booked.net booked.net  

Azərbaycanın rus icmasının sədr müavini: “Bu proseslərə nəzarət edən qüvvələr öz siyasi məqsədlərini güdürlər və onların prioriteti xalqın rifahından uzaqdır”.

Qazaxıstandakı iğtişaşların təhrikçiləri Əfqanıstandan keçmiş terrorçular ola bilər.

Bu fikirləri ria-novosti-yə Azərbaycanın rus icmasının sədr müavini, siyasi şərhçi Anastasiya Lavrina bildirib.

Onun sözlərinə görə, Qazaxıstandakı vəziyyətdən danışarkən, Əfqanıstanda bu  yaxınlarda baş vermiş hadisələri də unutmaq olmaz.

Ekspert qeyd edib ki, “Taliban” hərəkatı  hakimiyyəti ələ keçirən dövrdə,  ölkə sözün əsl mənasında müxtəlif silahlı terror qrupları tərəfindən parçalanmışdı və  təxminən altı ay keçsə də, ölkə hələ də dərin humanitar böhran yaşayır və bu böhran getdikcə dərinləşir.

“Mitinqlər və etiraz aksiyaları, qadınların hüquqlarının pozulması - bütün bunlar demək olar ki, gündəlik xarakter daşıyır”, - deyə Lavrina agentliyə müsahibəsində deyib.

 "İqtisadiyyat tamamilə dağılıb, ölkədə həddindən artıq yoxsulluq hökm sürür və miqrant axını təhlükəsi bütün qonşu ölkələri gərginlikdə saxlayır. Bütün bunların fonunda, ölkə ərazisində  Əfqanıstanın yeni rəhbərliyi ilə “İŞİD” terror qruplaşmasının hücrələri arasında qarşıdurma davam edir və terrorçuların qonşu ölkələrə və  Mərkəzi Asiya ölkələrinə keçməsi ehtimalını heç kim istisna etmir. Odur ki, Əfqanıstandan olan terrorçuların Qazaxıstanda təhrikçi və talançı rolunu öz üzərinə götürməsi ehtimalını istisna etmək olmaz”.

Lavrinanın sözlərinə görə, terrorçular  ya ideologiya, ya da maddi maraqları rəhbər tutur və bu vəziyyətdə ikinci əlbəttə ki, daha məqbuldur.

“Müvafiq olaraq, Qazaxıstanda vəziyyətin sabitliyinin pozulmasından faydalananlar,  bu hücrələrdən asanlıqla istifadə edə bilərdilər", - deyə analitik  bildirib.

Azərbaycanın rus icmasının sədr müavini bu gün Qazaxıstanda gedən proseslərə kənardan qüvvələrin cəlb olunduğuna əminliyini ifadə edib.

“Əvvəldən etirazçıların bütün hərəkətləri dinc nümayişlərin təsvirinə uyğun gəlmirdi. Davranış təxribat xarakteri daşıyır və dövlət qurumlarını ələ keçirmək, hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarətə yiyələnmək, şəxsi və dövlət əmlakını qəsdən məhv etmək və ya zədələmək məqsədi daşıyırdı. Soyğunçuluq, maşınların yandırılması, eləcə də mağazaların talan edilməsi - nümayişçilərin bu cür davranışının mənası nədir? Sadə vətəndaşlar bunu necə istəyə bilər?” – Lavrina vurğulayıb.

Onun sözlərinə görə, ola bilsin ki, ilkin mərhələdə maye qazın bahalaşmasından hiddətlənən və hökumətə öz mövqeyini göstərmək istəyən vətəndaşlar nümayişə çıxıblar.

“Bəs niyə Qazaxıstan hökuməti yanacağın qiymətini yenidən aşağı saldıqdan, bir sıra yeni təyinatlar etdikdən və daha bir neçə güzəştə getdikdən sonra davranış daha da pisləşdi? Qazaxıstan küçələrində yaxşı təlim keçmiş, silahdan istifadə etməyi bacaran talançılar və zorakılıq edənlər hardan peyda oldular?

Ona görə ki, analoji ssenari bir sıra başqa ölkələrdə də dəfələrlə tətbiq edilib. Hardasa onlar uğurla lokallaşdırılıb, hardasa isə  kənar qüvvələr məsələni sona çatdırıb, lakin belə ölkələri həm siyasi, həm də iqtisadi baxımdan uğurlu adlandırmaq mümkün deyil”.

Lavrina qeyd edib ki, Qazaxıstanda etirazlar fonunda bütün banklar, eləcə də birja fəaliyyəti dayandırılıb, hava limanları bağlanıb, reyslər kütləvi şəkildə ləğv edilib. "Hələ etirazçıların vurduğu ziyanı demirəm. Məncə, bu, kənardan planlaşdırılmış silahlı üsyandır. Bu proseslərə nəzarət edən qüvvələr öz siyasi məqsədlərini güdürlər və onların prioriteti xalqın rifahından uzaqdır”.

Ekspertin sözlərinə görə, sülh prosesi hüququna hörməti vurğulayaraq çağırış edənlər, xüsusilə  bir sıra Qərb ölkələrinin siyasətçiləri bunu etməyi xoşlayırlar, vəziyyəti diqqətlə öyrənməlidirlər.

“Bu gün Qazaxıstanda gördüklərimizi heç cürə dinc adlandırmaq olmaz”.

Lavrinanın sözlərinə görə, Qazaxıstan xalqı öz tarixində çətin günlər yaşayır, lakin ölkə bu çətinliyin öhdəsindən gələcək.

"Qazaxıstan Mərkəzi Asiyanın və Türk Dövlətləri Təşkilatının ən güclü ölkələrindən biridir. Ona görə də bütün təhrikçilər zərərsizləşdirilərək vəziyyətə nəzarət nə qədər tez bərpa edilərsə, bu, həm Qazaxıstan, həm də bütün region üçün bir o qədər yaxşı olar".

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN