booked.netbooked.net booked.net  

 

 Hacı İsmayılov:  “Mən birdən-birə parlamamışam. Hər şeyi öz zəhmətimlə, çalışqanlıqla və ən əsası da böyük səbrlə əldə etmişəm”

 Hacı İsmayılov rejissor və tamaşaçı kimi mənim də sevdiyim aktyorlardan biridir. Və onun ifasında həm teatrda və həm də kinoda  çoxlu rollara  baxmışam. Hətta tələbə olduğum vaxtı sənət müəllimim, SSRİ Xalq artisti Mehdi Məmmədovun Milli Akademik Dram Teatrında quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” və Səməd Vurğunun “İnsan” tamaşalarında da onunla  bir yerdə oynamışıq. Elə həmin vaxtlardan da mən Hacı İsmayılovu çox məsuliyyətli insan kimi tanımışam. Çünki oynadığı rollara qarşı çox ciddi idi. Və rejissorun hər bir sözünə diqqətlə qulaq asır və onun verdiyi təklifləri yüksək səviyyədə yerinə yetirirdi. Özüm rejissor olduğuma görə  bilirəm ki, rejissorlar da belə aktyorları çox xoşlayır. Və  onlarla işləməyə daha çox üstünlük verirlər.

Hacı İsmayılov həm də jurnalistlərə müsahibə verəndə çox dolğun müsahibə verir və elə bil ki, ona verilən ekspromt suallara  əvvəldən hazırdır. Çünki onunla son bir ildə Azərbaycan Teatr xadimləri İttifaqında görülən işlərlə bağlı və Xalq artisti, kino rejissor  Rasim Ocaqovla bağlı bir neçə dəfə müsahibə də götürmüşəm. Bütün cavabları məni qane eləyib.  Səksən yaşlı sənətkarımızın yubileyi ərəfəsində, yəni 2024-cü ilin  yanvar ayının 19-da  onunla yenidən  həmsöhbət oldum.

İlk oncə oxuculara onun haqqında qısa məlumat vermək istəyirəm.       

Qısa arayış:  Hacı Məcid oğlu İsmayılov 22 yanvar 1944-cü ildə  Bakıda anadan olub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Bu ali məktəbi bitirəndən sonra kurs yoldaşları ilə birlikdə  İrəvana işləməyə gedib. Onlar orada  məşhur rejissor Nəsir Sadıqzadənin rəhbərliyilə birlikdə İrəvan Azərbaycan Dövlət Dram Teatrını bərpa eləyiblər. Sonra Hacı İsmayılov  Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda Mirzə  Fətəli  Axundovun “Müsyö Jordan və  Dərviş Məstəli şah” komediyasında  Dərviş Məstəli şah rolunu ifa edib. Xalq artisti Cənnət Səlimovanın quruluşunda teatr bu tamaşa ilə öz pərdələrini açıb. Bundan sonra tanınmış rejissor Nəsir Sadıqzadənin quruluşunda  amerika dramaturqu  Con Patrikin  “Qəribə missis Səvic”  dramında Ceffi, Aramaşot  Papayanın “Bəli, dünya dəyişib” komediyasında Səməndər, Cəfər  Cabbarlının “Sevil” pyesinin tamaşasında Məmmədəli bəy rollarında çıxış edib. O,  1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Artıq  54 ildir ki, bu məbəd, bu sənət ocaqğı  onun doğma ocağıdır. Burada işə başladığı  elə ilk gündən Hüseyn  Cavidin “Xəyyam” faciəsindəki İkinci Qulam  rolunu  oynayıb.

Cəfər Cabbarlı adına  “Azərbaycanfilm”  kinostudiyasında ilk dəfə “Ad günü” filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1978-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.

haci-ismayilov-10-cu-skil

17 may 1989-cu ildə Azərbaycanın  Əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının  Xalq artisti fəxri adları ilə təltif olunub. Prezidentin Fərdi Təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə  “Şöhrət” ordeni ilə təltif olunub. Hacı İsmayılov yaradıcılığının xarakterik və  sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha çox  uyğundur desək doğru olar. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə daha çox  uyğundur.

O, 2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavinidir və hal-hazırda isə  sədrin vəzifəsini icra edir.

- Salam Hacı müəllim. Sizin səksən illik ömrünüz çox mənalı və böyük uğurla, şərəfli keçib. Sizi bir aktyor kimi təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində, qardaş Türkiyədə də çəklidiyiniz kinofilmlər və tamaşalarda oynadığınız rollarla  görə yaxşı tanıyırlar. Bilirsiniz ki, bizim hər birimizin- sizin  aktyor və mənim aktyor-rejissor kimi  yetişməyimizdə sənət müəllimlərimizin də böyük rolu olub. Siz bu sənət aləminə gəlməkdə və burada uğurlar qazanmağınızda hansı müəllimlərinizə borclusunuz?

- Mənə bu səpkidə sual veriləndə  həmişə ilk öncə Azərbaycan teatrının və kinosunun ən görkəmli simalarından biri, Xalq artisti, gözəl pedaqoq  Rza Təhmasibi xatırlayıram. Amma mənim ilk müəllimim Rza Təhmasib yox, görkəmli kinorejissor, Xalq artisti  Tofiq İsmayılov olub.  Yəni mən məktəbdə oxuduğum vaxtı onun  Dram dərnəyinə getmişəm.  Sonralar isə Xalq artisti Lütfü Məmmədbəyovun  26-lar Mədəniyyət sarayındakı  Dram dərnəyinə getmişəm və sonra həmin Dram dərnəyi Xalq teatrı olub. Yəni teatr aləminə gəlişim belə başlayıb. İki il Azərbaycan Dövlət İncəsənət İnstitutuna sənədlərimi vermişəm amma qəbul ola bilməmişəm. Həmin vaxtı əgər birinci il qəbul ola bilmirdinsə gərək gələn il gələndə haradasa işləməliydin. Mən də ali məktəbə qəbul ola bilməyəndə Lütfi müəllimdən xahiş elədim ki, məni teatrların birində işə düzəltsin. O, məni Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında həmin teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi  Zəfər Nemətovun əlilə  işıq sexinə elektrik  işinə düzəltdirdi. Beləliklə, mən elektrik sexində işləyə-işləyə tamaşaları da izləmişəm. Məşhur aktyorları görmüşəm. Görkəmli sənətkarların tamaşalarına baxmışam. Və nəhayət mən bir il sonra yenidən sənətlərimi teatr İnstitutuna verdim. Bizdən sənət imtahanını Rza Təhmasib götürürdü.  Mən də onu kinodan yaxşı  tanıyırdım və onun teatr fəaliyyəti haqqında oxumuşdum, bilirdim. O, məni çox çək-çevirə saldı. Soruşdu ki, bu vəxta qədər teatr sənətilə məşğul olubsan, ya yox. Dedim ki, Dram dərnəyində və Xalq teatrında filan-filan rolları oynamışam. O, məni ali məktəbə qəbul elədi. Amma ondan əvvəl Adil İsgəndərov və Mehdi Məmmədov kurs yığanda məni qəbul eləməmişdilər. Aktyor sənətindən, səhnə danışığından yaxşı qiymətlər  almışdım,  ritmikadən məni kəsmişdilər. Amma Rza Təhmasib məni böyük həvəslə  qəbul elədi. Deməli, o, məndə aktyorluğa qarşı bir işartı görmüşdü. Kursun rəhbəri Rza Təhmasib olsa da  bizim kurs iki yerə bölündü. Yəni iki qrup yarandı. Bir qrupa Müxlis Cənizadə, o biri qrupa  Məlik Dadaşov rəhbərlik elədi. Mən Məlik Dadaşovun qrupunda oxumağa başladım. Onu da vurğulayım ki, aktyor texnikasının xırdalıqlarını, bu sənətin sirlərini, tərəf müqaili ilə münasibəti  mənə Məlik Dadaşov öyrədib. Sonra Məlik Dadaşov getdi və bizim kursun rəhbəri Tofiq Kazımovu təyin elədilər. Sənət müəllimimiz isə Nəsir Sadıqzadə oldu.

O, iki il bizimlə tamaşalar hazırladı. Hətta diplom işimiz olan Eduardo De Filipponun “Komediyanın qüdrəti” tamaşasını da bizimlə  o hazırladı. Mən orada Oreste Kompeze adlı rolu oynayırdım.  Bizim həmin diplom işimiz çox uğurlu oldu.

- Deməli, bu tamaşadan sonra siz İrəvana işləməyə getdiniz. Elədirmi?

- Bəli elədir. Nəsir Sadıqzadə başda olmaqla bizim kurs  İrəvana gedib, orada Azərbaycan Dövlət Dram Teatrını yenidən bərpa elədik. 1967-ci ildə. İlk tamaşamız da Cəfər Cabbarlının “Sevil” pyesi  oldu. Mən bu tamaşada Məmmədəli bəyi oynadım. Yarım il orada işlədim. Mənim atam, anam yaşlı olduqlarına görə və mən də ailənin yeganə övladı olduğuma görə  Bakıya qayıtmalı oldum.  Həmin vaxtı Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru, sənətşünaslıq doktoru,  Rahib Hüseynov məni istituta səhnə danışığından dərs deməyə dəvət elədi. Mən səhnə daışığı kafedrasında bir il assistent işlədim. Rahib müəllim məni Moskvaya iki illik pedaqoji təkmilləşdirmə kursuna göndərmək isytəyirdi. Mən getmək istəmədim. Dedim ki, dörd il oxumuşam ki, müəllim yox, aktyor olum. Ona görə də həmin vaxtı yenicə yaradılan Sumqayıt teatrına işləməyə getdim. Həmin vaxtı da o teatrın baş rejissoru artıq Nəsir Sadıqzadə idi. Cənnət Səlimova da Sankt-Pepetburqda rejissor təhsili alıb qayıtmışdı. O da həmin teatrda tamaşalara quruluş verməyə başladı. Mən onun quruluşunda  Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərvişi Məstəli şah” tamaşasında  Dərvişi Məstəli şah rolunu  oynadım. Nəsir Sadıqzadənin quruluş verdiyi amerikalı dramaturq Con Patrikin “Qəribə Missi Səvic” tamaşasında da Ceffi rolunu oynadım. Bu tamaşalarla da Sumqayıt Dövlət Dram Teatrının  açılışı oldu.

- Amma siz bu teatrda da çox işləmədiniz. Və Bakıya gəlişinizlə kino aləmində səadət quşu başınıza qondu. Bəs bu, necə oldu?

- Bəli. Bir ildən sonra isə mən Azərbaycan Milli Akademik Dram Teatrına işləməyə gəldim. Həmin vaxtı artıq 1970-ci il idi. Biz cavanlar həmin vaxtı əlavə pul qazanmaq və özümüzü sınamaq üçün  kinofilmlərin dublyajına, səsləndirilməsinə gedirdik. Həmin vaxtı da kinostudiyada çox maraqlı kinofilmlər çəkilirdi.  Mən qətiyyətlə deyə bilərəm ki, həmin illər Azərbaycan kinosunun intibah dövrü idi. Orada həmin vaxtı bir yaradıcılıq bufeti vardı. Ora ssenaristlər, rejissorlar, operatorlar, aktyorlar gəlirdi. Biz də ora gedib, çay içirdik. O vaxt mən çay içəndə bir də gördüm çiynimə bir əl toxundu.  Başımı qaldıranda gördüm ki, Rasim Ocaqovdur.  Dedi ki, “mən təzə filmə başlayıram. “Ad günü” filminə. İstəyirəm ki, səni fotosınağına dəvət eləyim. Hansı rol haqqında söhbətimiz olmadı. Mən çox sevindim. Çünki birinci dəfə idi ki, məni foto sınağına dəvət edirdilər.  Foto sınağına getdim və uğurlu oldu. Sonra kino sınağı uğurlu oldu və sonra bədii şura məni təsdiq elədi ki, bu aktyor  “Ad günü” filmində Mustafa roluna çəkilsin. Və mən başladım “Ad günü” filminə çəkilməyə. Bu da olub, 1976-77-ci illərdə. 1978-ci ildə isə bu film Respublika Dövlət Mükafatına təqdim olundu və biz həmin mükafatı aldıq. Mustafa roluna görə mənə bu mükafatı şəxsən, həmin vaxtı Azərbaycan  Mərkəzi Komitəsinin birinci katibi, ulu öndər Heydər Əliyev özü  təqdim etdi. Bu, mənimçün çox unudulmaz bir tarixi  gündür. Mən indi də həmin günün xatirəsini, aurasını yaşayıram.  Bundan sonra mənim aktyor kimi daha parlaq həyatım başladı. Sonra Rasim Ocaqovun çəkdiyi dörd filmdə də çəkildim.  Sonra başqa rejissorlar da məni kinoya dəvət eləməyə başladılar.  Beləliklə,  teatrla paralel  kino işim  davam eləməyə  başladı.

- Deməli, Hacı İsmayılovun sənət dünyası kino ilə daha tez tanındı və bundan sonra teatr rejissorları da sizə daha maraqlı rollar verməyə başladılar.

- Çünki məni bir aktyor kimi kəşf eləyən məhz  rəhmətlik  Rasim Ocaqov oldu. Bəli. Ondan sonra teatrda işlərim daha yaxşı getməyə başladı. Kinoya çəkilməmişdən əvvəl mənə çox da böyük rollar vermirdilər. Kiçik rollar verirdilər.  Tərif üçün demirəm. Amma mən o rolları obraz səviyyəsinə qaldırmağı bacarırdım. Buna görə də hər tamaşadan-tamaşaya mənim rollarım böyüyürdü. Əvvəl Məmmədkamal Kazımov, sonra Əşrəf Quliyev, sonra Tofiq Kazımov, Mehdi Məmmədov mənə yaxşı rollar verməyə başladılar. Hətta məni başqa aktyorlara nümunə kimi göstərirdilər. Bir dəfə Mehdi Məmmədov bir aktyora dedi ki, “niyə çığırırsan. Asta-asta  danış. Əgər gur  səs lazım  olsa  biz Hacı İsmayılova müraciət eləyərik. Onun səsi daha gurdur”. Yəni o vaxt güclü, gur səsim vardı. Tofiq Kazımov da “Hamlet” əsərini hazırlayanda məni Hamletin atasının səsini deməyə dəvət eləmişdi.  Mən də onu orkestr olan yerdən deyirdim. Və gur səslə  Hamletə  həmin monoloqumu  söyləyirdim. Və bu səsim də zalda aydın eşidilirdi. Düzdür. Kinoya çəkildiyim illərdə teatrdakı işim o qədər də çox deyildi. Amma mən hesab eləyirəm ki, sənət aləmində  bəxti gətirmiş aktyoram. Çünki o vaxtlar mən həm teatrda işləyirdim, həm kinofilmlərə çəkilirdim və həm də çoxlu televiziya tamaşalarına, verilişlərinə çəkilirdim.

- Elə bu haqda sizə sual vermək istəyirdim. Axı sizin televiziyada da fəaliyyətiniz çox olub. Hətta teatrdan və kinodan da daha çox.  Bu haqda nə deyə bilərsiniz?

- Bəli. Həmin vaxtlar məni televiziyaya da dəvət edirdilər. Televiziya tamaşalarına və çoxlu verilişlərə çəkilirdim. Həmin tamaşaların və verlişlərin sayı da günü-gündən çoxalırdı. Səmimi etiraf edim, o tamaşaları ki, mən televiziyada oynayırdım, onları mən nə teatrda, nə də kinoda oynamayacaqdım. Onların sayı da  çoxdur. Əgər bura radio verilişlərini də əlavə eləsək, burada da işlərim çox olub. Belə ki, mən lap cavan yaşlarımdan  radioya-  Azərbaycan Dövlər Radio və Televiziya Komitəsinə  də  gedirdim. O vaxtlar radioda da bizim çoxlu verilişlərimiz  olub. Yəni onu vurğulamaq istəyirəm ki, mən birdən-birə parlamamışam. Hər şeyi öz zəhmətimlə, çalışqanlığla, asta-asta və ən əsası da böyük səbrlə əldə etmişəm. Bizim çox istedadlı və parlaq  aktyorumuz vardı Mikayıl Mirzə. Allah ona rəhmət eləsin. Hətta bir dəfə zarafatla  belə dedi: “Ayə bu Hacıda səbr var ey. Səbr eləyir, səbr eləyir və bir də onda görürsən ki, onun bəxti hər şeyi həll eləyir”. Əlbəttə, çox sevinirəm ki, bu gün də teatrda  işim var. Teatrın əsas repertuarından olan  yeddi tamaşada oynayıram. Son iki ildə iki kinofilmə də çəkilmişəm. Onlardan biri Əlisəttar  Quliyev adında cavan, istedadlı rejissorun çəkdiyi “Olimpiya” filminə çəkilmişəm. Biri də İlqar Safat, Rus Dram Teatrının quruluşçu rejissorunun çəkdiyi “Doğma torpaq” adlı kinofilmdir. Mən niyə məhz bu iki filmi deyirəm. Çünki bu filmlərin çəkilişi mənə 1970-80- ci illərdəki yaradıcılıq və intibah dövrünü xatırlatdı. Həmin atmasferi yaşadım bu kinofilmlər çəkilən vaxtı. Həmin filmlərdən biri artıq ekranlarda göstərilir və yəqin ki,  İlqar  Safatın çəkdiyi “Doğma torpaq” da bu yaxınlarda ekrana çıxacaq.

- Bütün bu illərdə işlədiyiniz hansı rejissorlar yaddaşınızda daha  çox qalıb və pedaqoq rejissor kimi sizin inkişafınıza çox köməklik eləyib?

- Mən bayaq qeyd elədim. İnstitut illərində Məlik  Dadaşov, sonralar isə Nəsir Sadıqzadə, mənim bir aktyor kimi inkişafıma çox kömək ediblər. Milli Akademik  Dram Teatrına işə gələndən sonra mənə inanan və ümid eləyən, etibar edən ilk rejissor  Məmmədkamal Kazımov olub.  O, quruluş verdiyi  üç-dörd  tamaşada mənə  rollar verib. Onun tamaşası Mirzə Fətəli Axundovun “Xırs quldur basan”da  ilk rolum Kərəm rolu oldu. Orada da bir cümlə sözüm vardı. “Qaçsa qaçar ey”. Bu cümləni elə deyirdim ki, tamaşaçılar ucadan gülürdülər. Sonra Məmmədkamal müəllim mənə başqa tamaşalarında da  rollar verdi.  Tofiq Kazımov bu rollarımı görəndən sonra mənə rollar verməyə başladı. Sonra Mehdi Məmmədov quruluş verdiyi tamaşalarda mənə rollar verdi. O, mənə çox inanırdı. Amma Mərahim Fərzəlibəyovun mənim teatr yaradıcılığımda rolu çox böyük olub. O da mənə inanan, etibar eləyən rejissordur. Mən hələ cavan idim.  Anarın “Sizi deyib gəlmişəm” tamaşasında Mərahim Fərzəlibəyov mənə yaşlı insan olan Məmmədhəsən əminin rolunu verdi. Mən bu rolu  çox böyük zövqlə, şövqlə, sevgi ilə oynayırdım.  Həmin rol mənim ən çox sevdiyim  yaxşı  rollardan biri idi. Sonra rəhmətlik Ağakişi Kazımov Tatar yazıçısı, dramaturqu Tufan Minnulinin “Alın yazısı” tamaşasında əsas rol olan Əlməndər rolunu verdi. Bu rolda mənim yaradıcılığımda mühüm rollardan biri oldu.

haci-ismayilov-qazax-1-skil

- Siz Mili Akademik Dram  Teatrında aktyor kimi çalışmaqla, artıq on ildir ki, Azərbaycan Teatr Xadimləri İttifaqında yaradıcılıq işləri üzrə katibsiniz. Sizin bir təşkilatçı və yaradıcı insan kimi işiniz, bütün teatr aləmində çalışanların ürəyincədi. Burada görülən işlər barəsində nə deyə bilərsiniz?

- Məni bura rəhmətlik Azər Paşa Nemətov dəvət eləmişdi. O məni dəvət eləyəndə çox tərəddüd eləyirdim və fikirləşirdim ki, bu işi bacarmaram. Amma o, məni vadər elədi və gördüyümüz işlərə tam inandırdı. Beləliklə, mən bu işə çox bağlandım. Mənə elə gəlirdi ki, bura gələnə qədər çox şeyləri bilirəm, amma elə oldu ki, gördüm çox şeyləri bilmirəm. Və mən yavaş-yavaş  görkəmli sənətkarların həyat və yaradıcılığı ilə tanış oldum. Və burada  keçirilən tədbirlərin əgər ideya rəhbəri Azər Paşa Nemətov idisə, onları reallaşdıran, icra edən  mən idim. Bütün tədbirlərin videosu, səsləri, şəkillərin çəkilməsi, iştirakçıların gəlməsi, rayonlardan gələn teatr kollektivlərinin  mehmanxanalarda yerləşdirilməsi, nahar etmələri  və sairə bütün işləri Teatr Xadimlər İttifaqında işləyən işçilərlə mən həll edirdik.  Bütün bunları da böyük məmnuniyyətlə edirdim. Mənim burada işlədiyim on il müddətində bizim tədbirlərin sayı həddindən artıq çox olub. Elə təkcə son 2023-cü ildə Teatr Xadimləri İttifaqında gördüyümüz işlərin sayı otuza yaxın olub. Və keçən ilin may  ayından başlayaraq, biz səkkiz  ayın içərisində doqquz teatr kollektivini   Bakıya dəvət eləmişik və onlar gəlib Bakıda, Teatr xadimləri İttifaqının Aktyor evindəki səhnəsində  öz tamaşalarını oynayıblar. Bununla bağlı da onlara lazım olan bütün şəraitləri yaratmışıq. Bütün tamaşaları  alnşlaqla təşkil etmişik. Hətta elə olub ki, zalda yer olmayıb və biz əlavə stullar qoymuşuq. Hətta  yer olmadığına görə  bəzi tamaşaçılar məcbur olub geri qayıdıblar.  Bu, bizim “QONAQ TEATR” layihəmiz idi. Keçən il yubileyi olan teatrları dəvət edirdik.  Bu layihəni biz Mədəniyyət Nazirliyi ilə birlikdə keçirirdik. Hətta biz qardaş Türkiyənin Antalya teatrını da dəvət etmişdik. Belə ki,  onlar  4 və 5 dekabr  2023-cü il tarixində  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsi çərçivəsində Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrı çox maraqlı və baxımlı pyes olan Pərvin Ünalpın  “Gecikənlər”  (“Gec kalanlar”) tamaşasını Bakı tamaşaçılarına təqdim etdilər. Bu, maraqlı tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru  Nofəl Vəliyevdir. Tamaşa Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrının 40 illik yubileyi münasibəti ilə  Teatr Xadimlər İttifaqının səhnəsində göstərildi. Onlar da burada iki gün tamaşa oynadılar. Tamaşaçılar da onları yaxşı qarşıladılar.

Bundan başqa da cənab nazir Adil Kərimlinin ideyası ilə  Mədəniyyət Nazirliyinin belə bir layihəsi var ki, paytaxt teatrlar bölgələrə  qastrollara  gedirlər və orada tamaşalarını oynayırlar. Bu münasibətlə bizim Milli Akademik Dram Teatrı da iki dəfə Mingəçevirdə, iki dəfə Gəncədə, bir dəfə Lənkəranda və bir dəfə də Şəkidə qastrolda  olmuşuq. Və bütün bunlar da Azərbaycan teatrının və kollektivlərin inkişafı üçündür.  Belə ki, bu yolla da  teatr kollektivləri bir-birilə əlaqədə, sıx yaradıcılıq təmasında olsunlar.  Bir-birinin yaradıcılığına qiymət verməyi bacarsınlar. Həm də bölgə tamaşaçıları paytaxt teatrların tamaşalarını görsünlər. Hər dəfə gedib  başqa yerdə tamaşa oynamaq, özü bir  imtahandır. Və  o imtahandan  da  üzü ağ çıxmaq lazımdır.

-  Çox sevindirici haldır ki, yeni Mədəniyyət nazirimiz cənab  Adil Kərimlinin rəhbərliyi ilə nazirlik çox maraqlı işlərə başlayıb. Siz  Teatr Xadimləri İttifaqının rəhbəri  kimi  Mədəniyyət Nazirliyi ilə yeni,  maraqlı  bir əməkdaşlıq qurursunuzmu?

- Əməkdaşlığımız keçən ildən “QONAQ TEATR” layihəsi ilə başlayıb. Ümumiyyətlə, bütün bu illər ərzində bizim gördüyümüz  tədbirlər Mədəniyyət Nazirliyi ilə bir yerdə olub. Axı onlar da, biz də yalnız Azərbaycan teatrlarını inkişaf etdirmək haqqında düşünürük.  Onu da vurğulayım ki, son  vaxtlar Mədəniyyət Nazirliyinin gördüyü işləri mən alqışlayıram. İstər tear forumu və istərsə də kino forumu olsun. Ümumiyyətlə, mədəniyyətimizdə olan inkişaf artıq göz qabağındadır. Biz bunun  daha yaxşı bəhrəsini çox yaxın zamanlarda  da  görəcəyik. Elə bu yaxınlarda Mədəniyyət Nazirliyinin bir müşavirəsi oldu.  Yaradıcılıq İttifaqlarının rəhbərlərilə, tanınmız ziyalılar, görkəmli insanlarla  birlikdə. Orada məsələ qaldırıldı ki, Azərbaycanda Mədəniyyət Fondu yaradılacaq. Bu fond da ona görə yarılır ki,  bütün mədəniyyət təşkilastlarına yaradıcılıq ittifaqlarına  və  onların inkişafına  köməklik eləsinlər. Bu, hələlik çərçivə layihə kimi bizə təqdim olunub. Tezliklə bütün materiallar bizim əlimizdə olacaq.  Biz də ora özümüzün əlavələrimizi, istək və arzularımızı bildirəcəyik.  Mənə elə gəlir bu, Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı çox böyük və maraqlı  bir iş olacaq. Bu layihə də 2023-2029-cu illəri əhatə eləyir. Bəli. Yeddi ilin orada görüləcək işləri əhatə olunur.  Amma ümumi perspektiv 2040-cı ilə kimi davam eləyəcək. İnanıram ki, Azərbaycan Mədəniyyət Nazirliyinin gördüyü bu işin təkcə mədəniyyətimiz üçün yox, həm də xalqımız üçün  çox yaxşı nəticəsi olacaq.

- Hacı müəllim. Biz bu müsahibəni sizinlə prezident seçkilərinə başladığımız vaxtda edirik. Qarşıdan prezident seçkiləri gəlir. Onunla bağlı nə deyə bilərsiniz?

- Bu haqda böyük məmnuniyyətlə danışa bilərəm. 7 fevral 2024-cü il tarixində  Azərbaycanda prezident seçkiləri olacaq. Sözsüz ki, xalqımız öz seçimini eləyəcək. Sözsüz ki, ziyalılarımız, mədəniyyət, incəsənət xadimlərimiz də bu seçkidən kənarda qalmayacaqlar. Fəal iştirak eləyəcəklər. Bizim mədəniyyət xadimlərinin bir toplantısı oldu və biz hamılıqla möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab  İlham Əliyevə səs verəcəyimizi və onu dəstəkləyəcəyimizi  bildirdik. Bu, doğrudan da belə də olacaq. Çünki Azərbaycan xalqının bu günkü və gələcək dövrdə görəcək işlərinin  hamısı  cənab İlham Əliyevin rəhbərliyi ilədir. Və elə torpaqlarımızın otuz il davam eləyən o işğaslına da cənab İlham Əliyev son qoydu. Bu tarixi hadisə məhz Ali Baş Komandan İlham Əliyevin və qüdrətli ordumuzun sayəsində mümkün oldu.

Biz otuz il idi ki, bir millət kimi çox bədbin, çox kədərli, başımız aşağı yaşayırdıq. Amma bu qələbədən, zəfərdən sonra hamımız alnıaçıq, üzüağ, başımızı  dik tutub gəzə bilirik. Bütün bunlar da sözsüz ki, cənab İlham Əliyevin və rəşadətli ordumuzun  sayəsində oldu.  Mən bir şeyə çox sevinirəm ki, dünyada Azərbaycanı artıq  qalib ölkə kimi tanıyırlar. Azərbaycan dövlətinin qüdrətli olduğunu yaxşı bilrlər. Azərbaycan dövləti ilə hesablaşırlar. Bu, çox böyük işdir. Bilirsiniz ki, yaşadığımız dövr çox çətin bir dövrdür. Bu saat dünyanın müxtəlif yerlərində qanlı müharibələr gedir. Çoxlu itgilər, qırğınlar olur. Azərbaycan prezidenti cənab İlham Əliyevin  apardığı çox uzaqgörən siyasətin özülü də bir vaxtlar ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də onun şərəfli yolunu cənab İlham Əliyev layiqincə davam etdirir.  Ona görə də biz bu seçkilərdə öz səsimizi cənab İlham Əliyevə verəcəyik. Çünki Azərbaycanın bütün gələcək uğurları məhz onunla bağlıdır.  Avropa  Şurasının və bizə pis münasibətdə olan başqa Beynəlxalq təşkilatların bizə diş qıcadığı, bizi əzəmək istədiyi  bir vatda onların qarşısında yalnız və yalnız cənab İlham Əliyev dura bilər və onların Azərbaycana düşmən mövqedə olduğunu yalnız  o, məntiqlə  sübut eləyə bilər.

- Sizə bu il görəcəyiniz işlərdə də uğurlar arzu edirəm. İnanıram ki, 2024-cü il də keçən ilki kimi Azərbaycan Teatr  Xadimləri İttifaqının ən uğururlu illərindən biri olacaq. Və incəsənət, teatr işçiləri buranı əvvəlki kimi özünün doğma evi biləcək və böyük həvəslə bura gələcəklər.

- Çox sağ olun. Doğma evinizə xoş gəlibsiniz. Bu evin qapıları bütün ziyalılar, incəsənət, teatr işçiləri üçün açıqdır. Kimin nə arzuları, təklifləri varsa bizə müraciət eləsin və biz də onları həmişə reallaşdırmağa hazırıq.

-  Bir  daha 80 yaşınız mübarək.

-  Çox sağ olun. Bu il 80 yaşı olan sənətkarlarımız çoxdur. Ümumiyyətlə,  bu il bütün yubileyi olan teatrların və sənətkarların  hamısını bir daha təbrik edirəm. Və bu tədbirləri də lazım olan səviyyədə  keçirəcəyik.

Məşhur filosof  Eriç Forumun belə bir maraqlı kəlamı var: “Sevgi başqalarına və özünə münasibət qurmağın məhsuldar formasıdır. Bu, qayğı, məsuliyyət, hörmət və bilik, eləcə də digər insanın böyüməsi və inkişafı arzusunu ehtiva edir”. Ona  görə də gəlin bir-birimizə sevgi və qayı ilə yanaşaq. Onda yaşamaq da, işləmək də  gözəl olar.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi, 

dramaturq-rejissor

(Xüsusi olaraq "Təzadlar"üçün)

 

 

                                                                                                                       

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN