booked.netbooked.net booked.net  

Bu gün Azərbaycan jurnalisti, şairi, tərcüməçisi; Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü, Sumqayıt şəhər Mədəniyyət İdarəsi Əli Kərim adına Poeziya klubunun Fəxri üzvü Giya Paçxataşvilinin doğum günüdür.

Giya Revazoviç Paçxataşvili (təxəllüsü: Givi) 1961-ci il yanvar ayının 29-da Qax rayonunun Qax-Gurcu kəndində anadan olub.

Bakı şəhərindəki Respublika Kor Uşaqlar üçün orta internat məktəbini bitirən Giya 1981-ci ildə ali məktəbə qəbul olur və Respublikanın birinci katibi, ümumilli lider Heydər Əliyevin sərancamı ilə seçilmiş qrupun daxilində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə təyinat alıb, 1985-ci ildə universitetin jurnalistiks fakültəsini "Qırmızı diplomla" bitirir.

2004-cü ildə Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən "Ağ adam" sənədli filmi çəkilib. 2009-cu ildə isə İTV-nin istehsalı olan "Fosfor Adam" filmində o, baş rola çəkilib. 2016-cı ildə isə ANS televiziyası "Ağ Adam" sənədli filmini çəkib. 2021-ci ildə 60 illik yubileyi ilə əlaqədar Giya Paçxataşvili haqqında Gürcüstan layihəsi çərçivəsində növbəti "Givi" sənədli filmi tamaşaçılara təqdim olunub. Giya Paçxataşvili Azərbaycanda yaşayan, ən çox tanınan Albinosdur.

Giya Paçxataşvili Azərbaycan, Gürcüstan, Rusiya Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "H.B.Zərdabi" mükafatı ilə təltif olunub. Səməd Vurğunun 100 illik yubiley təntənəsində "Qolos" adlı kitabının tərcüməsinə görə 2006-cı ildə "Səməd Vurğun – 100" medalı ilə təltif olunub. Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Fikrət Mursaqulov adına "Ümid İşığı" ədəbi mükafatının ilk və son laureatıdır. 2018-ci ildə "VEKTOR" Beynəlxalq Nəşrlər evinin "Şahmar Əkbərzadə"adına Beynəlxalq Ədəbi Mükafatına layiq görülüb.

Haqqında 2 kitab yazılıb: 2011-ci ildə Hikmət Məlikzadənin "Giya Paçxataşvili yaradıcılığında ritm və ölçü meyarı", 2014-cü ildə Qiymət Məhərrəmlinin "Dərviş" kitabı çap olunub.

Məmməd Nazimoğlu, Ellada Umudlu "Gürcü balası Givi bəy" (publisistik kitab) - 2021-ci il çap olunub.

Azərbaycan yazıçısı Meyxoş Abdullah Giya Paçxataşvilinin həyatından bəhs edən "Saçlarından asılan qız" hekayəsini (azərbaycan və rus dillərində) yazıb. Əsər 2019-cu ildə nəşr edilib.

Həyat yoldaşı Xatirə Paçxataşvilinin redaksiyamıza verdiyi məlumata görə, Givi Paçxataşvili gözündən əməliyyat olunub.

Giya Paçxataşvilini doğum günü münasibətilə təbrik edir, ona can sağlığı və yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.

Şair Nurafiz Hüseynovun Giya Paçxataşviliyə yazdığı iki şeirlə həmkarımızı bir daha təbrik edirik.

GİVİNİN BİR GÖZÜ DAR AĞACIYMIŞ

Giya Paçxataşviliyə

 

Gül açan hər ağac dar ağacıymış,

Min ildi göyərmir dar ağacları...

İndi neynəməli, gedib kəsəkmi?

Palıdı, vələsi, qarağacları...

 

Kəndiri “gül” açan dar ağacları,

Sükutda can çəkir, nəfəsi qançır...

Ölüm böyütdükcə xəbər acları,

Adamın içində dalağı sancır.

 

Ağrı var-çəkilmir qəflə-qatırnan,

Ağıl çəkdiyini ağrı çəkəmmir.

Yalan yol varanda varnan-yatırnan,

Halal, bildiyini doğru çəkəmmir.

 

Bir köpəkoğlunun saxta sözüylə,

Biri bir yüyənlə beş at oynadır.

Adam  var, dipdiri iki gözüylə

Ömrü boşa sürüb, bərbad oynadır.

 

Fələyi mat qoyub doğulan gündən,

Özünü qoruyur özündən, Givi.

Givinin bir gözü dar ağacıymış,-

Ömrünü asıbdı gözündən, Givi...

 

BİZİM MƏHLƏMİZİN GÖZÜDÜ GİVİ

(Qonşum, dəyərli dostum Giya Paçxataşviliyə)

 

Bizim məhləmizdə bir nağıl kişi

Yaşayır, - yeriyən şeir kimidi.

Ürəyi ağzında ocaq çatıbdı,

Salam verməyi də xeyir kimidi.

 

Bizim məhləmizdə səkilər fərqli,-

Korlar əsasıyla toxunub gedir.

Lövhəyə vurulmuş eynək şəkli var,

Çox gözdə şəkiltək oxunub gedir.

 

Onların ruhunda Tanrı lütfü var,

Fərqi nə? Ya gündüz, gecə görürlər.

Bir dəfə mən çaşıb sual vermişdim,-

Bu korlar gecələr necə görürlər?

 

Özüm utanmışdım öz sualımdan,

Üzr istəmişdim onda Allahdan.

Sonra Giviyə də danışdım bunu,

Gülüb: - Qaçmaq olmaz, - demişdi, - haqdan.

 

Bizim məhləmizdə gözdən əlillər

Bizim məhləmizin özəlliyidi.

Adam var bir korun əlindən tutmaz,

Adam var əl tutmaq gözəlliyidi.

 

Bizim məhləmizdə bir nağıl kişi,

Bir gözlə mat qoyar təkgözlü Divi.

Givinin bir gözü - Xatirə xanım,

Bizim məhləmizin gözüdü Givi.

Təqdim etdi: ELBAR

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN