booked.net booked.net  

Ümummilli Lider Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Dövlət idarəçiliyi sahəsində fenomen şəxsiyyət olan Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı mühüm addımlar atıb. Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırıb. Təcrübəli dövlət xadimi Ulu Öndər Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynayıb.

Ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən, müstəqilliyini günbəgün möhkəmləndirən müasir Azərbaycan dövləti Heydər Əliyev ideyalarının təntənəsidir.

Heydər Əliyev  Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, çağdaş dövlət idarəçiliyi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının və milli özünüdərkin banisidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında intibaha nail olmuşdur.

Möhkəm siyasi iradə və sarsılmaz əqidəyə sahibi olan Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün bütün imkanlardan bacarıqla istifadə etmişdir. Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan sovet imperiyasının süqutunun yaratdığı böhran və xaos, Ermənistanın ölkəmizə hərbi təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı.

Tarixi taleyimizin həll olunduğu fəlakətli bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmışdır. Xilaskar lider bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş biliyi və dərin təfəkkürü, düşünülmüş və cəsarətli qərarları ilə

Heydər Əliyev təkcə müstəqillik illərində deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri yüksək səviyyədə həll etmişdir.

Müstəqil dövlətin lideri Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında  müstəsna xidmətləridir.

Heydər Əliyev dünya miqyaslı siyasətçi kimi keçmiş sovet dövlətinin də həyatında silinməz izlər qoymuşdur. Düz yarım əsr əvvəl təbii sərvətlərlə zəngin olan Sibir və Uzaq Şərqi birləşdirəcək Baykal–Amur Magistralının tikintisi barədə qərar qəbul edilməsi ittifaqda böyük əks-səda doğurmuşdu. Heydər Əliyev Moskvaya sovet rəhbərliyinə gedəndən sonra əsrin nəhəng tikintisi Baykal–Amur Magistralının inşası üzrə yaradılmış dövlət komissiyasının sədri olmuşdu və işlərin gedişini tam nəzarətdə saxlamışdı. Miqyasına görə nəhəng sayılan magistralın tikintisində isə işlərin sürəti qənaətbəxş deyildi. O illərdə Heydər Əliyevin qətiyyəti olmasaydı, Baykal–Amur Magistralının tikintisinin başa çatması müşkül bir məsələyə çevriləcəkdi. Böyük qurucu rəhbər Heydər Əliyevin rəhbərliyi altında 1984-cü ildə Baykal–Amur Magistralı əsasən istifadəyə verildi.

2008-ci il iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibir dəmiryolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi onun bu xidmətlərinin unudulmaması demək oldu.

Heydər Əliyev kimi müdrik şəxsiyyətləri tarix tez-tez yetirmir. Zaman keçdikcə bu nadir şəxsiyyətin əzəmətini qədirbilən xalqımız daha aydın görür və dərk edir. Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

İlqar Talıbov,

Xanoğlan Məmmədov

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA