Azərbaycan dövləti və dövlətçiliyi üçün də çox böyük işlər görüb. Bu sayt məhz Rasim Sadıqovun böyük zəhmətinin, yüksək təxəyyülünün sayəsində Azərbaycan həqiqətlərini  operativ formada dünya oxucularına və tamaşaçılarına çatdıran saytlardan biridir. Həm də özünün maraqlı informasiyalarına, orijinal videolarına görə ən çox oxunan və baxılan saytlardan  biridir  məhz  “Az.PRESS.az”  xəbər  saytı. Bütün bunlar  istedadlı jurnalist, yüksək təşkilatçı rəhbər kimi Rasim Sadıqovun əsl peşəkarlığının növbəti sübutudur. Bir vaxtlar adi fotoqraf və müxbir kimi işə başlayan Rasim Mirzəbala oğlu Sadıqov böyük zəhmətinin, yuxusuz gecələrinin, yorulmaq bilmədən çalışmasının sayəsində bu gün respublika mediasının ən aparıcı mütəxəssislərindən, jurnalistlərindən biri olub. Məhz buna görə də onunla hesablaşanlar, ondan məsləhət alanlar və yaradıcı işləri oxunaqlı və baxımlı olsun deyə öz qəzetlərində, jurnallarında və saytlarında  Rasim Sadıqovun işlərini,unikal şəkillərini  yerləşdirən qəzet, sayt  rəhbərləri çoxdur.

Bu ilin mart ayının 16-sında, yəni  iki  gündən sonra  mən 74 yaşımı, Rasim Sadıqov isə 68 yaşını qeyd edəcək. Biz hər ilin həmin günü ilk dəfə necə tanış olduğumuzu yada salıb, keçmiş xatirələri çözələyirik. Ola bilər ki, eyni gündə dünyaya gəlməyimiz və hər ikimizin düşüncə tərzində, həyata baxışındakı yaxınlıq, xasiyyətindəki oxşarlıq bizi daha yaxın dost eləyib. Mən bütün bu illərdə cavanlıq dostumun bütün uğuruna  öz uğurum kimi çox sevinirəm.

48  ildə əzmkar yaradıcılıqla məşğul olan Rasim Sadıqov həm də yaxşı müəllimdir. O, cəmiyyətimiz üçün  xeyli davamçısını da yetişdirib. Bu gün bir çox media orqanlarında  Rasimin onlarla yetirməsi böyük uğurla çalışır və öz müəllimləri kimi Azərbaycanın foto-video salnaməsini yaratmaqla məşğuldurlar. Onlardan Dilavər  Nəcəfova  prezidentimiz cənab İlham Əliyev tərəfindən 3 otaqlı mənzil və Əməkdar jurnalist fəxri adı verilib. Bu, müəllim kimi məhz  Rasim Sadıqovun qələbəsi deməkdir.

Rasim Sadıqov 44 günlük Vətən Müharibəsi vaxtı  və 2023-cü  ilin sentyabr ayındakı  bir günlük  lokal  xarakterli döyüşlərdə  öz tələbələri ilə birlikdə rəşadətli ordumuzun igidliklərini, göstərdiyi böyük uğurları ən çox lentə alan, onlar haqqında foto şəkillər çəkən sənətkarlarımızdan biridir. Bu video lentlər və foto şəkillər də gələcək tariximiz üçün ən gərəkli, əvəzsiz işlər kimi əbədi qalacaq. Müharibədəki fədakarlığları qələmə alan yazarlarımız da həmin foto şəkillərdən layiqincə bəhrələnəcəklər.

Rasim Sadıqov ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın və çoxlu dövlət rəsmisinin, elm, ədəbiyyat, incəsənət adamlarının, məşhur ziyalıların, alimlərin bir-birindən maraqlı, unukal şəkillərinin müəllifidir. Həmin orijinal şəkillərin çoxu ilə biz mətbuatdan tanışıq. Amma bu şəkillərin müəllifinin məhz Rasim Sadıqov olduğunu bilmirik. Bütün bunlar da onun təvazökarlığından irəli gəlir. Rasim Sadıqov  böyük ziyalı, yüksək tərbiyəli və dəyərli sənətkar olduğuna görə heç vaxt özünü gözə soxmayıb. Yəqin elə buna görə də onun əməyi bu vaxta qədər  layiqincə qiymətləndirilməyib. 48 ildən çox mətbuat sahəsində böyük şərəflə, peşəkarlıqla, yüksək vətəndaş cavabdehliyi və istəyi ilə çalışsa da, ona hələ bu vaxta qədər Əməkdar Jurnalist fəxri adı verilməyib. Mənimçün çox maraqlıdır. Axı Rasim Sadıqov bundan sonra daha hansı qlobal işləri görməlidir ki, ona bu fəxri ad verilsin?  Azərbaycan Mətbuat Şurası  onu  bu  ada göndərmək üçün Prezidentə məktubla müraciət eləsin.  Axı o, bu fəxri ada çoxdan layiqdir. Hər bir insan sağlığında öz qiymətini alanda daha yaxşı olur.

Baharın ilk ayında dünyaya gələn dostumu ad günü münasibəti ilə bir daha onu sevən və yaradıcılığını maraqla izləyən insanlar adından ürəkdən təbrik eləyirəm. İnanıram ki, tezliklə biz  Rasim Sadıqovun adının qarşısında Əməkdar Jurnalist adının yazıldığını da görəcəyik. Çünki bu fəxri ada Rasim Sadıqov çoxdan layiqdir. Yəqin ki, istəyimiz tezliklə reallaşacaq. Dahilər deyib ki, “insana qiyməti onun xarici görünüşünə, məddahlığına görə yox, daxili aləminə və xalq üçün gördüyü böyük, unikal, qlobal  işlərinə görə vermək lazımdır”.

 Ağalar  İDRİSOĞLU,

  yazıçı-rejissor,

Əməkdar incəsənət xadimi

aqalar-2

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN