booked.net booked.net  

...Məni valeh edən “Sonuncu əmr” romanı...  (Resenziya)

 ...Artıq Qarabağda  Azərbaycan əsgərlərinin şücaəti və Ali Baş Komandamız cənab İlham Əliyevin  çox böyük qətiyyəti sayəsində otuz ildən sonra yenidən həmin müqəddəs torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Mənə elə gəlir ki, bir millət kimi bizim üçün bundan da böyük qürurverici böyük varlıq və tarixi  hadisə  yoxdur. Biz artıq bir millət kimi başımızı dik tutub deyirik ki, “Qarabağ Azərbaycandır!”. “Biz,  qalib millətik!” “Yaşasın Qarabağ, Yaşasın Azərbaycan!”

XXX 

...Bəli, İgid, qorxmaz  Azərbaycan əsgərləri həmin torpaqda şəhid olub, özlərinin qanı, canı bahasına otuz ildir ki, həsrətlə yolunu gözlədiyimiz torpaqlarımızı geri qaytardılar. Başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, bütün türk dünyasının ürəyindən gələn arzu və istəklərə rəğmən, artıq Qarabağda çox böyük quruculuq işləri gedir. Qarabağ sözün həqiqi mənasında Azərbaycanın cənnətməkan bir diyarına çevriləcək...  Dünya xalqlarının  ziyarətinə gəldiyi müqəddəs bir yer olacaq. Hər bir azərbaycanlının bundan sonra Məkkəsi, Mədinəsi, Kərbəlası olacaq Qarabağ- Şuşa, Xankəndi...

XXX 

...Amma çox əfsus ki, biz yazarlar əsgərlərimizin şücaəti,  qəhrəmanlığı, Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın həmin döyüşlərdəki birliyi haqqında demək olar ki, çox az əsərlər yazmışıq. Desəm ki, sanballı heç nə yazmamışıq, bu, daha düzgün olar. Buna görə bizi xalqımız istədiyi kimi qınaya bilər. Və qınamağa da haqqı var. Düzdür, biz yazarlar deyirik ki, “müharibə ilə bağlı ən yaxşı əsər müharibədən iyirmi-otuz il sonra yaranır”. Əslində bu, düzgün deyil. Böyük Vətən Müharibəsi başlayan gündən həmin müharibə ilə bağlı maraqlı, sanballı əsərlər yaranırdı. Həmin əsərlər də xalqı qələbəyə, birliyə səfərbər edirdi. Eləcə də bu gün davam eləyən Rusiya-Ukrayna müharibəsi ilə bağlı da maraqlı əsərlər yaranır. Kinofilmlər, serriallar çəklir. Deməli, biz, yuxarıda dediyim sözlərlə özümüzü aldadırıq...

XXX

 Çox sevindirici haldır ki, Qarabağ diyarındakı bütöv qələbəmizlə bağlı ilk əsər, ilk qaranquş işıq üzü gördü. Bu, çox istedadlı yazıçı, jurnalist, publisist, əsl vətənpərvər  insan Asif Mərzilinin “Sonuncu əmr” romanıdır. Mən bu haqda, yəni mətbuatda Sonuncu əmr romanı barədə məlumatı oxuyandan sonra müəlliflə görüşdüm və ondan kitabı əldə etdim. Açıq deyim, əfsanəvi kəşfiyyatçı, 44 günlük Vətən müharibəsində şəhid olmuş polkovnik- leytenant, ölümündən sonra Prezident Fərmanı ilə Vətən Müharibəsi Qəhrəmanı Fəxri adına layiq görülmüş Orxan Əkbərovun döyüş yolundan bəhs edən romanda hadisələr elə təsvir edilmişdi ki, əsəri birnəfəsə oxudum… Romanda olduqca təsirli məqamlar var, bəzi hissələrdə isə çox kövrəldim, təsirləndim, qürurlandım. Bir daha vurğulamaq istəyirəm ki, hər bir yazıçının, sənətkarın mənəvi borcudur ki, Vətəni haqqında yeni bir əsər qələmə alsın və gələcək nəsillər üçün saxlasın. Axı məmləkətin tarixini gələcək nəsillər bədii, sənədli yazılar vasitəsilə daha yaxşı öyrənəcək.
 Mən vətənpərvərlik mövzusunda xeyli məqalə yazmışam. Bu haqda bir neçə hekayəm və povestlərim də çap olunub. Hazırda
Qarabağ müharibəsi ilə bağlı iki pyes üzərində işləyirəm. Dostum, istedadlı yazıçı-jurnalist, Təzadlarqəzetinin, eyni adlı saytın və onlayn televiziyasının rəhbəri Asif  Mərzilinin Sonuncu əmrromanı isə Qarabağ müharibəsində qazandığımız qələbəmizə həsr olunan ilk ən böyük və sanballı bir bədii əsərdir. Burada müəllif hadisələri elə maraqlı və dramatik epizodlarla, kəskin, dramatik dialoqlarla  işləyib  ki, oxucu özündən asılı olmayaraq həmin hadisələrin içərisinə düşür və özü də oradakı hadisələrin iştirakçısı olur.  Bu əsərdə Asif Mərzilinin bir də yazıçı kimi ən böyük peşəkarlığı  ondadır ki, bizim üçün hələ də qaranlıq qalan və birinci  Qarabağ döyüşləri vaxtı millətimizin başına gətirilən müdhiş, dəhşətli, faciəvi hadisələri də erməni əsilli  obrazların dili ilə oxuculara  çox məharətlə çatdırır. Bununla o, ermənilərin özlərini öz sözlərilə ifşa eləyir. Onlara qarşı dünya xalqlarının nifrətini yaradır. Eləcə də bu əsəri oxuyan hər bir azərbaycanlıda erməni faşistlərinə qarşı böyük nifrət yarada bilir.

a22eebd2-3962-436a-ab63-01bf21702b08

 ...İnanıram ki, bu roman oxucular tərəfindən çox maraqla qarşılanacaq  və məmləkətimizin rəhbərləri tərəfindən bu romanın çox böyük tirajla çap olunmasına şərait yaradılacaq. Çünki bu roman hər bir azərbaycanlının evində olmalıdır. Və bu roman dövlət rəhbərliyi tərəfindən lazım olan səviyyədə mükafatlandırılmalıdır.

 Romanı oxuyandan sonra belə qərara gəldim ki, onun motivləri əsasında müəlliflə birlikdə  pyes yazaq səhnələşdirək. Çox sağ olsun, Asif Mərzili mənim bu ideyamla, fikirimlə razılaşdı. Hazırda bu iş üzərində biz  çox ciddi  çalışırıq. İnanıram ki, çox maraqlı bir səhnə əsəri alınacaq. Çünki mən artıq 140-dan çox səhnə  əsərlərin quruluşçu rejissoru və 17 pyesin müəllifi kimi gələcək uğuru artıq indidən görürəm və inanıram ki, tamaşaçıların da bu səhnə  əsəri çox xoşuna gələcək.

 Yaxın günlərdə müəlliflə birlikdə Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri, döyüş yoldaşları ilə də görüşməyi planlaşdırırıq. Çünki əsərin səhnələşdirilməsi zamanı əsas obraz real qəhrəmana mümkün qədər daha çox bənzəməli, onun danışıq tərzi, hərəkətləri, davranışı və sairələr dəqiqləşdirilməlidir. Yəni, bu əsər səhnə quruluşunda baş qəhrəmanın və orada olan başqa obrazları mükəmməl şəkildə ifadə etməlidir. Əsərdəki hər bir rol obraz səviyyəsinə yüksəlməlidir. İnanıram ki, ilk dəfə qələbəmizdən bəhs edən bir bədii əsərin motivləri əsasında hazırlanacaq pyes həm də özünə mükəmməl səhnə həyatı qazanacaq. Bu səhnə əsəri, eləcə də gənc hərbçilərimizin və ümumiyyətlə, gənclərimizin vətənpərvərlik tərbiyəsində, Vətənə layiq övlad kimi formalaşmasında böyük rol oynayacaq.

 Ağalar İDRİSOĞLU,

Azərbaycanın Əməkdar incəsənət xadimi

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA