booked.net booked.net  

Azərbaycan Belarusun Cənubi Qafqazda aparıcı ticarət tərəfdaşlarından biridir, həmçinin Azərbaycanın rəsmi Minsk üçün strateji tərəfdaş kimi xüsusi statusu var.

Bu fikri belaruslu ekspert Pyotr Petrovski KİV-ə açıqlamasında bildirib.

O, Belarusun düşdüyü sanksiya qarşıdurmalarına diqqət çəkərək bildirib ki, ölkəsinə yeni logistik marşrutlar lazımdır. Və bu baxımdan Belarus üçün Şimal –Cənub dəhlizinin əhəmiyyətli olduğunu, Azərbaycanın da bu layihədə güclü logistik mərkəz kimi çıxış edə biləcəyini vurğulayıb.

Ekspert bu qovşağın Belarus üçün əhəmiyyətindən danışarkən Hindistan, Pakistan, İran və Türkiyə bazarlarına kalium gübrələrinin tədarükü, müxtəlif növ maşınqayırma məhsullarının və kənd təsərrüfatının təşviqi üçün tranzit kimi mühüm əhəmiyyət kəsb etdiyini də söyləyib.

Həmçinin bildirib ki, ölkəmizdə Belarus mallarına, Belarus bazarında isə Azərbaycan mallarına tələbat var və hər iki ölkədə fəaliyyət göstərən ticarət evləri öz ölkələrinin mallarını güzəştli şərtlərlə tədarük edir.

P.Petrovski ölkələrimiz arasında müştərək müəssisələrin olduğunu, ticarət dövriyyəsinin ilbəil artdığını, həmçinin Belarusun Qarabağın bərpasında da iştirak etmək arzusunda olduğunu da nəzərə çatdırıb.

***

Xatırladaq ki, Belarus da keçmiş SSRİ respublikalarından biri olub və həmin dövrdən ölkələrimiz arasında isti münasibət yaranıb.

Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

 Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 11 iyun 1993-cü ildə imzalanmışdır.

 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılmışdır.

 Dövlət Gömrük Komitəsinin məlumatına görə, hazırda Azərbaycan ilə Belarus arasında qarşılıqlı ticarət fəaliyyətində 270-dən çox müəssisənin iştirakı ilə 300 çeşiddən artıq malın iki ölkə ərazisində qarşılıqlı təchizatı həyata keçirilir. 58 Azərbaycan şirkəti Belarus müəssisələrinin respublikamızda qanuni nümayəndəsi və təmsilçisi fəaliyyət göstərirlər. Ölkəmizdə Belarus kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən 5 (4 Bakıda və 1 Naxçıvanda) xüsusi təyinatlı mağaza fəaliyyət göstərir.

Artıq ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır.  

Bir müddət əvvəl Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, iqtisadçı ekspert Oleq Nikolayeviç Leşenyuk da KİV-ə açıqlamasında 2017-ci ildə Minskdə Azərbaycan “Ticarət evi”nin açıldığını, Azərbaycan məhsullarının Minskdə və regionlarda iri pərakəndə satış şəbəkələrinə daxil olduğunu xatırlatmışdı. 

O, bildirmişdi ki,  Belarus Azərbaycandan tərəvəz, meyvə və qoz-fındıq, spirtli içkilər, eləcə də neft məhsulları idxal edir.

"Azərbaycanda da "Belorusski" mağazalarının ticarət şəbəkəsi genişlənir. Bakıda Belarus ərzaq məhsulları, o cümlədən süd tozu, yağ, pendir, quş əti, yumurta, hazır və konservləşdirilmiş ət məhsulları, pivə, mineral su geniş tələbat görür. İxrac edilən ət və süd məhsullarımızın 30%-i Azərbaycana göndərilir. Azərbaycanda lif və DSP, faner, döşəmə örtükləri, taxta mebel, yuyucu və təmizləyici vasitələr, kosmetika məhsulları, etil spirti, kristal məmulatlar kimi məhsullara tələbat var", - ekspert diqqətə çatdırmışdı.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA