booked.net booked.net  

Şəhidlik şərəf və qeyrət zirvəsidir!

İnsan təbiətən belədir: Doğulduqdan sonra, uşaqkən çox şeyləri arzulayar. Gəncliyində və ömrünün axırına kimi arzularla yaşayır.

Ancaq insan var ki, onun arzuları sağlığında həyata keçmir. Arzuları qocalır, bəzən özü ilə məzara gedir. Nəhayətdə isə onun arzuları yarımçıq qalır. Bəli, II Qarabağ müharibəsində çoxlu vətən oğullarımız şəhid oldu. Onlar vətənimizin, torpaqlarımızın, əzəli və əbədi düşmənlərimiz olan erməni faşistlərindən azad olunması yolunda şəhid oldular. Yüzlərlə qadınlarımız, bacılarımız dul qaldı, yüzlərlə qızlarımız nişanlı, analarımız oğulsuz qaldı. Deyirlər, oğul şəhid olanda analar da ruhən şəhid olurlar. O, insanların ailələrinin bütün arzuları puç olur, yetim və yarımçıq qalır.

Nəticədə, 30 ildir dünyada ən alçaq, şərəfsiz məxluq olan ermənilərin işğalında qalan torpaqlarımız azad edildi. Qarabağın azad edilməsində şəhid olan oğullarımız öz adlarını Azərbaycan tarixinin döyüş və Zəfər səlnaməsinə qızıl həflərlə yazdılar.

Belə oğullar ana vətənimizin hər qarış torpağı uğrunda sinələrini və dizlərini doğma torpağa dayayaraq, lazım olanda düşmənlə ayaqüstə vuruşa-vuruşa hər bir dağın, təpənin, kəndin ərasizi üçün döyüşmüşlər. Belə qəhrəman oğullarımızdan biri də Hikmət İldırım oğlu Səfərov idi.

Şəhid Səfərov Hikmət İldırım oğlu 1972-ci ildə, 11 iyul tarixdə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuşdur. 1979-cu ildən həmin kəndin orta məktəbində təhsil alıb, 1989-cü ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft Sənaye Universitetinə daxil olmuşdur. 1994-cü ildə universiteti bitirib, ixtisas diplomu ilə bərabər, leytenant rütbəsi də almışdır. 2001-ci ildə hərbi xidmətdə olub. 2003-cü ildə Baş leytenant hərbi rütbəsini alaraq ehtiyata buraxılıb.

Ailəli idi. 2 oğlu bizə yadigar qaldı. Böyük oğlu Azər Səfərov Türkiyədə təhsil alır. Kiçik oğlu Anar Səfərov isə 2022-ci ildə Azərbaycan Dövlət Texniki Universitetinə daxil olmuşdur.

img-20230816-wa0000

Baş leytenant Hikmət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan silahlı qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək, oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı ağır yaralanmışdır. Oktyabr ayının 18-də əməliyyat olduqdan sonra komaya düşən Baş leytenant  52 gün komada qalmış, 2020-ci il dekabrın 8-i şəhidlik zirvəsinə ucalmışdır. 9 dekabr 2020-ci il tarixdə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Şəhidimizin qardaşı fədakar və zəhmətsevər bir müəllim olan Şəmsi müəllimin söylədiklərindən:

- Biz 6 qardaş və 2 bacı rayonumuzda tanınmış ziyalı İldırım müəllimin övladlarıyıq. İldırım müəllim 1965-1986-cı illərdə Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbinin direktoru olmuş, kənddə ziyalı təbəqəsinin formalaşmasında və gənclərimizin vətənpərvərlik ruhunda inkişafında müstəsna rol oynamışdır.

Qardaşım Hikmət Səfərov özünün işgüzarlığı, zəhmətsevərliyi, qibtə ediləcək dərəcədə dürüstlüyü ilə həmişə diqqət mərkəzində olurdu. Verdiyi sözü yerinə yetirə bilməmək məsələsi yox idi. Hamı bilirdi ki, Hikmət deyibsə mütləq əməl edəcəkdir. Hələ kənddə olarkən ev təsərrüfatı ilə əlaqədar işlərin ən çətinindən yapışardı, imkan vermirdi ki, hansımızsa daha çətin işə əl vuraq. Özündən kiçiklərə qayğı, böyüklərə hörmətlə yanaşardı. Haqsızlığa, yalana qarşı çox dözümsüz idi. Qardaş-bacıdan, qohum-əqrəbadan kimin köməyə ehtiyacı olurdusa, Hikmət onun yanında idi. Xoş günlərimizə, xeyir işlərimizə elə içdən sevinirdi ki, bizə onun bu səmimiyyətinə görə ancaq təşəkkür etməyimiz qalırdı.

Vətənpərvərliyi, milli təəssübkeşliyi ilə fərqlənirdi: Bayrağımıza, milli atributlarımıza qarşı çox diqqətli idi.

Sevimli qardaşım Hikmətin çox böyük arzuları vardı. Övladlarının ali təhsil almasını, həm nəslimizə, həm də vətənimizə, millətimizə layiqli övlad olmalarını çox istəyirdi.

Şükürlər olsun ki, onun yarımçıq qalmış arzularını, övladları böyük şərəf və ləyaqətlə həyata keçirirlər. Bizdə buna sevinərək və ən yaxınları olaraq həmişə onların yanındayıq. Söylədiklərimin sonu olaraq cəmi şəhidlərimizin, qazilərimizin, (o cümlədən 52 günlük komadan sonra gözünü bir neçə saniyəlik açmış, yenidən doğulmuş) qardaşımın dilindən yurd yerlərimizə bir dua demək istəyirəm:

Heç sönməsin çırağın,

Türk olsun hər qırağın,

Qupquruca torpağın,

Daşın sağ olsun, Vətən.

 

Bitsin dərdin-möhnətin,

Xiffətin çək xiffətin.

Ağdam adlı cənnətin,

Şuşan sağ olsun, Vətən.

 

Sənsən məni mən edən,

Məni haqqa yön edən.

Doğularam yenidən,

Başın sağ olsun, Vətən.

Sözardı: Həyatda hər bir gəncin arzuları, xəyalları və hədəfləri olur. Şəhid qardaşımız Hikmət Səfərovun da yarımçıq qalmış arzularını onun övladları Azər və Anar böyük məhəbbətlə həyata keçirirlər. Bu arzular həyata keçdikcə onun cənnətdə olan ruhu bir daha sevinir və şadlanır.

Böyük oğlu Azərin dediklərindən:

- Şəhid oğlu olmaq çox çətin və məsuliyyətlidir, amma bir o qədər də qürurludur. Qürurludur ki, atan Allah dərgahında seçilmiş bəndələrdəndir. Uşaqlıqdan atamızdan vətənimizə, millətimizə və dinimizə sevgi bəsləməyi, onları canımızdan belə çox sevməyi öyrənmişik. Bizim ən böyük arzumuz atamla Qarabağda ata oğul çiyin-çiyinə döyüşmək olub. Hər zaman bunun xəyalını qururduq, amma Allah nəsib etmədi. Yenə də bugünkü günümüzə görə Allaha həmd olsun.

Atam döyüşdə yaralanandan sonra əməliyyata girdi və əməliyyat sırasında komaya düşdü. 52 günün sonunda o gün gəldi - bütün ömrümün ən soyuq qış günü idi 8 dekabr 2020-ci il. İlk qıldığım namaz atamın cənazə namazı oldu. Atamın tabutunu çiyinlərimə qaldırıb son mənızilə yola salanda, sanki çiyinlərimdə atamı yox, dağları, təpələri, qayaları daşıyırdım. Allah cümlə şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr əta eyləsin, Amin!

Atalar ömrü boyu, həmişə canı ilə, qanı ilə çalışarlar ki, övladları xoşbəxt olsunlar.

Övladları gələcəkdə onların nəsil və nəcabətinin davamçıları olsunlar. Onlar sağ ikən yaşadıqları dövrdə ailələrinə, övladlarına xoş xatirələr qoyub gedirlər.

Şəhid Hikmət Səfərovun oğlu Anarın atası haqqında söylədikləri:

- Şəhid oğlu olmaq hər kəsə nəsib olmur. Həm kədərli, həm də qürurludur. Bəzən öz-özümə deyirəm: Azərbaycanın 10 milyondan çox əhalisinin içindən Allah üç mindən çox şəhid seçdi və onlardan birinin mənim atam olması həqiqətən böyük qürurdur. Atamın gedişi mənim iki arzumu yarımçıq qoydu. Onlardan biri o idi ki, atam son qəlpənin çıxarılması əməliyyatında komaya düşdü və 52 gün komada oldu. Həmin 52 gün ərzində mənim 15 yaşım tamam oldu və anam nəsə hazırlamaq istəyəndə dedim ki, hazırlama atam komadan çıxsın, onun gəlişi ilə ad günümü birlikdə edərik. Lakin atam komadan ayıla bilmədi və şəhid oldu. Bu mənim birinci yarım qalan arzum idi. İkinci yarım qalan arzum da o idi ki, mən kiçik yaşımda atama demişdim ki, sənin 50 yaşın olanda mən universitetə girəcəyəm, birlikdə qeyd edərik.

Atam da demişdi ki, hə, ataş, inşallah, qeyd edərik. Amma o da qismət olmadı. Mən universitetə qəbul oldum. Sevincimi atamla bölə bilməsəm də, onu ruhən yanımda hiss etdim. Bu həyatda məni ən çox təsəlli edən şey atamın cənnətdəki məqamıdır. Bilirəm, atam məni eşidir və görür. Ona görə də atama mənə yaşatdığı bu qürura görə böyük təşəkkürümü bildirirəm. Bilirəm ki, atam və bütün şəhidlərimiz çatdıqları məqama görə sevinirlər. Mən həmişə deyirəm ki, eybi yox, biz kədərli olaq, təki onların cənnətdə üzləri gülsün.

img-20230816-wa0003

Atam da daxil olmaqla, Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Allah bütün şəhid analarına, bacılarına, qardaşlarına, övladlarına, yoldaşlarına səbr versin və onların arzuları qocalmasın, vaxtında həyata keçsin.

Hikmət Səfərovun döyüşdə göstərdiyi qəhrəmanlıqları dövlətimiz layiqincə qiymətləndirmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Səfərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Səfərov ölümündən sonra “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Hikmət Səfərov “Suqovuşanın azad olunmasına görə” medalı, “Rəşadət” ordeni, “Vətən müharibəsi iştirakçısı” medalı və “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur.

Bəli, belə qəhrəmanlıqlar yaradan oğulları ataları çiyinlərində, anaları isə bətnlərində yetişdirirlər.

Hikmət kimi oğullarımızın xatirəsi xalqımızın qəlbində əsrlər boyunca yaşayacaq. Hər bir Azərbaycan gənci şəhidlərimizin qəbrini ziyarət edərkən, onların qəhrəmanlıqları haqqında bir daha eşidərkən, gənclərimiz həmin qəhrəmanlara oxşamağa çalışırlar və onlarla fəxr edirlər.

Deyildiyi kimi, ürəklərdə əbədi yaşayan insanların yaşam surəsinin yerinə əbədiyyət işarəsi qoyulur.

Sonda: Hikmət Səfərovun övladlarının timsalında bütün şəhid ailələrinin övladlarına onu demək istəyirəm ki, başınızı dik tutun. Çünki vətən, torpaq uğrunda şəhid olan qəhrəmanlar və onların etdikləri qəhrəmanlıqlar heç vaxt unudulmur. Eyni zamanda, atalarının adını həmişə şərəflə uca tutmağa çalışan, çox dərin mənəviyyatlı, gözəl, əxlaqlı və yüksək iman sahibləri olan Azər və Anara deyirəm ki, başınızı dik tutun, sizin atanız fəxr ediləsi bir ata və cəsur bir komandir idi.

Allah rəhmət eləsin!

Akif Hüseynli,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

akif-huseynli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN