booked.netbooked.net booked.net  

...Əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən hərbçilərimizin xatirəsinə həsr olunan beynəlxalq cüdo turniri 4 illik fasilədən sonra bərpa edilir.

Turnirin təşkilat Komitəsindən "Təzadlar"a bildirilib ki, ənənəvi turnirdə bu dəfə 20 yaşadək gənclər (U-20) qüvvələrini sınayacaqlar. Turnirin təşkilatçısı, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun direktoru Mübariz Cəfərov yeni formatda keçiriləcək turnir barədə məlumat verərkən "Təzadlar"a bunları dedi: "Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm qələbələr, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi cəmiyyətimizdə böyük fərəh və qürur hissi doğurub. “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri məhz belə əlamətdar bir dövrdə bərpa edilir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə noyabrın 16-17-də Bakı İdman Sarayında keçiriləcək turnirdə ölkəmizin idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Dağıstan (Rusiya) və Çexiyanı təmsil edən 200-ə yaxın cüdoçu iştirak edəcək. Turnir Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərovun təşəbbüsü ilə 2017-ci ildən keçirilir. Həmin ildə və 2018-2019-cu illərdə turnir U-20 yaş qrupu üzrə komanda yarışı kimi təşkil olunub. Koronavirus pandemiyası ilə əlaqədar olaraq yaranan dörd illik fasilədən sonra isə turnirin, Azərbaycan Cüdo Federasiyasının tövsiyəsi ilə, eyni yaş qrupunda fərdi qaydada keçirilməsi qərara alındı. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq təşkil olunan ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir...".

M.Cəfərov daha sonra dedi: "...Qeyd edim ki, istər şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərilməsinə, istərsə də gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə dəstək verilməsinə Azər müəllim xüsusi həssaslıqla yanaşır. “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirinin təşəbbüskarı olmaqla yanaşı o, Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turnirinin keçirilməsinə də öz töhfəsini verib, həmçinin 44 günlük Vətən müharibəsi dövründə hərbçilərimizə maddi-mənəvi dəstək tədbirlərində şəxsən fəal iştirak edib. “Raquf Orucov Kuboku” turnirinin bərpası klubumuz və onun təsisçisi üçün çox əlamətdar hadisədir. Əvvəlki üç turnir kimi bu dəfə də yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. İnanırıq ki, turnir yenə də ölkəmizdə və onun hüdudlarından kənarda böyük maraq doğurmaqla yanaşı, gənc cüdoçulara yarış təcrübəsi qazanmaq, öz döyüş ustalığını təkmilləşdirmək imkanı yaradacaq. Turnirin açılış mərasimi noyabrın 16-da saat 15:00-da Bakı İdman Sarayında keçiriləcək. Yarışın media dəstəkçisi İdman TV və ASAN Radiodur. Turnirin açılış və mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələrinin, parlament üzvlərinin, tanınmış idmançıların, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının iştirakı gözlənilir...".

 Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşləri müasir hərb tariximizin şanlı səhifəsidir. Qarabağda böyük zəfərimizin başlanğıcı olan bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun və torpaqlarmızın azadlığı uğrunda canını qurban verən bütün qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqdır.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN